Manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi fevralın 21-dən qəbul etdiyi tədbirlər planına uyğun olaraq gücləndirilmiş nəzarət tədbirləri həyata keçirir.
Demək olar hər gün nazirliyin mətbuat xidməti hansısa market və satış obyektində süni qiymət artımının aşkarlanması barədə ictimaiyyətə informasiya verir. Nəzərə çarpan həm də odur ki, yoxlamalar iri marketlərdə deyil, məhz hansısa qəsəbədə yerləşən kiçik dükanlarda intensivləşib.
Təbii ki, aparılan yoxlamalar və nəticələr barədə verilən informasiyalar təqdirəlayiqdir.
Amma maraq doğuran odur ki, nazirlik rəsmiləri yoxlamaların hamısını şikayətlər əsasında aparır, yoxsa reydlər keçirərək nəticələr əldə edir? Süni qiymət artımı olduğunu necə aşkar edirlər? Məsələn, Yasamalda yaşayanların iddiasına görə, bu rayon ərazisindəki iri supermarketlərin əksəriyyətində süni qiymət artımı baş versə də, nədənsə bununla bağlı araşdırma aparılmır. Rayon sakinləri hətta bu cür bahalaşmaya “Bəyaz market”, “Bizim market” ticarət mərkəzlərində yol verildiyini də istisna etmirlər. Sakinlərdən birinin iddiasına görə, “Bəyaz market” ticarət mərkəzində “Qəlyanaltı” adlanan kolbasaların qiymətində ciddi artım baş verib. Əlbəttə, bu məsələni kimsə iddia edə bilər, ancaq müvafiq qurumların bununla bağlı ciddi araşdırma aparmasına da ehtiyac var.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev məsələ ilə bağlı yaranan sualları cavablandırmaq üçün Modern.az-a açıqlama verib.
Nazirlik rəsmisi bildirib ki, yoxlamalar əsasən istehlakçı şikayətləri əsasında həyata keçirilir: “Məsələn, dünən haqqında məlumat yaydığımız “Baku Electronics” MMC-də aşkarlanan faktı nəzərinizə çatdırmaq istəyirəm. Mağazada məişət avadanlıqlarının qiymətlərinin süni şəkildə artırıldığı barədə nazirliyə çoxsaylı şikayətlər daxil oldu. Biz bu şikayətlər əsasında sözügedən mağazada araşdırma apardıq.
Araşdırmalar zamanı sözügedən müəssisədə satılan məişət avadanlıqlarının qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu aşkar olundu. Məsələ ilə bağlı antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıldı”.
Abbas Əliyev qeyd edib ki, ümumilikdə aparılan nəzarət tədbirləri həm paytaxtı, həm də regionları əhatə edir: “Nəzarət tədbirləri əsasən istehlakçı müraciətləri əsasında aparılır.
Bildiyiniz kimi, manatın devalvasiyasından sonra fevralın 21-də nazirlikdə geniş iclas keçirildi və tədbirlər planı hazırlandı. Plana uyğun olaraq istehlak bazarında nəzarət tədbirləri həyata keçirilir. Bizim məqsədimiz süni qiymət artımının və süni qıtlığın qarşısını almaqdır”.
Gülşən RAUFQIZI