Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov uzun illərdir Abşeron rayonunu paytaxta tabe etdirmək üçün iş aparır. Bu barədə Modern.az saytına hökumətin yüksək dairələrindəki mənbə məlumat verib.
Verilən məlumatda qeyd edilir ki, Abşeron rayonunu paytaxta tabe etdirməyə çalışan cənab Abutalıbov bir neçə dəfə buna nail olmağa yaxınlaşıb. O, yuxarılarda Abşeron rayonunun ərazi baxımından Bakıya bitişik olduğunu əsas gətirərərk, belə bir tələblə çıxış edib. Amma hökumətdə merin istəyini əngəlləyənlər ona niyyətini gerçəkləşdirməyə mane ola biliblər.
O da bildirilir ki, uzun zamandır sözügedən məsələyə görə Bakı merinə dirəniş göstərən Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov işi artıq öz xeyrinə həll edə bilib.
Bununla belə, Hacıbala Abşeronun Bakıya birləşdirilməsi ideyasından əl çəkmədiyi vurğulanır.
Qeyd edək ki, hazırda Bakı şəhərinə 12 inzibati rayon daxildir: Xəzər, Binəqədi, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Səbayıl, Sabunçu, Xətai, Suraxanı, Yasamal, Pirallahi.
Bakı şəhərinin bu rayonlarla ümumilikdə sahəsinə 2,2 min kv. km olan ərazi daxildir.
Hacıbala Abutalıbov 2001-ci ilin 30 yanvar tarixindən Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.
Abşeron rayonu 1963-cü il yanvar ayının 4-də yaradılıb. Rayonun yaradılmasında əsas məqsəd Bakı və Sumqayıt şəhərlərinin əhalisini kənd təsərrüfatı məhsulları ilə təmin etməkdən ibarət olub.
Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 2005-ci il tarixindən bu vəzifədə işləyir.
Abşeron rayonu 15 inzibati ərazi dairəsindən: 1 şəhər, 8 qəsəbə və 6 kənddən ibarətdir.Bunlar aşağıdakı yaşayış məntəqələridir:
Xırdalan şəhəri (ərazisi 1696 hektar, əhalisi 103882 nəfər);
Saray qəsəbəsi (ərazisi 3398 hektar, əhalisi 18998 nəfər);
Mehdiabad qəsəbəsi (ərazisi 1957 hektar, əhalisi 11596 nəfər);
Qobu qəsəbəsi (ərazisi 4700 hektar, əhalisi 9500 nəfər);
Ceyranbatan qəsəbəsi (əhalisi 7636 nəfər, ərazisi 3168 hektar);
Hökməli qəsəbəsi (əhalisi 8986 nəfər, ərazisi 1750 hektar);
Güzdək qəsəbəsi (əhalisi 2588 nəfər, ərazisi 3285 hektar),
Aşağı Güzdək qəsəbəsi (ərazisi 1461 hektar, əhalisi 3910 nəfər):
Pirəkəşkül qəsəbəsi (ərazisi 5200 hektar, əhalisi 3069 nəfər);
Digah kəndi (ərazisi 417 hektar, əhalisi isə 4652 nəfər);
Novxanı kəndi (ərazisi 2697 hektar, əhalisi 8407 nəfər);
Masazır kəndi (ərazisi 1634 hektar, əhalisi 12025 nəfər);
Məmmədli kəndi (ərazisi 1174 hektar, əhalisi 6155 nəfər);
Fatmayı kəndi (əhalisi 3283 nəfər, ərazisi 1043 hektar);
Görədil kəndidir (əhalisi 1736 nəfər, ərazisi 420 hektar)..
Qeyd edək ki, son illər Abşeron ərazisində yeni məskunlaşmalar olduğundan və qeydiyyatsız yaşayanların sayı çoxaldığından əhali sayının göstərilən rəsmi rəqmlərdən xeyli çox olduğu istisna deyil.
Modern.az