Modern.az

Əlili avtobusa mindirmədiyinə görə işdən qovulan sürücünü yenidən işə qaytardılar - FOTOLAR

Əlili avtobusa mindirmədiyinə görə işdən qovulan sürücünü yenidən işə qaytardılar - FOTOLAR

İqtisadiyyat

22 Mart 2015, 22:23


Bakıda fiziki qüsurlu şəxsi avtobusa mindirmədiyinə görə bir neçə gün öncə işdən qovulan sürücü yenidən işinə bərpa olunub. Modern.az saytı xəbər verir ki, bu barədə həmin sürücünün əlilə qarşı hərəkətini videokamera ilə lentə alıb, onu içtimailəşdirən fotoreportyor-bloqqer Mehman Hüseynov bildirib.

M.Hüseynovun sözlərinə görə, sürücünün işinə qaytarılmasını o, həmin sərnişin avtobusunun məxsus olduğu “Xaliq Faiqoğlu” MMC şirkətinin rəhbərliyindən xahiş edib.

Fotoreportyor deyir ki, martın 21-də “Xaliq Faiqoğlu” MMC şirkətinin və Nəqliyyat Nazirliyinin işçiləri ona zəng edərək, görüşə dəvət ediblər:
”Dedilər ki, "biz əlili avtobusa mindirməyən sürücünü işdən çıxardıq ki, digərlərinə dərs olsun, bütün vətəndaşlarla, əsasən də əlilliyi olanlarla hörmətlə davransınlar". Eyni zamanda problemi ictimailəşdirdiyimə görə mənə “çox sağol” dedilər”.

Görüş zamanı bloqqer M.Hüseynov “Xaliq Faiqoğlu” MMC şirkətinin rəhbərliyindən işdən qovulan 65 saylı marşrutun 10 TH 319 nömrə nişanlı avtobusunu edarə etmiş Eynulla Həşimovun yenidən işə qaytarılmasını istəyib.

”Onlara bildirdim ki, işdən qovmaqla problem həll olunmur, ona pul cəriməsi kəsərdiniz, töhmət verərdiniz! Bir daha kimsə bu səhvi təkrarlasa, onda işdən azad edə bilərsiniz. Mən izah etdim ki, hadisəni videolentə çəkib yaymaqda məqsədim kiminsə çörəyinə bais olmaq deyil, istəyimiz hər kəsdən vəzifəsinin icrasına məsuliyyətlə yanaşmağı tələb etmək, cəmiyyətimizin inkişafına nail olmaqdır. Bildirdim ki, insanlar tutduqları mövqedən asılı olmayaraq bir-birinə hörmət etməli, heç kim ayrı-seçkiliyə yol verməməlidir”.

M.Hüseynovun sözlərinə görə, onun xahişini anlayışla qarşılayan “Xaliq Faiqoğlu” MMC şirkətinin rəhbərliyi işdən qovulan sürücü Eynulla Həşimova zəng edərək, işə bərpa olunduğunu və sabahdan avtobusu götürüb, xəttə çıxmağını xəbər veriblər.

“Bu gün həmin sürücü 4 günlük fasilədən sonra yenidən işə çıxıb. Mən onunla şəxsən görüşdüm”.

Bloqqer deyir ki, sürücü səhvini etiraf edib, işdən çıxarılmağı barədə qərarla razılaşdığını söyləyərək, “bu, bütün sürüclər üçün bir dərs oldu. Bundan sonra ümid edirəm heç bir sürücü kiməsə qarşı hörmətsizlik etməz”-deyib.

”Sürücüyə söylədim ki, mən də, siz də çalışmalıyıq cəmiyyətimizdə belə problemlər olmasın…”.

Görüş zamanı sürücü Eynulla Həşimov Mehman Hüseynova onun 4 günlüyə də olsa, işdən çıxarılmasına səbəbkar olduğu üçün təşəkkür edib.

”15 ildir sürücü işləyirəm. Uzun illərdir işimlə əlaqədar bayramları evdəkilərlə birgə keçirə bilmirdim. 4 gündür işə çıxmıram, Novruz bayramını bütünlüklə ailəmlə keçirə bildim”-deyə yenidən işinə qaytarılan sürücü qeyd edib.



A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama