Modern.az

Bakının yolları niyə tez-tez dağılır? - Ekspert və rəsmi qurum müxtəlif səbəblər sadalayır

Bakının yolları niyə tez-tez dağılır? - Ekspert və rəsmi qurum müxtəlif səbəblər sadalayır

İqtisadiyyat

18 Mart 2015, 17:13


Bakı şəhərinin əksər yolları vaxtaşırı əsaslı təmir olunur, yaxud yeni salınan yollarda bir müddət sonra yenidən təmirə ehtiyac yaranır. Bunun səbəbi nə ilə bağlıdır və məsələnin həlli perspektivləri nədədir? Modern.az saytı hüquqşünas Ərşad Hüseynovun və “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin məsələyə mövqeyini öyrənib.

Ərşad Hüseynov bildirib ki, məsələyə bir səbəb göstərib onun üstündə dayanmaq düzgün yanaşma olmaz: “Mərkəzdə duran səbəb bu işdəki pərakəndəlik, təşkilatçılığın normal olmaması, nəzarətin zəifliyi və icra problemləridir. İstər işlərin planlaşdırılaraq həyata keçirilməsində, istərsə də görülən işin keyfiyyətində, onun qrafikinin müəyyən olunmasında, müxtəlif təşkilatlarla əlaqələndirilməyə qədər problem var. Bir fakt deyim. Salamzadə küçəsi Qələbə dairəsindən başlayır, Ziya Bünyadov kəsişməsinə qədər olan ərazi mənim tez-tez istifadə etdiyim yoldur. Üç aydır Ceyhun Səlimov küçəsində yolun bir hissəsini qaşıyıblar ki, təmir etsinlər, amma yarımçıq qoyub gediblər. Bu işi görən qurumun bütün fəaliyyətinə qiymət vermək üçün bir fakt bəs edir.

Vurulan asfaltların keyfiyyəti yoxdur. Şəhər daxilində asfalt niyə dağılmalıdır? Bu, magistral yol deyil. Ağır tonlu maşınları şəhərə buraxmırlar. Yolun dağılmasının səbəbini soruşanda yol çəkənlər deyirlər ki, ağırlıqdan dağılır. Dəfələrlə iradımı bildirmişəm ki, çəkdiyiniz yol 150 tona tab gətirməlidir. Əgər verilən maksimum kütlə 40 tondursa, 41 tonluq avtomobil yolu dağıdırmı? Onda bu yol deyil ki...

Ərşad Hüseynovun fikirlərinə görə, şəhərin küçələri riyaziyyat dəftərindəki xanalar kimi olmalıdır: “Əhalisi Azərbaycanın əhalisində üç dəfə çox olan dövlətlərdə tıxac olmur. Bakıda üç milyon əhali var, bunun da 20 faizinin avtomobili var. Tıxac əlindən tərpənmək olmur. Bunun bir səbəbi var, Bakıda yol yoxdur.

Əslində müvafiq qurumlar iş görürlər. Məsələn, Bakı şəhər İcra Hakimiyyəti, yaxud “Azəryolservis” yol təmir edir. Bir də görürsən ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ortaya çıxıb deyir ki, o ərazidə yeraltı su borusu çürüyüb, dəyişməliyəm. Bunları əlaqələndirmək lazımdır. Axı, siz başqa təşkilatların qurumları deyilsiniz. Yol xərclərinin hamısının mənbəyi dövlət büdcəsidir. Heç bir dövlət qurumu öz büdcəsindən yol tikintisinə və ya təmirinə pul ayırmır. Bu insanlar cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bir sözlə, nəzarət, təşkilatçılıq, dövlət vəsaitinə qənaət yoxdur”.

Pünhan Mürsəliyev bildirib ki, Bakı şəhərində avtomobil yollarının tikintisi, təmiri üzrə paralellik var: “Həm Bakı şəhər İcra Hakimiyyəti, həm Nəqliyyat Nazirliyi, həm də “Azəryolservis” bu işləri görür. Orta təmirlə əsaslı təmir arasında fərq var. Cari təmir il ərzində aparılır.

Yolla yanaşı, istənilən mühəndis qurğusu aşınmaya məruz qalır. Yaşadığınız mənzili necə düzəltdiyiniz kimi qalırmı? Avtomobil yolunda da belədir, istismar prosesində təmirlərarası müddət anlayışı var. Yol neçə ildən bir orta və ya əsaslı təmir olunmalıdır. Həmin müddətlərdə yolda təmir işləri getməlidir. Vaxtlı-vaxtında yola qulluq göstərilməlidir. Qulluq yoxdursa, yolun bərbad hala düşməsi təbiidir”.

Ceyhun Səlimov küçəsində gedən təmirə gəlincə, Pünhan Mürsəlov bildirib ki, bunun təmsil etdiyi quruma heç bir aidiyyəti yoxdur: “Bakı şəhər İcra Hakimiyyəti həmin yolda kommunikasiya xəttində yaranmış problemi həll etmək üçün yol o vəziyyətə düşdü.

Kommunikasiya xəttinin istismarı ilə məşğul olan qurum yolu qazırsa, onun “Azəryolservis”ə nə aidiyyəti var?! Təbii ki, texniki şərt alınmalıdır. Təşkilat şərtə əsasən işləyir, yolu əvvəlki vəziyyətə qaytarmağa da borcludur. Kommunikasiya xəttində yaranmış problemə görə “Azəryolservis” qətiyyən məsuliyyət daşımır. Biz yolun konstruksiyasına cavabdehik”.

Yeganə OQTAYQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama