MTRŞ-nın səlahiyyətlərini artıran müvafiq qanuna əlavə və düzəlişlərin qəbulundan sonra bəzi mövqe sahiblərində televiziya məkanındakı anarxiyanın aradan qaldırılmasına tutarlı mexanizmin tapılması düşüncəsi hakim olsa da, onlar Şuranın Domokl qılıncı “status”una qədər yüksəlməsini birmənalı rədd edirlər. Hətta Şuranın sədri Nuşirəvan Məhərrəmli də bu sahəni qanunla nəzarətə götürən bir məmur kimi bəribaşdan zalım davranışların əleyhinə gedir.
O, zatən zəhmli məmur deyil. Nə qədər geniş səlahiyyətlər alsa da, rəftarını televiziyalar üzərində qəddar bir biçimdə sərgiləməkdə zorluq çəkəcəyi aydın məsələdir.
Demokratiyada sərt üslub bəyənilmir-bu, bəlli. Adama diktator obrazı verir, plüralizm prinsipləri ilə daban-dabana ziddiyyət yaradır. Təbii ki, Nuşirəvan Məhərrəmli diktator kimi dillərə düşmək istəməz.
Amma gəlin baxaq: bəs, qılınclar qınında saxlananda, “dəmir əl” siyasəti işləməyəndə, əksinə mexanizm sadəcə, tənqid, nəsihət, tövsiyyə dili olanda, lap elə cərimələr tətbiq ediləndə, müxtəlif sektorlardakı problem və neqativliklər indiyə qədər hansı keyfiyyət dəyişikliyinə məruz qalıb?
MTRŞ televiziyalara azacıq təpinən kimi, televiziyalar da üstüörtülü- açıq MTRŞ-nın bostanına necə daş atıb-bu, hamıya aydındır. Demək ki, televiziyaların əli ilə cəmiyyətdə yaradılmış mənəvi böhranla mücadilədə üsulların dəyişməzliyi, oxşar üsulların gələcək tətbiqi indiki mənzərənin sıradan çıxarılmasında acizliyə məhkum qala bilər.
Akademik Ramiz Mehdiyev televiziya verilişlərinin dolğun təhlilini verib, onları səviyyəsizlik bataqlığı içərisində göstərəndə, bu iradların aidiyyatı ünvanlar üçün bir ibrət olacağı düşünülürdü. Lakin o boyda məqalə, o uzunluqda haqlı tənqid həmin ünvanlara aid insanların başlarını aşağı dikdirmək əvəzinə, onlar sanki muxtariyyat hüquqları varmış, öz qanunları ilə idarə olunurmuş kimi ölkənin idarəçiliyinə öz qüvvəsini verən sanballı bir məmurun təhlilinə tabe olmadılar. Çünki dövriyyəyə Domokl qılıncı girməmişdi.
Amma biz vergi müfəttişləri televiziyaların başının üstünü kəsəndə, qapılar blomlananda, yayım müvəqqəti dayandırılanda, televiziyaların necə bir görkəm aldığını da seyr edə bilmişik.
MTRŞ-a səlahiyyət vermək, zənnimizcə, azdır, bu qurumun cəmiyyətdə məşhur “qlavlit” kimi bir nüfuzu da formalaşmalıdır.
Ciddi mövzuların, maarifləndirmə proqramlarının pul gətirməməsi qeyzi ilə kriminal xronika, qan-qada səhnələrinin aşkar nümayişi psixoloq, sosioloq təpkisi Ilə efirlərdən yığışdırılmırsa, bu məlumatların ictimai nəticə yükü, əlavə təsirlər və ölüm örnəkləri yaratması yükündən ağır gələ bilmirsə, o zaman təsirli tədbir –embarqo MTRŞ-dan gəlməlidir. Çünki burada informasiya anlamından daha çox, öldürmənin təbliğatı anlamı qabarır ki, bu yanlış tendensiyanın qarşısını kəsməmək ciddi məsuliyyət yaradır.
Ən bərbad sosial proqramlarda qeyri-etik, əxlaqa zidd davranışlar əxlaqsızlıq, mənəviyyatsızlıq epidemiyasını yayır. Öz auditoriyasını açıq-saçıq filmlərin nümayişi ilə formalaşdıran televiziyalar sonralar yüngül mövzular işləməklə, efirə küçə söyüşləri gətirməklə, şou sahəsinin adamları arasındakı intriqaları qabartmaqla, özlərinə reytinq qazandılarsa, topluma tərbiyəsizlik aşıladılar. Müstəqil televiziyalar əsl sənətin ölməsində, xalis sənətkarın kölgədə qalmasında, bar, kazino müğənnilərinin, sənət səhnəsində parlamasında istəmədən tramplin oldular ki, burada oynadıqları rolu heç kimlə bərabər bölə bilməzlər.
Əslində efiri bürüyən əxlaqsızlıq da həmin kateqoriyalı müqənnilərin sayəsində kök atmağa başladı. Xalq artisti Habil Əliyev efirdə söyüşən, ədəbsiz kəlmələr işlədən xalq artistlərinə nəzərən özü demişdi ki, ən mədəniyyətsiz insanlar mədəniyyət adamlarıdır. Demək, yumuşaqlığı seçən Nuşirəvan Məhərrəmlinin sənət adamları ilə də dolayısı qarşı-qarşıya gəlmək kimi bir məcburiyyəti var. Amma bunu qismən yumuşaqlıqla necə bacarmaq olar-bunu demək çətindir.
Bu insanların ekspert kimi verilişlərə dəvət olunması, həyatlarının topluma etalon kimi təqdimatı yanlışlığının qarşısını MTRŞ almasa, televiziyaların tribunaları ənənəvi şəkildə bar, kazino, palatka müğənnilərinin hegemonluğu altında qalacaq ki, bu kateqoriyadan gələn mənəvi bəla daha dərinliklərə işləyəcək və televiziyalar daha neçə-neçə layiqsiz müğənniləri söyüş söyən xalq artisti statusuna hazırlamış olacaq. Onsuz da Mədəniyyət və Turizm Nazirliyi estradaya, mahnı yanrına vəhşicəsinə soxulan diletant axınının qarşısını kəsə bilmir, əksinə titulların paylanmasında televiziyalarla birlikdə öz rolunu oynayır. Bu səhvləri düzəltməksə Nuşirəvan Məhərrəmliyə qalır, çünki MTRŞ belələrinin efirə buraxılmasında süzgəc funksiyası olmalıdır.
İndi tez-tez belə bir kəlmə işlədilir: yüngül, səviyyəsiz verilişlər tamaşaçının təlabatıdır. Doğrudur, evdar qadınlar, yaşlı insanlar, savadsız gənclər deyilən tip proqramların əsiridir. Amma bu əsirliyi kim yaradıb, bu zövqü kim formalaşdırıb? Alternativ ortaya qoyuldumu ki, cəmiyyəti yüngüllükdə ittiham edək?!
ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev geniş auditoriya qarşısında etiraf etdi ki, onun ciddi ictimai-siyasi layihələri Elgiz və qeyrilərinin aparıcılıq etdiyi verilişlərə reytinq baxımından uduzur; televiziya da onun reklam maraqlarına cavab verən verilişlərə üstünlük verir, çünki televiziya personalının yaşamı reklamdan gələn pullardan asılıdır.
Təsəvvür edin, biz illərdir, az-az xalqlarda, millətlərdə olan gözəl mənəvi keyfiyyətlərimizi, nümunəvi davranışlarımızı pulla eyni tərəziyə yükləyib, maddi varlanmanı mənəvi zənginlik dəfinəmizdən üstün tutmuşuq. MTRŞ elə bir metod seçməlidir ki, müstəqil televiziyalar məcburiyyət qarşısında qalıb, yüngül verilişlərə nəzərən formalaşan reklamlarını artıq ciddi, əxlaqi proqramlar üzərində qura bilsinlər. Hər halda əxlaqın və ciddiyyətin pul gətirib-gətirmədiyi eksprimentini də aparmaq gərəkdir. Kim bilir, bəlkə ciddiyyət pul gətirmir deyənlərin tezisi yalana çıxacaq!
Etiraf edək ki, MTRŞ-nın çiyinlərinə çox ağır bir mənəvi böhranın həlli yükü qoyulub. Nuşirəvan Məhərrəmli qılınc roluna, sözünün, qərarının kəsəri olan baş senzor statusuna qədər səlahiyyət almalı, oturduğu kreslonun çox ciddi təbliğatı getməli, o, hətta vergi müfəttişi qədər qorxunc olmalıdır ki, mental xüsusiyyətləri, milli etnosun özünəxas yüksək səviyyəli dəyərlərini reklam maraqlarına çox asanca güzəştə gedən, yabançı, üstəlik, olduqca zərərli dəyərlər aşılayan televiziya və onların pula hesablanan qeyri-əxlaqi, bəsit, zövqsüz, ucuz verilişlərini qayçılamağın öhdəsindən gələ, bizim qürur duyduğumuz nümunəvi əxlaq sistemimizi tədricən də olsa, özümüzə geri qaytara bilsin.