Modern.az

“Şikəst edilən”, "axtalanan" Azərbaycan filmləri - ARAŞDIRMA

“Şikəst edilən”, "axtalanan" Azərbaycan filmləri - ARAŞDIRMA

21 Mart 2015, 11:23

Bu gün əksəriyyətinə bəh-bəhlə baxdığımız sovet dövründə çəkilən Azərbaycan filmləri min bir əziyyət bahasına istehsal olunub. Elə filmlər var ki, onun çəkilişi zamanı bir neçə insan tələf olub, bəziləri yaralanıb. (“Mən ki gözəl deyildim”  filmini buna misal göstərmək olar). Elə filmlər də var ki, orada xəsarət alan aktyor ömrünün sonuna qədər onun acı fəsadlarını yaşayıb (məsələn, “Böyük dayaq” filminin çəkilişində Rüstəm kişinin, yəni aktyor Ələsgər Ələkbərovun başına dəyən ağac zərbəsi sonradan onun ölümünə səbəb olur). Amma bəzi filmlər də olub ki, onlar Mərkəzin senzurasından çıxa bilməyib. Əsas səhnələri kəsilərək “şikəst edilib”. Əgər filmdə zəncirvari şəkildə bir-birinə bağlı olan epizodlardan bircəsi kəsilirsə, o filmi asanlıqla “axtalanmış” film hesab etmək olar.
Modern.az saytı bu yazısında Azərbaycan kino tarixində  “şikəst edilən” filmlərdən danışacaq.

Senzuraya məruz  qalan Azərbaycan filmlərindən danışarkən ilk olaraq “Dəli kür”ə diqqət etməyimiz yerinə düşər. Film 1969-c ildə yazıçı İsmayıl Şıxlının eyniadlı romanının motivləri əsasında lentə alınıb. Kinoromanda keçən əsrin əvvəllərində Azərbaycanın qabaqcıl ziyalılarının formalaşmasından, ilk mütərəqqi pedaqoqların fəaliyyətindən, ziyalıların Zaqafqaziya xalqlarına göstərdikləri köməkdən və insanlarda azadlıq şüurunun formalaşmasından söhbət gedir. Filmin rejissoru Hüseyn Seyidzadə, assisenti Əbdül Mahmudbəyov, bəstəkarı Cahangir Cahangirov, redaktoru isə İsa Hüseynov olub.


Film bu gün də sevilir, çox təəssüf ki, nə rejissor, nə aktyorlar, nə də filmin texniki heyəti ümumi nəticə kimi filmdən razı qalıblar. Doğrudur, usta aktyor oyunu, Cahangirovun sarsıdıcı musiqiləri, premyerada rusları valeh edən Novruz səhnələri nə qədər uğurlu detallar olsa da, sonda filmə vurulan zərbə onun təsirini az qala yarıbayarı azaldıb. Filmin sonunda Cahandar ağa torpağını mənimsəmək istəyən kazaklarla mübarizə aparır. Ssenariyə əsasən, kazaklardan biri axırda Cahandar ağanı arxadan güllə ilə vurur. Lakin film ilkin baxışa gedərkən məhz bu epizod səbəbindən qəbul olunmayıb.
Filmin ikinci rejissoru olan Əbdül Mahmudov Modern.az-a filmin “axtalanması”  haqda danışarkən maraqlı faktları səsləndirib:

“O vaxtkı senzura həmin epizodun filmdən çıxarılmasını tələb etdi. Bu mənada filmin əsas məğzini yaradan səbəblərdən biri də Azərbaycana məxsus ərazilərin məhz silahlı təcavüz yolu ilə işğal olunmasını göstərmək idi. Bu da filmdə öz əksini tapmışdı. O vaxt Zaqafqaziyada bu işə rəhbərlik edənlər içərisində kazakların adı çəkilsə də, əslində elə ruslar idi. SSRİ Kinematoqrafiya Komitəsində Zusiva soyadlı bir xanım vardı. Həmin epizodun çıxarılmasında əsasən onun rolu böyük oldu.

O, bildirdi ki, “yoldaşlar, nə edirsizsə edin, gedin özünüz-özünüzü öldürün. Qətiyyən icazə verə bilmərik ki, kazaklar, rus əsgərləri azərbaycanlılara güllə atsın və işğalçı kimi qələmə verilsinlər.

Cahandar ağanın ölüm səhnəsi belə cılızlaşdırıldı. Guya, Cahandarı onun mal-dövlətini talayan öz həmyerliləri güllələyib. 
Kinostudiyanın müdiri Adil İsgəndərov o vaxt buna qarşı nə qədər mübarizə apardı. Belə olan təqdirdə filmin bağlanma təhlükəsi meydana çıxdı. Əslində Cahandar ağa kazak başçısını qamçıladıqdan sonra kazaklarla vuruş başlayır və kazaklar onu arxadan güllələyir. Lakin sovet kinotənqidçiləri bunu qəbul etməyərək bildirdilər ki, necə olursa olsun, bir azərbaycanlı rusu döyə bilməz, rus da azərbaycanlını öldürə bilməz. Buna görə də rejissor məcburən həmin səhnəni kəsdi, sonda Allahyar Cahandarı öldürdü, çox gözəl çəkilən filmin sonluğu bərbad hala gətirildi. Kazak başçısını oynayan məşhur aktyorumuz Yusif Vəliyevin adı titrlərdə olsa da, kinoda onun obrazını görə bilmirik”.

Filmdə bir kəsilmə də rus qonaq Çernyayaevski ilə bir uşağın yumurta döyüşdürmə səhnəsi ilə bağlıdır.Amma bunu “yuxarıdan” deyil, filmin öz yaradıcı heyəti lazım bilməyib:

“Orda balaca uşaqla Çernyayevskinin dialoqu olan səhnədə uşaq deməli idi ki, “çünki bizdə papağı olmayan kişilərə pis baxırlar”. Gördük ki, bu, bir az “ağ” oldu. Məlum olduğu kimi söhbət Çernyayevskidən gedirdi, hansı ki, Azərbaycana maarifləndirmə, xoş niyyətlə gəlmişdi. Elə buna görə də mətn dəyişdirilərək, uşaq “papaq pay qoymaq üçündür” dedi.

“Axırıncı aşırım”  filmi də bu gün az qala çox sözlərini əzbər bildiyimiz bir filmdir. Amma bu film də senzuranın tələsindən xilas ola bilməyib.


Məsələ bundadır ki, filmin  ilk orjinal versiyasında Qəmlonu Kərbəlayı İsmayıl öldürür. Kərbəlayı İsmayıl bunu ona görə edir ki, Qəmlo onun sözündən çıxır və Kərbəlayının dostu olan Abbasqulu bəy Şadlinskini öldürür. Yuxarı dairələrdə kinotənqidçilər tərəfindən sözügedən səhnə elə də yaxşı qarşılanmır. Səbəb kimi isə rejissorun Kərbəlayı İsmayılı sonda qəhrəman obraz kimi göstərməsi olur. Bundan sonra rejissor Kamil Rüstəmbəyov məcbur qalıb  filmdə dəyişiklik edir. Yeni versiyada Qəmlonu Kərbəlayı İsmayıl yox, Xudayarın qardaşı öldürür. Məhz bu versiya ilə film ictimaiyyətə təqdim olunur. Edilən montaja baxmayaraq, Qəmlonun ölüm səhnəsindən sonra Kərbəlayı İsmayılın adamlarından birinin dilindən “Kərbəlayı Qəmlonu gəbərtdi” ifadəsini eşitmək olar. Rejissor tərəfindən kəsilməyən bu səhnə sübut edir ki, filmin ilkin versiyasında Qəmlonu Kərbəlayı İsmayıl öldürüb.

“Qatır Məmməd” filmi də öz  nakam taleyi ilə kino tarixinə düşüb. Moskvalı ssenaristlər Mixail Maklyariski və Kirill Rapoportun yazdığı ssenaridə milliliklə uzlaşmayan detallar olub. Elə o səbəbdən də 1969-u ildə rejissor Hüseyn Seyidzadə ssenaridə bəzi düzəlişlər aparmaq istəyib.

Hüseyn Seyidzadə ssenaridəki kəm-kəsiri düzəltmək üçün ömrünün bir ilini bu işə sərf edir. Müəlliflər də əvvəlcə onunla razılaşırlar, film istehsalata buraxılandan sonra qəti etiraz edirlər ki, Hüseyn Seyidzadə süjeti tamam dəyişdirib. Kinostudiyanın Bədii Şurası onların xahişi ilə ssenarini müzakirə edir və  rejissorun həqiqətən də  haqlı olduğu üzə çıxır. Uzun mübahisələrdən, çəkişmələrdən, yazışmalardan sonra filmin çəkilişinə icazə verilir. Film 450 min rubl məbləğlə 1973-cü ilin sentyabrında çəkilib qurtarmalı idi. Bu, “yuxarı”nın göstərişi idi. Hüseyn Seyidzadə sınaq çəkilişlərini başa vurur, əsas rolların ifaçılarını Bədii Şura təsdiq edir. 1973-cü ilin yazında çəkilişlərə başlayan Hüseyn Seyidzadə ssenariyə öz əlavələrini etməklə çəkilişi başa çatdırır. Moskvadakı Mərkəzi Bədii Şura son anda filmin nümayişinə qəti qadağa qoyur və filmin yenidən çəkilməsinə göstəriş verir. 
Və “Qatır Məmməd” rejissor Hüseyn Seyidzadədən alınır. Ondan sonra film bir çox rejissorlara həvalə olunur. Amma həmin ustad rejissorlar da zəif ssenarini əsas gətirərək filmdən imtina edirlər. Sonda razılaşan rejissor (yəni, Rasim Ocaqov) tapılır və çox çətin şərtlərlə film ikinci variantda çəkilir. Çətin şərtlər deyəndə ki, konkret olaraq filmə çox qısa vaxt ayrılır və qonararı kəsilir. Təsəvvür edin ki, tarixi filmdə o boyda aktyor heyəti qonararsız çəkiliblər.  Bunun səbəbi isə birinci variantda dövlət tərəfindən ayrılan bütün vəsait xərclənməsi olub.
”Qatır Məmməd”də bu faktlar səbəbindən şikəst qalıb.

Bu kimi filmlərin siyahısına “Qaçaq Nəbi”ni də salmaq olar. Filmin adı üç dəfə dəyişdirilib. “Qaçaq Nəbi”, “Qanlı Zəmi”yə, “Qanlı zəmi” isə “Atları yəhərləyin”ə çevrilib. Həmin filmin quruluşçu operatoru Kənan Məmmədov Modern.az-a verdiyi açıqlmasında qeyd edir ki  “yuxarı dairələr” “Qanlı zəmi” adından da nəsə  başqa məna axtarıb tapdı. Odur ki, filmin adını “Atları yəhərləyin” qoyublar. O ad da heç bir məna daşımır, film haqqında heç bir informasiya vermir. Filmin iki quruluşçu rejissorlarından biri (o biri həm də baş rolun ifaçısı olan Həsən Turabovdur) Əbdül Mahmudiv filmdə kəsilən, boş yerə bada gedən çox dəyərli kadrlar haqqında Modern.az-ın “Kadrarxası” layihəsinə verdiyi açıqlamasında bunları qeyd edib:

“Qaçaq Nəbi” filmi uzun istehsal dövründən sonra 1985-ci ildə çəkilməyə başalayıb. O vaxt vəzifə sahibi olan erməni Mevedev soyadlı birisi filmin çəkilişinə hər vəchlə maneçilik törətməyə  çalışsa da, buna nail ola bilməyib.

“Məni yandıran kadrlar var. Bir rejissor üçün hər hansı kadrın çıxarılması övladını şikəst etmək kimidir. Film hər bir rejissorun ömrü və ölümüdür. İnsan hər nəfəs aldıqca ölümünə yaxınlaşır deyirlər. Rejissor həm nəfəs aldıqca, həm də yaratdığı əsərə toxunulanda ölümünə yaxınlaşır. Bu filmin acınacaqlı bir taleyi oldu.

SSRİ Kinematoqrafiya Komitəsində Medvedev soyadlı bir baş redaktor hər vəchlə filmin ərsəyə gəlməsinə və ekranlara çıxamasına mane olurdu. Sən demə o sırf erməni mənşəli bir adam imiş. Film hazır olanda başda Medvedev olmaqla daxili və xarici düşmənlər öz mənfur sifətlərini biruzə verməyə başladılar. Qərbi Azərbyacanın Zəngəzur, Gorus zonalarında Qara Nəbi adlı bir quldur olub. Biz onu filmdəki epizodların birinə salmışdıq. Yəni pis bir adam kimi Qaçaq Nəbi Qara Nəbini öldürür. Bir də Stepan Yüzbaşı adlı içki düşkünü olan erməni var imiş, hansı ki, camaata qan uddurub. Bu da ekran əsəsrinə salınmışdı.

Həmin epizodlara irad olaraq bildirdilər ki, guya, biz erməni xalqını alçaltmışıq, erməni xalqının düşmənini milli qəhrəman etmişik, Qara Nəbi faktorunu da şişirtmişdilər. Məhz onlarla bağlı olan kadrlar filmdən çıxarıldı.

Daha sonra mən Moskvaya gedəndə bu məsələnın əsas səbəbi aydınlaşdı. Mən elə gecə ikən oradan zəng vurub bildirdim ki, Azərbaycanın xalq qəhrəmanı Qaçaq Nəbi bir erməni dığasının qurbanı olub. Yer-göy bir-birinə qarışdı. Üstündən bir həftə keçəndən sonra Medvedevi işdən qovdular. Demək yalançı tarix, yalançı şəxsləri məhz Medvedev təşkil etdiribmiş. Amma daha “cin şüşədən çıxmışdı”. Ona görə də məni Mərkəzi Kinostidiyaya çağırıb dedilər ki, erməni epizodunu, Qara Nəbiylə bağlı və 1-2 xırda epizodu çıxart və filmin adını da dəyiş. “Qaçaq Nəbi” olmaz. Mənim üçün önəmli məsələ olsa belə, düzələn səmti tutmaq xatirinə onların dediklərini etdim. Amma heyf o epizodlardan. Film indi sevilir, amma həmin epizodlar filmdə qalsaydı indi hər kəsin boynunda “medalyon” idi. Hansı ki, o vaxt hələ nə Qarabağ məsələsi, nə də işğal olunmuş torpaqlarımız vardı. O epizodlarda çox məqamları açmışdıq. Orda bir epizodda tarixi faktlar vardı ki, erməni qadınları öz ermənilərinin əlindən yığılıb Qaçaq Nəbiyə şikayətə gəlirlər. Nəbi onlara kömək edir. Bu səbəblərdən dolayı həmin kadrlar çıxarıldı”.

Bu gün sevilən filmlərdən biri olan “Gün keçdi” isə nə “yuxarı”nın, nə də rejissorun qayşısına tuş gəlib. Bu dəfə “qayçılanma” işini baş rolun - Oqtayın ifaçısı aktyor Həsən Məmmədov həyata keçirib. Belə ki, sonda Oqtayla Əsmərin (Leyla Şıxlinskaya) ayrılma səhnəsində ssenariyə əsasən, nisbətən açıq-saçıqlıq olmalı imiş. Həsən Məmədov da buna qəti etiraz edir. Anarın “Gürcü familiyası” hekayəsinin motivləri əsasında hazırlanan ssenaridə bu səhnənin çıxarılmasını istəyir. Əks tədqirdə isə filmdən ayrılacağını bildirir. Rejissor Arif Babayev də baş rolun ifaçısı ilə razılaşır. Mərhum Həsən Məmmədov sonradan həmin hadisəni belə xatırlayıb:

“Filmin ssenarisində Oqtayla Əsmərin son görüşü bizim adət-ənənəmizə uyğun olmayan bir səpgidə olmalı idi. Yəni ifadəmə görə üzr istəyirəm, ssenariyə əsasən, Oqtay Əsməri öz evinə dəvət etməli və onların arasında məhəbbət macəralarını özündə əks etdirən kadr olmalı idi. Mən həmin kadra qəti surətdə etirazımı bildirdim və xəbərdarlıq etdim ki, əks halda çəkilişdən imtina edəcəyəm. Doğrusu, mənim sözüm eşidildi və ssenari adi sonluqla başa çatdı. Bilirsinizmi, əslində sonluğun açıq-saçıq formada başa çatdırılması filmin uğursuzluğuna səbəb ola bilərdi. Bir də ki, o cür maraqlı kadrlardan sonra Azərbaycan kişisinə yaraşmazdı ki, başqasının həyat yoldaşını evinə gətirsin. İnanın ki, o cür filmə heç kim maraq göstərməzdi də. Filmin gözəlliyi onda oldu ki, məhəbbətin, gənclik illərinin saflığı qorunub saxlanılmaqla lentə alındı və tamaşaçı auditoriyasına təqdim olundu”. 

Azad ruhlu rejissor olan Arif Babayev üzüyola, mülayum tərəfinə düşdüyündən aktyorun bu tələbiylə razılaşıb. Amma səhnənin tamamilə dəyişdirilməsi yox, başqa səhnə ilə əvəzlənməsi daha yaxşı olardı.

Əbdül Mahmudov həm özünün, həm də başqa rejissorların çəkdiyi filmlərdə senzuradan keçməyən kadrlara görə təəsüflənsə də, bunu adi qarşılayır: “Bu gün durub keçmişi tənqid etmək də bir işə yaramır. Təbii ki, çox filmlərimiz senzuranın hesabına “şiksət” qaldı. Amma o zamankı sovet ideyalogiyası öz xəttinə sadiq idi və bu, kinoda da özünü göstərirdi. Onlar nə edirdilərsə, öz maraqları naminə edirdilər. Ona görə də o zamankı filmlərdə kadrların kəsilməsi adi hal idi. Əsas odur ki, bu gün yaxşı fillər çəkilsin və millilik xəttinə uyğun kadrlar daha çox olsun”.

Elmin NURİ 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu