Modern.az

Bakıda tikintisi 90 faiz yekunlaşan bu piyada keçidi söküləcək - FOTO

Bakıda tikintisi 90 faiz yekunlaşan bu piyada keçidi söküləcək - FOTO

1 Mart 2015, 16:15

Bakının Ziya Bünyadov prospektində inşa olunan və tikinti işlərinin 90 faizi yekunlaşan yerüstü piyada keçidini sökməyə hazırlaşırlar. Yerüstü piyada keçidində işlərin qəfildən dayandırılması və tikintiyə artıq 20 gündür fasilə verilməsi Modern.az əməkdaşının diqqətini şəkib.
Məsələ ilə bağlı maraqlananda, adının çəkilməsini istəməyən iş icraçıları yerüstü keçidin söküləcəyini bildiriblər. Onlar bunu piyada keçidinin yerinin düzgün seçilməməsiylə əlaqləndiriblər. Bildiriblər ki, Ziya Bünyadov prospektinin Böyük Şor qəsəbəsi ərazisində inşa olunan bu piyada keçidinin düz yanında yanacaqdoldurma məntəqəsi tikiləcək. Ərazidəki fərdi evlərin sakinləri də bir neçə gün öncə buradan köçürülüb və həmin tikililər artıq sökülüb.

Tikintisinə külli miqdarda vəsait sərf olunan və işlərinin 90 faizi yekunlaşan yerüstü piyada keçidinin təxminən 200 metr aralıda yenidən inşa olunacağı deyilir. Qeyd edək ki, tikintisi başa çatmasa da, Böyük Şor qəsəbəsinin sakinləri bu keçiddən istifadə edirlər. Məhz onun inşası Ziya Bünyadov prospektinin bu ərazisində piyadalarla bağlı indiyədək baş verən bədbəxt hadisələrin qarşısının alıb.

”Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Modern.az-a sözügedən  yerüstü piyada keçidinin söküləcəyi barədə məlumatsız olduğunu deyərək, işlərin hansı səbəbdən dayandırıldığını əsaslandırmayıb.  

Ziya Bünyadov prospektində inşası dayandırılan bu piyada keçidi I Avropa oyunları üçün tikilən yeni Olimpiya Stadionundan təxminən 1 km məsafədə yerləşir.





A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi