Modern.az

“Siyəzən-Broyler” 2 milyon 400 min manata satılıb

“Siyəzən-Broyler” 2 milyon 400 min manata satılıb

13 Sentyabr 2010, 11:57

Əmlak Məsələləri Dövlət Komitəsi “Siyəzən-Broyler” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib. Müsabiqədə iştirak etmək niyyətində olan iddiaçılar qarşısında qoyulan maliyyə-iqtisadi şərtlərdən başlıcası müəssisənin mövcud fəaliyyətinin genişləndirilməsi məqsədi ilə investisiya qoyuluşuna dair təkliflərin verilməsi olub. Müsabiqədə iki iddiaçı iştirak edib.

Müvafiq nazirlik və təşkilatlarından nümayəndələrin daxil olduğu Müsabiqə Komissiyasının qərarına əsasən hər iki iddiaçı iştirakçı statusunu əldə edib.

Komissiya müsabiqə iştirakçılarının təqdim etdikləri investisiya təkliflərinə baxdıqdan sonra açıq səsvermə yolu ilə qərar qəbul edib. Səsvermənin nəticələrinə uyğun olaraq, “MONOLİT–D LTD” firması “Siyəzən-Broyler” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.

Müsabiqənin şərtlərinə müvafiq olaraq, müsabiqə qalibi 2 400 000 (iki milyon dörd yüz min) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini, silinmək üçün 40 000 (qırx min) ədəd dövlət özəlləşdirmə çekinin təqdim edilməsini, habelə investisiya proqramına əsasən 3 il ərzində 16 230 610 (on altı milyon iki yüz otuz min altı yüz on) manat məbləğində investisiya qoyuluşunun yerinə yetirilməsini öhdəsinə götürüb.

Nəzərdə tutulan investisiyalar müəssisənin anaclıq zonaları və anaclıq inkubatoriyasında, broyler inkubatoriyası və broyler zonalarında, kompressor, soyutma sexlərində, kəsim və sanitar kəsim, qazanxana və yandırma sexlərində, traktor və avtomobil parklarında, laboratoriya binasında və yem sexində təmir-tikinti və yenidənqurma işlərinin aparılması, zəruri texnoloji avadanlıqların alınıb quraşdırılması, kommunikasiya xətlərinin çəkilməsinə, eləcə də damazlıq cücə, yem, habelə dərman, vitamin və yem əlavələrinin alışına yönəldiləcək. İnvestisiya layihəsinin həyata keçirilməsi nəticəsində müasir texnologiyalar cəlb etməklə, səmərəli material və avadanlıqlardan istifadə edərək “Siyəzən-Broyler” ASC-də beynəlxalq standartlara cavab verən məhsul istehsalı planlaşdırılır. Yuxarıdakılarla yanaşı, təqdim edilmiş investisiya proqramında ekoloji məsələlərin həlli və investisiya qoyuluşu nəticəsində müəssisədə 100 yeni iş yerinin açılması nəzərdə tutulur. 

Modern.az  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama