Manatın devalvasiyasından sonra daha bir devalvasiyaya gediləcəyi, eyni zamanda kommunal xidmət sahələrində bahalaşma olacağı proqnozu verilir.
İqtisadçı deputatın fikrincə, devalvasiya yerli malların, eləcə də yerli xammal və digər materialların hesabına istehsal olunan məhsulların qiymətlərinə birbaşa təsir etmir: “Bununla belə həmin mallar elə də çox olmadığından, yerli malların qiymətləri də xaricdən gətirilən malların qiymət artımının “arxasınca sürünməyə başlayır” və bir müddətdən sonra yerli malların da qiymətləri də qalxır. Belə olan şəraitdə hökumət süni qiymət artımının qarşısını almaqdan ötrü tədbirlər görür ki, onsuz da artmağa başlayan qiymətlər “kəlləçarxa” qalxıb əhalini daha da pis vəziyyətə qoymasın. Bundan əlavə bir qayda olaraq əhalinin aztəminatlı təbəqəsinin devalvasiyadan itkilərini kompensasiya etməkdən ötrü tədbirlər həyata keçirildiyi deyilsə də hələlik Azərbaycan hökuməti belə bir addım atmayıb”.
Ə.Məsimli bildirib ki, adətən devalvasiya vaxtı inhisarçı mövqedə olan sahələrdə qiymət və tariflərə toxunulmur: “Çünki belə bir addım yanar ocağın üstünə yenidən benzin tökmək kimi bir şeydir.Yəni həmin sahələrdə qiymət və tariflərin qalxması zəncirvari reaksiya verərək, bütün sahələrdə qiymət artımı yaradır. Bu isə əhalinin devalvasiyadan daha çox əziyyət çəkən təbəqəsinin həyat səviyyəsinə əlavə olaraq çox ciddi şəkildə mənfi təsir göstərir. Ola bilər ki, bir müddətdən sonra hökumət aztəminatlı təbəqənin sosial müdfiəsini gücləndirən əlavə tədbirlər görməklə təbii inhisarçı vəziyyətdə olan sahələrdəki qiymət və tariflərə də baxsın və yaxud bir müddət təxirə salsın. Amma bunu tapmaca formasında yox, həmin sahələrin məsul şəxslərinin dilindən deyilən ifadələrlə müəyyənləşdirmək daha yaxşı olar ki, dövlətin yaxın və orta perspektivdə sözügedən sahələrə münasibətdə ümumiyyətlə siyasəti, o cümlədən tarif siyasəti necə olacaq”.
Gülşən RAUFQIZI