Modern.az

Putin müsəlman oldu! URA!!! URA!!!

Putin müsəlman oldu! URA!!! URA!!!

16 Mart 2015, 12:03

 

Neçə gündür Rusiya prezidenti Vladimir Putinin İslam dinini qəbul etməsi ilə bağlı duzlu-məzəli informasiyaların yayılması dünya gündəmini zəbt edib. Rus-provaslav dini ideyasına sadiq və imperiya xəyalları ilə yaşayan Vladimir Putinin İslam dinini qəbul etməsi, müsəlmanlığa qədəm qoyması ilə bağlı yayılan məlumatların uydurma olması məsələnin başqa tərəfidir.  

Burada  informasiya müharibəsi, dünya ictimaiyyətində rəy yaratmaq kimi güclü bir siyasi missiyanın nəfəsini duymamaq da olmur. Yəni Putinin necə deyərlər yoxa çıxmasından yararlanmağa çalışan düşmənləri (yəqin ki, əsasən də Qərb) mətbuatı əməlli-başlı öz kəşfiyyat oyunlarına alət edir və müəyyən mənada istəklərinə nail olur.  

Qlobal rəqabət şəraitində dünyadakı enerji qaynaqları, strateji məntəqələr uğrunda, Rusiya ilə Qərb arasında aparılan geopolitik mübarizə haqqında geniş analiz tələb edən mühakimələr başqa müzakirə mövzusudur. Putinin İslamı “qəbul etməsi”nə beynəlxalq aləmdə hansı rəy verilir, bu barədə beynəlxalq ictimaiyyət nə düşünür, bunun bizim üçün elə də bir əhəmiyyəti yoxdur.

Lakin bu ölkənin vətəndaşı olduğumuza görə Putinin müsəlmanlığı “qəbul etməsi”nin Azərbaycanda doğurduğu əks-sədanın üzərindən sükutla keçmək dini leksikonla desək,  günah olar.  

Ona görə ki, Putinin müsəlmanlığa keçid etməsi ətrafında saxta iddialar əsasında yaranan diskussiyaların, Azərbaycan cəmiyyətinin mənəvi-genetik kodlarında, onun psixologiyasında dərin izlər buraxması diqqətdən yayınmır.  

SSRİ nostalgiyası ilə yaşayan və bölgədə bərq vuran “inqilab” işığı olan Kreml başçısı Putinin İslamı “qəbul etməsi” xəbəri Azərbaycan cəmiyyətinin bəzi kəsimlərinin ölkədə şəriət qayda-qanunları yaradılması barədəki istəklərinin gizli şüuraltı  kodlarının şifrələrini açdı.

Rusiya rəhbərinin “müsəlman olması”ndan sonra sovet klişelərini və Kommunist Partiyası ideoloji kolxoz şüarı sayılan “Ura, Ura!” sədalarını Azərbaycanın virtual məkanında eşitdik.Məsələn, gündəlik həyat tərzimizə çevrilən facebook sosial şəbəkəsindəki səhifələrdən biri Putin haqqındakı məlum məsələ barədə hansısa tanınmayan saytın məlumatını paylaşıb və admin belə bir açıqlama yazıb: “Ay Allah, nə yaxşı sevindim!”.

Buyurun, dini ideologiyanın dünyəvi dövlətimizdəki mənfi təzahürlərinin bariz nümunələrindən biri! Hələ çayxanalarda bu istiqamətdə qızğın müzakirələri və ömründə bir kitab üzü açmayan adamların “hə qaqaş, gördün Putin də İslama gəldi, görürsən, axırda bütün dünya müsəlman olacaq” deməsini bura əlavə etsək, cəmiyyətdə normal məntiqin olmaması sindromundan nə qədər adamın əziyyət çəkdiyini görmək elə də çətin olmur.  

Azərbaycanın bu düşüncədə olan insanları sanki, Putinin İslam dinini qəbul etməsi ilə hər şeyin dəyişəcəyinə, dünyada sülh göyərçinlərinin uçacağına, ölülərin diriləcəyinə inanır. İnanc, düşüncə hər kəsin fərdi işidir, ən başlıcası bu, Konstitusiyanın vətəndaşlara tanıdığı hüquq və azadlıqlar kateqoriyasına daxildir. Amma bu o demək deyil ki, hər savadsız düşüncə, məntiqsiz və yalana söykənən mühakimələrə haqq qazandırmalıyıq.

İslam dini ilə bağlı informasiyalarda Azərbaycanda elə bir depressiv vəziyyət, isterika, həyəcan yaranır ki, Cəlil Məmmədquluzadənin güclü qələmi belə bu situasiyanı təsvir etməkdə çətinlik çəkər. Məsələn, hansısa ərəb şeyxi bu yaxınlarda dedi ki, yer fırlanmır, bizdəki dindarlardan biri də onun sözünə qüvvət verdi. Hətta Elmlər Akademiyasının əməkdaşı da elmə tüpürərək bəyan etdi ki, bəs yerin fırlanmaması düz söhbətdir. Bir elm adamının belə deməsin dini inancdan və ya hansısa bir şeyxi “müqəddəslik” zirvəsində görməkdən qaynaqlanır. Bunun başqa adı yoxdur! Heç kim də deməsin ki, bunun İslam dininə bir dəxli yoxdur!  

İndi Putinin guya öz dinindən dönməsi Azərbaycanda bir qrup insanın  Cəlil Məmmədquluzadənin şedevr obrazı sayılan “Şeyx Nəsrullah”a olan güvənini, inamını xatırladır. Sanki, Putin ikinci Şeyx Nəsrullah qiyafəsində Azərbaycana gələcək, ölüləri dirildəcək. Kimsə deyər ki, Şeyx Nəsrullah və onun kimilərinin İslam dininə dəxli yoxdur. Bu da tamam başqa müzakirə predmetdir.  

Digər tərəfdən, deyək ki, lap Putin İslamı qəbul edib və Quranın hökmlərini yerinə yetirmək üçün dəridən-qabıqdan çıxır. Hə nə olsun?! Bunun Azərbaycan üçün hansısa xoşbəxt perspektivi varmı?  

Barak Obama da ABŞ prezidenti seçiləndə İslam coğrafiyası onun  müsəlman olması iddiasını irəli sürdü və sevinclərindən az qala kosmosa uçurdu. Amma nə dəyişdi? Əksinə, sələfi Corc Buşun qanlı müharibə ssenariləri davam etdi, onun icra ediləcəyi məkanların miqyası bir az genişləndi. Bu gün də elə Yaxın Şərqdə, sizin müsəlman qardaşlarınız  Barak Obamanın apardığı siyasət nəticəsində qan gölündə üzürlər. Əslində Obamanın da müsəlman olub-olması bir müəammadır.  

Xülasə, sizin nəzərdə tutduğunuz müsəlman Obama nə qədər İslam aləminə bir o qədər “xeyir” veribsə, Putin də bir o qədər xidmətlər göstərəcək. Ola bilər ki, Putinin əsas hədəfi müsəlmanlar deyil, ancaq onun da yürütdüyü siyasət çoxlu insan ölümünə bais olub. Ölənləri müsəlman olub-olmamasının mətləbə bir dəxli yoxdur, nəticə budur ki, insan ölüb. Elə götürək Ukrayna münaqişəsi zamanı neçə sivil vətəndaşın həlak olmasını.

İndi Putin guya müsəlman olsa, Rusiyanın xarici siyasət strategiyası dəyişəcək? Başa düşmək belə çətindir ki, hər dövlətin özünün siyasi kursu var? Putin guya müsəlman olsa, o Ukrayna və ya Cənubi Qafqazla bağlı olan ambisyalarında əl çəkəcək? İnanırsınız ki, SSRİ-dən miras qalan münaqişələr öz həllini tapacaq?  


Ən pisi də bilirsiniz nədir? Dünənə qədər Putini söyənlər (söhbət nəzərdə tutduğumuz dindar kəsimdən gedir) bu gün onun İslamı qəbul etməsi xəbəri ilə hər şeyi unudur, onun səbəbkar olduğu qanlı hadisələrin üstündən bir xətt çəkmək istəyir. Hələ Rusiya liderinin İslamı qəbul etməsi barədəki xəbərlər düz çıxsa, deyəcəklər ki, ümumiyyətlə Putin bizim qardaşımızdır.  Sonra da başlayacaqlar Putinin Qarabağı “qaytarmaq” haqqındakı planlarından ağız dolusu danışmağa!  

Putinin  şiə, yoxsa sünni olması barədəki gərgin polemikalar isə ən ironik, gülməli bir vəziyyət yaradacaq.

Dediyim odur ki, Putin müsəlman çıxsa belə, bu, Azərbaycanda onun hansı İslam təriqətinin daşıyıcısı olması haqqında gərgin polemikalara yol açacaq. Yaranacaq mülahizələrin dini zəmində qarşılıqlı ittiham dolu qalmaqal yaratmayacağını  istisna etmək olmaz. Kimisə hansısa sünni alimin, kimisi də şiə aliminin təfsir, izahlı şəriət məsələlərinə istinad edərək Putinin hansı təriqətə mənsub olduğunu əsaslandırmağa çalışacaq. Qısası, hansı tərəfdən baxılsa, Putinin “müsəlman”lığının Azərbaycana heç bir xeyri yoxdur. Sizə gərginlik lazımdır?! Şəxsən mən belə şiə-sünni gərginliyinin içərisində boğulmaq, ümumiyyətlə,  bu barədəki söhbətləri dinləmək belə istəmirəm.  

Zəruri qeyd: Vladimir Putinin İslamı qəbul etməsi barəsindəki xəbərləri guya Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və xarici işlər naziri Sergey Lavrov  da təsdiqləyib. Amma heç bir yerdə onların bu barədə nə rəsmi, nə də qeyri-rəsmi açıqlaması var. Ümumiyyətlə, bu rəsmi səviyyədə Rusiya rəsmilərinin dilindən deyilsəydi, ən azından Kremlin saytında da bu haqda məlumat olardı. Amma heç biri yoxdur, bu sadəcə olaraq  heç kimin tanımadığı bir qırğız saytının uydurduğu yalandır.

Bəzi Azərbaycan saytlarının  bu yalanı tirajlamaqla məqsədinin nə olduğu isə bəllidir: Geniş oxucu auditoriyası toplamaq. Yəni bu saytlar Azərbaycan insanının ən həssas olduğu din məsələsindən divident qazanmaq istəyir. Adamın bir “afərin” deməyi də gəlir. Ən azından bu informasiyaların yaxşı, ya da pis mənada olsa da ictimai rəyə bir təsir göstərib. Halaldır! Bir də sağ olun ki, bizim üçün də mövzu verdiniz!

Görünür, Putin adına məscid tikdikdən sonra daha maraqlı hadisələr cərəyan edəcək. Yəqin xatırlayırsınız ki, bir müddət öncə Putinin adına məscid tikiləcəyi barədə də məlumatlar var idi...

Aqşin Kərimov    


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi