Modern.az

Xooponopono: sevirəm, peşmanam, bağışla...

Xooponopono: sevirəm, peşmanam, bağışla...

6 Mart 2015, 14:40

Hər bir insan ata-anasının səhvlərini, həyat yolunu təkrarlamaqdan qorxur. Bəzən valideyndən savayı baba-nənənin, əmi-dayının, xala-bibinin də problemləri yada düşür. İnsan nə qədər bu qorxuları özündən uzaqlaşdırmağa çalışsa da, bir şey alınmır. Nədən qorxursa, onu da həyatda qazanır. Ya da hər hansı bir qorxuya görə heç nə əldə edə bilmir, şəxsi həyatı pozulur, uğur da ondan uzaq düşür.

Rastlaşa biləcəyimiz bir vəziyyəti təsəvvür edək. Deyək, kimsə cavanlıqda bir dəfə evlənib, sonra boşanıb təzədən ailə qurub. Köhnə ailəsindən bir neçə uşağı var, təzə qurduğu ailədə də uşaqları dünyaya gəlib. Azərbaycanda belə vəziyyətdə mehribançılıq adətən olmur. Bədbəxtlikdən təzə ailədə də həyat yoldaşını da itirib deyə uşaqların bir ətək problemi yaranıb. Məsələn, qızının biri həyatdan gedən anasının dərdini çəkir, psixi gərginlik keçirir, xəstələnir. Düşünür, anasının ölümündə atası günahkardır, çünki anasını qoruya bilməyib. Atanı günahlandıran qadın da xoşbəxt ola bilməz, o istənilən kişiyə münasibətdə atasına olan yanaşmanı tətbiq edəcək. Bir gün o, öz-özünə belə qərar da verə bilər: heç vaxt anamın səhvini təkrar etməyəcəm. Bunun da yalnız bir yolu var: heç vaxt evli və ya boşanmış kişiyə tərəf baxmaram, anamın taleyini yenidən yaşamaram. Ən doğrusu isə ümumiyyətlə ailə qurmamaqdır, bu halda səhv də etməzsən.

Beləliklə, qabaqcadan ərə getməmək, xüsusilə boşanmış kişidən qorunmaq xəyalı ilə yaşayan xanım elə bu vəziyyəti daim beynində saxlamalıdır. O hər yerdə ailə həyatını qurmayacağını bəyan edir, bununla da özündən potensial gəncləri uzaqlaşdırır.

İndi bu xanıma tərəf gələcək kişinin həyat yolundan danışaq. Onun da həyatı asan olmayıb, vaxtilə ailədə boşanma olub, ata anası ayrılıb. O da özünə deyir: çalışacam 1 dəfə evlənim, ikincisi mümkün deyil. Uzun illər evlənmir, kimisə axtarır, onu bəyənir, bunu bəyənmir, axı o bir dəfə evlənməlidir. Onu sevən çox qadını rədd edir, çünki onlara əmin deyil, düşünür bütün ömrü boyu onunla yaşaya bilməz. Xanımların çoxu onu darıxdırır, o ideal qadın axtarır, amma tapa bilmir. Nəhayət, uzun illərin axtarışı bir nəticə verir, birisi ilə evlənir. Amma o mütləq səhv etməlidir, çünki atasının səhvini təkrar etməkdən ömrü boyu qorxub, bu qorxu onun sümüklərinəcən işləyib. Nədən qorxursansa, o da başına gəlməlidir. Bir gün anlayır: atasının yolunu təkrar etməlidir, boşanmalıdır. Bu qaçılmazdır.

Özü də tale bu iki “bədbəxt”i qarşılaşdırır, çünki hər ikisi valideynlərin həyatını təkrarlamaqdan qorxub. Bu boşanmaq istəyən kişi bu xanımı bəyənir, onun proqramına bələd deyil axı. Hər cür onun başına dolanır, diqqət göstərir, əlbəttə xanım da bu diqqətdən məmnundur, onunla maraqlanan namizəd azdır, bilənlər onun alınmaz “qala” olduğunu düşünür. Yaş ötür həm də; xanım özüylə bacara bilmir, hamı diqqət-qayğıya möhtacdır. Hətta özü də bilmədən bu kişiyə gileylənir də: niyə onun problemlərini görən yoxdur, niyə ona diqqət göstərən azdır. Bir gün kişi deyir, əzizim, sevirəm səni, boşanıb səninlə evlənmək istərdim, necə baxarsan buna. Bax, burada köhnə qorxular gəlir gündəmə, xanım özünə əl qatır, nə deyirsən, mən heç bir əsas verməmişəm, mən ailə qurmaq istəmirəm, belə bir fikrim yoxdur, olmayıb da. Əl çək məndən.


Bu da son, necə deyərlər, “fini de lya komediya”. Nədən qorxursansa, o da başına gələcək. “Taleyim belə gətirdi”, “Qismətim beləymiş” deyən çoxdur, amma biri də bu vəziyyəti özünün proqlamlaşdırdığını dilinə gətirmir. Bəzən həkim deyir, genetikası pisdir, irsi xəstəliyi var. Əslində, genetika necə formalaşır, onu deyən yoxdur. Necə olur, bir insan bir xəstəliyi özündə daşıyır, o birisi başqasını. Məncə, səbəbi aydındır. Biz irsi xəstəliklərin yox, müəyyən qorxu, proqramların daşıyıcısıyıq. Bunlar da sonra genetik xəstəlik deyilən bir şeyə çevrilir. Yəni bizim DNT strukturuna, xromosomlarımıza işləyir. İnsan təkcə ətdən, qandan, sümükdən ibarət deyil. İnsan özündə bir çox məlumatın daşıyıcısıdır, elə xromosom da bunu qoruyub saxlayan “sərt diskə” bənzəyir.

“Qurani-Kərim”in Ər-Rad surəsinin 11-ci ayəsində genetik proqramı dəyişməyin yolu açıq-aydın bildirilir: “(İnsan üçün) onu öndən və arxadan təqib edənlər (mələklər) vardır. Onu (insanı) Allahın əmri ilə qoruyurlar. Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz”.

Mənası da təxminən belədir: əgər bir insan həyatını dəyişmək istəmirsə, qorxu içində çarpışırsa, İlahinin təklif etdiyi proqrama uyğun yaşamırsa, onun əhvalı-vəziyyəti yaxşıya doğru dəyişməyəcək. Dini təsəvvürlərə görə, insan tək bir şeydən qorxmalı, çəkinməlidir: Allah qarşısında günah etməkdən, digər qorxuya isə yer yoxdur, çünki ən xırda qarışqanın belə ruzisini Tanrı yetirir. Allaha təvəkkül edən şəxs nədən özündə hər hansı qorxunu daşımalıdır? Niyə ailə qurub, xoşbəxt olmasın? Niyə faydalı işlə məşğul olmayıb, sabahı gün üçün qorxu keçirməlidir? Axı ətrafa baxsaq, hər il qışdan sonra yaz gəlir, yerdən bitkilər cücərir, mer-meyvə, tərəvəz yetişir. Yağış yağır, hər yerin tozunu yuyur, ağaclar karbon qazını udur, yerinə bizə lazım olan oksigeni havaya buraxır. Niyə qorxu içində yaşamalıyıq? Nədən öz həyatımızı yox, ata-anamızın neqativ proqramını reallaşdırmalıyıq?

Özü də insan valideynlərin müsbət hərəkətlərini, həyat prinsiplərini nədənsə o qədər önə çəkmir, dildə desə də, daxildə o, daha çox qorxuların daşıyıcısıdır. Bunlar hamısı aydındır, bəs nə etməliyik? Qorxudan, neqativ fikir, enerjidən necə qurtulmalıyıq?

Havay adalarında maraqlı bir texnologiya icad edilib. Adı da qəribədir: Xooponopono. Xooponopono insanın daxilindəki neqativ enerjidən azad olma prosesi və özünü Tanrıya təslim etməkdir: fikir, söz və işlərlə. Bu texnikanın köməyi ilə daxildə formalaşmış neqativ proqramın silinməsi baş verir. Havaylıların təsəvvürünə görə, insanın həyatında baş verən problem və səhvlər neqativ fikirlərlə əlaqəlidir. Xooponopono orqanizmdə disbalans, xəstəlik yaradan yararsız fikir və səhvlərin enerjisindən azad olmağa imkan verən metoddur.

Yəni əgər daxildə hər hansı bir qorxu, neqativ fikir, enerji varsa, bundan azad olmasan, normal, xoşbəxt yaşaya bilməzsən. Havaylılar hər bir insana Tanrı ilə birbaşa əlaqə qurmağı təklif edir, ondan bağışlanılmasını istəməyi, günahlardan tövbə etməyi, “mən səhv fikirlərimə görə təəssüf edirəm, mənim problemlərimin kökü də bundadır, xahış edirəm məni bağışla” müraciəti ilə Allaha yalvarmağa məsləhət görürlər.

Xooponopono metodikasında İlahiyə yönələn cəmi 4 müraciət var, onları da insan daim təkrarlamalıdır: “Mən səni sevirəm”, “Mən çox təəssüf edirəm” (“Mən olduqca peşmanam”), “Xahiş edirəm, məni bağışla”, “Təşəkkür edirəm”.

Vəssalam. Bəlkə kimsə bu metodun effektliyinə inanmaz, ola bilər. Elə dərd də bu inamsızlıqda, imansızlıqdadır. Televizor, internetdən hər gün başımıza yağan yalan yağışına nədənsə inanırıq, dayanmadan bunu sosial şəbəkələrdə müzakirə edirik, uzun-uzadı bilmədiyimiz, doğru təsəvvürümüz olmayan məsələlərdən nəsə yazırıq, amma səmimi qəlbdən inandığımız bir şey tapa bilmirik. Bu cür sivilizasiya qurmuşuq, hər şey var, amma içərimizdə sakitlik, rahatlıq, Allaha təvəkkül yoxdur.  

Xooponopono yeni bir nəsə təklif etmir. “Mən Allahımı sevirəm”, “Tutduğum günah işlərə peşmanam”, “Ya Rəbb, günahlarımı əfv et” ya “Əstəğfürullah”, “Şükür edirəm” ya “Əlhəmdüllah” ifadələrini hər bir müsəlman bu və ya başqa formada hər gün təkrar edir. Bunu nə dərəcədə səmimi edir, doğrudanmı günah işlərinə peşmandır, bu başqa sualdır.

Valideynlərin səhvlərini təkrarlamaqdan qorxmaq lazım deyil. Onlar öz həyatlarını yaşayıb, biz isə öz həyatımızı. Heç nədən qorxmayasan gərək.

Tanrı qarşısında günaha batmaqdan savayı…

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU