Modern.az

Qarabağ İctimai Forumunun növbəti toplantısı keçirilib

Qarabağ İctimai Forumunun növbəti toplantısı keçirilib

13 Sentyabr 2010, 13:34

Qarabağ İctimai Forumunun (QİF) rəhbəri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri  Umud Rəhimoğlunun rəhbərliyi ilə QİF-in növbəti toplantısı keçirilib. Toplantıda Qarabağ problemi ilə bağlı təbliğat işlərinin təkmil forma və metodlarının müəyyən edilməsində vətəndaş cəmiyyətinin rəyini öyrənmək üçün aparılan sorğunun ilkin nəticələri təhlil olunub. Artıq yekunlaşmaq üzrə olan sorğu ölkəmizdə fəaliyyət göstərən QHT-lər, vətəndaş cəmiyyəti institutları, müstəqil ekspertlər və ayrı-ayrı vətəndaşlar arasında aparılıb.
Sorğunun ilkin nəticələrinin təhlili göstərib ki, rəyi öyrənilən respondentlərin böyük əksəriyyəti bu istiqamətdə fəaliyyət göstərən qurumların sırasında Heydər Əliyev Fondunun, Dünya Azərbaycanlıları Konqresinin,  Qarabağ Azadlıq Təşkilatının və bir sıra  qurumların,  o cümlədən ayrı-ayrı nüfuzlu ziyalıların adlarını çəkiblər.
Qarabağla bağlı aparılan təbliğat işinə cəmiyyətin münasibətini müəyyənləşdirmək məqsədilə keçirilən sorğunun statistik nəticələrinin bu ayın sonuna kimi hazırlanması və geniş ictimaiyyətə təqdim olunması qərara alınıb. Toplantıda QİF-in fəaliyyəti geniş müzakirə olunub. Forumun yarım illik fəaliyyət planına əlavə təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
Qarabağ probleminin həlli ilə bağlı ölkə əhalisinin fikir və təkliflərini dinləmək məqsədilə “Qarabağ dinləmələri” adlı ictimai görüşün,  Sabir Rüstəmxanlının Qarabağın tarixindən bəhs edən yeni kitabının təqdimatının keçirilməsi və  Quzanlı kəndində «Ağdam - Qafqaz Xirosiması və ruhlar şəhəri» adlı fotosərginin nümayişinin təşkili də yarım illik fəaliyyət planına daxil edilib. QİF-in fəaliyyət planında yer alan “Xankəndi”  televiziya verilişinin proqramı ətrafında da fikir mübadiləsi aparıldı və onun qısa bir zamanda ictimaiyyətə təqdim olunması nəzərdə tutulub.

Qeyd edək ki,  QİF-də ölkənin aparıcı QHT-lərinin rəhbərləri, tanınmış ziyalılar və millət vəkilləri təmsil olunurlar.
Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama