Modern.az

Qeyri-ixtisaslı jurnalistlər: “Mən o fakültəni yox, fakültə məni “bitirdi”” - RUBRİKA

Qeyri-ixtisaslı jurnalistlər: “Mən o fakültəni yox, fakültə məni “bitirdi”” - RUBRİKA

27 Fevral 2015, 10:15


İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.

“Aznews.az” saytının redaktoru Babək Göyüş riyaziyyatdan ayrılıb yazıçılıq peşəsinə tam yiyələnmək üçün jurnalistika kimi bir körpüyə çıxmaq istəyib: “Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin məzunuyam. Əslində bu fakültəni mən bitirməmişəm, bu fakültə məni “bitirib”. Yəni həyatımın 5 ilini BDU-nun auditoriyalarında və 2 nömrəli yataqxanada boşa vermişəm. Səbəbi isə sadə və anlaşılandır. Mən 10-cu sinifi bitirəndə ağlıma belə gəlməzdi ki, Bakıya gedəndə sənədlərimi bu fakültəyə verəcəm. Yadımdadır, 1974-cü ilin iyul ayının 22-də qəbul komissiyasında öyrəndim ki, Jurnalistika fakültəsinə sənəd verə bilmərəm. Həmin vaxt bu fakültəyə sənəd vermək üçün 2 illik əmək stajın olmalı idi. Bunu isə bilmirdim, məcbur olub, “mexmat”a sənəd verdim. Bu da heç təsadüfi olmadı, çünki məndən bir il öncə orta məktəbi qurtaranlardan bir neçə nəfər məhz bu fakültəyə daxil olmuşdu. Onlar istəyirdi ki, mən də bu fakültəyə qəbul olum və onlarla birgə yataqxanada qalım. İkincisi, ən başlıcası isə Bakıda evində qaldığım qohumum Eyvaz müəllim ali məktəblərin birində riyaziyyat müəllimi işləyirdi. Beləcə, yaxşı qiymətlərlə bu fakültəyə qəbul oldum. Elə hər şey də bundan sonra başladı. Yəni söhbət riyaziyyata olan nifrətimdən gedir. Düzdür, orta məktəbdə riyaziyyat, fizika fənlərini çox güclü bilirdim. Elə bu bilik də qəbul olunmağıma kömək etdi. Özümə inandığımdan orta məktəbi bitirdiyim gündən qəbula qədər bir dəfə də olsun, heç bir kitabı vərəqləmədim.
İlk aydan sonra 100 faiz dəqiqləşdirdim ki, bu fakültə mənlik deyil. Qrup yoldaşlarımdan fərqli olaraq davamlı olaraq mühazirəyə getmədim, məşğələlərdə aktiv iştirak etmədim. Bu da semester imtahanında pis qiymət almağımla nəticələndi.
Tətildə evə gedəndə universitetdən çıxmaq istədiyimi bildirdim, məni xeyli danladılar. Fikrimdən daşındım, həm də əsgərliyə getmək istəmirdim.
Mən 5-ci sinifdən başlayaraq şeir, hekayə yazırdım. Tez-tez “Azərbaycan pioneri”ndə yazılarım dərc olunurdu. O yazılardan sonra saysız-hesabsız dostluq məktubları alırdım. Həmin məktub müəlliflərindən bir neçəsi ilə də indiyədək dostluq edirəm. Bir sözlə, kəsilə-kəsilə, “2” ala-ala zor-bəla universiteti bitirdim, çünki başqa çıxış yolum yox idi. Ali təhsil aldıqdan sonra Gümrüdə 3 aylıq hərbi çağırışda oldum və leytenant rütbəsi aldım. Sentyabr ayında isə təyinatla Lənkərana yollandım. 3 il Marso qəsəbəsində riyaziyyat, fizika müəllimi işlədim.
Xatırlayıram, 1982-ci il may ayının 25-də son dərsdə jurnalın üzünə tüpürüb sinif boyu tulladım. Şagirdlərim də bunu sevinclə qarşıladı, çünki bilirdilər ki, müəllimlik peşəsindən zəhləm gedir. Onlar da məni sanki azadlığa çıxdığım üçün alqışladılar…
Həmin 3 il ərzində Lənkəranın “Leninçi”, respublikanın isə “Azərbaycan gəncləri” və “Azərbaycan pioneri” qəzetlərində vaxtaşırı məqalələrim çap edilirdi. Məqsədim jurnalistika peşəsinə yiyələnmək idi. İnanırdım ki, bu sahənin diplomunu almasam da nə vaxtsa jurnalist kimi çalışacam. Onsuz da bilirdim ki, riyaziyyatın axırı yoxdur, bu fəndə hər şey sonda sıfıra bərabər olur. Elə Alfred Nobel də 1895-də imzaladığı sənədə görə təsis etdiyi 5 mükafatın (fizika, kimya, tibb, ədəbiyyat və sülh mükafatları) arasında riyaziyyata yer verməmişdi. Bunu da belə izah edirlər ki, guya A.Nobelin İsveç riyaziyyatçısı M. Mittaq-Leflerdən (1846-1927) zəhləsi gedirmiş. Əgər Nobel mükafatı riyaziyyat sahəsində verilmiş olsaydı, ilk mükafata da elə Mittaq-Lefler layiq görüləcəkmiş. Onun qarşısını kəsmək üçün də A.Nobel riyaziyyatla bağlı belə ədalətsiz qərar verib.
Bunları riyaziyyatı gözdən salmaq üçün demirəm. Riyaziyyatı isə heç kəs gözdən sala bilməz, əks halda Eyler, Evklid, Dekart, Nyuton və Pifaqorun ruhu ondan inciyər.
Mənə isə 2-ci dünya müharibəsindən sonra müasir insanın ağıl və ruhunu müəyyənləşdirən jurnalist yazarlardan - Markesin, Soljenitsının, Kunderanın, Uelbekin, Kastanedanın həyatı daha maraqlı idi. Belə qalsa, televiziya məkanında əsl jurnalist olmaq düşüncəm də yoxuydu, çünki nə efir sifətim, nə də efirdə səslənəcək səsim var idi. Mən sadəcə riyaziyyatdan ayrılıb yazıçılıq peşəsinə tam yiyələnmək üçün jurnalistika kimi bir körpüyə çıxmaq istəyirdim…
Müəllimlik peşəsini buraxdıqdan sonra Türkmənistanın Nebit-Dağ şəhərində, sonra isə Bakıda elektron hesablayıcı mərkəzlərdə proqramçı vəzifəsində çalışdım. Jurnalistikaya gəlişim 1990-cı ildə reallaşdı. Öncə qəzetdən başladım. Əfqanıstan veteranlarının “Mübarizə” qəzetində müxbir işlədim. Az sonra məni yenicə yaradılan Müdafiə Nazirliyinin “Xalq Ordusu” (sonradan “Azərbaycan Ordusu”) qəzetinə işə dəvət etdilər. Qazaxdan tutmuş Horadizədək bütün döyüş bölgələrində oldum, xeyli sayda reportajlar hazırladım, məqalələr yazdım, qəzetin səhifələnməsindən başlayaraq çap prosesinə kimi bütün sirləri öyrəndim. “Avrasiya” qəzetində isə müxbirlikdən redaktor vəzifəsinədək yüksəldim. Parlament müxbiri kimi çalışmağım da siyasi biliyimi artırdı. Və bunun nəticəsi kimi 1998-ci ildə AzTV-nin Beynəlxalq proqramlar redaksiyasına redaktor kimi işə düzəldim. İlk həftədən başlayaraq xarici ölkələrə gedərək diaspor təşkilatlarımızdan verilişlər hazırladım. Yazıçılıq fəaliyyətinə isə 1987-ci ildən başladım, xeyli sayda hekayə yazdım. İlk hekayəm 1988-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edildi. İlk kitabım isə 2008-ci ildə işıq üzü gördü. Bunun gec çıxmağının səbəbi SSRİ-nin dağılması oldu. 1992-ci ildə “Yazıçı” nəşriyyatı kitabımı nəşrə hazırlayan zaman dedilər ki, daha bundan sonra nəşriyyat öz hesabına kitab dərc etməyəcək. Mən də redaktə edilmiş hekayələrimi ora yenicə direktor təyin edilən Əkrəm Əylislidən geri aldım. Əkrəm bəy o vaxt mənə dedi ki, lap Markes olsan da kitabını çıxara bilməyəcəyəm, çünki pulumuz yoxdur.
Düzdür. Bunlar tariximizin acı səhifələrindən biri idi. Heç kəsi buna görə qınamağa dəyməz.
Nəhayət, 2009-cu ildə AzTV-dən işdən ayrılandan sonra bir müddət “Üç nöqtə” qəzetində köşə yazarı oldum. 2 il “İnteraz” telekanalında müxbir işlədim. Qısa fasilədən sonra isə sonrakı taleyim “Anspress.com” saytı ilə bağlı oldu. Burada növbətçi redaktor vəzifəsində çalışdım. Hazırda isə “Aznews.az” saytında redaktor işləyirəm.
Bu ilin yanvarında publisistik yazılardan ibarət 2-ci kitabım işıq üzü gördü. İndi hekayələr kitabı üzərində çalışıram. İlin sonunadək yazdığım romanımı da kitab şəklində çap etdirəcəm.
Nədənsə narazı olmaq mənim xarakterimdə yoxdur. Düzdür, belə baxanda narazı olduğum şeylər, məqamlar lap çoxdur, ancaq mən özümü onlara kökləmirəm. Kökləndiyim hər şeydə (istər bu şey cansız əşya olsun, lap istərsə də canlı insan) müsbət keyfiyyətlər axtarıram. Bəzi xırdalıqları nəzərə almasam, gördüyüm, etdiyim heç nədən peşman deyiləm.
Peşman olduğum şey bircə sinif jurnalıdı. O da yəqin, məni çoxdan bağışlayıb...”.

Gülnarə Eynullaqızı peşəsini sevir və iddialıdır: “Doğrusunu desəm, uşaq vaxtlarından davranışlarıma görə dost-tanışlar gələcəkdə mənim jurnalist olacağımı deyirdilər, ancaq heç ağlıma gəlməzdi ki, nə zamansa jurnalist olacam. Çünki mənim sevdiyim peşə tam başqa bir sahəyə aid olub. Sonra isə bu peşəyə öz marağım da yarandı, ancaq təsadüf nəticəsində ailə üzvlərimin qərarı ilə jurnalistika peşəsini seçməli oldum. Və nəticədə peşman deyiləm, peşəmi sevirəm və iddialıyam. Jurnalistika peşəsi ən önəmlisi hər şey haqda məlumatım olmasını təmin edir, araşdırmaya meylimi artırır, beləcə maraq dairəmi genişləndirir. Axar.az, bölgəxəbər.tv, mediaxeberleri.az, realmedia.az, kanal24.tv və s. KİV-lərdə işləmişəm. Hazırda öz saytımız üzərində çalışmalarımız davam edir. Adı hələlik açıqlanmasın. İnşallah, tezliklə mediada yeni saytımızın adı açıqlanacaq.
İxtisasım jurnalist olmasa da jurnalistika peşəsinə ilk addımlarımı atdığım zaman peşəkar və qələmiylə imzasını atmış, tanınmış və ziyalı jurnalist müəllimlərim olub. Mən də onların sayəsində bu peşəni mənimsəyib imzamı qismən tanıtmışam. Gələcək üçün isə qəti qərarım jurnalistikanı tam peşəkarcasına mənimsəmək üçün jurnalistika fakültəsinə qəbul olub işimi davam etdirməkdir”.

ANS TV-də “Hesabat” verilişinin prodüseri Tural Səftərov daim yaradıcı işlə məşğul olduğundan peşmançılıq barədə düşünməyə vaxt tapmır: “Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini politologiya ixtisası üzrə bitirmişəm. Çox təəssüf ki, ixtisasım üzrə işləməmişəm.

Məndə jurnalistikaya maraq “Dünya siyasi proseslər” fənninin tədrisindən sonra baş qaldırıb. 2003-cü ildə bu sahəyə gəlmişəm. Dünyada baş verən siyasi proseslər məndə o qədər həvəs oyatdı ki, o dövrdə “Ekspress” qəzeti və “Tarix” jurnalına köşə yazıları göndərməyə başladım. Dünya ölkələrinim geosiyasi durumu, ABŞ və Rusiya münasibətləri, maraqların toqquşması, yeni dünya düzəninin formalaşması mövzularında yazılar gedirdi. Jurnalistikada məni ən çox maraqlandıran xəbərin istehsalı yox, baş verənlərin analizi idi. Təbii ki, sonradan xəbər istehsalı ilə uzun müddət məşğul oldum.

2006-cı ildə ANS Şirkətlər qrupu və Çingiz Mustafayev Fondunun təşkil etdiyi telejurnalistika kurslarına yazıldım. 2 aylıq dərslərdən sonra imtahanı “əla” qiymətlərlə verib praktiki fəaliyyətə başladım. Siyasi, sosial və iqtisadi sahədə müxbir fəalliyyətimə başladım. Araşdırma və təhlil yenə də əsas xətt olaraq qaldı.
2009-2010- cu illər ərzində “Xəbərçi” və “Salam Azərbaycan” proqramlarında aparıcı kimi çalışmışam. Bununla yanaşı, 2013-2014-cü illər ərzində “İnterAz” və “Azad Xəbər” internet portallarında da işləmişəm. Hazırda isə ANS TV-də “Hesabat” verilişinin prodüseri kimi fəaliyyət göstərirəm.
Jurnalistika maraqlı olduğu qədər məsuliyyətli sahədir. İstehsal etdiyin və tamaşaçıya, eləcə də oxucuya çatdırdığın xəbərin dəqiq və dolğun olması çox vacibdir. Bununla yanaşı, operativlik başlıca şərtdir. Xəbəri hamıdan əvvəl çatdırmaq jurnalistə o qədər xoş hisslər bəxş edir ki, bunu sözlə ifadə etmək çətindir. İşdən kənar çöldə-bacada, müxtəlif məclislərdə imsanların səndən baş verənlər barədə məlumat soruşması ayrıca zövq verir.
Demək olar, 15 ilə yaxındır ki, qələm əlimdən yerə düşmür. Müxtəlif mövzularda hazırlanan xəbər və təhlil tipli yazılardan tutmuş şerə, hekayəyə qədər. Daim yaradıcı işlə məşğul olmaq peşmançılıq barədə düşünməyə əlavə vaxt da buraxmır”.

“İzvestiya.az” saytının əməkdaşı Nərgiz Süleymanova sevmədiyi işi görmür: “Mən Moskvada oxumuşam. İxtisasca yüngül sənaye mühəndisiyəm. 7 il mühəndis kimi işləmişəm. 1992-ci ildə, 30 yaşımda isə şəxsi biznesimi açdım. Sonra şəxsi biznesimi bağladım. Jurnalistikaya gəlişim təsadüfi oldu, heç planlaşdırmamışdım. 8 aydır ki, yazıram. Bir dəfə yazı yazdım, Aynur Hacıyevanın xoşu gəldi, dərc etdi, oxunma sayı çox böyük oldu. Ondan sonra dedi ki, “yaz”. Mən də yazmağa başladım. “İzvestiya.az” saytının jurnalisti sayılıram. Amma “Day.az” saytında da yazıram.
Jurnalistikaya gəldiyimə görə peşman deyiləm. Bu işi sevirəm. Mənim bir işdən xoşum gəlməsə, onu heç nəyə görə etmərəm. Çox razıyam. Ölməsəm, sağ qalsam gələcəkədə də bu işi davam etdirməyi düşünürəm”.

Misranə Həsənzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi