Əbdül Mahmudbəyov: “Bizim xalq Mirzə Cəlildən sonra heç nə yaratmayıb”
Modern.az saytı “XXI əsrin“ adamı layihəsindən növbəti müsahibəsini təqdim edir. Bildiyimiz kimi, layihədə düşüncə çəkisinə görə fərqlənən müsahib əsri, bu əsrdəki insan-insan, insan və zaman problemlərini dəyərləndirir. Bu dəfə dəyərləndirməni əməkdar incəsənət xadimi, rejissor Əbdül Mahmudbəyov aparacaq:
- Başlanğıcda insan və zaman faktorundan danışaq...
- Mənə görə insan faktoru əsl təbiət möcüzəsidir. Bu münasibətləri təbiət özü nizamlayır və öz qanunları ilə idarə edir. Son zamanlar verilişlərdə qadın-kişi münasibətləri müzakirə olunur, bilən də danışır, bilməyən də. Keçən dəfə mənə də sual verdilər, dedim, biz Allahı redaktə edirik?! Allah kainatı, cəmiyyəti yaradıb. Söhbət 18 min aləmdən gedir. 18 min aləm insan faktoruna qədər yaradılıb. Allah baxıb gördü ki, nə isə çatışmır. Sonra insanı xəlq elədi. Bu sözlər bizim ədəbiyyatımızda var. Azərbaycanlıların, türk xalqının gözəlliyi ondadır ki, hansı mərhələləri zaman-zaman yaşamışıqsa, hansı mədəniyyətləri yaratmışıqsa, onların hamısını yazıb rəsmiləşdirmişik. Poeziyamızda, folklorumuzda, milli adət-ənənələrimizdə, ağılarımızda, bayatılarımızda bunlar xüsusi kod altında öz əksini tapıb. Böyük miras qoyub gedənlərin günahı deyil ki, biz bu gün çox şeylərdən təcrid olunmuşuq, bir az kreativ insana dönmüşük, bir az savadsızlaşmışıq. Bu onların yox, bizim günahımızdır.
Dünya yaranandan bu günə günə qədər hər şey Allahın son zərrəsinə qədər hesablanan nizamı, harmoniyası altında idarə olunur. Bundan bir az o yana çıxsa, hər şey öz məhvərindən qopar.
Əvvəlcə xaos adlandırdığımız zülmət qaranlıqdan işıq yarandı. Allah daha sonra işıqla zülmət arasında təbiəti, həyatı yaratdı. Mələk insanla şeytan insanın mahiyyətini özündə əks etdirən Adəm yarandı.
Allah Adəmin timsalında o qədər mükəmməl insan xəlq etdi və ona öz əlamətlərini verdi ki! Adam sözünün izahı əslində “danışan heyvan” deməkdir. Ancaq Allah küskünlüklə bərabər insana danışmaq, düşünmək qabiliyyəti də verdi. Bu sözsüz ki, oddan, alovdan yaranan şeytan tərəfindən qəbul oluna bilməzdi. Guya Adəm peyğəmbərin övladları bir-birini öldürdü, araya qan düşdü və s. Bunlar 5 günün söhbəti deyil. Onlar min illərlə formalaşan Nuh peyğəmbərə qədər İblis, şeytan-insan problemi olub. Belə deyim var: “Filankəs şeytan kimidir, bunun içində şeytan var” və s.
- Elə o içindəki şeytanın fitvasına görə Adəm yerə endirildi. Amma bəzi yazılı mənbələrdə səhv olaraq “qovulur” yazırlar. Adəmin endirilməsini insanlıq tarixinin yeni mərhələsi saymaq olar?
- Bizim sevimli əcdadımız Adəm peyğəmbər gözəl bir həyat yaşayırdı. Bunu şeytan heç cür qəbul edə bilməzdi. Onu xəyanət yolu ilə başdan çıxarıb cənnət meyvəsi deyilən bir şey verirlər. Çox təəssüf ki, buna bəzisi alma, bəzisi buğda deyir. Amma o nə alma, nə də buğdadır. Adəm cənnət meyvəsini yeyir və oradan endirilir. Baxın, Adəm cənnətdən qovulmur, cənnətdən endirilir. Allah xəlq etdiyi insanı bununla sınağa çəkir. İnsanların bu gün də sınağa çəkilməsi Adəm peyğəmbərlə başlayıb, yəni həmin o hadisədən qaynaqlanır. Kainatda 4 var, 4 var, 4, 4 avaz var. Nədir bu ritmlər, bu avazlar haradan yaranıb? Adəm peyğəmbər cənnətdən endirildikdən sonra 40 il gecə-gündüz Allaha dualar etdi ki, bağışlansın. 40 ildən sora bağışladı və dedi ki, get Ərafəta Həvva ilə görüş. Mən orada olmuşam. Bunlar nağıl deyil, həqiqətlərdir. Düşmənlər çox çalışdılar ki, bunları dastan etsinlər, ancaq bacara bilmədilər. Muğamatların ən qədimi, bu gün insanların bütün dini mərasimlərdə oxuduqları bir kök var, ona Zəminxarə deyirlər. Zəminxarə - qayalıq, tikanlıq deməkdir. Çöllərdəki sarı tikan, adamı dəlik-deşik edir. Çünki tarix deyir ki, Adəm peyğəmbər o qayalıqlarda ayaqyalın o qədər gəzmişdi ki, tanınmaz vəziyyətə düşmüşdü. Həmin o Zəminxarə min illərdir Şərq musiqisində ağılar, bayatılar şəklində oxunur. Əvvəla, insan tək qalanda öz özünə zümzümə edir. Dərd sənə üstün gələndə başlayırsan kol-kosla danışmağa. Robinson Kruzo gedib adalara düşür və başlayır az qala itlə, pişiklə danışmağa. Bunların hamısı Şərqdən götürülüb. Adəm hər gün günəş çıxanda da, batanda da gəlib qayalığın üstündə otururmuş və Allaha günahlarının bağışlanması üçün dualar edərmiş. Bu da gəldi çıxdı zil səsə. Deməli, indiki insandan eşidilən səslər, fəryadlar Adəmin o zamankı naləsi, fəryadı ilə oxşarlıq təşkil edib.
- Zəminxarəni Adəmin fəryadı kimi qeyd etdiniz. Onu bizim xanəndələr də çox gözəl ifa edir. Burada əlaqələndirmə aparsaq, deyə bilərikmi, ilk insanın üzrxahlıq fəryadını bizimlə daha sıx energetik əlaqə birləşdirir?
- Böyük Əbdülqadir Mərağayi, yəni sənin, mənim babamız olan azərbaycanlı notu icad edib. Bizim genimizdən gələn möhtəşəm mədəniyyət var. Biz bəzən o proseslərdən uzaq oluruq. Bu gün Azərbaycan xalqına qarşı planlı düşmənçilik var. Əslində Azərbaycan Günəş sistemində əlaqəçidir. Mən böyük ziyarətgahlarda - Məkkədə, Mədinədə olmuşam. Orada cəmi bir neçə belə yer var. Amma Azərbaycanda az qala hər rayonun ziyarətgahı var. O yerlərdə insana müsbət mənəvi enerji gəlir. Təriqətlər, sufilər ocaqlarda yığışardı, orada həmin enerjidən qidalanıb ideologiyalarını təbliğ etməyə başlardılar. Bu, Allah tərəfindən lütf edilən, heç bir mübahisə doğurmayan həqiqətdir. Sadəcə olaraq biz bunları bilmirik.
Söhbətin bu yerində müsahibin telefonu zəng gəlir. Zəng çalınanda Alim Qasımovun məşhur “Şikayəti” eşidilir. Elə bundan yararlanıb belə bir sual ünvanlayıram:
- Alim Qasımovun səsi ilə Füzuli fəryadı arasında nə kimi əlaqə var?
- Mənə görə tarixi şəxsiyyətlərin arasında zaman, məkan fərqi yoxdur. Füzuli deyirdi: “Məhəbbət ləzzətindən bixəbərdir zahidi qafil, ey Füzuli, eşq zövqün zövqi-eşqi var olandan sor”. Dünyada yeganə Azərbaycan muğam sənətidir ki, bu janrın əvvəli var, sonu yoxdur. Bizim boğazımızda olan zəngurələr, guşəxanlar heç bir millətdə yoxdur. Bu ancaq bizə məxsusdur. Biz dilimizdəki hərfləri, harmoniyanı itirsək, deməli, çox şeyi itirəcəyik. Dünyanın çətin musiqi partiyaları, operaları var. Ancaq bunu bir çox ölkələrdə, eləcə də bizdə oxuyurlar. İtaliya musiqi mədəniyyətində Pavarotti nəhəngdir. Amma onun ariyasını bütün ölkələrdə, elə bizdə rəhmətlik Lütfiyar, Müslüm də oxuyub. Amma mənə deyin, Pavarotti bircə ağız segah oxuya bilər? Əlbəttə, yox! Bu bir təbiət hadisəsidir ki, Allah öz bölgüsünü aparıb. Bizə də bu düşüb. Ona görə də Allahın işinə düzəliş vermək olmaz. Biz kənar yerdə mədəniyyət, tarix axtarmayaq. Onlara göstərək ki, dünya bizdən başlayır. Bu dünya qədim Şumer mədəniyyətindən başlayıb. Mən həmişə xahiş edirəm ki, populistlik etməyin. Siz özünüzü ağıllı göstərmək üçün dünya mədəniyyətlərini öyrənə bilərsiniz. Bir şeyi yadınızdan çıxarmayın ki, öz mədəniyyətinizi təbliğ etməyə daha çox ehtiyac var. Biz israfçılıq, unutqanlıq edə-edə hara gedəcəyik? Mənim üçün müasir insan anlamı ilk kökünə bağlılıqdır. Həmin insan Allahın xəlq etdiyi ilahi və təbiət qanunlarını bilməlidir, özünü o qanunların içində hiss etməlidir.
Çünki kainatın, yerin, göyün, ərşi asimanın sahibi insandır. Hər şey ondan asılıdır. Amma sözsüz ki, zaman-zaman formalaşan şüur ictimai-siyasi formasiyalar kökündən, məhvərindən çıxmış insanlara həmişə faciələr yaşadır.
- İnsanın özünə qayıdış, yəni xilas yollarından biri kimi təsəvvüfün rolunu necə qiymətləndirirsiniz?
- Sufizmdə, hürufilikdə, xəlvətilikdə - bunların hamısının kökündə insan və yaranış fəlsəfəsi dayanır. Bunlar sonradan şaxələnərək müxtəlif təriqətlərə bölünüblər. Bu cərəyanların hamısının həm bundan əvvəl yaşamış insan, həm də hazırda yaşayan insan və gələcəkdə yaşayacaq insan üçün bir təbliğat məramı var: insanın özünə və nəfsinə gücü çatmalıdır. Çünki insanın ən yaxın dostu da, ən yaxın düşməni də özüdür. Bürhanəddin, Təbrizi, Bakuvi, Rudəki, Nəimi, Nəsimi insanın öz nəfsinə qalibiyyətini təbliğ edirdi. Lut qövmündən bu yana görün nə qədər peyğəmbər qətlə yetirildi?! Çünki Allah öz nümayəndələrini insanlar arasında azğınlıq yaranan zaman onların yanına göndərdi ki, yenidən öz yollarına qayıtsınlar. Lakin nəfsini yenə bilməyən insanlar peyğəmbərləri də öldürüblər. Bütün dinlərdə bu belədir. Bütün fəlsəfi cərəyanların, təriqətlərin yaradıcıları olan dahilərin də dedikləri odur ki, insan öz zəkasının, nəfsinin fövqündə durmağı bacarmalıdır ki, özünə də qalib gələ bilsin.
- Həmin ariflər, sufilər nəfislə mübarizə ilə yanaşı, ilahi həqiqətə gedən yolu da göstərə biliblərmi?
- Nəsimi qəzəllərinin birində sufi mənəm, şafi mənəm, filan mənəm... çox şeylər sadalayır. Axırda da deyirdi, insan olmuşam, yəni, bütün bunların ali məqsədi insan kimi var olmaqdan ibarətdir. Xətayi deyirdi: “Yer yox ikən, göy yox ikən ta əzəldən var idim, gövhərin yektanəsindən irəli pərgar idim”. Onlar bununla nə demək istəyirdilər? Bu adamlar - yəni ilahi düşüncə tərzi ilə yaşayanlar, öz nəfslərinə qalib gələn ariflər həmişə deyiblər ki, 18 min yaranmış var. Amma biz onların arasında, sırasında deyilik. Çünki biz ən sonda yaranmasına baxmayaraq, yaradanın yanındayıq. Bütün yaradılış sonradan Allah tərəfindən xəlq olundu, amma sənin baban Adəm özü Allahın yanında olub axı...
- İnsanın Allaha sığma konsepsiyasını necə qəbul edirsiniz?
- El arasında belə bir misal var: “Allahın əli, barmağı yoxdur ki, vurub gözünü çıxarsın. O özünü əməlləri və qanunları ilə əks etdirir”. Bütün yaradılmışların əşrəfi insan olduğu üçün Allahın əlamətləri, sifətləri onda əks olunub. İnsan xəyalən bu sifətləri, əlamətləri öz ruhunda əks edə bilər. Ancaq haşiyəyə çıxaraq onu da deyim ki, xəyal adlı, yuxu adlı şey yoxdur. Hamısı nə vaxtsa hansısa bir dövrdə, zamanda yaşadığınızdır ki, indi onlar xəyali informasiya kimi özümüzə qayıdır. Mən bu mövzu ilə çox maraqlanıram. Fikir verin, ömründə ingilis dilində danışa bilməyən hindli avtomobil qəzasına düşəndən sonra qəfildən ingilis dilində danışır. Bu genetik kodların ötürdüyü informasiyanın üzə çıxması nəticəsində baş verir. Hemenqueyin də bir əsərində belə bir epizod var: Amerikada olan ata, Avropada olan oğlu qəzaya düşən zaman qəfildən qışqırır. Çünki oğlunu da maşın vurarkən “ata” deyərək qışqırmışdı. Bu mövzular çox ciddi məsələlərdir və məni də çox maraqlandırır. Deməli, o sifətlər də insana ayd deyil. Nə vaxtsa insanın yaşadığı bir aləmdən ona ötürülən, lakin özünün də hələ tam dərk etmədiyi bir dəyərlərdir.
- “Vəhdəti-vücud” fəlsəfi konsepsiyasında və işraqilik nəzəriyyəsində zərrə və Günəş əlaqəsini əsas gətirərək insan ruhunun sonda Allaha qayıdacağı deyilir. Çünki yerə göndərilən bütün şüalar da sonda Günəşin özünə qayıdır. Sizin bu məntiqə münasibətiniz necədir?
- Əvvəlcə onu deyim ki, bütün sadaladığım fikirlər sırf mənim subyektiv yanaşmamdır. Mən nə resept yazıram, nə diaqnoz qoyuram, nə də qanun müəyyən edirəm. Suala qayıdaraq deyə bilərəm ki, “Nəsimi” filmində də dərvişlər tərəfindən deyilən “ey özündən bixəbər qafil oyan, haqqa gəl haqq deyil batil oyan” kəlmələrini hərə bir cür başa düşə bilər. Amma gəlin məsələnin dərinliyinə baxaq. Mən bu dərinliyə varanda gördüm ki, bu ilk dəfə Nəsimidən gəlmir, ondan əvvəl Nəimidən, Nəimidən əvvəl Həllac Mansurdan, ondan da əvvəl kimdənsə gəlib. Amma axırda gedib dayanır ərşə, yən, ilkin mənbəyi olan Haqqa. Onlar Haqdan qopan səslər olub. Sualla əlaqələndirərək deyək ki, son nöqtə təbii ki, oradır. Başqa çıxış yolu yoxdur. Başqa yol yoxdur, ümumiyyətlə! Allah hər bir məfhumu öldürmək üçün yox, onu yenidən özünə qaytarmaq üçün yaradıb. Sadəcə, bu özünə qayıdış zamanında bəzi sınaqlar da var.
- Xəyali də olsa cəmiyyətimiz üçün təfəkkür, düşüncə intervalı çəkək. Həmin intervalın bir ucunda Mirzə Cəlilin nadan qəhrəmanı, digər ucunda isə Füzulinin kamil insanı dayansın. Sizcə, bizim cəmiyyətin insanları həmin nadan qəhrəmandan həmin kamil insana doğru gedib çata bilərmi?
- Təşəkkür edirəm ki, buna toxundunuz. Çünki mənim ən yaralı yerimdir. Hər yerdə də deyirəm ki, görün Allahın bu xalqa nə qədər böyük simpatiyası var. Çünki biz heç zaman müdafiə olunmamışıq. Qəribə bir idarəçilik sistemimiz olub. İndi görün, Allah-təalanın bizə nə böyük simpatiyası var ki, dünyada hərc-mərciliyin yarandığı XVIII - XIX əsrlərdə bizə yol gəstərən dahiləri - Üzeyir bəyi, Axundovu, Mirzə Cəlili, Sabiri, Cəfər Cabbarlını, böyük Cavidi göndərdi. Onlar təkcə ədəbiyyat yox, özləri ilə bərabər gətirdikləri işıqla həyatın hər bir sahəsinə müsbət təsir etdilər. Bunumnla da Azərbaycan yenidən böyük bir mədəniyyət yaratdı. Elə onların da hesabına yaranan mədəniyyətin xeyrini hələ də görürük. Bu iş cəhalət dövrünün dahisi Mirzə Fətəli ilə başladı. Mirzə Fətəli deyirdi ki, din də gözəldir, dünya da gözəldir, amma hamısından irəlidə insan faktoru dayanmalıdır. Bildirirdi ki, insan tək heç cürə mövcud ola bilməz. Bütün heyvanlar da toplu halında gəzirlər. Deməli, insan da tək mövcud ola bilməz. O, bildirirdi ki, insan fərd olaraq bütöv bir milləti təmsil edir. Mədəni oyanışın kökü Axundovla başlayıb Üzeyir bəyə, Sabirə, Cəlilə və başqalarına keçdi. Allah ruhunu şad eləsin, mənim o şəxsiyyətə çox böyük hörmətim var. Axundov yazırdı ki, bunları ona görə yazıram ki, bəlkə gələcəkdə üç-beş nəfər oxuya kamilləşə. Amma bəzən düşünürəm ki, gələcək övladlar da bu nadanlardan törəyəcək, onda vay bizim halımıza. Bundan böyük intellektual konstitutsiya ola bilərmi?! Dediyiniz intervalı düşünmüşdü sanki. Məncə onlar, elə Cəlilin özü də nəsə ediblərsə, etdiklərinin özəyi bizim insanımızın intervalın bu ucundan o ucuna hərəkətinin bərpası olub.
- 2015-ci ilin mart ayıdır. Amma bu gün hələ də elə insanlar var ki, onlar 1906-cı ilin 7 aprelində çıxan “Molla Nəsrəddin” jurnalının səhifələri arasında yaşayırlar?
- Çünki onlar hələ də Sabirlə, Mirzə Cəlillə yaşayırlar. Bu xalq Mirzə Cəlildən sonra yeni nəsə yarada bilibmi? Yeni heç nə yoxdur. Onu da deyim ki, insanın daha bir faciəsi də səhvən yaradılan idarəçilik sisteminin tərkib hissəsi olmasıdır. İnsan həmin yanlış ictimai-siyasi reformasiyanı, idarəçilik sistemini yaradır və özü də bilmədən onun köləsinə çevrilir. Nəticədə bu sistemin idarəsində milli mənəvi dəyərlərə malik olan şəxslər durmayanda məsələ daha da dərinləşir. Nəticə etibarilə xalq da əziyyət çəkir. Xalq da əziyyət çəkəndə yenidən yaxşı nəsə axtarmağa çalışır. Çünki klassik olan hər zaman gərəklidir. Ona görə də çıxılmaz halda olan xalq Sabirdən, Cəlildən yaxşısını tapmayanda, elə onlara tərəf qaçır.
- Sabirin dövründə əsr insanları dindirə bilmirdi. Bəs, biz bu gün XXI əsrin səsinə heç olmasa pıçıltı ilə də olsa cavab verə bilirik?
- Çox qəribədir ki, zamanı ən azı 50 -100 il qabaqlayan işıqlı insanlar say etibarı ilə ən çox Azərbaycanın payına düşüb. Onların içərisində elələri var ki, indiyə qədər heç adını bilmirik və xatırlamırıq. Mən hər dəfə səma elmindən danışanda mütləq Nəsirəddin Tusinin adını rəğbətlə qeyd edirəm. Astrologiya elmini yaradanlardan biri də o idi. Amma onun kəşflərini sonradan Kolumbun, nə bilim kimin ayağına yazdılar. Bilirsən necədir, sən öz malına yiyə durmayanda, kimlərsə gəlib ona sahib çıxacaq. Necə ki, ermənilər gəlib bizim əsrlərdən bəri formalaşan mədəniyyətimizə sahib çıxmağa çalışdı, bizə aid olan torpaqları işğal etdi. Erməni kim idi ki? Min illərlə qoltuq altında yaşayan bir tayfa idi. Hara gedirdisə, orada məskunlaşır və həmin yerdə xəyanət edirdi. Ona görə də hər yerdən qovulurdular. Axırda gəlib bizim torpaqlarda məskunlaşıb öz dövlətini qurdular. Bunun da səbəbi sənin, mənim, millətimizin Allahdan gələn qəlb yuxalığı, yumşaqlığı idi. Amma sualınızla əlaqələndirib onu deyə bilərəm ki, bəli, dünyada bu dəqiqə çox sürətli elmi-texniki inkişaf gedir. Amma gəlin razılaşaq ki, dünyada tək müsbət istiqamətdə dəyişiklik getmir. Allahın dualizm, yəni ikilik qanunu var. Yəni müsbət inkişafla bərabər dünyada mənfi məqamlar da sürətlə öz işini görür. Qabaqlar insanlar ox və kamanla müharibə edirdilərsə, indi kiçik bir düyməni basmaqla nəhəng şəhərləri məhv edə bilərlər. Burada əsas məsələ odur ki, ayrı-ayrı dövlətlər Allahın həmin dualizm nəzəriyyəsinə düzgün yanaşaraq müsbət və mənfi arasında düzgün seçim etsinlər. Hansı dövlətin idarə sistemi daha çox müsbət istiqamətə yönələcəksə, o daha çox uğur qazanacaq. Hansı dövlət hansı nəticə götürsə, sonrakı aqibəti də bundan asılı olacaq. Amma bizim yenidən velosiped yaratmağımıza heç bir ehtiyac yoxdur. Çünki əsrlər boyu formalaşan mədəni-mənəvi tariximiz var. Elə ondan nümunə götürüb bu günə tətbiq edə bilərik.
- Bir dəfə demişdiniz ki, məndən olsa “Nəsimi” filmini yenidən çəkərdim, bir də Xətai haqqında film lentə alardım...
- İstəsək də, istəməsək də bir reallığın içindəyik. Bizim özümüzdən asılı olmayan səbəblər var. Sovet dönəmində bəzi metodlar qəddar idi. Məsələn, deyirdisə limondur, deməli, limondur. Daha deyə bilmirdin ki, bu sarı limondur, onun ayrı cür müxtəlif çalarları var. Bu mümkün deyildi! Mən də ömrümüm böyük bir hissəsini Şah İsmayıl Xətaiyə, Qarabağnamələrə həsr etmişəm. Nəsimi bizim əqli, ruhi tariximizdir, Xətai isə həm əxlaqi, həm mənəvi, həm də dövlətçilik tariximizdir. Ona görə də biz müstəqil olandan sonra sovet dövründə onlara olan yalnış yanaşmanı aradan qaldırmağı düşünürəm. Bu yalnız mənəvi bir borcdur. Çünki Nəsimi gecələr yuxuma girib mənə deməyəcək ki, heç dərisi soyulan adam da şeir deyər? Tək bu deyil ki? Çox şeylər təhrif olunub. Adicə onun məhkəmə proesesində cavab olaraq dediyi beyt də təhrif olunub. Necə ki, deyirdi zahidin bir barmağın kəssən dönüb Həqdən qaçar, gör bu gerçək şairi sərpa soyarlar ağzımaz. Amma bunlar “gerçəy”in yerinə “miskin”, “ağrımaz”ın yerinə “ağlamaz” işlədiblər. Amma kişinin öz əli yazdığı əlyazma qalıb bir qıraqda.
Çox şeylər təhrif olunub, yaxud, biz çox şeylərdən xəbərsiz olmuşuq. 1993-cü ildə UNESKO xətti ilə Füzulinin yubileyi keçiriləndə film çəkmək üçün İraqa- Kərbalaya getdim. Allah rəhmət eləsin, orada Əbdüllətif Bəndəroğlu adlı bir kərküklü alim var idi. O, ilk dəfə mənə Füzulinin “Hədiqətüs Şüəda” adlı araşdırma əsəri barədə məlumat verdi. Sən demə, Füzuli Kərbəlaya gələrək 17 il Kərbəla müsibəti, imamların şəhadəti istiqamətində araşdırmalar aparıb, elə orada da vəfat edib və dəfn olunub. Məlum olub ki, Kərbəla vuruşmasında İmam Hüseyn tərəfində vuruşanlardan ikisi azərbaycanlı olub. Adı da yazılı mənbədə Müslüm Azərbaycani kimi yazılıb. O birisi də onun oğlu olub. Mən onu eşələyəndə bəlli oldu ki, həzrəti peyğəmbərdən başlayaraq xilafətə qədər kitabxana və yazı işlərinə ancaq azərbaycanlılar baxıb. Fikir verin, Azərbaycanın adı hələ o vaxtın mənbələrində çəkilir.
- Bəs Xətai ilə bağlı hansı bilinməyən faktla rast gəlmisiniz?
- İmam Hüseyn Kufə cammaatının təhriki ilə özünün 2000 nəfərə yaxın ətrafı ilə oranı tərk edir. Sonradan həmin insanlara məlum olur ki, onlar artıq tələdədirlər və ölümə yaxındırlar. O zaman İmam Hüseyn çıxıb deyir ki, ölüm qaçılmazdır. Biz bura haqq yolunda şəhid olmaq üçün gəlmişik. Əgər kim ölümdən qorxursa, bizimlə gəlmək istəmirsə, örpəyi üzünə ataraq xəlvəti buranı tərk edə bilər. Nəhayət, onlar cəmi 71 nəfər qalırlar. 72-ci adam kim idi? O adam ərəb xilafətinin ən məğrur sərkərdələrindən biri Hürr idi. 3 minlik qoşunu ilə bilmədən İmam Hüseynin üzərinə gəlir. Lakin Kərbəla çölündə mətləbi anlayandan sonra diz çökür, namaz qalır və bağışlanmasını istəyir. Ölümdən qorxmayaraq İmamın tərəfinə keçir və qəhrəmanlıqla həlak olur. Elə birinci ölən də o olur. Siz indi fikir verin - bundan 1000 il sonra Xətai növbəti ideologiyasını ortaya atıb hakimiyyətə gəlmək üçün Hürrdən bir vasitə kimi istifadə edib. Yəni o Hürrün qəbrini açdıran zaman onun cəsədinin çürümədiyini görür. Bununla da islamın möcüzə faktorunu özünün dövlətçilik diplomatiyasında istifadə edir. Mən də o vaxt, yəni, 1993-cü ildə istədim ki, Şah İsmayılın da rəsmi yubileyi, 500 illiyi dövlət səviyyəsində keçirilsin. Çünki ağır vaxtlar idi. Ölkə yeni qurulurdu. 42 müstəqil islam dövləti var idi ki, mən bir növ onlara müraciəti nəzərdə tuturdum. Amma çox təəssüf ki, alnmadı. İstəyim o idi ki, İslamı özünün dövlətçilik fəaliyyətində ustalıqla əlaqələndirən, cəmi 33 yaşında bu işlərə cəhd edən bir xadimi hamı tanısın. Amma baş tutmadı. Niyə baş tutmadı, onu bilmirəm. Allah rəhmət eləsin, rəhmətlik Heydər Əliyev smetanı da qaldırdı, çox istəyirdi ki, işlər daha geniş miqyasda aparılsın. Amma çox heyf ki, bu iş baş tutmadı.
- Həmişə deyirsiniz ki, üç müəlliminiz olub: kimlər idi onlar?
- Bir rejissor kimi çox şeyi Ədil İsgəndərovdan öyrənmişəm, klassikanı, klassik ədəbiyyatı Əli Fəhmidən, SafAğ mədəniyyətini, Azərbaycanın kainatın tarixindəki xidmətlərini isə İsa Muğannadan öyrənmişəm!
Elmin NURİ