Azərbaycan kino tarixində elə rejissorlar var ki, onların ekranlaşdırdığı filmlər, rəng qatdığı obrazlar bu gün də sevilir, xatırlanır. Amma həmin rejissorların özləri yaddaşlardan silinməkdədirlər. Hərdən maraqla tamaşa etdiyimiz ekran əsərlərində həmin rejissorların adlarını heç titrlərdən belə, oxumuruq. Halbuki, ildə heç olmasa iki-üç dəfə baxdığımız “Şərikli çörək” filmi rejissor Şamil Mahmudbəyov olmadan ərsəyə gələ bilməzdi. Az qala bütün sözlərini əzbər bildiyimiz “Məşədi İbad” filmi və onun məzəli qəhrəmanları Hüseyn Seyidzadə olmadan öz ekran həllini tapa bilməzdi.
Modern.az saytı kino tarixində əvəzsiz işlər görən, lakin hazırda unudulmaqda olan rejissorlardan bəzilərini təqdim edir. Bu işdə kino mütəxəssislərinin də fikirlərini təqdim edəcəyik.
Hüseyn Seyidzadə bu rejissor hələ müharibə illərindən film çəkməyə başlasa da, ona rejissorluq “pasportunu” “Məşədi İbad” verdi. Bu film Azərbaycan kinosunda əsl inqilab yaratdı. Kütlənin kinoya axını məhz “Məşədi İbad”ın adı ilə bağlıdır. Bu filmdən sonra Hüseyn Seyidzadə “Koroğlu”, “Yenilməz batalyon”, “Dəli Kür”, “Qaynana” kimi məşhur filmlər çəkib. Lakin “Qatır Məmməd” filmində zəif və milli hislərə yad olan ssenari ilə razılaşmayaraq, filmdən imtina edib. Bundan sonra ona təzyiqlər başlayır. “Dərviş parisi partladır” filmi də onun əlindən alınır. Bu hadisədən sonra ürək xəstəliyi tapan rejissor çox keçmədən dünyasını dəyişir.
Şamil Mahmudbəyov çox təəsüflər ki, bu gün də unudulmaqda olan rejissorlar sırasında özünə yer almaqdadır. Baxmayaraq ki, təkcə “Şərikli çörək” filmi ona Azərbaycan kino tarixində əbədi yaşam “qarantiyası” vermişdi. Elə bu filmə görə də Şamil Mahmudbəyov dövlət mükafatına layiq görülüb. Rejissor bundan başqa “Romeo mənim qonşumdur”, “Qaraca qız”, “Liftçi qız”, “Həyat bizi sınayır” və bir çox filmlərə quruluş verməklə yanaşı, onlarla filmdə aktyor kimi də çıxış edib.
Əjdər İbrahimov bu gün barəsində o qədər də danışılmayan rejissorlardandır. O, əsl kino “əjdaha”sı idi. Həm Azərbaycan, həm SSRİ-nin xalq artisti adına layiq görülməsi, üç ölkənin mədəniyyət sahəsində ən nüfuzlu mükafatlarını qazanması onun keyfiyyət göstəricisidir. İbrahimovun kinoda əsas rejissor kimi ilk işi “Onun böyük ürəyi” filmi olub. Ona qədər isə “Görüş” və “Bəxtiyar” filmlərində ikinci rejissor kimi çalışıb. 1959-1962-ci illərdə Vyetnam Demokratik Respublikasında ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasına fəal iştirak edib. Əjdər İbrahimovun bədii rəhbərliyi ilə "İki əsgər", "Acgöz quş", "Bir payız günündə" filmləri çəkilib. Nəticədə Ə.İbrahimov Vyetnam Demokratik Respublikasının əmək ordeni olə təltif olunub. Rejissor bu gün bəlkə də Vyetnamda daha çox xatırlanır, nəinki bizdə...
Kamil Rüstəmbəyovun çəkdiyi “Axırıncı aşırım” filmində Qəmlonun, Kərbəlayi İsmayılın, Abbasqulu bəyin az qala bütün ironik ifadələri bu gün də zərbi-məsəl kimi səslənir. Rəhmətlik Məlik Dadaşovda (Qəmlo-red.) “Nə nişangaha gəlirlərrr!”, “Abbasqulu bəyin nazıyla çox oynıyırsan haa, Kərbəlayi” replikalarının təsirini və bu kimi digər məqamları ustalıqla görən şəxs bu adam idi. Uzun müddət AzTV-in baş rejissoru olan K.Rüstəmbəyov “Axırıncı aşırım”la bərabər “Gözlə məni” (baş rolda- Rasim Balayev və Həmidə Ömərova-red.), “Dağlarda döyüş” ( baş rolda Şahmar Ələkbərov-red.), “Aygün”, “Dərviş parisi partladır” kimi filmləri də lentə alıb. “Axırıncı aşırım” filminə baxanda titrləri oxumağı unutmayın.
Həbib İsmayılov. Bu rejissor məhsuldarlığına görə çoxlarından geri qalsa da, peşəkarlığına görə ondan beş-altı dəfə çox kino çəkən rhəmkarlarını qabaqlaya bilib. Onun adıyla iki böyük ekran əsəri – “Ögey ana” və Böyük dayaq” bağlıdır. Heç nə yox, bircə böyük Ceyhun Mirzəyevi filmə gətirmək elə Həbib İsmayılovu kino tarixində saxlamalıdır.
Lətif Səfərov. 7 yaşından həyatını kinoya bağlayan Səfərov təəssüflər olsun ki, faciəvi şəkildə dünyasını dəyişib. O. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Almaz”, “Sevil” kimi filmləri lentə alıb. Məşhur müğəni Şövkət Ələkbərovanın əri olan Lətif Səfərov ov tüfəngi ilə intihar edib.
Belə kinorejissorların siyahısını təbii ki, daha da uzatmaq olar. Amma kino bilicilərinin də məsələ ilə bağlı reaksiyasını bilmək maraqlıdır.
Onlarla filmin quruluşçu operatoru işləmiş kino mütəxəssisi Kənan Məmmədov da bu mövzuun onun yaralı yeri olduğunu bildirdi. Uzun illərdir ki, kinoya xidmət edən mütəxəssis düşünür ki, bu gün həqiqətən də əsl sənət yaradıcıları unudulmaqdadırlar:
“Mən pafosla danışmaq istəmirəm. Amma reallıq budur ki, bu gün həqiqətən də çox böyük iş görən rejissorlarımız unudulmaqdadırlar. Hanı Həsən Seyidbəyli? Niyə onun haqqlnda bir veriliş hazırlamırlar, niyə onu yad etmirlər?! Halbuki, Azərbaycan kinosuna canlı danışığı, obrazlılığı gətirən o, olub. Həsən müəllim böyük sənətkar idi. Olsun Hüseyn Seyidzadə. Hanı onun haqqında bir informasiya?! Nə zaman görmüşük ki, götürüb onu haqqında bircə cümləlik nəsə yazsınlar?! Düzdür, bizim kinostudiyanın həyətində kinofond var. Rəhbəri Cəmil Quliyevdir.
Hərdən kimisə yad edirlər. Amma o tədbirdə də yubilyarın 5-10 nəfər qohumu olur və 5-10 nəfər də kinostudiyanın öz işçiləri. Amma bu tədbirlər ictimailəşməlidir, böyük kütləyə çatmalıdır. Mən sizə təşəkkür edirəm ki, bu mövzunu işləyirsiniz. O boyda sənətkarlarımız kölgədə qalıb! Durun çıxaq şəhərə, Fəvvarələr meydanında sorğu keçirək, görək Arif Babayevi, Kamil Rüstəmbəyovu kim tanıyacaq? Nəinki cavanlar, heç qocalar da tanımayacaq!”.
Rejissor Rövşən Almuradlı isə məsələyə daha pozitiv yanaşdı. Oun fikrincə, hər zaman böyük rejissorlar elə kütlənin tanımadığı adamlar olublar:
“Gedək bir sorğu aparaq: soruşaq ki, “Məşədi İbad “ filmində baş rolun ifaçısı kimdir? Mən əminəm, 99 faiz adam deyəcək ki, Əliağa Ağayev. Amma soruşsaq ki, həmin filmin rejissoru kimdir, bu dəfə 99 faiz adam bilməyəcək ki, bu Hüseyn Seyidzadədir. Bu hər zaman belə olub. Rejissor həmişə kinoda kadr arxasında, teatrda isə kulisdə qalıb. Belə bir zarafat da var: kino yaxşı olanda deyirlər ki, bizimdir, yaxşı olmayanda deyirlər ki, rejissor çəkib, onun filmidir. Hələ ölənləri demirəm, sağ qalanların içərisində də xatırlanmayan rejissorlar var. Bu nəinki Azərbaycan, dünya kinosu üçün təbii hal hesab edilməlidir. Əsas odur ki, kino var. Çəkdiyi kinonun varlığı elə rejissorun öz varlığı deməkdir.”
Elmi NURİ