Bu ilin payızında 4-cü çağırış Milli Məclisin səlahiyyət müddəti başa çatır. Modern.az saytı deputatlardan ötən müddətdə seçki platformalarını necə yerinə yetirdiklərini, 2015-ci ildə yenidən namizədliklərini irəli sürüb-sürməyəcəklərini öyrənir.
Bu dəfə suallarımıza 57 saylı Kürdəmir seçki dairəsindən deputat Fərhad Qəribov cavab verir.
- Seçki öncəsi deputatlığa namizədlər bir çox vədlər verirlər. Həmin vədlər yerinə yetirilməyəndə seçicilərin deputata etimadı zəifləyir. Maraqlıdır, siz seçki platformanızı hazırlayarkən bu tipli məsələləri necə tənzimləmişdiniz? Konkret olaraq, hansı vədləri vermişdiniz?
- Əvvəla, heç bir deputat camaat qarşısında şərt kəsmir ki, bizə səs verin, sizin üçün bunu edəcəyik. Bu, doğru yanaşma deyil. Eyni zamanda, seçki platformamı qurarkən, seçicilərim qarşısında edə bilməyəcəyim vədləri verməmişəm.
Sadəcə olaraq, əlimdən gələn köməyi əsirgəməyəcəyimi demişəm. Siz 4 il bundan qabaq seçki platformamı necə qurmağım barədə soruşursunuz. Mən isə nəinki, 4 il, hətta, 9 il bundan əvvəli xatırlamaq istəyirəm. 9 il bundan əvvəl seçki platformamda dövlətin qanunlarına əsasən bir çox məsələlərin həyata keçirilməsində yaxından iştirak edəcəyimi demişəm. Burada söhbət xalqın xeyrinə olan qanunlardan gedir.
- 9 il ərzində seçildiyiniz dairədə hansı dəyişikliklər baş verdi? Deputat olduğunuz ilk illərdə şikayətlərin məzmunu nədən ibarət idi?
- Əvvəllər Kürdəmir rayonunda qaz, su və işığın olmaması səbəbindən problemlər yaranırdı. İnsanlar tez-tez qazın, suyun, işığın olmaması ilə bağlı müraciətlər edirdilər. Təbii ki, dediklərim qazın, işığın suyun tam olmaması anlamına gəlməməlidir. Sadəcə, bu cür məsələlər insanları tam olaraq təmin etmədiyindən müraciətlərin sayı da kifayət qədər idi. İndi əminliklə deyə bilərik ki, bu tipli problemlər yoxdur. Onu demək istəyirəm ki, deputat olsam da, hansısa kəndə qaz və işıq xəttinin, su borularının çəkilməsi, yolların düzəlməsi sırf mənim adımla bağlı deyil. Bildiyiniz kimi, regionların inkişafı proqramı üzrə bütün bu məsələlər həll olunub. Mən sadəcə Kürdəmir rayonunun deputatı olaraq bu cür problemlərin qaldırılmasına dəstək oldum. Aidiyyatı qurumlara müraciət edərək bu cür problemlərin həll olunmasını xahiş etdim. Demək olar ki, bütün bu tipli işlər artıq başa çatıb.
- Kürdəmir rayonunda hansısa yarımçıq qalan işlər varmı?
- Təbii ki, var. Kanalizasiya sahəsində bu gün də işlər görülməkdədir. Çünki Kürdəmir rayonunun kanalizasiya sistemi ən ağır sistemdir. Ona görə ki, Kürdəmir bərədir. Orda kanalizasiya sistemi başqa stildə qurulduğu üçün hələ başa çatmayıb. Güman edirik ki, bu ilin sonuna kimi bu işlər yekunlaşacaq.
- Milli Məclisin deputatı olaraq yarımçıq qalan qanun layihələri barədə nə deyə bilərsiniz?
- Bircə onu deyə bilərik ki, yarımçıq qalan qanun layihələri yoxdur. Elə qanunlar olub ki, onlara düzəlişlər edilib və təsdiqini tapıb.
- 9 ildir ki, Kürdəmir rayonunun deputatısınız. Bu illər ərzində icra başçıları arasında dəyişiklik olubmu? Eyni zamanda, deputat-icra başçısı arasındakı münasibətlərin necə tənzimlənməsi də maraqlıdır.
- 9 il ərzində 3 icra başçısı dəyişib. Bu da 3 icra başçısı ilə ünsiyyətdə olmaq deməkdir. Deputatla icra başçısı arasında münasibətlərin hansı formada olması hər zaman diqqət mərkəzində olur. Təbii ki, bəzi məsələlər üst-üstə düşməyə bilər. Ümumi qaydada isə bunların hamısı eyni amal uğrunda mübarizəyə gətirib çıxarır. Yəni nə icra başçısının, nə də deputatın fikri dövlətçiliyə qarşı pis fikir formalaşdırır. Ümumi şəkildə xalqın, dövlətin xeyrinə olan məsələlər müzakirə olunub. Fikir ayrılıqlarının olması istisna deyil. Təbii ki, sonda ortaq məxrəcə gəl bilmişik. Demək istədiyim odur ki, şəxsi formada heç bir ziddiyyətli fikirlərimiz, biri-birimizə qarşı anlaşmazlıqlarımız olmayıb.
- Azərbaycan-Qazaxıstan parlamentlərarası işçi qrupunun rəhbərisiniz. Qazaxıstanda yaşayan azərbaycanlılarla əlaqələri necə qurmusunuz? Qazaxıstanda yaşayan azərbaycanlılar ölkəmiz haqqında hansı düşüncədədir?
- Dəfələrlə Qazaxıstanda olmuşam. Qazaxıstanda olarkən dövlətimizi təmsil etmişəm. Hətta bir neçə dəfə neftlə bağlı müqavilələrin təsdiqində də iştirak etmişəm. Qazaxıstanda olan Azərbaycan diasporunun nümayəndələri ilə dəfələrlə görüşlər keçirmişəm. Qazaxıstanda olan azərbaycanlıların demək olar ki, əksəriyyəti bir yerə toplaşan zaman öz fikirlərini söyləməkdən çəkinməyiblər. Azərbaycan dövlətçiliyini, İlham Əliyevin siyasətini dəstəklədiklərini vurğulayıblar. Hər bir azərbaycanlı kimi onların da ümumi problemi Qarabağ problemi ilə bağlıdır. Dəfələrlə deyiblər ki, nə vaxt dövlətimizin başçısı sərəncam verərsə, o zaman Azərbaycana gəlib döyüş meydanlarında vuruşmağa hazırıq. Təbii ki, cənab prezident bu məsələdə çox çalışır. Qazaxıstan azərbaycanlıları cənab prezidentin sülh siyasətini də dəstəklədiklərini bəyan ediblər.
- 9 il ərzində sizə aidiyyatı olmayan məsələlərlə bağlı müraciət edənlər olubmu?
- Bu cür hallarla da qarşılaşmışıq. Hətta br ailənin içində olan insanlar belə, eyni fikirdə, eyni düşüncədə olmur. Bəli, deputat seçildiyim Kürdəmir rayonunda da müxtəlif fikirdə olan insanlar çoxdur. Zamanla narazı təbəqə də olub. Ən çox narazılıq torpaq məsələsi ilə bağlı olub. İndi isə belə məsələlər qaydasına düşüb. Artıq qaz, işıq məsələsi həll olunub. Kəndlərə fasiləsiz işıq verilir. Bəzi kəndlərin qazlaşması başa çatmaq üzrədir. Yalnız bir neçə kənd istisnalıq təşkil edir. Hansı ki, sovet dövründə o kəndlərdə qaz xətti olmayıb. Həmçinin bu il 26 kəndə qaz verilməsi nəzərdə tutulub.
- Hər halda mümkün deyil ki, sizə məzəli müraciətlər olmasın.
- Təbii ki, olub. Elə insanlar var ki, gəlib deyib ki, “10 ildir yoldaşım Rusiyaya gedib. Onu tapın, gətirin!”. Bildiyiniz kimi, o cür müraciətlər mənim səlahiyyətimdə olmayan məsələdir.
- Növbəti seçkilərə deputatlığa namizədliyinizi vermək haqqında düşünürsünüzmü?
- Konkret olaraq, deputatlığa namizədliyimi vermək fikrim var. Xalqım və seçildiyim rayonun camaatı mənə etimad göstərərsəŞ namizədliyimi vermək haqqında düşünürəm. Ancaq bunu zaman göstərər.
Namidə BİNGÖL