2015-ci il martın 9-da tarixində Azərbaycan Atatürk Mərkəzinin yaranmasından 14 il ötdü. 2001-ci il martın 9-da o zamankı dövlət başçısı Heydər Əliyevin sərəncamı ilə yaradılan mərkəzin əsas vəzifəsi Azərbaycan - Türkiyə, eləcə də bütün türk dünyası ilə mədəni əlaqələri genişləndirmək və milli birlik konsepsiyasını inkişaf etdirməkdir. Mərkəzin sədri deputat, akademik Nizami Cəfərovdur.
Mərkəzinin ictimai-siyasi şöbəsinin müdiri Əkbər Qoşalının həm 14 illik fəaliyyətləri, həm də qarşıdakı planlarla bağlı Modern.az-a verdiyi kiçik müsahibəni təqdim edirik:- Atatarük Mərkəzi 14 illik fəaliyyəti zamanı gördüyü ən vacib işlər hansılardır?
- Mərkəzimiz türk dünyasının iki tarixi şəxsiyyətinin adı ilə bağlıdır. Mərkəz Atatürkün adını daşıyır və bu mərkəzin yaradılması haqqında sərəncamı Heydər Əliyev verib. Ən vacib fəaliyyətimiz də məhz bu iki böyük adın işığında görülən işləri ehtiva edir. İlk növbədə, onu deməliyəm ki, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, deputat, bütün türk dünyasında yaxşı tanınan alim Nizami Cəfərovun səyi və əlbəttə, dövlətimizin yaratdığı uyğun şərait nəticəsində, “Bakı, Səbayel, Tərlan Əliyarbəyov küçəsi-5” ünvanı paytaxtımızın, respublikamızın, ümumən türk dünyasının fərqlənən mədəniyyət, elm ocaqlarından biri halına gəlib.
2004-cü ildən bəri bura Azərbaycanın, türk dünyasının bir çox ünlü insanlarının, sənətçilərin, yazarların, alimlərin, rəsmi şəxslərin… ziyarət etdiyi məkan olub. Atatürk Mərkəzində yüzlərlə önəmli tədbir keçirilib, mərkəzimiz onlarla konfransa, simpoziuma ev sahibliyi edib. Artıq neçə ildir Azərbaycanın və türk dünyasının, eləcə də dünyanın neçə-neçə aparıcı kitabxanasında, mədəniyyət ocağında, elm mərkəzlərində, yaradıcılıq qurumlarında “Azərbaycanda Atatürk Mərkəzi yayınları” seriyasından çıxan nəfis kitablar mövcuddur.
Mərkəzdə çalışan əməkdaşlar türkologiya, ictimai etika, dövlət müəssisəsində iş üzrə təcrübə yığıb, eləcə də hər il fərqli universitetlərdən mərkəzimizə gələn çoxsaylı tələblər burada təcrübə kursu keçirlər. Çox şadam ki, tələbələrlə - ölkəmizin gələcəyi olan gənclərlə iş mənə həvalə edilib və mən həm bu, həm də ümumən belə bir müəssisədə, əsasən gənclərin - yeni təfəkkürlü insanlarla birgə çalışmaqdan zövq alıram.
Deməliyəm ki, mərkəzə kadr seçiləndə Nizami müəllimin məhz intellekt, davranış etikası, dövlətə, millətə, mədəniyyətə, tarixi irsə sədaqət amillərini, göstəricilərini nəzərə aldığını düşünürəm. Bu gələnəyin gələcəkdə də qorunacağını, mərkəzdən başqa işə gedənlərin, keçmişdə olduğu kimi, zəngin təcrübə və gülərüzlə gedəcəyini, mərkəzə gələnlərin ümid və güvənc hissi ilə gələcəyini düşünürəm.
- Mümkündürsə, qarşıda duran planlardan danışardınız?
- Mərkəzin rəhbəri Nizami müəllimin cari tapşırıqları, hər bir şöbənin, redaksiyanın üzərinə düşən işlər bundan sonra da davam və inkişaf etdiriləcək. Ən yaxın tarixdə görüləcək işlərə gəldikdə, qeyd edim ki, bu il türk dünyası üçün önəm daşıyan, qardaş Türkiyənin Çanaqqala zəfərinin 100-cü ildönümüdür. Bu münasibətlə Azərbaycan İstiqlal Muzeyi, Yunus Əmrə İnstitutu Azərbaycan nümayəndiliyi ilə birlikdə silsilə tədbirlərimiz olacaq. Bura sərgilər, konfrans, müsabiqə və maraqlı proqram əsasında tərtib ediləcək ədəbi-bədii gecə daxildir. Zamanı çatanda həmkar qurumlarla birgə, ictimaiyyətə detallı bilgi veriləcək.
Elmin NURİ