Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü
Tanınmış şəxsiyyətlər barədə qəribə, məzəli və bir az da kövrək hisslər oyadan xatirələr.
Niyazi! Şöhrətli bəstəkar, fəxrimiz, korifey sənətkar! Amma elə xarakteri vardı ki ...
Biz fəxr edərdik ki, dünyada çox tanınmış, şöhrət tapmış məşhurlar – korifeylər arasında Azərbaycanın yetişdirdiyi mədəniyyət, elm xadimləri var. Hara gedirdiksə adlarını iftixarla çəkdiyimiz musiqi adamlarından – dünyaca şöhrət qazanmış bəstəkarlarımız – Qara Qarayev, Fikrət Əmirov və Niyazi barədə söz açardıq. Onlarla öyünürdük, qürrələnirdik, elə bilirdik ki, bu üçlük əbədi bizimlə yaşayacaq, bizim dilimizin əzbəri olacaq.
Amma nə edəsən ki, həyat vəfa etmədi, onlar zaman-zaman dünyalarını dəyişdilər. Xatirələr ürəklərdə yaşadı, yaşayır və yaşayacakdır. Üç maestro, üç bəstəkar, üç azərbaycanlı qəlblərdə beləcə kök salıb. Amma, deyəsən özləri biri-birinin ürəyində əbədi məhəbbət yarada bilmədilər. Heç kəsdən gizli deyil ki, bu üç korifeyin arasında bir sərinlik vardı. Nə zaman, nə o zamankı rəhbərlik bu sərinliyi aradan qaldıra bilmədi. Nə isə, bu başqa mövzudur ...
Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində (o vaxt indiki AzTV belə adlanırdı) xarici ölkələrə radio verilişləri yayımlayan redaksiyada işlədiyim dövrdə verilişlərimiz barədə Türkiyə, İran, Ərəb ölkələrindən çoxlu məktub alırdıq. Müxtəlif ünvanlardan qələn məktublar müxtəlif mövzularda olurdu. Belə mövzu rəngarəngliyi çox idi. Türkiyədən aldığımız dinləyici məktubları arasında Maestro Niyazi barədə müntəzəm verilişlər verməyimiz arzu olunurdu. Bu təsadüfi deyildi. Həmin dövrdə Niyazi Türkiyə səfərindən təzəcə qayıtmışdı. Özü də çox zəngin təəssüratla. Onun səfəri iki ölkə arasında bəzən giley-güzarlı fikirlər oyadan söhbətlərə son qoymuşdu. Elə bu səfərin oyatdığı təəssürat, həm də görkəmli bəstəkarın yubileyi ilə bağlı audiosüjet hazırlamaq fikrinə düşdüm. Redaksiyada buna müsbət yanaşıldı. Amma Niyazi ilə görüşmək hər jurnalistə qismət olan iş deyildi.
Mənim buna imkanım çatdı. Vaxtilə “Bakı” və “Baku” qəzetləri redaksiyasında işlədiyim zaman redaksiyanın məsul katib müavini İsmayıl Kərimovla yaxın dostluq imkanından istifadə edərək maestro ilə görüşmək imkanı əldə etdim. Yaradıcılığı çoxlarına yaxşı bələd olan İsmayıl Kərimov maestronun bacısı oğlu idi. Onun sayəsində maestro Niyazini evinə getdim. Müsahibəyə yaxşı hazırlaşmışdım. Dövlət bankının yanındakı beşmərtəbəli binada (o vaxtkı Kirov prospektində) yaşayan bəstəkarın mənzilinə danışdığımız kimi səhər saat 10-da gəldim. Qapını İsmayıl Kərimovun bacısı açdı. O məni yaxşı tanıyırdı və maestroya təqdim etdi. Niyazi deyəsən yataqdan təzəcə qalxmışdı. Məni mətbəxdə oturtdular. Audioyazı aparatını hazır vəziyyətə gətirdim, mikrofonu sazlayıb yoxladım. Müsahibimi gözləyirdim. Bu uzun çəkdi. Nəhayət, Niyazi mətbəxə gəldi, mənimlə səmimi görüşdü, müsahibənin mövzusunu ona açıqladım. Elə bir iradı olmadı.
Ona səhər yeməyi gətirdilər. Bu da xeyli vaxt apardı. Səhər yeməyini başa vurmağını gözlədim. Süfrə yığışdırıldı. Səsyazma aparatını işə salmaq istəyirdim ki, bəstəkar sağ əlini qaldırıb:
- Tələsmə, - dedi, üzümü təraş etməliyəm.
Səbrim tükənmişdi.
- Maestro, mən videoyazı üçün gəlməmişəm, radio üçün səs yazıram, - dedim.
- Bilirəm, - dedi, - hər halda mən özümü sahmana salmalıyam.
Deyə bilmədim ki, audioyazı üçün üzün tüklü olub olmamasının dəxli yoxdur. Beləcə səsimi kəsib gözlədim. Xeyli keçəndən sonra onun çıxışını yaza bildim. İnsafən çox məntiqli, siyasi cəhətdən mükəmməl çıxış yazıldı. Əsəbiləşmişdim, amma bunu ona bildirməyimin mənası yox idi. Aparatı yığışdırıb mənzildən çıxanda maestro:
- Deyəsən, tələsirsən, - deyə soruşdu.
- Bəli, - dedim. – Sizin haqqınızda bir-iki bəstəkardan müsahibə götürməliyəm.
- Kimlərdən?
Nəfəsimi dərmədən bilərəkdən:
- Fikrət Əmirovdan, Qara Qarayevdən...
- Onlar kimdir?
- Adlı-sanlı bəstəkarlardır, maestro.
- Mən tanımıram.
Araya sükut çökdü, nə o danışdı, nə mən. Mənzildən çıxdım. İş yerimə təzəcə çatmışdım ki, İsmayıl Kərimov zəng çaldı.
- Mülatif, neyləmisən? Maestro möhkəm əsəbiləşib, təzyiqi qalxıb.
- Əhvalatı olduğu kimi İsmayıla danışdım. Bildirdim ki, bunun səs-səmiri çox çıxacaq.
Ancaq İsmayıl məni də başa düşdü, onu da. İşləri elə yoluna qoydu ki, nə mən cəzalandırıldım, nə də hazırladığım süjet efirə getdi.