Media Hüququ İnstitutu (MHİ) Azərbaycanda medianın hüquqi durumu ilə bağlı növbəti hesabatını açıqlayıb. Hesabat 2010-cu ilin avqustunda Azərbaycan mediyasında baş verən önəmli hüquqi olayları əhatə edir.
Hesabatın “Məhkəmə işləri” bölümündə qeyd olunur ki, ötən ay tənqidçi qəzetlərin və jurnalistlərin nüfuzdansalma ittihamları ilə məhkəməyə çəkilməsi halı baş verməsə də, defamasiya (nüfuzun qorunması) ilə bağlı qanunvericiliyin ən qısa zamanda dəyişdirilməsi zərurəti aktuallığını saxlayır. Avqustda əsasən publik şəxslərin tənqidçi mediaya qarşı qaldırdıqları 13 mülki iddia və xüsusi ittiham şikayətləri üzrə məhkəmə prosesləri davam edib.
Bakı Apellyasiya Məhkəməsi yüksək vəzifəli dövlət rəsmisinin – Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin iddiası üzrə “Xural” qəzetinin üzərinə 10 000 AZN təzminat qoyan aşağı məhkəmənin qərarını qüvvədə saxlayıb. Jurnalistin və vəkilinin iddiasına görə məhkəmə bu işlə bağlı qərarını tələm-tələsik, araşdırma aparmadan çıxarıb. . Nərimanov Məhkəməsi “Xural” qəzetindən 10 000 AZN mənəvi zərər əvəzi tələb edən Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru cənab Vüqar Səfərlinin nüfuzun qorunması iddiası ilə iddiasını icraata qəbul etmək qərarı çıxardıb. Əvvəlki aylardan davam etməkdə olan məhkəmə işlərindən 6-sı yekunlaşıb. Azərbaycan Ali Məhkəməsi Daxili İşlər Nazirinin nüfuzun qorunması ittihamı əsasında cinayət cəzası verilmiş “Femida 007” qəzetinin baş redaktoru Əyyub Kərimovun kassasiya şikayətini rədd edib. Beləliklə tanınmış jurnalist tənqidi rəylərinə görə 18 ay islah işləri cəzasını çəkmıli olacaq. Sənəddə yekunlaşmış digər məhkəmə işləri barədə bilgi verilir. Hesabata görə, avqustda Ali Məhkəmə şübhəli ittihamlarla həbs olunan gənc bloqçular Emin Milli və Adnan Hacızadənin kassasiya şikayətlərini rədd edib. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Xural” qəzetinə qarşı mülki və xüsusi ittiham qaydasında şikayətlərini geri götürüb. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi Mirqafar Seyidov “Azadlıq” qəzetində dərc olunan fikirlərinə görə həbsini istədiyi tanınmış vəkil Müzəffər Baxışovla barışıb. Yasamal Məhkəməsi “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və onun 1-ci müavini Azər Ayxanın həbsini istəyən Nazim Quliyevin şikayətini rədd edib.
Hesabatın “mediaya qarşı fiziki və psixoloji basqılar” 2010-cu ildə baş verən belə olaylardan yalnız birinin araşdırması ötən ay başa çatıb. Səbail Məhkəməsi jurnalist Zülfüqar Xeyirxəbərin peşə fəaliyyətini yerinə yetirməsi zamanı döyülməsi işi üzrə hökm çıxarıb. Hökmə əsasən jurnalisti hüquq mühafizə orqanları əməkdaşlarının yaxınlığında vəhşicəsinə döyən şəxs 180 saatlıq ictimai işlərə cəlb olunub. Jurnalistin vəkilləri hökmün qanunsuz olduğunu bildiriblər. Ötən ay jurnalistlərə qarşı törədilmiş daha bir basqı faktının araşdırması bitib. Xəzər rayon Polis İdarəsi peşə fəaliyyətini yerinə yetirərkən döyülən iki jurnalistin - “Yeni Müsavat” qəzetinin reportyoru Elmin Bədəlov və “Milli Yol” qəzetinin əməkdaşı Anar Gəraylının şikayəti üzrə cinayət işi başlamaqdan imtina edib. Jurnalistlərin döyülməyə məruz qalmaları, peşə alətlərinə müdaxilə edilməsi, qanunsuz saxlanmaları sübutlarda ifadə olunsa da əlaqəli qurumlar detallı araşdırma aparmadan fakt üzrə cinayət işi başlamaqdan imtina ediblər. Avqustda jurnalistlərə qarşı növbəti basqılar da ara verilməyib. Ay boyunca media, jurnalistlər 7 dəfə basqı ilə üzləşiblər. “Komanda” qəzetinin baş redaktoru Rəşad Elgün tanınmış futbolçu Mahmud Qurbanovun hücumuna məruz qalıb. Barəsində yazılan yazıya etiraz edən futbolçu qəzetin redaksiyasına gələrək baş redaktoru döyüb, qəzetin digər əməkdaşlarını hədələyib, redaksiyanın əmlakına ziyan vurub. Bu hadisədən iki həftə sonra “Komanda” qəzetinin əməkdaşı Rəsul Şükürsoyu naməlum şəxslər bıcaqlayıblar. Hüquq mühafizə orqanları hər iki fakt üzrə araşdırmalara başlayıblar. “Yeni Müsavat” qəzetinin ötən ay peşə fəaliyyətini yerinə yetirərkən döyülən əməkdaşı da təqibə məruz qaldığını bildirib. Özünü polis əməkdaşları kimi təqdim edən şəxslər jurnalistin valideynlərinin yaşadığı mənzilə gedərək onun barəsində bilgi toplayıblar. “Turan” informasiya agentliyinin əməkdaşları Rasim Əliyev və Qəmbər Qəmbərov isə peşə fəaliyyətini yerinə yetirərkən təzyiqlə üzləşiblər. Prezident Administrasiyasının yaxınlığında keçirilən aksiyadan bilgi toplayan jurnalıistləri mühafizələr zorla adminstrasiyanın binasına aparıblar. Jurnalistlərin peşə alətlərinə müdaxilə edilib. “Yeni Müsavat” qəzeti redaksiyasına zəng vuran kimliyi bilinməyən şəxslərsə qəzetin əməkdaşlarını redaksiyanı yandıracaqları ilə hədələyiblər. “Yeni Müsavat”ın rəhbərliyi hədəni qəzetdə Naxçıvan bölgəsi ilə bağlı tənqidi yazılarla əlaqələnirib. Avqustda “Azadlıq” qəzeti də təzyiqə məruz qalıb. Qəzetin əməkdaşları ofislərinin yerləşdiyi “Azərbaycan” Nəşriyyatına buraxılmayıb. Nəşriyyatın rəhbərliyi bunu qəzetin müəsisəyə borclu olması ilə izah etsə də, nəşriyyata borcu olan digər qəzetlərə belə qadağa tətbiq edilməyib.
Hesabatın “Teleradio düzənlənməsi” bölümünə görə, teleradio sahəsində düzənləyici qurum olan Milli Teleradio Şurası toplantısında ixtisaslaşmış mədəniyyət telekanalının açılmasını vacib hesab etdiyindən Bakı və Abşeron ərazisində 44-cü tezlik resursuna müsabiqə elan edib. Sənəd qəbulu sentyabrın 15-ədək davam edəcək. Müddət bitmək üzərə olsa da müsabiqəyə maraq hiss olunmur. Hesabata görə, bu passivlik bilavasitə teleradio sahəsində əlverişli fəaliyyət şəraitinin mövcud olmamasından, teleradio məkanının plüralizmə, fərqli görüşlərin ifadəsinə qapalı tutulması istəyindən irəli gəlir.
Hesabatın “İnternet və informasiya texnologiyaları” bölümündə Ölkə Prezidentinin “Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün növbəti Dövlət Proqramı”nı təsdiqlədiyi qeyd olunur. “Proqramın 4 əsas istiqamətdə icrası nəzərdə tutulur - milli telekommunikasiya və poçt infrastrukturunun və xidmətlərinin inkişafı, informasiya cəmiyyətinə keçid üçün şəraitin yaradılması, rəqabət qabiliyyətli və ixracyönümlü İKT potensialının gücləndirilməsi və “elektron hökumət”in formalaşdırılmasını ehtiva edən dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlərin inkişaf etdirilməsi istiqaməti. 2005-ci ildən başlayan proqramın icrası zamanı ictimai informasiya subyektlərinin gov.az domenində yerləşdirilməklə internet resursları yaradılıb. Xüsusən vergi sistemində qabaqcıl informasiya texnologiyalarından istifadə sahəsində ciddi irəliləyişlər əldə olunub”.
Sənədə görə bu sahədə problemlər də yetərincədir. Dövlət orqanlarında vahid informasiya fəzası hələ də formalaşdırılmayıb. İnformasiya sistemi və resursları tam formalaşdırılmayıb, dövlət orqanlarının fiziki və hüquqi şəxslərlə qarşılıqlı əlaqə zamanı təhlükəsiz informasiya mübadiləsi üçün mütərəqqi mexanizmlər hələ də tətbiq edilməyib. Hüquqi baza mövcud olsa da, böyük ümidlər bəslənən elektron hökumət hələ də yaradılmayıb. ”Bürokratik əngəllərin aşılmasında əvəzsiz vasitə olan elektron hökumət ideyası dövlət qurumlarının, ictimai funksiya həyata keçirən digər qurum və şəxslərin fəaliyyəti ilə bağlı bilgilərin hamı üçün əlçatan şəbəkədə yerləşdirilməsi, elektron xidmətlərin göstərilməsinin təmin olunmasıdır. Beynəlxalq qurumların hesablamalarına görə, Azərbaycan elektron hökumətin tətbiqində 182 ölkə arasında 89-cu yeri tutur. Təəssüf ki, elektron hökumət ideyasının tətbiqində ciddi problemlər var. İctimai bilgi sahibləri olan qurumların mühüm bir hissəsini təşkil edən bələdiyyələrin orta hesabla 70%-i heç internetə çıxış imkanına malik deyil. Dövlət qurumlarının əksəriyyəti internet resurslar yaratsalar da həmin resurslar etibarlı bilgi qaynağına çevrilə bilməyiblər. Bəzi qurumlarsa heç internet saytlarını yaratmayıblar” deyə vurğulanan hesabatda ayrılıqda “Elktron hökumət” proqramının qəbulunun, proqramın icrası üçün zəruri maliyyənin cəlb edilməsinin daha faydalı olacağı vurğulanır.
Modern.az