Modern.az

Hadi Rəcəbli: “Mənim müsahibəmdən bilərəkdən şou düzəldənlərə ayıb olsun!” - AÇIQLAMA

Hadi Rəcəbli: “Mənim müsahibəmdən bilərəkdən şou düzəldənlərə ayıb olsun!” - AÇIQLAMA

12 Mart 2015, 14:55


“Çox təəssüf edirəm ki, bəziləri mənim “Trend” İnformasiya Agentliyinə verdiyim tamamilə başqa səpkidə olan müsahibədən bilərəkdən şou düzəltdilər. Mənim müsahibəmi diqqətlə oxusalar, görərlər ki, 5 qrankalıq yazıda 1 cümlədə xüsusi olaraq bir müəllimdən misal gətirilib. Bu fikir ümumi olaraq bütün müəllimlərə şamil edilməyib. Mən sadəcə o müəllimin zəhmətkeş olduğunu vurğulamışam. Sensasiya axtaranlar isə bunu oxuculara başqa cür təqdim ediblər”.

Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli haqqında sosial şəbəkələrdə yazılan atmacalara münsaibət bildirərkən deyib.

Müəllimləri hər zaman dəstəklədiyini deyən deputat prezidentin müəllimlərin maaşı ilə bağlı sərəncamından danışıb: “Hazırda həmin sərəncamın icrası üçün mexanizm hazırlanır, iş gedir. Yaxın günlərdə müəllimlərin hiss oluncaq dərəcədə maaş artımını görəcəksiniz.

Mən özüm müəllim ailəsində böyümüşəm. Mənim anam Bəylərəova Firuzə Lənkəranın tanınmış əməkdar müəlliməsi olub. İşdən sonra isə dərzi olaraq çalışıb. Burda ayıb nə var ki?..

Dörd qardaşıq, hamımızın xanımı müəllimədir, iki bacım müəllimədir, bir qızım, iki gəlinim  müəllimədir. Özüm İdarəçilik Akademiyasında dərs deyirəm. Və bununla fəxr edirəm. Sizcə ailəsində bu qədər müəllim olan mən, müəllimlərin əleyhinə olan nəsə deyə bilərəmmi?”.

H.Rəcəbli informasiyanı başqa cür təqdim edən jurnalistləri qınayıb: “Mənim müsahibəmi başqa cür yozub təqdim edənlərə ayıb olsun deyirəm. Bir şəxsin timsalında söylənən fikri ümumiləşdirib bütün müəllimlərə şamil edənləri qınayıram. Onların fitvasına gedən tənbəl oxucularımıza da “Trend”ə verdiyim müsahibəni yenidən oxumağı tövsiyə edirəm”.

Qeyd edək ki, Hadı Rəcəblinin qalmaqallı MÜSAHİBƏDƏKİ aşağıdakı sözləri mübahisə doğurub:

"Əgər vətəndaş yaxşı yaşamaq istəyirsə, çox işləməlidir. Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki? Amma adam da var ki, gəlib deyir ki, mənim övladıma bir iş düzəlt. Məlum olur ki, oğlunun nə ali təhsili, nə də əlavə bacarığı var. Deyirəm, bəs nə əcəb tikintiyə işləməyə göndərmirsən? Deyir, aaa, bəs ayıb deyil? Deməzlər ki, filankəsin oğlu fəhləlik edir? Bu yanaşma düzgün, doğru deyil. Axı o niyə daş daşımamalıdır? Niyə fəhlə olmamalıdır? Cəmiyyətdə bəzilərinin belə məsələlərə baxışı kökündən doğru deyil. Axı halal yolla pul qazanmaq ayıb olmamalıdır".

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama