Modern.az

Qəşəm Nəcəfzadə: "Balıqçıdan soruş, sən məni..."

Qəşəm Nəcəfzadə: "Balıqçıdan soruş, sən məni..."

31 Mart 2015, 22:36


Qəşəm Nəcəfzadə (Nəcəfov Qəşəm Mirzə oğlu) 1 aprel 1959-cu ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub.

1981- ci ildə Gəncə Dövlət Universitetinin Dil -Ədəbiyyat fakültəsini bitirib.

Uzun müddət İmişlidə və Bakıda Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib.

“Mədəniyyət” qəzetində məsul katib vəzifəsində çalışıb.

Hal-hazırda Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin üzvü, Uşaq ədəbiyyatı şöbəsinin rəhbəri, “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiridir.

2007-ci ildə Hollandiyada keçirilən 38-ci Beynəlxalq Poeziya Festivalında iştirak edib. 2006-cı ildə Tofiq Mahmud, 2008-ci ildə Beynəlxalq Rəsul Rza mükafatına layiq görülüb.  Şeirləri 20-dən çox dilə-ingilis, özbək, qırğız, fransız, alman, alban, tamil, gürcü, rus,ispan, fars, polyak və başqa dillərə tərcümə olunub. Şairin indiyə kimi 23 kitabı çap edilib. Bu kitablardan 7-i xarici ölkələrdə işıq üzü görüb.

Bu saat gəlirəm

 Oktayabrın əvvəlində gələcəkdim
 Bağışla bir az gecikirəm
 Bir az əlimdə ömür var
 Bir azda qəm…

 Mən gələnəcən mənimlə olduğun yerlərə get
 Xüsusən dəniz qırağına
 Balıqçıdan soruş, sən məni Qəşəmlə görməmisən ki? 
 Desə hə
 Onda mən sabaha gəlirəm

 Məni bizə çay verən qadının yadına sal
 De bir kök kişi, 
Saçı dağınıq
 Yorğun, parıltısız dişi
 Düymə gözlü
 Adı Qəşəm

 Orda, bir vaxtlar
 Pəncərənin qabağında 
 Mənimlə əyləşən görməmisən ki?
 Desə görmüşəm
 Onda bu gün gəlirəm

 Ayağın altında nazlanan toza
 Quşların ağzından tökülən səsə
 Və yaxud gizləndiyimiz adamlara
 Sual versən
 Mən onunla bu küçədə addımlayırdım
 Gördünüzmü?
Əgər xatırlasalar 
 Elə bu saat gəlirəm. 

***

Məni müharibəyə aparmayın

Məni müharibəyə aparmayın düşmən öldürən deyiləm
Mənə silah verməyin satıb kitab alacam
Mənə düşmən göstərməyin dost olacam
Şeir oxuyacam əsgərlərə  səhərdən- axşamacan
Məni müharibəyə aparmayın...

Qəflətən səngərdən çıxıb qışqıracam düşmənlərə
Eeyy, içinizdə şair varsa, gəlsin bura
Kim gəlsə üz- gözündən, saqqalından öpəcəm
Yeməyini , içməyini söruşacam,
Siz tərəfdən körpələr öldülərmi deyəcəm?
Üzr istəyib  əlillərdən, ərsizlərdən, ağlayacam....
Müharibəni oyunçağa çevirəcəm
Məni müharibəyə aparmayın.

Alın nə qədər istəyirsiziniz silah verim deyəcəm
Isti paltarınız yoxdursa, alın,
Yeməyiniz azdısa, götürün...
Bizdə saat 3-dür, siz də saat neçədir?
Deyin saatımı düzəldim.
Bəlkə siz də Viqtor Hüqonun “Səfillər”i ola
Sizi toyuma çağıracam gəlin...
Xəbərdar eləyirəm qaçın,
Bu gecə sizi qıracağıq.
Gəlin son dəfə öpüşək
Siz yaşamalısınız deyəcəm!
Məni müharibəyə aparmayın
Müharibəni  güldürəcəm
Müharibəni kiprit qutularından qurulmuş ev kimi uçurdacam
Müharibəni nigah kimi pozacam
İstəmirsiniz?
Onda
Yaxşısı budur, gedin rahat müharibənizi eləyin,
Məni  müharibəyə aparmayın... 

***

Həyatım haqqında bir neçə kəlmə

Cibimdəki sənədləri  metro qatarların  altına tullayıb
Gedib bir çiçəyn ləçəklərinin altında ağlamaq istəyirəm,
Qoymurlar,
Deyirlər, çiçəyi biz əkmişik.

Başımı götürüb Bakının ən ucqar kəndlərinin birində
Balaca bir koma tikmək istəyirəm
Qovurlar
Deyirlər, torpağı biz yaratmışıq.

Dənizdən balıq tutmaq istəyirəm
Hasar çəkirlər
Çimmək istəyirəm
Pul istəyirlər
Deyirlər dəniz bizimdi...

Meşədə kölgəni də satırlar...
Deyirlər bizim ağacın kölgəsidir.

Imkanları olsa havanı da balonlara doldurub satarlar
Bir dəfə nəfəs almaq 10 qəpik...
Körpələr 5 qəpik
Qocalar 3 qəpik...
Şəhid  uşaqları 18 yaşına qədər pulsuz...

Allahım,
Mənə çiçək ver
Mənə meşə ver
Mənə dəniz ver
Mənə ev ver
Mənə hava ver....

***
Şəkil

Adam yaxınlarda yox,
Uzaqlarda şəkil çəkdirər.
Məsələn, əsgərlikdə,
Ya da 1-ci ildə...
Ya yıxılan halda
Ya qaçan vaxtı
Ya da gülən vəziyyətdə  şəkil...
Elə bir şəkil ki,  min il oxunub qurtara  bilməsin.

Partiya biletlərnin şəklilləri sahiblərinə bənzəmirlər
Çünki onlar həyatlarında yalnız birçə dəfə o cür dayanırlar
Heç uşaqlar da tanımaz atalarını.

Partiya sədrlərinə bir təklifim var
Atalar övladları ilə
Oğlanlar sevdikləri ilə
Babalar nəvələri ilə
Şəkil çəkdirib
Vursunlar biletin birinci səhifəsinə.

Çıxıb getmək istəyirəm
Şəkil çəkdirdiyim yerə
Şəkil çəkdirdiyim aya,
Şəkil çəkdirdiyim ilə.

Onsuzda çəkdirdiyimiz bütün şəkillər bir azdan uzaq olacaq
Elə bir uzaq ki, ora hələ  gedib çata bilməmişik!

***

Qızım, qələmim hanı?

Atan şair olmadı...
Qızım, sən tapıb gətirən qələmim hanı?
Sən də sevirdin qələmi, mən də
Sən oyunçaq kimi, mən şair kimi
Ikimiz bir qələm işlədirdik...

Atan şair olmadı....
Mən qələm axtaranda tez evciyini uçurdub qələmi  gətirərdin...
O qələm sənin yıxılmağına dəyməzmiş...
Mən sənin evciyini nahaq uçurdtum, qızım
Qələmin oyunçaq olmağı daha gözəlmiş.

Bir əlində eynək, birin də qələm
Yüyürüb üstünə gələndə, ata, al deyərək
Sonra məni izləyərək
Görən mən necə oynadıram  eynəyi, qələmi baxardın
Mən də küçədən gətirdiyim bir yöndəmsiz misranın hayındaydım.
Baxıb görərdin ki üzümdəki  qırışları yonuram...

Bir dəfə demişdim Yahudi şairi olacam
Eynəkli şair...
Sən deyirdin bizim şair ol, ata!

Atan şair olmadı...
Indi mən
Sənin evciyini uçurmağıma it kimi peşimanam, qızım.

***

Mikayıl Müşfiqin türmədki şəklinə

Hər bir şairin gözəl bir şəkli olsun gərək
Şeir yazmağa,
Divardan asmağa,
Üstünə gül qoymağa.
Nə qədər elədik bizim bir gözəl şəklimiz çıxmadı
Nə qədər, nə qədər  elədik, elədik
Ay kimi alnımıza güllə doğmadı,
Fotoqraf şəklimiz çəkmədi,
Dostlarımız üzümüzə durmadı,
Arvadimiz dəli olmadı, olmadı
Şəklimiz  gözəl çıxmadı,
Adam nə qədər şəkil çəkdirər,
Şəkil adama nə qədər oxşamaz,
Adamın üzündə  vaxt əylənməz,
Adamin üzündə zaman dayanmaz...

***

Bu bağ evimizdən yaxşıdı...

Bu bağ evimizdən yaxşıdı,
Arvaddan irəlidi  bu ağac.
Min oğula dəyər quşlar
Min gəlindən yaxşıdıır çiçəklərin ağır-ağır tərpənməyi
Sular televizordu, damcılar rəqqasələr .

Bu bağ evimizən yaxşıdı
Yarpaqlar nəlbəki, güllər stəkan.
Gecə göy üzünə çəkilmiş pərdə
Aysa  pəncərədən gileylənən  şam.

Bu bağ  evimizdən yaxşıdı
Ayağını yerə vur yadında qalsın yerin.
Əllərini yaylıq kmi sal çiynimə
Bəlkə hardasa çəkilir şəklin.

Bu bağ evimizdən yaxşıdı.
Yuxu tül yastıqdı başımız altda.
Quşlar yuvasında yuxuya batıb
Biz də islanırıq yuvanın altda.

Bu bağ evimizdən yaxşıdı
Bu bağda oğlumuz qızımız olsun.
Kipriyin toxunsun üzümə mənim,
Bu düyğu ən gözəl yazımız olsun.

***

Qırış fikirləri səslə ütülə

Boş saatlarında, dəqiqələrində
Çəkil pəncərəyə, aç pəncərəni.
Üç ay bundan  qabaq sənə yazdığım
Məktubun sonuncu sətrində dayan:
Görsən ki, dayanıb fkirli uşaq,
Çağır
Qırış fikirləri
Səslə ütülə.
Saçını qarışdır,
Adını soruş...
Bağla köynəyinin
Kimsəsizlik yeganəsi
Açıq qalan düyməsini...
Köynəyin nəmini, tərini hürküt,
Orda donub qalan soyuğu kirit.
Aç gündəliyini
Özünə oxşayan ikisinə bax,
Atası məktəbə gələn deyil,
Keçirt o uşağı , küçədən keçirt...

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı