İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.
Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.
“İctimai” TV-nin əməkdaşı Dürdanə Hacıyeva TV-yə gələndə çox qapalı, kompleksli olub: “Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsini ədəbi iş və ekran dramaturgiyası ixtisası üzrə bitirmişəm. Öz ixtisasım üzrə işləməmişəm. Mən əslində kino ssenaristəm. Əvvəllər “Kaspi” qəzeti və “Ulduz” jurnalında hekayələrim çıxıb. Sonra “İctimai” TV-də bir sıra verilişlərin müəllifi olmuşam. Bundan başqa “Həftənin mədəniyyət xəbərləri toplusu”, “Almanax” verilişlərində işləmişəm. Mədəniyyət və Turizm Nazirliyinin “Mədəniyyət” qəzetinin elan etdiyi müsabiqədə “İlin ən yaxşı mədəniyyət təbliğatçısı” nominasiyasının qalibi olmuşam.
Jurnalistikaya gəlişim bəlkə də qismətdir. Mən TV-yə kino eşqi ilə, kinoya yaxın bir sahə kimi gəlmişdim. “İctimai” TV-də müsabiqə elan olunmuşdu. Mən gələndə demək olar ki, müsabiqə bitmişdi. O vaxt Ədəbiyyat və İncəsənət Departamenti var idi. Layihələrimi o departamentə təqdim etdim. Dedilər, layihəyə ehtiyac yoxdu, amma bir veriliş var, o verilişə 10 fərqli sujet mövzusu verməliyəm. Sujetlər bədii olmalıdır. Səhər gətirdim, baxdılar. Həmin vaxtdan belə deyək, televiziyaya vəsiqə qazandım.
Düzünü desəm, özümü heç vaxt jurnalist hesab etməmişəm. Mən sadəcə yazmağı çox sevirəm. Özümü heç vaxt xəbər müxbiri kimi təsəvvür etməmişəm. İndi də xəbərdən çox bədii yaradıcı sujetlərdə özümü rahat hiss edirəm. Artıq on ildir, “İctimai”də işləyirəm, amma elə bil ora dünən gəlmişəm. Doğrudan şablon da olsa, televiziya artıq mənim üçün həyat tərzidir.
Jurnalistikaya-televiziyaya gəldiyimə görə peşman deyiləm. Çünki televiziya mənə çox şey öyrədib. Əslində TV-yə gələndə çox qapalı, ünsiyyət qaçan, kompleksli idim. Amma bu illər ərzində ən böyük qazancım bunları təbiətimdən silməyim olub. TV mənə rahat və doğru ünsiyyəti, sərbəstliyi öyrədib, böyük təcrübə verib. Ən əsası məndə öyrənmək vərdişi formalaşdırıb. Amma kimsəyə ömrünü həddindən artıq televiziyaya bağlamağı tövsiyə etməzdim. Bu işimi sevməməyimdən irəli gəlmir. Çünki TV-yə gəlirsən, ona aludə olursan və göz görə-görə o, sənin ömrünü gəmirir. Sən isə heç nə edə bilməzsən”.
“Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyevə görə, peşmançılıq hissi insanı geriyə aparır: “İxtisasca iqdisadçıyam. Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasını bitirmişəm.
Magistraturada təhsil alan zaman mətbuatda maliyyə sahəsi üzrə jurnalist kimi çalışmağa başladım, elə o vaxtdan da mətbuatda qaldım. Sonradan isə Milli Məclisə akkreditə olundum və iqtisadiyyatla yanaşı, siyasi məsələləri də işıqlandırırdım. Beləliklə, iqtisadiyyat sahəsindən aramla sosial və siyasət sahəsi üzrə jurnalist kimi işləməyə başladım.
Mətbuatdakı fəaliyyətimə 2005-ci ildə “Turan” İnformasiya Agentliyindən başlamışam. Maliyyə redaksiyasında bank və sığorta bazarını araşdırırdım.
Sonradan “Trend” İnformasiya Agentliyində parlament müxbiri kimi işlədim. 2014-cü ilin oktyabr ayından isə “Report” İnformasiya Agentliyində baş redaktor kimi fəaliyyətə başlamışam.
Ümumiyyətlə, hər hansı məsələdə peşmançılıq hissi insanı geriyə aparır, inkişafına mane olur. Jurnalistikaya gəlməyim öz istəyimlə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra banklarda, sığorta şirkətlərində çalışmaq üçün müraciət etməyi düşünmüşdüm, amma sonda yenə qərarı medianın lehinə verdim. Düzdür, maddi baxımdan bəlkə də adını çəkdiyim yerlər daha cəlbedici gələ bilər, lakin gördüyü iş insanın ürəyincə olmalıdır. Mətbuatda olan dinamika isə heç bir sahədə yoxdur. Müasir zəmanda ən bahalı resurs məlumatdır. Media işçiləri isə məlumatları digər sahələrdə çalışanlardan daha çox və daha tez əldə edirlər. Bundan başqa jurnalistika çox praktik sənətdir. Yəni, istənilən an jurnalistikadan digər sahəyə keçib, orada uğur qazanmaq olar. Yetər ki, istəkli olasan”.
“Region” TV və “Kanal S” TV-nin əməkdaşı Yeganə Cansail rejissor olmaq istəyib, jurnalistikaya düşüb: “Mədəniyyət və İncəsənət Universitetinin Ədəbi yaradıcılıq və ekran dramaturgiyası (ssenarist) fakültəsinin məzunuyam. Ssenarist kimi işləməmişəm. Tələbəlikdən jurnalist kimi qəzetlərdə çalışmışam, hazırda isə TV-dəyəm.
2007-ci ildə “Palitra” qəzetində ilk hekayəm çap olundu. Bu çapdan sonra mütəmadi olaraq bir çox hekayələrim qəzetlərdə dərc olundu. Artıq 2008-ci ildən “Alma” və “Mədəniyyət” qəzetlərində köşə yazılarım, məqalələrim çap olunurdu.
Yazı yazmaq, müşahidələrimi sözə çevirmək, problemləri qələmin diliylə danışmaq artıq həyat tərzimə çevrilmişdi. Rejissor olmaq istəyirdim, amma yazıya o qədər bağlandım ki, jurnalist oldum. Hazırda “Region” TV-də və “Kanal S”-də çalışıram. Redaktor və layihə rəhbəriyəm. Region TV-də “Telekitab”, “Regionda gün” və başqa verilişlərim olub. Hazırda “Sevgi nağılı” verilişinin layihə rəhbəri və aparıcısı, “Ferma” realiti şounun redaktoruyam. Düşünürəm ki, nə vaxtsa yenə də qəzetə qayıdacağam... Jurnalist nə qədər televiziyada çalışsa da, sonuncu dayanacaq məncə, qəzet ünvanıdır. Yalnız orda fikirlərini istədiyin məzmunda və formada ifadə etmək imkanın genişdir...
İşimi jurnalistika sahəsinə bağladığım üçün həm xoşbəxtəm, həm də yox. Əvvəla, ona görə xoşbəxtəm ki, bu sahə mənə həqiqəti deməyi, haqqını tələb etməyi, ən əsası məni, insanları narahat edən problemləri gündəmə gətirib yazmağı öyrətdi.
Başqa ölkələrin mətbuatı ilə müqayisədə bizdə çox az qonarar verilir, bəzən isə saytlar heç bunu da etmir. Məncə, yazdığı hər bir yazıya görə jurnalistə məvacib verilməlidir. Amma bütün hallarda jurnalistika sahəsində olduğum üçün peşman deyiləm”.
“Azadinform” İnformasiya Agentliyin müxbiri Fidan Afərin qarşısına yaxşı insanlar çıxıb: “Bakı Slavyan Universitetinin filologiya fakültəsini bitirmişəm. Öz ixtisasım üzrə çalışmamışam. 2 ay prakrikada olanda anladım ki, müəllimlik mənə görə deyil. Ondan sonra universitetimizin qəzetinə məqalələr yazdım. Tələbə yoldaşlarım həm diksiyama, həm də görüntümə görə dedi ki, səndə alınar. Həm də söz ehtiyatım bol idi. Yazılarım BSU-nun “Tələbə dünyası” qəzetində çıxdı. Jurnalistikaya marağım da o vaxtdan yaranıb. Daha sonra Azərbaycan Tədris Akademiyası (ASA) adlı jurnalistika üzrə təlim kursuna yazıldım. Demək olar ki, bu günümü bu kursa borcluyam.
İlk olaraq işə MZ prodoction-un hazırladığı və hazırda AzTV-də yayımlanan “MAG” verilişindən başladım. Sonra Gun.az saytında fəaliyyətimə davam etdim. Burada 2 ildən çox işlədim. Düzü, Gun.az-a ilk dəfə gələndə elə bilirdim ki, məndə alınmayacaq. Mənə çox çətin idi, amma ordakı dostlar sağ olsun, çox dəstək oldular. Daha sonra isə hazırkı iş yerimə gəldim. “Azadinform” İnformasiya Agentliyində siyasət sahəsindən yazıram. Burada da çox dəstək gördüm. Bir sözlə, həmişə bu sahədə qarşıma yaxşı insanlar çıxıb, buna görə şanslıyam.
Jurnalistikaya gəldiyimə görə əlbəttə, razıyam. İşimi çox sevirəm. Gələcəkdə bu sahədə qalıb qalmayacağamı söz verə bilmərəm, təbii ki. Çünki bilmək olmaz, 1 il sonra hansı uğura imza atacam və ya necə olacaq, yaxud hansı uğursuzluq yaşayacam. Amma hazırda fikrim elə işimi davam etdirməkdir”.
Misranə Həsənzadə