Modern.az

AMEA-nın həbs edilən eks-prezidenti, gözləri tutulan akademik - Eldar Salayev sabiqlərdən yeganə sağ qalanıdır…

AMEA-nın həbs edilən eks-prezidenti, gözləri tutulan akademik - Eldar Salayev sabiqlərdən yeganə sağ qalanıdır…

26 Mart 2015, 11:30

Bu alim Azərbaycan fizika elminə və Milli Elmlər Akademiyasına (AMEA) bir çox töhfələr verib. Lakin yaşlandığı vaxt o yaşadığı müəyyən hadisələrdən sonra ictimaiyyət üçün o qədər də açıq olmadı. Bir neçə il bundan əvvəl yerli media orqanlarının birinə verdiyi qısa açıqlamada isə əvvəlcə, “gözlərim tutulub, güclə hərəkət edirəm” deyəndən sonra əlavə edəcəkdi:

“Amma elm aləmində baş verən hər bir yeniliklə maraqlanıram. Tələbələrim mənə baş çəkirlər, öz işlərindən danışırlar. Məndən məsləhət alırlar. Elmi əsərlərim dünyanın aparıcı ölkələrinin nüfuzlu jurnallarında dərc olunur. Mənim özüm də bu yaşda bir gün belə, elmdən ayrılmamışam. İnsanın gözləri görməyə bilər, amma ağıl iti, ruh işıqlı olmalıdır ki, korluğun bilinməsin. Alimin gözü əslində onun dərrakəsi, təfəkkürüdür. Təfəkkürün işləyirsə, gözün görməməsi səni narahat etməməlidir. Elmi təfəkkürü olmayan insanın gözləri görsə də o kor sayılır”.

Modern.az saytı “Akademiya prezidentləri” rubrikasında AMEA-nın sayca yeddinci və hazırda ömür sürən yeganə sabiq prezidenti olan akademik Eldar Salayev haqqında yazını təqdim edir:

Bəzilərinə ictimai fəaliyyətinə görə tanış olan, bəzilərinin ümumiyyətlə tanımadığı, çox az kəsimin isə dəyərli elm xadimi kimi tanıdığı akademik Eldar Salayev 1933-cü ildə Naxçıvan şəhərində anadan olub. Məktəbi qızıl medalla bitirəndən sonra universitetin Fizika fakültəsinə daxil olub, oradan isə akademiyanın Fizika İnstitutuna təyinat alıb. Eldar Salayevin həm ölkə, həm ittifaq həcmində fizika elminə gətirdiyi yeniliklər haqqında az sonra danışılacaq. Əvvəlcə onu qeyd edək ki, Salayevin prezident olduğu 1983-1997-ci illər hər yerdə, bütün ittifaq və respublikada olduğu kimi akademiyada da ən qaranlıq bir dönəm idi. SSRİ-nin dağılması bu ittifaqa tabe olan ölkələr arasında da elmi əlaqəni kəsir. Eldar Salayev həmin qarışıq vaxtlarda bu əlaqələrin kəsilməməsi üçün maksimum addımlar atır. Sonra mübarizənin ikinci mərhələsi başlayır. Belə ki, hakimiyyətə gələn Xalq Cəbhəsi Elmlər Akademiyasının bağlanma fikrini ortaya atır. O zaman prezident olan Eldar Salayev bunun qəti əleyhinə çıxır. Bu iki misalı ondan ötrü çəkirik ki, elm qərargahı olan akademiyada Eldar Salayev zamanı elm naminə iş görməyin çətinliklərini əsaslandıraq. Amma buna baxmayaraq, həmin illərdə akademiyada bir neçə mühüm işlər görülür.

Eldar Salayev akademiyada gərgin siyasi-ictimai işlərin qarışıqlığı arasından bir neçə mühüm işlər görə bilir:

-Akademiyada dörd institutun əsasını qoyur: Əlyazmalar İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Millətlərarası Münasibətlər İnstitutu, Xəzərin Ekoloji problemləri İnstitutu.
Eldar Salayevin prezident kimi qarşısında duran proqram siyasətinin əsasını humanitar elmləri çox yaxşı nüfuza malik olan sənaye və dəqiq-texniki elmlərlə eyni müstəviyə qaldırmaq idi. Odur ki, yeni yaradılan institut və şöbələr bu proqram siyasətinin nəticəsi oldu;

- akademiya prezidentləri arasında ən çox o, Xəzərin və respublikanın artmaqda olan ekoloji problemlərinin qarşısını almaq üçün tədbirlər planı hazırlayır. Bu plana əsasən zavod və fabriklər, istehsalat müəssisələri akademiyaya hesabat verir;

- bir sıra regionlarda – Şamaxı, Naxçıvan, Şəki, Qubada elmi-tədqiqat institutları yaradılır.

- naşirlik fəaliyyətini aktual məsələlər siyahısına daxil edir. Bu addım həm akademiya daxilində, həm də xaricdə elmi məqalə və monoqrafiyaların çapını sürətləndirir.

Eldar Salayev ilkləri

Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı olan akademikin adı ilə bir sıra elmi ilklər bağlıdır:

- Kvazi-ikiölçülü və kvazi-birölçülü kristallar fizikasının əsasını qoyur;

- İlk dəfə o, lazer şüasının generaziyasını aşkar edib;

- SSRİ-də ilk dəfə laylı yarımkeçiricilərin kvant elektronikasının əsasını qoyub;

- Kosmik texnika və mikroelektron texnika sahəsində ilklərə imza atıb;

- Lazer və spontan şüalanma mənbələrinin və qəbuledicilərinin termoelektrik çeviricilərinin işlənib hazırlanması prosesini yaradıb. Bu işə görə alim Dövlət Mükafatına layiq görülüb.

- Qallium-selenid kristalını yetişdirib və onun əsasında lazer yaradıb.

SSRİ Elmlər Akademiyasının akademiki Qulyayaev öz fizik həmkarını bu cür xarakterizə edir:

“Eldar Salayev yarımkeçiricilər fizikası, kvant elekronikası, qeyri-xətti optika və infraqırmızı spektroskopiya sahəsinin nəhəng mütəxəssisidir. Ölkədə yeni elmi istiqamət - laylı yarımkeçiricilər fizikası və kvant elektronikası onun fəal iştirakı ilə yaradılıb. E.Salayev həm də səmərəli elmi pedoqoji və ictimai fəaliyyətlə də məşğuldur”.

Gözləri tutulan alim

“Biz hamimiz bir ananın –Azərbaycanın övladlarıyıq və ümid edirəm ki, haqqı tapdalanmış hər bir Azərbaycan vətəndaşının məhz Azərbaycan məhkəmələrində ədalət tapmaq imkanı olacaq. Həbs edildiyim zaman mənə mənəvi dəstək olmuş bütün şəxslərə bir daha öz dərin minnətdarlığımı bildirirəm”.

Bu sözləri 2005-ci ildə həbs olunsa da sonradan azadlığa buraxılan Eldar Salayev “Azadlıq radiosuna” açıqlamasında bildirib. Rubrikanın xətti əsasən elm və akademiya olduğuna görə həmin həbsi siyasi təfərrüatları haqqında danışmaq yersiz görünərdi. Bu onsuz da ictimai həyatı izləyən oxuculara məlumdur. Həm də yuxarıdakı elmi uğurlardan sonra birbaşa həbsin təfərrüatından söz açmaq yazıda “kaşa” effektini yarada bilər. Bu məqamı qabartmaqda məqsəd isə yenidən Eldar Salayevin ən başda sitat gətirdiyimiz müsahibəsinə qayıtmaq idi.
Akademik həmin həbsdən azad olandan bir müddət sonra gözləri tutulur. Bu faktı özü də qeyd edir. Onu da əlavə edək ki, qocaman alim hələ də bu problemdən əziyyət çəkir. Baxmayaraq ki, öz elmi işlərini davam etdirməyə çalışır:

“Tələbələrim mənə baş çəkirlər. AMEA-nın yeni prezidenti Akif Əlizadə ilə çox gözəl münasibətlərimiz var. O da əlaqə sxlayır. Hər şey qaydasındadır. Həyatda belə şeylər olur. Deyim ki, mən heç vaxt elmdən uzaq düşməmişəm. 1983-1997-ci illərdə AMEA-nın prezidenti olmuşam. 1997-ci ildən sonra elmi məqalələrim Amerikanın nüfuzlu jurnallarında dərc olunub. Həyatımın sonuna qədər elmi fəaliyyətimi davam etdirəcəm”.

Eldar Salayev 2005-ci il oktyabrın 17-də Milli Məclisin mühacirətdə olan eks-spikeri Rəsul Quliyevin Bakıya dönməsilə bağlı planlaşdırıldığı iddia olunan dövlət çevrilişinin təşkilində ittiham olunan keçmiş maliyyə naziri Fikrət Yusifovun izahatları əsasında saxlanılmışdı. Fikrət Yusifov istintaqa verdiyi ifadəsində dövlət çevrilişinə cəhdin maliyyələşdirilməsi üçün müxtəlif məmurlardan yığdığı pulları Eldar Salayevə verdiyini bildirirdi. Amma həmin il noyabrın 16-da Nəsimi Rayon Məhkəməsi qərarı ilə akademik Eldar Salayev həbsdən azad edilib.

Eldar Salayev özünü qalib hiss etmir

Eldar Salayev aşağıdakı açıqlamasıyla vətənini sevən şəxs, əsl ziyalı mövqeyi nümayiş etdirib desək, yanılmarıq.
“İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 9 noyabr 2010-cu il tarixli qərarı ilə mənim 27 oktyabr 2005-ci il tarixdə tutulmağım zamanı hüquqlarımın pozulması faktı təsdiqlənmişdir. Avropa Məhkəməsinin qərarının “Salayev Azərbaycana qarşı” adlandırılması mənim Azərbaycan dövlətinə qarşı olmağım kimi qiymətləndirilə bilməz”.

Akademik Eldar Salayev Avropa Məhkəməsinin noyabrın 9-da çıxardığı qərarla bağlı açıqlamasında belə deyib. O bildirib ki, heç zaman Azərbaycana qarşı olmayıb və dövlətə münasibətdə özümü qalib hesab etmir:

“Mənəvi ziyanın kompensasiyası ilə bağlı mənim tərəfimdən tələb irəli sürülməmişdi. Fikrimcə, şərəf və ləyaqət heç bir maddi dəyərlə qiymətləndirilə bilməz və mənim Azərbaycan dövlətinə qarşı hər-hansı maddi tələbim yoxdur”.

Eldar Salayev hüquqlarının bərpasına dair qərarın Azərbaycan məhkəmələri tərəfindən deyil, beynəlxalq məhkəmə tərəfindən qəbul edilməsini təəssüf hissi ilə qeyd edib:

“Biz hamimiz bir ananın –Azərbaycanın övladlarıyıq və ümid edirəm ki, haqqı tapdalanmış hər bir Azərbaycan vətəndaşının məhz Azərbaycan məhkəmələrində ədalət tapmaq imkanı olacaq. Həbs edildiyim zaman mənə mənəvi dəstək olmuş bütün şəxslərə bir daha öz dərin minnətdarlığımı bildirirəm”.

Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI