“Atam əllərimi bağlayıb nar çubuğu ilə döydü”
Modern.az saytının “Mənim kəndim” layihəsində əyalətdə, eləcə də paytaxt Bakının kənd-qəsəbələrində doğulub-böyüyən ziyalılar, ictimai və mədəni xadimlər, jurnalistlər təəssüratlarını bölüşürlər. Bu dəfə tanınmış yazar, ssenarist Kənan Hacı doğulub-böyüdüyü Bakının Buzovna kəndi, oradakı uşaqlıq illərindən danışıb.
Bu müsahibə deyil, daha çox “ürəkboşaltma” söhbəti olduğu üçün əvvəldən-axıra həmsöhbətə danışmaq imkanı verilir:
Kənan Hacı o yerləri, o illəri belə xatırlayır:
Mənim kəndim
- Buzovna kəndi qədim yaşayış yerlərindəndir, burada əhali əsasən əkinçilik və bostançılıqla məşğul olub. Bəziləri buranı axar-baxarlı məkan kimi “Bəzanə” adlandırırmış. Amma nədənsə çoxları Buzovna sözünü “buzov ovu” kimi başa düşür. Hətta bəzi tədqiqatçılar da bu cür yanlışlığa yol verirlər. Məşhur tarixçi alim Berezin isə ən düzgün nəticəyə gəlib, onun fikrincə, Buzovna sözünün mənası boz oğuzlarla əlaqəlidir, bu yerlər bozaq tayfalarının qədim məskəni olub. Kəndin ərazisində Qafqaz Albaniyasının islama qədərki dövrünə aid memarlıq abidəsinin qalıqları var. Uşaq vaxtlarımda yaşıdlarımla, çox vaxt təkbətək bu məbədin böyründən keçəndə o qorxunc, qaramat görünüşü ilə həmişə məndə vahimə oyadırdı. O abidəyə kənd içində Nəsrani məscidi, Tərsa piri deyirlər və həmin ərazi Nəsrani məhəlləsi adlanır. Bu haqda “Yaddaş kartı” kitabımda geniş yazmışam, yenicə tamamladığım “Fironun dəftəri” romanında da bu kəndlə bağlı geniş təsvirlər var.
Bakının müqəddəs ocaqlarından biri də bu kənddə yerləşir: “Əli ayağı ziyarətgahı”. Bu ziyarətgah dənizin kənarındadır, ziyarətgahdan çıxan su ilə dənizin arasında cəmi 100 metr məsafə var, amma neçə illərdir bura insanlar axın edir, həmin bulağın suyundan içib şəfa tapanların sayı-heabı yoxdur. Buzovna, ümumiyyətlə, dini inanclara, adət-ənənələrə son dərəcə bağlı bir kənddir. Bu kəndin sakinlərinin böyük əksəriyyəti fatalist düşüncəlidir. Cümə məscidinin əsasını qoyan Kərbəlayi İmran ovsunçu imiş. Deyilənə görə, ilanı əli ilə tutarmış, həyət-bacasına ilan girən adamlar gedib Kərbəlayi İmranı gətirərmişlər ki, onu zərərsizləşdirsin. 1905-1906-ci illərdə erməni-müsəlman davası qızışan vaxt məscidin tikintisi yarımçıq qalır, sovet höküməti qurulandan sonra həmin məscid taxıl anbarına çevrilib, bir müddət sonra isə mağaza kimi fəaliyyət göstərib. Üç dəfə bu məscidin tikintisi yarımçıq qalıb. Azərbaycan müstəqillik qazandıqdan sonra məscid bərpa olundu və əvvəlki statusunu qazandı.
Bizim kənddə Hacı İsgəndər adlı xalq qəhrəmanı olub. O 1918-ci ildə kənd cavanlarını başına toplayıb ermənilərə qarşı xüsusi dəstələr yaradıb. Həmin dövrdə öz mülkündə Azərbaycanı erməni işğalından xilas etmiş Türk-Qafqaz Ordusunun komandanı Nuru Paşanı qəbul edib və Nuru Paşa ona qızıl kəmər bağışlayıb, “Türk qəhrəmanı” medalını təqdim edib. 1937-ci ildə Hacı İsgəndəri gedər-gəlməzə yollayıblar. Sonralar həmin mülk kluba çevrildi. İndi də mədəniyyət evi kimi fəaliyyət göstərir.
Amma onu da qeyd edim ki, müasirlik günbəgün kəndi udur, kənd yeniləndikcə sanki əvvəlki ruhunu itirir. Kəndin yollarına asfalt çəkiləndə köhnə kişilərin izi də o asfaltın altında qalıb itir. Ucalan hündür divarların hər biri mənim sanki keçmişimə sədd çəkir, məni o xatirələrdən ayırır. Mənim uşaqlıq adlı vətənimi beləcə hasara alıblar.
O kənddəki uşaqlıq illəri
- Ata-anamın madar balası olmuşam, məni çox ərköyün böyüdüblər. İçimdə kök salmış tənhalıq hissi uşaqlığımdan qalan yeganə diri detaldır. İnsan kimi mən öz növümü müəyyən etməyə çalışanda, hər dəfə bu nəticəyə gəlirəm: tənha insan növü. Görünür, valideynlərim uşaqlıqda qapalı böyütməklə özləri də bilmədən o tənhalıq hissini mənim içimdə yetişdiriblər. Dəfələrlə səbəbsiz evdən qaçıb getmişəm. 16 yaşım olanda evdəkilərdən xəbərsiz təyyarə ilə Kiyevə uçmuşdum. Bir müddət oralarda avaralandım, sonra tanış kənd uşaqları bilet alıb məni Bakıya yola saldılar. Dedilər, buralar sənlik deyil, get dərslərini oxu. İndi də təəssüf edirəm ki, valideynlərimlə heç bir fotom yoxdur. Bircə fotomuz var, mən 11 aylıq olanda çəkilib, anamın qucağındayam, atamla anam divanda oturublar. Vəssalam. Bu, bizim həyatda ilk və son fotomuzdur. Sonrakı dövrdə heç vaxt ağlımıza gəlməyib ki, birlikdə şəkil çəkdirək. Həmişə buna görə təəssüf hissi keçirmişəm. Məni kədərləndirən bir məqam da var, anam uşaqlıq geyimlərimi ciddi-cəhdlə qoruyub saxlayırdı, deyirdi bunları nəvəm üçün saxlamışam. Nəvə görmədən dünyadan getdi, o paltarlar da it-bata düşdü.
Yaddan çıxmayan ata şilləsi
- Atam çox zəhmli, zabitəli kişi idi. Ondan möhkəm qorxurdum. Məni heç vaxt döyməmişdi. Amma bir dəfə evə çox gec gəldiyim üçün əl-ayağımı bağlayıb nar çubuğu ilə canıma yaxşıca döşədi. Onda 12-13 yaşım vardı, uşaqlara qoşulub futbol oynamağa getmişdim, evə qayıdanda artıq hava çoxdan qaralmışdı. Bilirdim ki, evdə vəziyyətim yaxşı olmayacaq, amma bu cür döyüləcəyimi ağlıma gətirmirdim. Kişi mənə qəzəblənəndə həmişə anam araya girərdi, bu dəfə anamı da yaxın buraxmadı, anam yaxınlaşanda dedi ki, yaxın gəlsən, səni də çubuğun altına salacağam! O əhvalatdan sonra bir daha mənə əl qaldırmadı.
Heç zaman unudulmayan xatirələr
- Birinci sinfə gedərkən artıq bütün hərfləri bilirdim, anam hamısını öyrətmişdi. Hələ də özüm üçün aydınlaşdıra bilmirəm ki, Brejnevin şəkillərinə dərin maraq hissi məndə haradan, nədən qaynaqlanırdı? Ona qarşı məndə qəribə bir uşaq sevgisi əmələ gəlmişdi. Qəzet köşklərində üz qabığını baş katibin rəngli şəkli bəzəyən jurnalları görəndə valideynlərimi məcbur edirdim ki, həmin jurnalı mənim üçün alsınlar. Bir dəfə 9-cu, ya da deyəsən, 10-cu sinifdə oxuyurdum, orta məktəbin idman zalında yerə atılmış bir kitab diqqətimi çəkdi, toz basmış kitabı götürdüm. Kitabın adı beləydi: “L.İ. Brejnev Azərbaycanda”. Üz qabığında Brejnevin Bakıya sonuncu gəlişi zamanı Heydər Əliyevlə birlikdə qarşılanma zamanı çəkilən şəkli həkk olunmuşdu. Həmin kitab indi də kitabxanamda qalır.
Mənə elə gəlirdi ki, Brejnev sovetlər birliyinin ən ədalətli padşahıydı. Atam Brejnevə “Birijno” deyirdi.
Qonşumuzun oğlu Oqtay əsgərlikdən təzə qayıtmışdı, əynindəki əsgər forması o qədər xoşuma gəlmişdi ki, mən də onun kimi əsgər olmaq və həmin formadan geyinmək istəyilə alışıb-yanırdım. Oqtay əynindəki əsgər geyiminə heyranlıqla baxdığımı görüb qulağıma pıçıldadı ki, darıxma, furajkayla kəməri sənə bağışlayacağam. Kişi kimi də sözünün üstündə durdu, üstündən iki gün keçəndən sonra özü məni çağırdı ki, gəl, dediklərimi sənə verim. Yadımdadır, həmin o furajka başımda, toqqasında sovet hökümətinin gerbi bərq vuran əsgər kəmərini də belimə bərkidib küçə qapısına çıxırdım və gəlib-gedənə “çest” verirdim. Böyüklər də mənə baxıb gülürdülər, bəziləri əsgəri salamıma qarşılıq olaraq əllərini gicgahlarına aparırdılar.
Mənə yaşıl rəngli plastmas “lapatka” almışdılar, bir də görürdün, “lapatka”nı sinəmə sıxıb saz əvəzi “dınqıldadırdım”.
Kənd elə yerdir ki, burada mühit deyilən bir şey olmur, burada ancaq “kruq” deyilən bir məfhum var, o “kruq”a düşənlərin də çoxu avara, qumarbaz, narkoman olurdu.
Xoşbəxtlikdən o bataqlıq məni özünə çəkə bilmədi. Amma nə qədər özünü qorusan da kənddə yaşayırsansa, istər-istəməz “kruq”lardan birinə düşməlisən. Mən əyyaşla da, narkomanla da, qumarbazla da oturub-durmuşam, “pijon”luq elədiyim, günlərlə evə gəlmədiyim vaxtlar da olub, qazandığım pulları bir gecədə göyə sovurmuşam. Həyatımın bu məqamlarını “Çəhrayı qan” romanında qismən əks etdirmişəm. Ən əsası odur ki, damarlarımı iynədən qorudum, əlimi qumara öyrətmədim, bir ara badə ilə həmağuş olsam da, ona da “yox!” deməyi bacardım.
Kənddə yaxşı dostlarım var. Uşaqlıq dostum Ələkbər şirin, əlçatmaz, atalı-analı vaxtlarımın ən sadiq dostalrındandır, uşaqlığımız demək olar ki, birlikdə keçib. Rəhmətlik nənəsi Səkinə xala o qədər saf, qəlbi yuxa kimi kövrək bir qadındı ki, deyirdin, ilahi, yer üzündə bu qədər də büllur kimi şəffaf, təmiz insanlar var imiş. Sözündən-söhbətindən doymaq olmurdu. Çox vaxt eyvanda oturub yun çırpardı, Ələkbər balaca cızığından çıxanda Səkinə xalanın yun çubuğu işə düşürdü, onda mən bir göz qırpımında gözdən itirdim. İkimizin bir velosipedimiz vardı, bir dəfə o velosipedin “sep”i qəfildən necə yerindən çıxdısa, sərt divarla üzbəüz qaldım, velosiped divara çırpıldı, əllərimi divara dayaq etməsəydim, başım parçalanacaqdı. Ayaqlarımın dərisi sıyrılmışdı, hər iki əlimin içi göyərmişdi, biləklərimi tərpədə bilmirdim. Velosipedin qabaq təkəri qutab kimi bükülmüşdü...
Yaddan çıxmayan sevgi
- Sinfimizin ən gözəl qızı ilə bir parta arxasında otururdum. Bir dəfə hətta dinc durmayıb qızı qəfildən öpdüm. Onun anası da həmin məktəbdə coğrafiya müəlliməsi idi, qız ağlaya-ağlaya gedib anasına məndən şikayət elədi, o da sinfə gəlib məni hədələdi. Elə həmin gün qızın yerini dəyişdilər. Mən də acığa düşüb səhəri gün dərsə gəlmədim. İki-üç gün dərsə getmədim, axırda sinif rəhbərimiz anama dedi ki, uşaq dərsə gəlmir. Sonra məsələnin üstü açıldı, anam bir az öyüd-nəsihət verdi, bir az da danladı ki, ayıb deyil, camaatın qızını niyə öpürsən? Səhər məktəbə gedəndə birinci dərsdə hamı sinfə doldu, mən də ön cərgədə otururdum, yerimə keçəndə donub qaldım, həmin qız əvvəlki yerində oturmuşdu. Müəllim dedi ki, bax, qızı yenə öpüb eləməyəsən ha, yoxsa səni başqa sinfə keçirəcəm. Bu, birinci sinifdə olmuşdu. Orta məktəbi bitirənə qədər o qızı sevdim, sinfin bütün qızları, oğlanları bilirdi ki, mən o qızı sevirəm. Bəzən çantamı açanda görürdüm ki, hansısa qız xəlvəti “zapiska” yazıb qoyub ki, “səndən xoşum gəlir, niyə mənə tərəf baxmırsan?” Dönə-dönə xəttinə baxırdım ki, görəsən, bunu kim yazıb? Sinfə göz gəzdirirdim ki, heç olmasa, onu baxışlarından tutum. Bu mənada qızların həmişə mənə marağı olub. Amma orta məktəbi bitirənə qədər o qızla dost oldum, heç vaxt da ona “səni sevirəm” sözünü deyə bilmədim. Heç öpməyə də cəsarətim çatmadı. Sonuncu zəng günündə utana-utana dedi ki, birinci sinifdə məni öpməyin yadındadı? Mənsə elə bilirdim ki, bunu çoxdan unudub. Sən demə, unutmayıbmış.
Və məktəbimiz...
- 206 saylı məktəbin giriş qapısından hər gün bir müəllim keçir. Yenə də heyrət yaşını yaşayan uşaqlar bu geniş dünyanı onun səsinin işığında görürlər. O uşaqlara elə gəlir ki, yer üzündə həmin balaca sinif otağından özgə, ayrı heç bir şey yoxdur. O səsin sahibi Qasım müəllimdir. Mənim ilk müəllimim. O, mənim atamın da ilk müəllimi olub. Mən o məktəbi Qasım müəllimsiz təsəvvür edə bilmirəm.
Borclu olduğum müəllimlər...
- Orta məktəbdə mənə dərs demiş bütün müəllimlərimə özümü borclu sayıram. Qasım müəllimə, sinif rəhbərimiz olmuş Əsmət müəlliməyə, Arif müəllimə, Maqsud müəllimə, ədəbiyyat müəllimim Davud müəllimə, Xalidə müəlliməyə. Hər birini bu gün minnətdarlıqla xatırlayıram.
O məktəbdə oxuyanda...
- 4-cü sinfə qədər əlaçı olmuşam. Yuxarı siniflərdə zəif oxuyurdum. Texniki fənləri heç sevmirdim, amma ədəbiyyat həmişə ən çox sevdiyim fənn olub. Orta məktəb proqramından kənarda oxuduğum ədəbiyyat daha çox inkişaf etdirdi. Hələ o vaxtlar xarici ədəbiyyat oxumağa çox böyük həvəsim vardı. Xalidə müəllimə demişdi ki, oxuduqların haqqında ayrıca qeydlər apar. Bu vərdiş məndə orta məktəb illərindən yaranıb. Sonuncu siniflərdə dərslərimə daha çox diqqət yetirməyə başladım və kamal attestatımda qiymətlərin hamısı 4, 5-dir. Bircə, fizikadan 3 yazmışdılar.
Bu gün sizi darıxdıran kənd
- Kəndə gedəndə görürəm ki, bu, mənim uşaqlığımın kəndi deyil. Mənə tanış olan insanların çoxu dünyasını dəyişib. Zaman o kəndi mənim əlimdən alıb, kəndin əyninə şəhər donu geyindirib. Nostalji hisslərə həddən artıq aludə olmağın da belə fəsadları olur.
Elmin NURİ