Modern.az

“Məşhur tələbə yoldaşım”: “Müəllim hərəmizi bir heyvana, Vəfanı da pişiyə bənzətmişdi” - Vəfa Zeynalovanın tələbə yoldaşı

“Məşhur tələbə yoldaşım”: “Müəllim hərəmizi bir heyvana, Vəfanı da pişiyə bənzətmişdi” - Vəfa Zeynalovanın tələbə yoldaşı

7 Mart 2015, 11:59

Modern.az saytının “Məşhur tələbə yoldaşım” rubrikasının bugünkü buraxılışı teatr və kino aktrisası, əməkdar artist Vəfa Zeynalova (Rzayeva) haqqındadır. Aktrisa barədə qrup yoldaşları Akademik Milli Dram Teatrında baş inzibatçı işləyən Elnur Məmmədov  Türkiyənin İstanbul şəhərində yaşayan Natəvan Ergün  danışır: 

Elnur Məmmədov: “İçəri daxil olanda bizi qəribə mimikayla süzdü”

“1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram teatrı və kino aktyoru” fakültəsinə daxil olmuşuq. Qrupumuz çox maraqlı tələbələrdən təşkil olunmuşdu. Qrupda 7 nəfər var idi: 3 oğlan, 4 qız tələbə... Oqtay Mehdiyev (Sumqayıt teatrında işləyir), İntiqam (teatrda işləmir), Samirə Məmmədli (sevdiyim müğənnidi,) İlhamə (ailə həyatı qurdu, teatrdan uzaqlaşdı), Natəvan Ələkbərova (İstanbulda yaşayır), Vəfa Zeynalova (aktrisa). O ki qaldı mənə, bir müddət aktyor kimi fəaliyyət göstərdim, amma indi inzibati işlərlə məşğulam. Qrup rəhbərimiz görkəmli sənətkar, xalq artisti Həsənağa Turabov idi. Allah rəhmət etsin! Həsənağa Turabov yaxşı aktyor olduğu kimi, yaxşı da müəllim idi.. Sənət müəllimlərimizdən birinci kursun birinci yarım ilində Rafiq Əzimov dərs dedi. Vidadi Həsənov birinci kursun ikinci yarım ilində gəldi. Səhnə danışığından isə Əzizağa Quliyev, Azad Şükürov dərs deyirdi. Əsgər Əsgərov da  4-cü kursda bizə tamaşa hazırlığında kömək etdi. Kurs tamaşamızı V. Rozovun “Şadlıq sorağında” pyesi əsasında hazırlamışdıq. Çox maraqlı tamaşa idi..

Vəfa Zeynalova ilə mən ilk dəfə universitetdə tanış olmuşduq. Birinci dərs günü idi. Qrupda olan 6 nəfər bir yerdə söhbət edirdik. (O vaxt universitet Fəvvarələr Meydanından aşağıda yerləşirdi.) Səhnə danışığı otağı var idi. Birdən qapı açıldı və bir xanım auditoriyaya daxil oldu... (Yay fəsli qurtardığından hamı istirahətdən qayıdırdı. Ona görə günəş bizim kimi Vəfa xanımın da rəngini dəyişmişdi). Əvvəl elə bildim ki, qaradərilidi. Nazlı-qəmzəli xanım idi.. Hələ içəri daxil olanda bizi qəribə mimikayla süzdü. Görünür, bizi bəyənməmişdi... Sonralar gördüm ki, çox mehriban, gülərüzlü xanımdı...”.

“Birdə gördüm, Vəfa məni tutub saxlayır ki, lazım deyil, dalaşma...”


“Vəfa tələbəlik illərində mehriban, istiqanlı, xoşxasiyyət, insanın qayğısına qalan gözəl bir xanımdı. Xasiyyəti əla idi, sonralar da əla olmaqda davam etdi. İnstitut vaxtı o qədər maraqlı hadisələr olurdu ki... Ümumiyyətlə, Vəfa maraqlı insandır.

Bir dəfə tələbə dostumuz İlhamə xanım bizi ad gününə dəvət etmişdi. Lökbatana gedirdik. Sürücü bizi yaman əsəbləşdirmişdi. Mən avtobusdan düşmüşdüm, gördüm sürücü İntiqamla mübahisə edir. Geri - avtobusa minmək istəyəndə qapını bağladı, əlim qapının arasında qaldı. Birdə onda gördüm ki, Vəfa məni tutub saxlayır ki, lazım deyil, dalaşma... Dedim, “ay qız, əlim qapının arasında qalıb, imkan ver, əlimi çıxardım”. Vəfa gülərək dedi, “elə bildim, kömək edirsən. Fikirləşdim, birdən birləşib sürücünü döyərsiniz”.

Vəfa xanımla hərdən dalaşırdıq, bilirsiz niyə? Çünki mən hərdən gözlənilməz hadisələrlə qarşılaşırdım, o da gülürdü, mən də əsəbləşirdim. İndi Vəfa xanımı demək olar ki, hər gün görürəm. Axı biz bir yerdə işləyirik.

O, universitet illərində də öz istedadı ilə seçilirdi. Hələ tələbə ikən Akademik Milli Dram Teatrına dəvət almışdı. Bundan əlavə, filmlərdə çəkilirdi. Yaman həvəsli idi.. Ümumiyyətlə, kursumuzda olan tələbələr çox dəyərli tələbələr idi, Vəfa xanımın da gələcəkdə uğur qazanacağına inanırdıq.

Aktrisa kimi özünəməxsusluğu ilə fərqlənir, özünə uyğun rolları oynayır. Vəfa xanım teatrda bir çox tamaşalarda oynayır. Mənim daha çox bəyəndiyim obrazı “Qürbətdən gələn məktublar ” tamaşasında Firəngiz və Fransuaza obrazıdır. “Qocanı öldürməliyik “ tamaşasındakı obrazını başqa bir ifa ilə oynayır...".

Natəvan Ergün: “Vəfa aktrisa olmağı çox istəyirdi”


“1994-cü ildə Mədəniyyət və İncəsənət Universitetinin “Dram teatrı və kino aktyoru” fakültəsinə qəbul olunmuşuq. Qrupumuzda 7 nəfər vardı: Elnur, Oqtay, Vəfa, Samirə, İlhamə, İntiqam və mən. Elnur, Oqtay, Vəfa və Samirəni tanıyırsınız. Mən, İntiqam və İlhamə aktyor olmadıq. Çox yaxşı bir qrup idik. Qrup nümayəndəsi Elnur idi. Qrup rəhbərimiz isə Allah rəhmət etsin, Həsənağa Turabov idi. Üzünü çox az görürdük. Çox vaxt Vidadi Həsənovla bərabər olurduq. Həsən müəllim arada, imtahanlarda gəlirdi. Sərt idi, ona hörmət edirdik. Mən Türkiyəyə getdikdən sonra Həsən müəllim, sağ olsun, məni soruşub. Deyib ki, “sizinlə oxuyan sarı saçlı bir qız vardı, o nə oldu?”. Elnur da (Elnur Məmmədov) cavab verib ki, “ailə qurub, Tükiyədə yaşayır”. Allah rəhmət etsin, üstündən neçə il keçməsinə baxmayaraq, məni xatırlamasına çox sevinmişdim. Oxuyarkən də Həsənağa Turabov kimi bir sənətkar müəllimimiz olduğu üçün xoşbəxt idik. Hər kəsə mənim müəllimim deyirdim.

Vəfa ilə çox yaxın dost idik desəm, yalan söyləmiş olaram. Aramızda sadəcə sinif dostluğu olub. Vəfayla Samirə daha yaxın dost idilər. Tələbəlik illərində Vəfanın xarakteri yaxşı idi, aramızda bir problem yox idi. Sakit idi, mehribandı, şəndi, zarafat etməyi, deyib-gülməyi sevərdi, heç kimlə dava etməzdi. Bizim qrup mehriban qrupdu, hamımız bir-birimizlə zarafat edirdik.

Aktyor sənəti müəllimimiz Vidadi Həsənov bir gün bizə “əslində hər insan xarakter etibarilə bir heyvana bənzər” dedi. Vəfanı da pişiyə bənzətmişdi, Vəfa buna gülmüşdü. Vəfa həmişə tumarlanmağı sevər, yatmaq istəyərdi. Sinifə girən kimi Samirəyə, İlhaməyə “nə olar, saçlarımla oyna, masaj et” deyərdi. Vidadi müəllim məni tovuzquşuna, İlhaməni də tülküyə bənzətmişdi. Qalan tələbələri nəyə bənzətdiyini xatırlamıram. Sadəcə üçümüz yadıma gəlir.

Vəfa aktrisa olmağı çox istəyirdi, olub da. Onun tanınmış olacağını bilirdim, çünki bunu çox istəyirdi. Mən də Azərbaycanda qalsaydım və aktrisa olmaq istəsəydim, bunu bacara biləcəyimdən çox əminəm. Amma təəssüf ki, mənim aktrisa olmağa heç həvəsim yox idi. Vəfanın sadəcə Lamiyə roluna baxmışam. O elə institut vaxtı həmin rola dəvət almışdı, çəkilmişdi. Sevinmişdi. Mən də Vəfa ilə qürur duydum.  Bəzən tələbəlik illərindən danışarkən Vəfa mənim tələbə yoldaşımdı deyirəm. Tək Vəfa ilə deyil, Samirəylə də çox qürur duyuram və hər kəsə də Vəfa, Samirə mənim qrup yoldaşım olub deyirəm. Vəfanın digər film, seriallarından xəbərim yoxdur. Əlbəttə, neçə rolu vardır. Mən adətən, Azərbaycan kanallarına baxmadığım üçün başqa rollarını bilmirəm. Tamaşalarını da burada olduğum üçün görməmişəm. Azərbaycanda yaşasaydım, təbii ki, sevə-sevə Vəfanın oynadığı tamaşalara gedərdim”.

“Onu çox bəyənirdim”



“Mən əslində aktrisa olmayı heç istəmirdim. ADU-nun Jurnalistika fakültəsini çox istəmişdim. Amma balım İncəsənət Universitetinə çatdığı üçün orada oxumalı oldum. Yoldaşımla 3-cü kursdaykən tanış olmuşdum. Sonra evləndik, Türkiyəyə köçdüm. Burada çox xoşbəxtəm. İstanbula aşiqəm. Xoşbəxt bir evliliyim var. Bir oğlum var. Mən onsuz da  aktrisa olmamağı beynimə salmışdım. Aktrisalığın mənə uyğun olmadığını hələ ilk kurslarda anlamışdım. Jurnalist olmaq istədiyim üçün xoşbəxt deyildim. İnsan bir işi sevərək görməlidir. İncəsənət ən son yazdığım yerdi və qismət məni ora apardı. Amma peşman deyiləm. Ən azından Həsən müəllim və bir çox məşhurla tanış olmaq şansım oldu.

Yoldaşımla bərabər ləl-cəvahirat (mücevher) işi ilə məşğuluq. İldə 1-2 dəfə Azərbaycana gedirəm. Axırıncı dəfə keçən il mayın 2-də getmişdim. “Azdrama”ya da getdim. Elnur və Oqtayla görüşdük. Vəfa gəldiyimi bilirdi, amma mənimlə görüşməyə gəlmədi. Yəqin, işi vardı, bilmirəm, doğrusunu Allah bilir.

Əslində bir az gülməli olacaq, amma mən Vəfanı ən çox Tıq-tıq xanım roluyla xatırlayıram. Birinci kursda, imtahan tamaşamızda onu oynamışdı. Arıq, qara qızdı. O zamanlar Vəfanı çox bəyənirdim. Uzaqdan baxanda heç Azərbaycan qızlarına bənzəmirdi. Amerikan, zənci qarışığı olan qızlara oxşayırdı. Amma indi çox dəyişilib, əsl Azərbaycan qadını olub.

Vəfa sonuncu kursda ikən evləndi. Sevgi ilə ailə qurub. Bir-birilərini çox sevmişdilər, yaraşırdılar. İki əkiz qızları var, maşallah böyüyüblər. Vəfa xanıma xoşbəxtlik, ailə səadəti, işlərində uğurlar arzulayıram”.


















Misranə Həsənzadə

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU