Modern.az

Düşüncələrim, təsəvvürlərim...

Düşüncələrim, təsəvvürlərim...

24 Mart 2015, 10:18

Orxan Bahadırsoy

Deyəcəksiz kimin nəyinə lazımdır ki, mənim düşüncələrim, təsəvvürlərim? Doğru deyirsiz əslində. Lakin mən bu yazını sizinlə dərdləşmək üçün yazıram. Özüm ölüm ürəyim sıxılır, məni bağışlayın. Bilmirəm kiminlə danışım, kiminlə dərdləşim, nə edim, necə edim?! Elə darıxıram ki, lap ölməyim gəlir. Amma ölüm də sifarişlə gəlmir ki, dostlar!

İndiyə qədər qəfil imtina etdiyim bir çox nəsnələr var. Uzağa getməyim, iki ali təhsildən qəfil imtina etdim. Hər birinin də öz səbəbi var idi. Çətin olmadı. Rektorun adına bir ərizə yazdım və bununla da universitetdən öz xahişimlə xaric olundum. Kaş həyatdan imtina etmək də belə asan olaydı. Həyatın adına bir ərizə yazaydım və məni dərhal rədd edəydi özündən.

Həyat insanın doğuluşu ilə ölümü arasındakı məsafədir. Doğuluşdan ölümə gedən bir yoldur yəni. Bu yolun uzunluğunu, genişliyini, darlığını, istisini, soyuğunu, döngələrinin sayını biz müəyyən etmirik. Hərçənd doğulmağı da biz özümüz tələb ya da xahiş etməmişik. Amma istəsək, ölümü seçə bilərik. Yəni intihar edib bütün bunları öz istəyimizlə yaşamadığımız halda, bütün bunlardan öz istəyimizlə imtina etmək mümkündür. Di gəl ki, buna da acizlik, günah, bəzi hallarda vicdansızlıq (güya biz özümüzü öldürəndə bizi sevənləri üzürük) kimi müxtəlif donlar geyindiriblər.

Bizim həyata gəlməyimiz də təsadüfi deyil. Bu gəlişin arxasında başqalarının arzuları durur. Yəni, valideynlərimiz öz ata olmaq, ana olmaq kimi arzularını bizimlə çin ediblər. Hətta bunların arxasında valideynlərimizin valideynlərinin də nənə olmaq, baba olmaq kimi arzuları durur. Bir insanın həyata gəlişi görün neçə insanın arzusunu çin edir. Amma bunların heç biri düşünmür ki, onlar öz arzularına çatmaq naminə bu mənasız, maraqsız, eybəcər həyata bir insan gətirirlər və onu öz seçmədiyi bir dünyanın sakini, bir ölkənin vətəndaşı, bir cəmiyyətin fərdi edirlər. Hələ bu azmış kimi, dünyaya gətirdikləri yazığa öz inanclarını da, adət-ənənələrini də, adi məişət qaydalarını da sırıyırlar.

Bunlar bir yana qalsın. Məgər bizim özümüzdə qəbahət yoxdur? Atamız, anamız, nənəmiz, babamız bizə bir pislik edir bizi bu dünyaya gətirməklə. Lakin sonra bizim qayğımıza qalmaqla, yedirtmək, içirtmək, geyindirmək, xəstələnəndə sağaltmaq və başqa ehtiyaclarımızı ödəməklə öz səhvlərini qismən yuyurlar. Biz də böyüyüb müəyyən bir yaşa çatırıq və başlayırıq özümüzə zülüm etməyə. Elə götürək bu sevgi-məhəbbəti. Bir nəfərə aşiq oluruq, sevirik bu şəxsi. Dərdini, həsrətini çəkirik. Darıxırıq onun üçün, qısqanırıq onu. Görün özümüzə nə qədər əzab veririk, dostlar?!

Söhbət sevgidən düşübsə, sizə sevgi haqqında bir-iki təsəvvürümü də deyim. Mən bu Məcnunsayağı, Leylisayağı eşq-məhəbbətləri əsl sevgi hesab etmirəm. Çünki bunlar qarşılıqlıdır. Təsəvvür edin ki, Məcnun Leylini sevir, Leyli də Məcnunu. Onda Məcnun niyə Leyliyə qovuşmaq istəyəcək? Ya da Leyli niyə Məcnuna qovuşmaq istəyəcək? Məcnun ona görə istəyəcək ki, Leyli onu sevir, onun dərdini çəkir, onun üçün darıxır. Həmçinin Leyli də ona görə istəyəcək ki, Məcnun onu sevir, onun dərdini çəkir, onun üçün darıxır. Burda əsas məsələ Məcnunun və Leylinin eqosudur. Bunlar özlərinə lazım olan qayğını, diqqəti, nəvazişi, romantikanı, həzzi yaşamaq üçün bir-birlərini sevirlər. Bu sevginin ardında onların öz şəxsi istəkləri durur. Əgər sən bir adamı öz mənəvi, maddi, seksual tələbatlarını ödəmək üçün sevirsənsə, deməli o adam da öz mənəvi, maddi, seksual tələbatlarını ödəmək üçün səni sevir.

Əsl sevgi isə qarşılıqsız olan sevgidir. Qarşılıqsız sevginin arxasında heç bir tələbat, heç bir eqo durmur. İndi də təsəvvür edin ki, Məcnun Leylini sevir, amma Leyli Məcnunu sevmir. Buna baxmayaraq, Məcnun onu sevməyə davam edirsə, onun dərdini, əzabını, həsrətini çəkirsə, onun üçün darıxırsa, onu qısqanırsa, bu əsl sevgidir. Çünki Məcnun bilir Leyli onu sevmir və onun Leylini sevməkdən başqa bir şeyə ehtiyacı yoxdur. Onu öz şəxsi istəkləri, tələbləri qəti maraqlandırmır. O özünü artıq Leyliyə həsr edib və bütün həyatını elə Leylinin intizarı ilə yaşamağı gözə alıb. Baxın, bu əsl sevgidir! Təcrübəmdən deyirəm...

Söhbət bura gəldi, mətləbdən yayındım. Bağışlayın! Sözüm ondadır ki, bu sevgi ilə də biz özümüzə pislik edirik. Kaş ehtirası boşaltmağın bir üsulu olduğu kimi, həsrəti də boşaltmağın bir üsulu olaydı! Elə ki, gördün həsrət çəkirsən, hər hansı bir üsulla boşalaydın hamısını. Bu “kaş ki”lər də bitmək bilmir, dostlar!

Deyirlər ki, 18 yaşına çatandan sonra insan azad olur. Hərçənd ki, bu bizim kimi qanunları da adətlərinin üstündə yazılmış bir ölkəyə aid deyil. Amma inkişaf etmiş ölkələrdə bu belədir. Baxın, o həmin 18 yaşa çatan kimi gərək insan özün öldürə. “18 il yaşayıb sizin nənəlik, babalıq, atalıq, analıq və başqa arzularınızı çin etdim, siz də mənim 18 il əziyyətimi çəkib bu yaşa gətirdiniz. İndi siz mənə təşəkkür edin, mən sizə təşəkkür edirəm!” deyib gedəydik həyatdan. Nə gözəl olardı, elə deyilmi? Buna da bir “kaş ki”!

Bir də bu ölümü ciddiyə alan adamlar əsəbləşdirir məni. Onların ölümdən söz düşəndə reaksiyalarını görürəm, elə bil qaynar quyuya basılıram. Biri qulaqlarını çəkib “kiş-kiş” deyir, biri “iraq olsun” deyib söhbəti dəyişməyə çalışır, bir başqası adamı sayıqlayan axmaq yerinə qoyur və s. Bir şey ki, sən də, mən də, o biri də öləcək. Bunu niyə bu qədər ciddiyə alırsız ki? Belə də ki, lap ciddiyə alırsız sizin öz işinizdir. Amma tutaq ki, mən ölmək istəyirəmsə, bundan sənə nə? Səni öldürmürəm ki! Güya sən üzüləcəksən, dərd çəkəcəksən də!? Güya sən məni belə çox istəyirsən və mənim ölümümə dözməzsən də!? Belə hallarda babat gülürəm.

Başınızı çox ağrıtmayım. Əgər oxudunuzsa, mənimlə dərdləşmiş oldunuz. Fikirlərinizi də yazının altına yazarsız, mən oxuyacağam. Xahiş edirəm, bu adətbazlar, mentalitetçilər, ənənəhərislər, həyatını inancla yaşayanlar kobud, qeyri-etik, təhqiramiz ifadələr yazmasınlar. Gedin, işinizlə məşğul olun. Mən gəlib sizi söyürəm? İrad tutmaqda, öz fikrinizi etik şəkildə bildirməkdə isə hər biriniz sərbəstsiniz və hörmətlə də qarşılayıram.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu