Modern.az

Sufi gözüylə qadın: Seyid Mir Həmzə Nigarinin ilahi eşq anlayışına dair

Sufi gözüylə qadın: Seyid Mir Həmzə Nigarinin ilahi eşq anlayışına dair

30 Mart 2015, 16:25


İslam sivilizasiyasnında bir çox rasional elmlər kimi mistik-təsəvvüfi elmlər də yüksək səviyyədə inkişaf edib. Belə ki, İbn Ərəbi, Nizami Gəncəvi, Sadrəddin Konəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və s. sufi-şairlər sufi anlayışa müvafiq olaraq qadın gözəlliyindən mütləq gözəllik sahibi olan Tanrının ``Cəmil``(gözəl) atributunu (sifət) təsvir və tərənnüm etmək üçün istifadə ediblər.

Təsadüfi deyil ki, təsəvvüf sahəsinin ən məşhur sufi mütəfəkkirlərindən Şeyx İbn Ərəbi Məkkədə yaşayarkən “Tərcümanu`l-Əşvaq” (arzuların tərcüməçisi) adlı bir əsər qələmə alır. O, burada Tanrıya olan sevgisini və məhəbbətini Məkkədə yaşayan Nizam adlı gözəl xanımdan ilham alaraq 600 beytdə şeir diliylə təsvir edir. İbn Ərəbiyə görə Nizam mənəvi cazibəsi ilə birlikdə Allahın gözəllik atributunun fiziki görünüş vasitəsilə də əks etdirən ilahi bir xəzinədir. Ancaq Məkkə əhalisi İbn Ərəbinin bu qadına vurulduğunu zənn edir və onun bu əsərini bu istiqamətdə anlayır. İbn Ərəbi məsələdən agah olan kimi yenidən öz əsərinə bir şərh yazır və əsərinin adını “Arzuların tərcüməsinin şərhi” adlandırır. İbn Ərəbi bu şərhdə açıq şəkildə Məkkə əhalisinə bildirir ki, o qətiyyən şeirdə qeyd olunan Məkkəli qadını sevmir. O, qadının gözəl üzlü və xoşrəftar olmasından xəyali mənada istifadə edərək özünün Tanrıya olan əbədi sevgisini bildirməyə cəhd edir. Qadın gözəlliyi nisbi, Tanrının gözəlliyi isə mütləqdir. İbn Ərəbi bu mənada özünün ilahi eşq anlayışını qadın gözəlliyindən istifadə edərək dildəki məcaz və metaforik ifadələr vasitəsilə izah etməyə çalışır.

Seyid Mir Həmzə Nigarinin yaradıcılığının əsas istiqamətlərindən biri də yar, sevgili və ən nəhayət aşiq olduğu şəxs vasitəsilə “mütləq gözəlliyi” təsvir və tərənnüm etmək olub. Maraqlı cəhətlərdən biri də budur ki, Nigari bunu öz həyatında yaşayıb və Nigari təxəllüsünün də almasına bu səbəb olub:

Alıbdır canımı qəmzə,
Düşübdür könlümə lərzə,
Hər bir aşiq Mir Həmzə,
Hər bir dilbər Nigar olmaz.

Qadının mütləq Tanrı gözəlliyini ifadə etmək üçün mücəssəm varlıq olaraq istifadə olunması Məhəmməd Füzuli yaradıcılığında da ən əsas məqamlardan biridir. Məhz onun “Leyli və Məcnun” əsəri də İlahi eşqi Məcnun dili və Leyli vasitəsilə tərənnümdən başqa məna daşımır. Ümumiyyətlə bütün müsəlman mütəfəkkir və sufilər qadın gözəlliyindən istifadə edərək hər zaman bu vasitə ilə mütləq gözəlliyi konkret mənada təsvir etməyə çalışmışlar. Nigari bəşəri və ilahi eşqin mahiyyətini Leyla və Mövla məfhumları kontekstində belə açıqlayır:

Leyla dəlisi degil bu məcnun,
Mövla dəlisidir ol cigərxun.

Burada qeyd olunması vacib olan məqamlardan biri də odur ki, insanın emosianal hissləri, sevgisi və düşüncələri ancaq konkretləşdiyi və mücəssəm hala gəldiyinidə məna kəsb edir. Çünki bu məfhumlar mücərrəd və ilahi aləmə məxsusdurlar. İnsan dil və düşüncəsi vasitəsilə bu mücərrəd hisslərini konkret aləmdəki vasitələr ilə mücəssəm hala gətirdiyində başa düşülən olur. Məhz bu kontekstdə hiss, düşüncə və konkretlik vəhdət təşkil edərək sufilərin və şairlərin öz fikirlərini  məcaz və simvollarla ifadə etməsinə şərait yaradır. Məhz bu mənada Seyid Nigari dildəki rəmz və metaforlar sayəsində ilahi eşqin mahiyyətiniu belə ifadə edir:

Məzaqi-anı Leylayı giriftar olmayan bilməz
Şərabın nəşəsini zira şərab-xar olmayan bilməz

Degül vaqif rumuza görməyənlər nərgis-i məstin
Rumuz-i nərgis-i məstin nazar-dar olmayan bilməz

Həvayi zülfdədnir aşiqi-şeydaya cəmiyyət
Bu karı zülf ilə həm-rəng həm kar olmayan bilməz

Bu beytlərdə qeyd olunan rəmzlər, yəni ``şərab``(Allah eşqi), zülf (Tanrının mahiyyəti) və s. məfhumlar birbaşa qadın gözəlliyinə məxsus olan atributların ilahi eşqin təsviri üçün dildəki məcaz və metaforlar vasitəsilə ifadə olunmasıdır.

Seyid Nigari aşağıdakı beytdə ``məhəbbət badəsi`` vasitəsilə metaforik mənada yarının itinin ayağını belə öpdüyünü söyləyir. Əlbəttə ki, burada itin məcaz olaraq işlədilməsi ilahi eşqin təcəssüm etdiyi qadın səbəbiylədir:

Bir kəlbin ayağından öpdüm dedilərki kim bu
Kəlban-i sər-i kuy-i dildar ilədir ahbab
Ey Mir Nigari ol badə-i məhəbbətdən 
Can cəzbədədir daim tən-lərzədədir bi-tab

Sufi şairimiz Nigari belə bir vəziyyətdə olmasının səbəbini, ən son misralarda ilahi cəzbə nəticəsində  və bədəninin titrəməkdə olduğunu qeyd edir.

Digər bir beytdə isə  Nigari, ilahi eşqin Allahın bəxş etdiyi bir badə, qədəhsiz içildiyini və bunun mənəvi badə olduğunu vurğulayır:

Anlagil eşq nədir dinlə nə mənadır bu,
Badə-i lütf-i Xuda bəxşiş-i Mövladır bu
İçəlim şamu-səhər içrə və lakin bi-cam,
Cama hacət mi olur badə-i mənadır bu.

Burada vurğulanması vacib olan məqamlardan biri odur ki, klassik şeir ənənəmizdə, xüsusilə fəlsəfi-təsəvvüfi şeiriyyətdə əsas qayə ilahi eşq badəsini içmək olmuşdur. Müasir dövrdə, yəni metafizik dəyərlərin şüurları və şeiriyyəti tərk etməsi sayəsində Nigari kimi metafizik və dini dəyərləri dərindən bilib öz şeiriyyətində bunu ifadə edənlərin anlaşılması çətindir. Belə ki, sekulyar şeir yar, sevgili və digər varlıqlara bəslənən eşqin fövqündə ilahi eşqi qəbul etmir və ya bu sahənin Vitgenşteynin ifadəsi ilə qeyd edersək ``susqunluq sahəsi`` olduğunu qeyd edirlər. Halbuki, klassik metafizik şeir nümunələri bunu metafor, məcaz və təşbehlər sayəsində mümkün olduğunu nəzərə çatdırır.

Bu kontekstdə mövzumuz və Nigari ilə bağlı olduğu üçün bir məsələyə toxunmaq  yerində olardı. Məşhur Azərbaycan yazıçısı İsmayıl Şıxlıının ``Dəli Kür`` adlı əsəri və onun əsasında çəkilmiş filmdə Molla Sadıxın ``mürşidimiz Nigari bəndəyə olan eşq Allaha olan eşqdir, bəndələrin bir-birlərinə olan eşqi Allaha olan eşqdir`` deyib qadınlı-kişili çalıb oynayaraq qeyri-etik dərəcədə bunu göstərmələrinin izah olunması vacib olan məsələlərdən birdir. Belə ki, sovet dövründə digər klassik sufi-şairlərimiz kimi Nigarinin şeirləri də sekulyar mənada dəyərləndirilərək onun qadına münasibəti ilahi eşq kontekstindən çıxardılaraq dünyəvi istiqamətdə şərh edilmişdir deyə bilərik. Digər tərəfdən yazıçının o dövrdə əsil təsəvvüfi düçüncəyə müvafiq olmayan Molla Sadıxın təmsil etdiyi belə bir təriqətin olmasını tarixi romanda qeyd etməsi, eyni zamanda tarixi realllıq ehtimalını da gücləndirir. Halbuki Seyid Nigarinin yaradıcılığı heç bir zaman bele dünyəvi kontekstlərdə anlaşıla bilməz.  

Bu məqamda qeyd etməliyəm ki, Nigarinin 1890-cı ildə müridləri tərəfindən  inşa olunan türbəsinin  dövrümüzdə Nigarinin həmyerlisi, dostu və yaxın sirdaşı Səfər bəyin qız nəvəsi Nərminə xanım İskəndərzadə tərəfindən yenidən bərpa edilməsi, Nigarinin qadın gözəlliyi vasitəsilə İlahi gözəllikləri tərənnüm və təsvir etdiyinin möcüzəvi təsdiqini də ehtiva edir. Təsadüfi deyil ki, ``Şeyx Nigari Turbəsi`` adlı poemada məşhur şairimiz Nəriman Həsənzadə şeir diliylə Nigar və Nərminə xanımların timsalında bəşəri eşqdən ilahi eşqə keçmənin sirrini xüsusi metafizik dərinlikdə təqdim edir:

Mənə evlən deyən bədbəxt,
Tanrıya oxşardı Nigar.
Mən kisəndən ayrılmaram,
ayrılan yollardıNigar.

Mənimlə danışan – Haqdı,
məni danışdıran – Haqdı
Tanrı haqdıQuran haqdı,
qalanı inkardı Nigar.

AllahAllahYüz il keçir,
Səfər bəyin əvəzinə, –
Qız nəvəsi həyat verir
Nigarinin Türbəsinə.    

Ötən bulud, çaxan şimşək
İçindəymiş çölündəymiş.
Bu Türbənin taleyitək
bir xanımın əlindəymiş!
Bu sevdanın Sirri nəymiş?

Seyid-Nigar” dastanıdı
sən hördüyün şah misralar.
Hünər qadın hünəridi,
bu hökmü də zaman verir.
Sən – Türbəni göstərirsən,
Türbə – səni nişan verir.

Yuxarıda şairin qeyd etdiyi ``Bu sevdanın sirri nəymiş?`` sualı bu poemanın içərisində cavablandırılır. Digər tərəfdən Seyid Nigarinin bəşəri eşq vasitəslə ilahi gözəllikləri tərənnüm və təsvir etməsi eyni zamanda müasir dövrdə də metafizik anlayış və dəyərlərin xalqımız tərəfindən tərk edilməməsi nəticəsində davam etdiyini göstərir. Əlbəttə ki, bunun ən bariz nümunəsini Nərminə xanım İskəndərzadənin Seyid Mir Həmzə Nigariyə bəslədiyi sonsuz məhəbbət və ehtiramın nəticəsi olaraq Amasya şəhərində bərpa etdirdiyi Şeyx Nigari Turbəsi timsalında görmək mümkündür.

Rəşad İlyasov
AMEA-Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI