Modern.az

Türkiyədəki parlament seçkiləri ilə bağlı MÜƏMMALAR – TƏHLİL

Türkiyədəki parlament seçkiləri ilə bağlı MÜƏMMALAR – TƏHLİL

7 Mart 2015, 13:51

Bu il iyun ayının 7-də Türkiyədə parlament seçkiləri keçiriləcək. Zəngin siyasi rəngarəngliyi və gərgin ideoloji mübarizəsi ilə səciyyələnən Türkiyə üçün bu seçkilərin əhəmiyyəti çox böyükdür. Xüsusən, bu seçki Türkiyə müxalifətinin ümid etdiyi zəfərinə gedən enişli-yoxuşlu yolda sonuncu şans kimi də dəyərləndirilə bilər.

Türkiyədə 2013-cü ilin dekabr ayında dövlət içərisində paralel təşkilatlanmanın həyata keçirdiyi iddia edilən böyük rüşvət və korrupsiya əməliyyatlarının ardınca hakim Ədalət və İnkişaf Partiyasının (AKP) siyasi səhnədən silinəcəyi barədə müxalif düşərgələrin verdiyi proqnozlar, onların qələbəyə inamı sözün bütün mənalarında özünü doğrultmadı. Türkiyə müxalifətinin AKP hakimiyyətini silkələyən və hökumət daxilində dərin çatlar yaradan rüşvət və korrupsiya əməliyyatlarının doğurduğu siyasi şərtlərdən lazımınca yararlana bilməməsi Rəcəb Tayyib Ərdoğan üçün siyasi üfüqlərdə yaşıl işığın yanmasına zəmin yaratdı.

Məhz bu zəminin nəticəsi idi ki, Türkiyə müxalifəti, əsasən də Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyətçi Hərəkat Partiyasının (MHP)  bələdiyyə seçkilərində və onun ardınca 2014-cü ilin avqust ayında keçirilən prezident seçkilərində növbəti məğlubiyyət acısını dadmalı olur.

İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğlu CHP və MHP-nin prezidentliyə vahid namizədi kimi seçkilərdə iştirak etsə də, o yeni siyasi lider, fərqli ictimai fiqur funksiyasını yerinə yetirmirdi. Onun seçki kampaniyasında həddən artıq rəsmiyyətçiliyə söykənən şablon çıxışları Türkiyə ictimai fikrini AKP hökumətinə qarşı yönəldə bilmədi və nəticədə Rəcəb Tayyib Ərdoğan seçkiləri qalib kimi başa vurdu.

Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Demirtaş da prezident seçkisində heç də kürdlərin böyük əksəriyyətinin səsini qazana bilmədi və bu onun onsuz  böyük olmayan nüfuzunu bir az da aşağı saldı. Ancaq Türkiyədə keçiriləcək parlament seçkisində HDP-nin qələbə qazanmasına  ümid doğuran amillərin ilkin işartıları görünməkdədir. Düzdür, HDP-nin parlament seçkisində böyük uğur əldə edəcəyini də söyləmək olmaz, ancaq Türkiyə siyasi mənzərəsində bu partiyanın daha çox canlanma yaratmağa çalışması, diqqət çəkməyə bilməz.

Parlament seçkisi öncəsi HDP artıq bir vaxtlar önəmli isimlər olan şəxslərin millət vəkilliyinə namizədliyinin irəli sürməsini də qarşısına məqsəd qoyub.


Türkiyə mətbuatı məsələyə bu kontekstdən yanaşaraq yazıb ki, parlament seçkisi ilə bağlı proseslərdə HDP ən böyük sürpriz addımlar atır. AKP-nin qurucularından biri olan Dengir Mir Mehmet Fıratın HDP-dən millət vəkilliyinə namizədliyini verməsi diqqəti kürdlərin siyasi təşkilatına yönəldib. Mehmet Fıratın  bu addımı  bundan sonra onun AKP daxilində etnik mənşəcə kürd olanları HDP-yə cəlb edəcəyi iddialarına da yol açır.

Bununla paralel olaraq Qaziantep Böyük Şəhər Bələdiyyəsinin keçmiş başqanı və uzun zaman “Qaziantepspor”a rəhbərlik edən Cəlal Doğan da HDP-dən namizədliyini verdiyini bəyan edib.  Cəlal Doğan ona bu barədə HDP-dən təklif gəldiyini bildirib.  Ana müxalifət partiyası CHP-nin üzvü olan Cəlal Doğan niyə görə HDP-ni seçməsi ilə bağlı isə məsələyə toxunub:

“Mən CHP-dən istefa verməmişəm. Ancaq CHP mənim millət vəkilliyinə namizəd olmağım üçün bir təklif verməyib. Heç mən özüm də belə bir təkliflə çıxış etməmişəm. Mən CHP-dən istefa verib HDP-yə qatılacağam”. HDP-nin sürpriz namizədlər siyahısı təkcə bunlarla bitmir və görünən odur ki, bu siyasi qurum parlament seçkilərinə yeni qüvvə ilə qatılmaq üçün bütün resurslarını səfərbər edib.

Türkiyənin “Radikal” nəşri yazıb ki, HDP-nin Diyarbəkrdən olan millət vəkili Altan Tan mərhum prezident Turqut Özalın oğlu, “ANA” Partiyasının sədri Əhməd Özalı da öz sıralarına qoşmaq arzularını gizlətməyib.

İstər CHP, istər MHP istərsə də HDP-nin seçkidə  konkret olaraq hansı formatda iştirak edəcəyi barədə birmənalı fikir söyləmək olmaz.

Lakin bu partiyaların hakim AKP-ni məğlubiyyətə düçar edəcəkləri inandırıcı deyil, çünki bundan əvvəlki proseslər və onun perspektivlərindən irəli gələn qüvvələr nisbəti hələ ki, AKP-nin xeyrinədir.  

Aqşin Kərimov


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi