Modern.az

Ənvər paşa Azərbaycana xüsusi məhəbbəti olan görkəmli xadimdir - Tarixçi alim və araşdırmaçı

Ənvər paşa Azərbaycana xüsusi məhəbbəti olan görkəmli xadimdir - Tarixçi alim və araşdırmaçı

29 Mart 2015, 16:41


Türkiyə hərb tarixinin ən önəmli simalarından biri və Azərbaycan üçün də gərəkli addımlar atmış Ənvər paşanın nəvəsi Osman Mayatepek aprelin 2-də ilk dəfə olaraq Azərbaycana gələcək.

Modern.az saytının məlumatına görə, Osman Mayatepek Azərbaycana səfəri çərçivəsində media nümayəndələri və tarixçilərlə görüşəcək. 

Osman Mayatepek babası Ənvər paşa haqqında kitab da çap etdirib.

“Dədəm Ənvər paşa” adlanan kitabda müharibə illərinin hərbi naziri olmuş Ənvər paşa haqqında ayrı-ayrı mənbələrdə rast gəlinən tarixi yanlışlıqlar qabardılıb və onların düzgün variantları diqqətə çatdırılıb.

Azərbaycanın ziyalıları, xüsusən də tarixlə bağlı araşdırma aparan mütəxəssislər Osman Mayatepekin bu addımını müsbət qiymətləndirirlər. Onların fikrincə, bu addım həm Azərbaycan, həm də Türkiyədə Ənvər paşanın daha dərindən dəyərləndirmək  üçün çox yaxşı bir vasitədir.

Deputat, tarixçi alim Musa Qasımlı Ənvər paşanın nəvəsinin bu addımının vacibliyini belə dəyərləndirir: 

Birinci Dünya Müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasətini və 1920-1922-ci illərdə SSRİ - Türkiyə münasibətlərini müxtəlif ölkələrin ən mötəbər arxiv mənbələri əsasında araşdıran bir tədqiqatçı olaraq deyə bilərəm ki, Ənvər paşa Azərbaycana xüsusi məhəbbəti olan görkəmli dövlət və hərb xadimidir. Onun haqqında yazılası məsələlər çoxdur. Birinci Dünya Müharibəsi illərində Bakı şəhərinin yadelli işğalçılardan azad edilməsinə dair müstəsna tarixi əhəmiyyət daşıyan göstərişlər verib. Osmanlı müharibədə məğlub olduqdan sonra da Ənvər paşa Azərbaycana isti münasibət bəsləyib. Azərbaycan sovetləşdirildikdən sonra Azərbaycanda olub. 1920-ci ilin sentyabrında Bakıda keçirilən şərq xalqlarının I qurultayında  bir neçə ideoloji istiqamətli türk nümayəndələri ilə yanaşı, Ənvər paşa da iştirak edib. Lakin bolşevik xadimləri ona nəzərdə tutulan məruzəsini etməyə icazə verməyiblər. Kommunist İnternasionalı  İcraiyyə Komitəsinin sədri  Zinovyevin təklifi ilə Ənvər paşanın məruzəsini bolşevik Ostrovski  oxuyub. Məruzədə onun belə bir fikri yer almışdı: “Bizim Azərbaycan haqqında başqa heç bir fikrimiz yox idi, biz Azərbaycanın müstəqil olmasını istəyirdik, əgər biz səhv etmişiksə, bu, bizim faciəmizdir”. 

Ənvər paşa sovet lideri Vladimir İliç Leninlə görüşüb ingilislərə qarşı birgə mübarizə məsələlərini müzakirə etmək istəyib. Bu barədə təkliflərini Nəriman Nərimanov vasitə ilə Moskvaya çatdırıb. Özü də Moskvaya gəlib. Hətta Nərimanovun xahişindən sonra RSFSR  xalq xarici işlər komissarı Çiçerin bu barədə Lenindən dəfələrlə xahiş də edib. Lakin Lenin Mustafa Kamal Atatürkün narahat olacağından çəkinərək, “onun xoşuna getməz” deyərək, Ənvər paşanı qəbul etməyib. Ənvər paşanın türk dilində iki qəzet buraxmaq xahişi Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun iclasında müzakirə olunub. Lakin xalq milli məsələlər komissarı İosif Stalinin etirazından sonra rədd edilib.

Bundan sonra Leninin Ənvər paşaya münasibəti dəyişib. Məxfi arxiv sənədlərindən aydın olur ki, istiqlal savaşında Mustafa Kamal Atatürkün bir-birinin ardınca qələbələr qazandığını görən RK (b) P MK Siyasi Bürosu Ənvər paşanın əvvəlcə gözdən salınmasına və ingilis agenti elan edilməsinə dair gizli göstəriş verib. Onu Türküstana göndəriblər.  Bu, Ənvər paşanın ölümə göndərilməsi demək  idi. Burada Ənvər paşa sovet hakimiyyəti əleyhinə olan basmaçılara qoşulub. Lenin Ənvər paşanın sovet-türk münasibətlərində artıq adama çevrildiyini görüb, öldürülməsi üçün işarə verib. Ənvər paşa 1922-ci il avqustun 4-də, Qurban bayramı günlərində Tacikistanda Belçivan yaxınlarında məsciddə namaz qılıb çıxarkən Akop Melkonyan komandanlığında bolşevik ordularının atdığı  top atəşi ilə  öldürülüb. Çeğen kəndində dəfn edilib. Sonralar məzarı Türkiyəyə köçürülüb.

Ənvər paşa ölkəmizdə adı xüsusi hörmətlə çəkilən və xatirəsi daim yad edilən bir şəxsdir”.

Ənvər paşa, Nuru paşa və Qafqaz İslam ordusu ilə bağlı tədqiqatlar aparan araşdırmaçı-jurnalist, “Şərq” qəzetinin  baş redaktoru Akif Aşırlının fikrincə, Türkiyədə bu gün də öz layiqli dəyərini ala bilməyən Ənvər paşa üçün bu addımın atılması vacib bir haldır:

“Ənvər paşaya Türkiyənin rəsmi tarixşünaslığında birmənalı münasibət yoxdur. Onu Sarıqamış əməliyyatının başlamasında və I Dünya Müharibəsinə qoşulmaqda günahlandırırlar. Ənvər paşa öz tarixi dəyərini ala bilməyən bir şəxsiyyətdir. Amma Türkiyə tarixində Ənvər paşanın rolu əvəzsizdir və bu qiymətləndirilməlidir. Ənvər paşanın Azərbaycanla da çox ciddi bağlantıları olub. Qazqaz İslam ordusunu da Ənvər paşa yaradıb. Düzdür, bunun ideyasını o zaman Azərbaycana rəhbərlik edən aydınlar, ən birinci Fətəli xan Xoyskinin qardaşı Aslan Xoyski verib və Türkiyə ilə də bu barədə danışıqlar aparıblar. Amma o zaman Türkiyənin hərbiyyə naziri Ənvər paşa idi və təbii ki, onun razılığı da əsas şərt idi.

Ənvər paşa Azərbaycana da səfər etdi. Təəssüf ki, o səfər edən zaman Xalq Cümhuriyyətini görə bilmədi. Çünki artıq 1920-ci il idi və Azərbaycanı tamam başqa siyasi quruluş idarə edirdi. Əlimərdan bəy Topçubaşov AXC-nin diplomatik nümayəndəsi kimi Türkiyəyə səfər edərkən orada Ənvər paşaya demişdi ki,  Azərbaycana dəvət edirəm, orada yaxşı üzüm və su var. Ənvər paşa da demişdi ki, mənim həm qardaşım, həm də atam oradadırlar. Mən də Azərbaycana gələcəyəm. Amma çox təəssüf ki, o, ancaq Şərq xalqlarının I qurultayına gələ bilir.

Ənvər paşa Bakıya gəldiyi zaman kütlə arasında çox böyük uizdiham yaşanır. Elə adamlar var idi ki, onu görməkdən ötrü özlərini qatarın altına atsınlar.

Onu da qeyd edək ki, Ənvər paşa Bakıda olduğu zaman ona qarşı sui-qəsd hazırlansa da, baş tutmamışdı. Bakıdan sonra Ənvər paşa Orta Asiyaya gedib bolşeviklərə qarşı hərəkata rəhbərlik etdi və 1923-cü ildə həlak oldu”.

Elmin NURİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI