Gülhüseyn Kazımlı,
Filologiya üzrə fəlsəfə doktoru
Dünya xalqları sırasında özünə layiqli yer tutan Azərbaycan xalqının çox qədim və şərəfli bir tarixi vardır. Xalqımız keşməkeşli həyat yolu keçmişdir. Torpaqlarımız zaman-zaman işğal edilmiş, xalq olmazın əzab-əziyyətlərə düçar olmuş, lakin xalqın qəhrəmanlıq ruhu heç zaman sarsılmamış, xalqımız öz milli-mənəvi dəyərlərini, bu çətin və əzablı yollardan keçərək bu günə gətirib çatdıra bilmişdir.
İnsanların tarix boyu yaratdıqları, nəsillərdən nəsillərə keçən, vaxtilə ayrı-ayrı insanlara məxsus olan, bu gün isə memarlıq nümunəsi kimi hər birimizin qürur duyduğumuz daşınmaz əmlak nümunələri də mədəniyyət tariximizin mühüm tərkib hissəsidir.
Azərbaycan xalqı tarixən ədalətli xalq olmuşdur. Bu ədalətin ən mühüm göstəricilərindən biri də Azərbaycan xalqının qədim zamanlardan bu günə kimi başqasının mülkiyyətinə hörmət hissi ilə yanaşmasından, qəsbkarlıqdan, işğalçılıqdan, kiminsə əmlakını, yaxud torpağını mənimsəmək kimi mənfi əməllərdən uzaq olmasıdır.
Elə bu mənəvi keyfiyyətin təsiridir ki, müdrik xalqımız əmlakın mənsubiyyəti, qorunması, dəyərləndirilməsi haqqında lap qədim zamanlardan düşünmüş, əmlakın sənədləşməsi işinə daim böyük önəm vermişdir. Bu işlər müxtəlif dövrlərdə müxtəlif cür aparılsa da, mahiyyətcə eyni olmuş, hər kəsin öz əmlakına etibarlı şəkildə sahiblik etməsi, onun nəsildən-nəslə keçməsinə inamlı olması məqsədi daşımışdır.
Əsrlər keçmiş, bəşəriyyət sivilizasiya qanunlarına uyğun inkişaf etdikcə mülkiyyət hüquqlarının qeydiyyatı prosesi də müəyyən mərhələlərdən keçmiş, zaman-zaman təkmilləşmiş və indiki səviyyəsinə gəlib çatmışdır.
Dünyanın bütün inkişaf etmiş ölkələrində olduğu kimi Azərbaycanda da mövcud qeydiyyat prosedurları nə qədər inkişaf etsə də, bu sahədə keçmişin zəngin ənənələrinin də qaldığı müşahidə edilir. Bu ənənələr, heç şübhəsiz ki, inkişaf etdirilir, hüquqi və texnoloji cəhətdən təkmilləşdirilir. Tarixdən, Azərbaycan xalqının soykökündən gələn ədalətlilik, vicdanlılıq hissi isə əmlaka münasibətdə də hər zaman özünü mühafizə edir və müasir inkişaf proseslərinin heç bir mənfi təsirinə güzəştə getmir. Belə mühafizəkarlıq mütərəqqi mühafizəkarlıqdır.
Araşdırmamızın əsas məqsədi keçmişlə bu gün, bu günlə gələcək arasında körpü yaratmaqdır. Çünki əmlak məsələləri və onun məxsusluğu həm qədim keçmişdə, həm də bugün öz aktuallığını itirməmişdir. Araşdırma zamanı tarixi faktların üzə çıxarılmasına nə dərəcədə nail olduğumuz da oxucular və ya mütəxəssislər tərəfindən qiymətləndirilə bilər. Lakin bir şeyi qeyd etmək lazımdır ki, bu olduqca vacib bir məsələdir, araşdırmasına xüsusi ehtiyac duyulur, bir və ya bir neçə elmi əsərin mövzusu ola bilər.
Əmlakın qeydiyyatı tarixi Azərbaycanın mədəniyyət tarixinin ayrılmaz tərkib hissəsidir. Təkcə bir məqamı nəzərinizə çatdırım ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ ərazisində 150 mindən çox ev və mənzil və maddi mədəniyyət abidələri talan edilmişdir. Əmlakın qeydiyyatı tarixinin araşdırılması bizə Azərbaycan həqiqətlərinin dünyaya daha əhatəli şəkildə, faktların və rəqəmlərin dili ilə çatdırılması baxımından da lazımdır.
Ümid edirik ki, belə mühüm tarixi-ideoloji əhəmiyyət kəsb edən bir məsələnin gələcəkdə daha dərindən və ətraflı araşdırılmasında dəyərli alimlərimiz öz səylərini əsirgəməyəcəklər.
Bir məqamı xüsusi qeyd etmək istərdim ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasını uğurla davam etdirib ölkəmizi gələcəyə apardığı kimi, tariximizin bütün səhifələrinin araşdırılıb tədqiq edilməsi məsələlərinə də böyük önəm verir.
Hər bir xalq öz tarixini, öz mədəniyyətini öyrənməli və onu təbliğ etməlidir. Xalqın öz tarixi keçmişini öyrənməsi, onun köklərini araşdırması olduqca təqdirəlayiq bir hadisədir. Mövqeyindən, vəzifə və peşəsindən asılı olmayaraq hər kəs bu işə dəstək verməyə çalışmalıdır.
Tarix müxtəlif istiqamətlərdə araşdırıla bilər: mədəniyyət tarixi, hüquq tarixi, fəlsəfə tarixi... Bu siyahını cəmiyyətin hər bir sahəsinin sayı qədər genişləndirmək olar. Lakin məqsəd heç də bu deyil. Bütün sahələr üzrə aparılan araşdırmalar bir-biri ilə üzvi şəkildə bağlıdır və onların hər birinin diqqətlə, sistemli şəkildə araşdırılması ölkənin bütün tarixinin araşdırılması deməkdir.
Bildiyimiz kimi, lap qədim zamanlardan bu günə kimi mülk sahibi olmaq, həmin mülkün nəsildən-nəslə keçməsinin etibarlılığının qorunmasını təmin etmək insanlara xas ən ülvi hisslərdən biri olmuşdur. Ona görə də tarixin lap qədim dövrlərindən bu günə kimi daşınmaz əmlakın, xüsusilə torpaq mülkiyyətçiliyinin bu və ya digər formada qeydiyyatı aparılmışdır.
Osmanlı imperiyası dövründə dəftərxana üsulu fəaliyyət göstərir, bu üsula əsasən, Osmanlı imperiyası tərəfindən fəth edilmiş hər bir ərazinin, şəhərin, kəndin kameral uçotu gedir, həm əhalinin, həm də onlara məxsus daşınmaz əmlakın siyahısı son dərəcə dəqiqliklə göstərilir, eyni formatlı dəftərlərdə onların müfəssəl qeydiyyatı aparılırdı.
Arxiv sənədlərindən belə məlum olur ki, Azərbaycan ərazisində də əhalinin kameral uçotu hələ XVIII əsrin əvvəllərindən Azərbaycanın müəyyən əraziləri Osmanlı imperiyasının hakimiyyəti altında olduğu dövrdən aparılmışdır.
Osmanlı imperiyası dönəmində tərtib edilmiş kameral uçot dəftərlərinin orijinalları bu gün də İstanbuldakı Başbakanlıq arxivində qorunmaqdadır. Mərhum akademik Ziya Bünyadovun səyi nəticəsində həmin dəftərlərdən ikisinin, 1727-si il tarixində tərtib edilmiş «Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri» və «Naxçıvan sancağının müfəssəl dəftəri»nin mikrofilmi Azərbaycana gətirilmiş və kitab halında çap edilmişdir.
Elmira Seyidbəli Gövhər ağa Cavanşirin sənədləri əsasında «Qarabağ torpaq mülkiyyətinə aid arxeoloji materiallar» kitabını nəşr etdirmişdir
XIX əsrin əvvəllərindən etibarən Şimali Azərbaycan torpaqlarının Rusiya imperiyasına birləşdirilməsinə paralel olaraq bu ərazilərdə Rusiya imperiyası tərəfindən də kameral uçot işləri davam etdirilmiş, tərtib edilən kameral-uçot kitablarında Azərbaycandakı şəhər və kəndlərdə yaşayan əhalinin həm özünün, həm də onlara məxsus daşınar və daşınmaz əmlakın dəqiq uçotu aparılmış, hər ailənin kişi cinsindən olan bütün üzvlərinin siyahısı və onlara məxsus əmlaklar kitabda göstərilmiş, qadınların isə ümumi sayı qeyd edilmişdir. Həmin dəftərlər bu gün də Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində mühafizə olunur.
Bütün dövrlərdə mülkiyyət hüququ, mülki münasibətlərin tənzimlənməsi məsələləri insanları düşündürmüş, cəmiyyətin əsas, aparıcı funksiyalarından biri olmuş, xarakterindən asılı olmayaraq bütün ictimai-siyasi formasiyalarda dominant rol oynamışdır. Feodal üsul-idarəsinin, şahların, dünyanı fəth edən hökmdarların qılıncları bölünmüş dünyanı yenidən bölmüş, torpaqlar, sərhədlər dəyişdirilmiş, qanlı və talançı müharibələr bir mal-mülk sahibini var-yoxdan çıxarmış, digərini isə varlandırmış, şan-şöhrət sahibi etmişdir.Zaman-zaman Azərbaycan da qonşu dövlətlərin təcavüzünə məruz qalmış, torpaqlarımız yadların əlinə keçmiş vətənimiz bölünmüşdür.
XIX əsrin əvvəllərində Azərbaycanın ərazisində 19-dan çox xanlıq mövcud olmuşdur.
1804-1828-ci illər ərzində Rusiya imperiyası tədricən Azərbaycan ərazilərini zəbt etmişdir.
1804-1813-cü və 1826-1828-ci illər ərzində iki Rus-İran müharibəsinin nəticəsi olaraq 1828-ci ildə bu iki dövlət arasında bağlanmış Türkmənçay müqaviləsinə görə Azərbaycan iki yerə bölünmüş, Şimali Azərbaycan Rusiya, Cənubi Azərbaycan isə İranın müstəmləkəsi altında keçmişdir.
İstər şahlıq üsul - idarəsi dönəmində, istərsə də xanlıqlar zamanında torpaq sahələri, bəzən bütöv kəndlər şahın və ya xanın fərmanı ilə müxtəlif insanlara hədiyyə kimi bağışlanılır və buna aid fərmanlar divanxanalarda qorunub saxlanılırdı. Yəni mülkiyyət hüquqları mütləq sənədlə təsdiq olunur, sərhədləri isə təbii - coğrafi işarələrlə 4 coğrafi qütbə münasibətdə işarələnirdi.
1804-cü ildə rus ordusu tərəfindən Gəncə qalası alındıqdan sonra Gəncə xanlığı ləğv edilərək Gəncə şəhəriYelizavetpol adlandırıldı. Gəncə xanlığının ərazisi isə Yelizavetpol dairə rəisinə tabe edildi. 1806-cı ildə Bakı xanı Hüseynqulu xan qaçdıqdan sonra Bakı komendantlığı, 1810-cu ildə Quba xanlığı ləğv edilərək Quba komendantlığı, 1820-ci ildə Şamaxı şəhərində Şirvan komendantlığı, 1822-ci ildə Suşa şəhərində Qarabağ komendantlığı, 1826-ci ildə Lənkəran şəhərində yerləşən Talış müvəqqəti idarəsi yaradıldı. Bütün bu komendantlıq və idarələr rus çarının Tiflisdə yerləşən baş idarəsinə tabe edildi. Yerli əhalinin daşınar və dışınmaz əmlakları ilə bağlı bütün məsələlər bui darə və komendantlıqlarda həll olunmağa başladı.
İlk dəfə olaraq Bakı və onun ətraf ərazilərində yaşayan əhalinin daşınar və daşınmaz əmlakları vergiyə cəlb olunmaq məqsədilə 22 dekabr 1816-cı ildə siyahıya alınmağa (kameralğnıe opisaniə) başlanmışdır. Bu siyahıyaalma Ümumrusiya imperiyasının uçot-yoxlama işlərinin tərkib hissəsi kimi aparılmışdır. Növbəti siyahıyaalma 1832-ci ilə təsadüf edir ki, bu zaman Bakı və onun ətrafı ilə yanaşı, o vaxtkı Şimali Azərbaycanın da bütün ərazisi bu siyahıyalmadan keçmişdir.
1814-cü ildə rus çarının Cürcüstanda yerləşən səlahiyyətli nümayəndəsinin (canişin) sərəncamı əsasında Yelizavetpol müvəqqəti dairə məhkəməsi, 1823-cü ildə Şamaxı şəhərində yerləşən Cinayət və mülki məhkəmələrin Xəzər palatası (1859-cu ildə quberniyanın mərkəzinin Şamaxıdan Bakıya köçməsi ilə əlaqədar Bakı palatası adlandırılmışdır), 1868-ci ildə Bakı və Yelizavetpol dairə məhkəmələri yaradılmışdır.
Dairə məhkəmələri quberniya ərazisində ali məhkəmə instansiyaları hesab edilərək ardıcıllıqla Tiflis məhkəmə palatasının, senatın kassasiya departamentinin və Ədliyyə Nazirliyinin tabeliyində olmuşdur. Məhkəmə Ədliyyə Nazirliyinin təqdimatı ilə yerli hakim zümrə və iri məmurların sırasından olan sədr və 5 üzvdən olmaqla çar tərəfindən təyin edilirdi. Dairə məhkəmələrinin tərkibində məhkəmə pristavları, böyük notarius və notariuslar fəaliyyət göstərmişlər.
Dairə məhkəmələrinin tərkibində torpaq mübahisələrini araşdırmaq üçün mərz işlərini yerinə yetirən mütəxəsislər də fəaliyyət göstərirdi.
1868-1918-ci illərdə Bakı quberniyasında Bakı dairə məhkəməsinin tərkibində 19 notarius, Lənkəranda 11 notarius, Şamaxıda 3 notarius fəaliyyət göstərmişdir. Yelizavetpol quberniyasının Yelizavetpol dairə məhkəməsinin tərkibində Yelizavetpol şəhəri üzrə 5, Göyçay şəhəri üzrə 2, Nuxa (Şəki) şəhəri üzrə 1, Şuşa şəhəri üzrə 4 notarius fəaliyyət göstərmişdir. Notariuslar olmayan yerlərdə bu vəzifələri barışdırıcı hakimlər, onlar olmayanda isə həmin hakimlərin köməkçiləri yerinə yetirildi. Qeyd etmək lazımdır ki, Notariuslar dairə məhkəmələrinin tərkibində olsa da onlar özəl idi.
1868-1918-ci illərdə Bakıda, Qabada, Lənkəranda, Şamaxıda, Elezavetpolda, Şuşada fəaliyyət göstərən 45 notariusdan yalnız 4-nün sahibi azərbaycanlılar idi. Əksər notariuslar yəhudilər, ruslar və ermənilər idi.
Qarabağ əyalət məhkəməsi 1840-cı ildə, Bakı dairə məhkəməsi 1918-ci ilin mayında Bakı Xalq Komissarları Sovetinin dekreti ilə, Yelizavetpol dairə məhkəməsi isə Azərbaycan İnqilab Komitəsinin 25 may 1920-ci il tarixli dekteri ilə ləğv edilmişdir. Onlar tərəfindən verilmiş sənədlərin qeydiyyat kitabları Azərbaycan Respublikasının Milli Arxivinin fondlarında saxlanılır.
Rusiya imperatorunun 1870-ci il «Zaqafqaziyada şəhərlərin əsasnamələri haqqında» Qanununun tətbiqi ilə əlaqədar 1874-cü il 28 oktyabrda Yelizavetpol, 1877-ci ildə Bakı şəhər idarələri yaradılmışdır. Şəhər idarəsinin tərkibi şəhər Duma üzvlərinin tərkibindən seçilirdi və o, şəhər təsərrüfatına rəhbərlik edirdi. İdarənin sədri şəhərin başçısı (qorodskaə qlava) hesab edilirdi. Şəhər ərazisində tikintilərə icazəni şəhərbaşı verirdi.
1892-ci ildə ilk dəfə olaraq Bakı şəhər idarəsi tərəfindən Bakı şəhərinin baş planına baxılaraq təsdiq edilmişdir.
Şəhər idarəsinin nəzdində statistika şöbəsi fəaliyyət göstərmişdir. Şöbənin inventar bürosu tərəfindən Bakı şəhərinin inventar planı tərtib edilmiş, şəhər evləri qiymətləndirilmişdir. 1910-1914-cü illərdə yeni tikilən evlər qiymətləndirilmişdir.
Şəhər idarəsinin tərkibində həmçinin torpaq şöbəsi fəaliyyət göstərmişdir. Yaşayış və ya tikililər üçün torpaq sahələri bu şöbə tərəfindən ayrılırdı.
Ayrılmış torpaq sahələrində inşa ediləcək tikililərin planları şəhər idarəsinin tərkibində fəaliyyət göstərən tikinti şöbəsi tərəfindən təsdiq edilirdi.
Yelizavetpol və Bakı şəhər idarələrində şəhər mülk sahiblərinin daşınar və daşınmaz əmlaklarının qeydiyyat kitabları aparılmışdır.
Bakı şəhər idarəsi 1918-ci ildə Bakı Xalq Komissarları Sovetinin dekreti ilə, Yelizavetpol şəhər idarəsi isə 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyətinin qurulması nəticəsində ləğv edilmişdir.
1813-cü ildən, yəni Şimali Azərbaycanın əksər əraziləri Rusiyanın idarəçiliyinə keçdikdən sonra dairə məhkəmələrində cinayət məsələləri ilə yanaşı mülki işlərə, o cümlədən, əmlak mübahisələrinin aydınlaşdırılması, torpaq sahələrinin mərzlənməsi, bölünməsi, sərhədlərin dəqiqləşdirilməsi, əmlakın yaranması və alqı-satqısının qeydiyyatının aparılması kimi məsələlərə da baxılmağa başlandı. Yelizavetpol məhkəmə palatasının yaranmasından sonra baş tutan ilk belə qeyd 1814-cü ilə təsadüf edir. Bu işin daha sistemli və təkmil qaydada aparılması üçün bir müddətdən sonra məhkəmələrin tərkibində mülk işləri stolu yaradıldı və bu bölmə tədricən notarius funksiyasını yerinə yetirməyə başladı. Lakin bütün bunlar epizodik xarakter daşımaqla daşınmaz əmlak obyektləri üzərində hüquqların qeydiyyatının müfəssəl, sistematik şəkildə bir orqan daxilində və reyestr kitabları əsasında aparılmasına imkan vermirdi.
Bu baxımdan 1867-ci ilin 9 dekabrında müasir dövr üçün xüsusi əhəmiyyət kəsb edən mühüm bir hadisə baş verdi. Xatırlatmalıyıq ki, hələ bu tarixdən üç il əvvəl, 1864-cü ilin 20 noyabrında Rusiya imperatoru, tarixdə islahatçı çar kimi xatırlanan II Aleksandr tərəfindən «Məhkəmələrin təşkil olunması və məhkəmə nizamnamələri haqqında» qanun imzalanmışdı, lakin bu qanun Zaqafqaziyada tətbiq edilmirdi. 1867-ci il 9 dekabr tarixində isə imzalanan yeni bir sənəd əsasında bu qanunun 1868-ci il 1 yanvar tarixindən etibarən Zaqafqaziyanın Bakı, İrəvan və Yelizavetpol quberniyalarında da tətbiqi qərara alındı.
Beləliklə, Azərbaycanda mülkiyyət sahiblərinin vergiyə cəlb edilməsi məqsədilə daşınmaz əmlak üzərində hüquqların ilk dəfə sistemli şəkildə müvafiq bölmələr üzrə qeydiyyata alınması prosesinə 1868-ci il 1 yanvar tarixindən başlandı və ilk reyestr kitabları da dairə məhkəmələri nəzdində yaradılmış notariuslar tərəfindən 1868-ci il 1 yanvar tarixindən tərtib edildi.
O dövrdə dairə məhkəmələri tərkibində fəaliyyət göstərən notariuslarda daşınmaz əmlaka dair iki qeydiyyat kitabı mövcud idi ki, bunlardan biri «Mülk işləri kitabı», digəri «Mülk işlərinin reyestri kitabı» adlanırdı. «Mülk işləri kitabı» adlanan birinci kitabda daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının yaranmasına, «Mülk işlərinin reyestri kitabı» adlı ikinci kitabda isə əmlakın alqı-satqısı, bağışlanması, girov qoyulması və s. əməliyyatlara dair qeydlər aparılırdı. Əvvəldə də qeyd etdiyimiz kimi notariusların mövcud olmadığı ərazilərdə bu vəzifələr münsiflər məhkəməsinin hakimləri, onlar olmadıqda isə hakimlərin köməkçiləri tərəfindən yerinə yetirilirdi.
«Mülk işləri kitabı»nda qeydlərin başlanma və tamamlanma ili göstərilir, kitabın səhifəsi və qeydə verilən nömrə həm mülk kağızında, həm də notariusda aparılan «Mülk işlərinin reyestri kitabı»nda əks olunurdu. «Mülk işlərinin reyestri» kitabında vətəndaşa verilən «Kupçi»nin “Mülk işləri kitabı”nda hansı reyestr nömrəsi ilə, hansı səhifədə və neçənci ildə qeydə alındığı göstərilirdi. Böyük notariuslar hər bir mülkiyyətçinin daşınmaz əmlakını həmin kitablarda hüquqi qeydiyyata alır, bunun əsasında isə onlara mülkə sahiblik hüququnu təsdiq edən “Qəbalə” kağızı - «Kupçiy krepostey» verilirdi. Həm qəbalə kağızını, həm də «Mülk işləri kitabı”nda və «Mülk işlərinin reyestr kitabı»nda aparılan müvafiq qeydləri böyük notariuslar imzaları ilə təsdiq edirdilər. Hər iki kitab dairə məhkəməsinin üzvü tərəfindən imzalanır, kitablar tikilir, surğuclanır və müvafiq dairə məhkəməsinin möhürləri ilə möhürlənirdi.
XX əsrin əvvəllərində Rusiya imperiyasında baş verən siyasi-iqtisadi və hərbi böhranın təsiri ilə Azərbaycanın ictimai-siyasi həyatında da dəyişikliklər baş verməkdə idi. İnsanların şüurunda tərəqqi, demokratiya və azadlıq ideyaları formalaşırdı. Bu prosesin məntiqi nəticəsi kimi, Azərbaycan 1918-ci ilin 28 mayında öz müstəqilliyini elan edərək, Şərqdə ilk demokratik respublikanı yaratdı.
Azərbaycan Demokratik Respublikası təşəkkül tapdığı ilk günlərdən ölkədə mülkiyyət hüquqlarının demokratik prinsiplər əsasında qorunması məsələsinə mühüm önəm verilirdi. Azərbaycan Demokratik Respublikasının ədliyyə naziri Xəlilbəy Xasməmmədovun "Məhkəmə idarələrinin bərpa olunması haqqında" etdiyi məruzə əsasında Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə anarxiya dövründə müxtəlif adlarla yaradılmış məhkəmələr və məhkəmə funksiyasına malik bütün komissiyalar ləğv edildi, Bakı dairə məhkəməsinin və onun tabeliyində olan idarələrin fəaliyyəti bərpa olundu və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində 1868-ci ildən əldə olunan ənənələr Azərbaycan Demokratik Respublikasının 23 aylıq hakimiyyəti dövründə də milli prinsiplərə uyğun davam etdirildi.
Azərbaycan Xalq Cümhiriyyəti dövründə icarə torpaqdan istifadənin əsas forması idi. AXC-nin qanunvericiliyində mülkiyyət münasibətləri, iqtisadi və sosial məsələlər geniş yer tuturdu. Mülkiyyətin dövlət, xüsusi, bələdiyyə və kollektiv formaları mövcud idi. Qanunvericilikdə bir sıra əmlak növlərinə, əsasən də neft sahələri və müəssisələrinə, gəmiçiliklə bağlı əmlaka mülkiyyət hüququnun əldə edilməsinin xüsusi qaydaları müəyyən edilmişdi. Həmin əmlak növlərinə notarial qaydada təsdiq edilmiş xüsusi icazə əsasında mülkiyyət hüququnun əldə edilməsi nəzərdə tutulurdu. Alqı-satqı münasibətlərinin asanlaşdırılması məqsədilə hökumət tərəfindən 1918-ci il avqustun 27-də “Azad ticarətin tətbiqi haqqında” qərar qəbul edilmişdi.
Bu dövrdə qəbul edilmiş qanunlardan «Dövlət ödəmələri üzrə daşınar və daşınmaz əmlakın siyahıya alınması və hərraclardan satılması qaydasının dəyişdirilməsi haqqında» 27 sentyabr 1919-cu il tarixli qanunu, «İrsi əmlakın məcburi satın alınması hüququnun ləğv edilməsi haqqında» qanunu, «Xüsusi sahibkar torpaqlarının dövlət torpaq fonduna keçirilməsi və Azərbaycan Cümhuriyyəti əhalisinin torpaqla təmin olunması haqqında» (mart 1920-ci il) qanununu və s. göstərmək olar.
1918-ci il iyunun 22-də Azərbaycan hökumətinin aqrar sahə ilə bağlı qəbul etdiyi qərarda Zaqafqaziya Seymi tərəfindən torpaq islahatına dair qəbul edilmiş qanunun icrasının Müəssislər Məclisi çağırılanadək təxirə salınması nəzərdə tutulmuşdu. Həmin vaxta qədər istər xüsusi şəxslərin, istərsə də dövlətə məxsus olan zəbt edilmiş torpaqların geri qaytarılmasını, torpaq məsələsinə dair tezliklə lazımi məlumatların toplanmasını, bədəl (vıkup) tədiyələri haqqında məruzələrin təqdim edilməsini, yaxın müddətdə torpaq komissiyalarının yenidən qurulması və ləğv edilməsi haqqında məruzələrin təqdim olunmasını nəzərdə tutan bu qərar torpaq münasibətlərinin çözülməsində tələskənliyə yol verilməməsi ilə bağlı idi.
Torpaq komissiyalarının vəzifələrinə torpaq sahəsi əldə etmək istəyən hər bir kənd icmasının, yoldaşlığın, ayrı-ayrı şəxslərin torpaqlarının olub-olmamasının yoxlanması, torpaqla təmin ediləcək şəxslərin sayının, hər bir kənd icması üçün tələbatına uyğun torpaq normasının müəyyənləşdirilməsi, dövlət və xüsusi sahibkar torpaqlarının hesabatının aparılması daxil idi.
Lakin Azərbaycan Demokratik Respublikasının çox qısa ömür sürməsi, mülkiyyət hüquqlarının qeydiyyatı sahəsində geniş islahatların həyata keçirilməsinə imkan vermədi. 1920-ci il aprelin 28-də Azərbaycanda hakimiyyəti ələ keçirən bolşeviklər və Azərbaycan Hərbi İnqilab Komitəsi tərəfindən ölkə müstəqil sovet sosialist respublikası elan edildi. Bununla əlaqədar məhkəmə sistemində əvvəllər mövcud olmuş məhkəmə aparatının fəaliyyətinə də xitam verildi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra isə ölkədə milliləşmə siyasəti həyata keçirilməyə başladı. Sahibkarlara məxsus olan mal-mülklər 1921-ci ilin iyun ayına qədər Azərbaycan İnqilab Komitəsinin, daha sonra Azərbaycan SSR Xalq Komissarları Soveti və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarları ilə dövlət mülkiyyəti elan edilərək milliləşdirildi. Bu zaman vətəndaşların mülkiyyətində müəyyən normalar daxilində yalnız bir yaşayış evinin olmasına, ailənin minimal ehtiyaclarını ödəyə biləcək məhdud sayda ev heyvanları və quşların saxlanmasına, həmçinin onların müəyyən çərçivədə fərdi təsərrüfatla məşğul olmasına razılıq verilirdi. 1928-ci ildə isə xüsusi mülkiyyəti, ələlxüsus kənd yerlərində yaşayan əhalinin evlərini qeydiyyata almaq, eyni zamanda dövlət müəssisə və təşkilatlarına məxsus daşınmaz əmlakın uçotunu aparmaq, onları qiymətləndirmək, inventar dəyərini müəyyən etmək məqsədi ilə respublikada inventar büroların yaradılması zərurəti ortaya çıxdı.
Beləliklə, dövlətə məxsus daşınmaz əmlakın qeydiyyatı və uçotunun yerli icraiyyə orqanlarında - «Bələdiyyələşdirilmiş tikililərin reyestr kitabları»nda, vətəndaşlara məxsus tikili və qurğuların qeydiyyatı və uçotunun isə 1928-ci ildən etibarən mülkiyyət formasından asılı olmayaraq yerli kommunal təsərrüfatı orqanlarında aparılmasına başlandı. Texniki inventarlaşdırma işlərinin icrası yerli kommunal təsərrüfatı orqanlarının tərkibində fəaliyyət göstərən və bu işə məsul olan texnik, yaxud mühəndisə həvalə edilmişdi.
1940-cı il 28 may tarixdə respublikanın şəhər və qəsəbələrindəki tikililərin, qurğuların texniki inventarlaşdırılmasının, qiymətləndirilməsinin aparılması məqsədilə Azərbaycan SSR Kommunal Təsərrüfatı Xalq Komissarlığı nəzdində respublikasının rayonlarında tikintilərin inventarlaşdırılması və yenidən qiymətləndirilməsi üzrə kontor, Bakı şəhər İcraiyyə Komitəsi nəzdində isə Bakı şəhərindəki tikintilərin inventarlaşdırılması və yenidən qiymətləndirilməsi üzrə kontor yaradıldı. Bu addımın davamı kimi, Xalq Komissarları Sovetinin 1941-ci il 31 may tarixli daha bir qərarı ilə Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Xankəndi şəhərləri də daxil olmaqla respublikanın 31 şəhərində şəhər təsərrüfatının operativ texniki uçotu bürolarının təşkili nəzərdə tutulmuşdu. Hətta Azərbaycan SSR Xalq Kommunal Təsərrüfatı Komissarlığı nəzdində bütün şəhər bürolarına rəhbərlik edəcək mərkəzi operativ-texniki uçot bürosu da formalaşdırılmışdı. Bu bürolara şəhər hüdudları daxilində yerləşən bütün yaşayış, mədəni-məişət, elmi-tədris, müalicə-sanator, mədəni-maarif, ticari-anbar, inzibati-ictimai binaların inventarlaşdırılması, qiymətləndirilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı və istifadəsi işləri həvalə edilmişdi. Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Xankəndi şəhərlərində belə bürolar yaradılsa da, Böyük Vətən Müharibəsinin başlanması digər şəhərlərdə bu tipli qurumların təşkilinə mane oldu. Belə büroların yaradılması mümkün olmayan şəhərlərdə bu işlər kommunal təsərrüfatı orqanları tərkibində fəaliyyət göstərən mühəndis və ya texniklərin gücü ilə davam etdirildi.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişindən sonra ölkədə baş verən davamlı inkişaf, bütün respublika ərazisində həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq tədbirləri tikililərin texniki inventarlaşdırılmasını aparan büroların da iş həcmini artırır, bu sahənin günün tələblərinə uyğun təkmilləşdirməsini zərurətə çevirirdi. Bu zərurətdən irəli gələrək Bakı şəhəri və respublikanın digər yaşayış məntəqələrində mənzil-kommunal təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi və əhaliyə xidmətin yaxşılaşdırılması məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 28 aprel tarixli qərarına əsasən Kommunal Təsərrüfatı Nazirliyinin Bakı şəhərində yerləşən təşkilatları - o cümlədən Bakı Şəhər Texniki İnventarlaşdırma Bürosu eksperiment şəklində birbaşa Bakı şəhər İcraiyyə Komitəsinin tabeliyinə verildi. 1987-ci ildən başlayaraq yerli kommunal təsərrüfatı orqanlarının tərkibində toplanmış arxiv materiallarının bazasında rayonlararası texniki inventarlaşdırma bürolarının yaradılmasına başlandı.
1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyinə nail olaraq demokratik inkişaf yolu tutan Azərbaycan dövlətinin o dövrdə üzləşdiyi ağır sosial-iqtisadi böhrandan qurtuluşu, bazar iqtisadiyyatı şəraitində qarşıya qoyduğu məqsədlərə yetişməsi üçün dövlət mülkiyyətinin özəlləşdirilməsi, vətəndaşların xüsusi mülkiyyət hüququnun tanınması və bu hüququn etibarlı şəkildə müdafiəsi kimi məsələlərin həlli zəruri idi. Lakin müstəqilliyin ilk illərində bu istiqamətdə ciddi addımlar atılmadı. Plansız və sistemsiz şəkildə həyata keçirilən bəzi tədbirlər isə iqtisadiyyatın digər sahələrində olduğu kimi bu sahədə də heç bir səmərə vermədi. O dövrdə ölkədə mövcud olan anarxiya, özbaşınalıq ayrı-ayrı vətəndaşlara məxsus əmlakların heç bir əsas olmadan başqaları tərəfindən mənimsənilməsi, vətəndaşların mülkiyyət hüquqlarının pozulması kimi xoşagəlməz hallara şərait yaradırdı. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin möhtəşəm qayıdışı cəmiyyət həyatının digər əhəmiyyətli sahələri kimi bu sahədə də vəziyyəti müsbətə doğru dəyişdi. Ulu öndərin siyasi iradəsi ilə özəlləşdirmə, mülkiyyət münasibətlərinin tənzimlənməsinin yeni yaranmış situasiyada həlli sahəsində real imkanlara və inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan mühüm dövlət tədbirləri görüldü.
1993-cü il 26 yanvar tarixdə qəbul olunmuş «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» qanun təkmilləşdirildi. Qanundakı boşluqlar aradan qaldırıldı. Mənzil fondunun özəlləşdirilməsi üzrə müəyyən edilmiş hüquqi mexanizmlər sadələşdirilərək vətəndaşların maraqlarına uyğunlaşdırıldı. Heydər Əliyevin birbaşa müəllifliyi ilə hazırlanaraq 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi əsasında qəbul edilən müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasında da mülkiyyət hüquqları ilə bağlı son dərəcə demokratik müddəalar təsbit olundu.
1996-cı ildən etibarən isə MDB məkanında ilk dəfə olaraq torpaqların dövlət, bələdiyyə və xüsusi mülkiyyətə verilməsi prosesi məhz Azərbaycanda başlandı. Kolxoz və sovxozlara məxsus torpaqların əvəzsiz olaraq vətəndaşlara paylanması nəticəsində ötən illər 860 minə yaxın ailə, o cümlədən 3 milyondan çox insan torpağa mülkiyyət hüququna dair Dövlət aktı aldı. Dövlətə məxsus 33000-dən çox əmlak fiziki və hüquqi şəxslərin mülkiyyətinə verildi. 2001-ci ildən bələdiyyələrin mülkiyyətinə verilən torpaq sahələrinin sərhədləri müəyyənləşdirildi və beləliklə, yeni bir mülkiyyət növünün, bələdiyyə mülkiyyətinin əsası qoyuldu. Torpaq sahələrinin kənd sakinlərinə bərabər ölçüdə və keyfiyyəti nəzərə alınmaqla pulsuz paylanması ölkədə azad sahibkarlığın inkişafı baxımından misilsiz uğurlarla müşayiət olunan inqilabi bir proses idi. Milyonlarla Azərbaycan vətəndaşı onlara xüsusi mülkiyyət sahibi olmaq imkanı yaratmış ümummilli liderimizə minnətdardır.
Heydər Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf kursunu yüksək dinamizmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları sayəsində Azərbaycan dövləti bu gün tarixinin ən böyük yüksəliş dövrünü yaşayır. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi sosial-iqtisadi nailiyyətlər ölkəmizin daşınmaz əmlak bazarına da müsbət mənada böyük təsir göstərir. Daşınmaz əmlak bazarı ildən-ilə aktivləşir. Daşınmaz əmlakdan sahibkarlıq məqsədilə istifadəyə yaradılmış əlverişli şərait cəmiyyət həyatında mülkiyyətin rolunu artırır. Əmlakın daşıdığı funksiyaların sırası genişlənir, konkret layihələrin icrası üçün kredit götürən sahibkarlarla kredit təşkilatları arasında qarşılıqlı etimadın təmin olunmasından ötrü daşınmaz əmlak önəmli bir vasitə kimi çıxış edir. Bütün bunlar isə digər sivil ölkələrdə olduğu kimi, Azərbaycanda da daşınmaz əmlak üzərində hüquqların etibarlı, şəffaf və səmərəli qeydiyyat sisteminin qurulması zərurətini aktuallaşdırırdı.
Bu birdən birə olmadı, bir neçə mərhələdən keçdi. Dövlət əmlakının özəlləşdirilməsi üçün Dövlət Əmlak Komitəsi yaradıldı. Komitə dövlət əmlakını özəlləşdirir və mülkiyyət hüququ haqqında şəhadətnamə verirdi. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi aqrar islahatı nəticəsində vətəndaşlara verilən pay torpaqlarının və şəhər və rayon icra hakimiyyətləri orqanları tərəfindən vətəndaşlara fərdi yaşayış evi və digər məqsədlər üçün ayrılan torpaq sahələrinin sənədlərinin texniki tərtibatını aparır və mülkiyyət hüququ haqqında sənədlər verirdi. Hüquqmüəyyənedici sənədlərin əsasında mənzillərin və fərdi yaşayış evlərinin uçotunun aparılması, texniki inventarlaşdırılması və mülkiyyət hüquqları haqqında şəhadətnamələrin verilməsi respublika üzrə şəhər və rayon texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarələrinə həvalə edilmişdi. Mülkiyyət hüququnun qeydiyyatının və hüquqların tanınmasının bir orqanda birləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli, 188 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yaradıldı. Bu qurumun fəaliyyətini daha da yaxşılaşdırmaq və əmlak qeydiyyatı sahəsində bir-pəncərə sistemini tətbiq etmək məqsədilə bir müddət sonra, yəni 2009-cu il may ayının 19-da yeni bir qurum Əlmak Məsələləri üzrə Dövlət Komitəsi yaradıldı. Bugün komitə yanında fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti əmlakın qeydiyyatını rayon və şəhər ərazi idarələri vasitəsilə həyata keçirir və dövlət tərəfindən mülkiyyət hüququnun tanınmasına dair dövlət reyestrindən çıxarış verir.
*Məqalədə Milli Arxiv Fondunun materiallarından və bu sahədəki mövcud ədəbiyyatdan istifadə olunub