Modern.az saytı “Bir kəndin məşhurları” rubrikasında növbəti yazını təqdim edir. Adından da göründüyü kimi, bu rubrikada eyni kənddən (yaxud qəsəbədən) olan tanınmış ziyalıları, elm, mədəniyyət, ədəbiyyat, idman adamlarını, eləcə də ictimai-siyasi sferaya mənsub olan şəxsləri təqdim edirik.
Bu dəfə Qazax rayonunun məşhur Şıxlı kəndi və onun yetirmələri haqda söhbət açacağıq. Qeyd edək ki, Şıxlı qədim olduğu qədər də böyük kənd olduğundan sovet dövründə Birinci Şıxlı və İkinci Şıxlı kimi ərazi vahidlərinə bölünüblər. Həmçinin ətrafdakı Muğanlı, Sadıqlı, Köçvəlli və digər kədlər də Şıxlının tərkibində olub.
Birinci Şıxlı
Əvvəlcə Birinci Şıxlı kəndi və onun yetirmələrindən söhbət açaq. Azərbaycana Şıxlinskilər nəslini, 4 xalq yazıçısı-şairini yetirən İkinci Şıxlı kəndi haqqında isə az sonra məlumat verəcəyik.
Qazax zonasının tanınmış şair-jurnalisti Fəxrəddin Vəlizadə Şıxlının kənd haqqında yazdığı “Birinci Şıxlı” kitabı maraqlı faktlarla zəngindir.
Birinci Şıxlı Bakı-Tiblisi şosse yolunun üstündə, Kür çayının sağ sahilində yerləşir. 2013-cü ildə Şıxlının əhalisinin sayı 3254 nəfər olub. Kənd 720 evdən ibarətdir.
Birinci Şıxlı orta məktəbinin tarix müəllimi olan Fəxrəddin Vəlizadə öz kitabında kəndin tarixi barəsində maraqlı fakt sadalayır:
“Məşhur Roma sərkərdəsi Pompeyin qoşunlarının keçdiyi ərazilərdən biri də Birinci Şıxlı olub, onun hücumuna məruz qalıb.
Qədim türk tayfalarından olan qıpçaqların XII əsrdə Borçalı ərazisində olduğu məlumdur. Qıpçaqlar Qazağın Birinci Şıxlı kəndi ərazisində məskunlaşmışlar....
...Xarəzmşah Cəlaləddin 1226-cı ildə Tiflisə görüşə gedərkən onun ordusu bu ərazidən keçib.
Əmir Teymurun 1386-cı ildə Azərbaycana, buradan isə Tiflisə hücumu zamanı Birinci Şıxlıdan keçdiyi həqiqətə uyğundur”.
Birinci Şıxlı kəndinin tarixi şəxsiyyətləri
İlk xatırlayacağımız şəxs Birinci Şıxlıda anadan olmasa da, taleh elə gətirir ki, həm onun özü, həm də bütün övladları, nəvə-nəticələri ömürlərini Birinci Şıxlı ilə bağlayırlar. Bu tarixi şəxsiyyət Qazaxın o zaman iki böyük şairindən biri Molla Vəli Vidadidir. 1725-ci ildə anası ilə Birinci Şıxlıya köçən Vəli (Xəstə Vidadi onun təxəllüsü olub -red.) orada Tükəzban adlı qızla evlənir və bir müddət Əhməd xanın katibi kimi də çalışır. Sonradan yaxın dostu və qohumu olan Molla Pənah Vaqiflə Qarabağın Gülüstan kəndinə gedir. Vaqif xan ailəsində qulluğa cəlb olunur. Vidadi isə sonra yenidən Birinci Şıxlıya qayıdır.1808-ci ildə dünyadan köçən şairin qəbri elə o kənddə yerləşir. Vidadinin 6 oğlu, 2 qızı olub. Oğlanlarından ikisi Vaqifin qızlarını alıb.
Vidadinin kiçik oğlu Müfti Osman Əfəndi Tiflisdə Zaqafqaziya sünni idarəsinin müftisi olub. Qeyd edək ki, Osman həm də Vaqifin kürəkəni idi. Bütün Qarabağ, Zəngəzur, Gəncəbasar, Borçalı torpaqlarında tanınan din xadimi olub. 100 yaşlı Vidadi ömrünün sonunda gözləri görmədiyi vaxt onu oğlu Osman gəzdirərmiş.
Osmanın oğlu, yəni iki nəhəngin Vidadi və Vaqifin nəvəsi Müftizadə Qazi Səadəddin Əfəndi də atasının yolun ilə gedir. Beləliklə, Birinci Şıxlı ard-arda bir neçə dini rəhbər yetişdirir.
Osman əfəndinin digər oğlu Müfti Məhəmməd Əfəndi də atasının və qardaşının məsləyinə sadiq qalır. Onlardan da bir pillə irəli gedir. Belə ki, sonradan o, həm professor adını alır, həm də fərdi təqaüdə layiq görülür.
İkinci Şıxlı kəndindən olan xalq yazıçısı İsmayıl Şıxlının məşhur “Dəli kür” romanındakı Cahandar ağa da Birinci Şıxlının real tarixi qəhrəmanı olub. Daha çox eyni adlı filmdən yaddaşımızda qalan Cahandar ağa Şıxı oğulları nəslindən olan Yusif ağanın oğludur. Onun Şəmiddin, Şəmistan, Əbil, Qiyas, Həsən bəy adlı beş oğlu olub. Qiyas bəy Şıxlinski sonradan Türkiyəyə siyasi mühacir kimi gedir. Onun oğlu Çingiz Alqazax isə türk ordusunun albayı (polkovniki) rütbəsinə qədər yüksəlib. Cahandar ağanın qəbri İkinci Şıxlıda, Bakı –Tiflis şosse yolunun sağ kənarında yerləşən köhnə qəbiristanlıqdadır.
Birinci Şıxlının çağdaş yetirmələri
Elm xadimləri: Məmməd Məmmədov - Filologiya elmləri doktoru, professor, Ziyaddın Nəsibov - professor, Osman Əfəndiyev - fəlsəfə elmləri doktoru, professor, İsa Abdullayev - texnika elmlər doktoru, professor, Vəkil Eminov - fəlsəfə elmləri doktoru.
Mədəniyyət, ədəbiyyat və humanitar sahənin tanınmışları: Yusif Babanlı, tanınmış yazıçı Vidadi Yusif oğlu Babanlı, respublikanın əməkdar həkimi Sədi Mustafayev, araşdırmaçı jurnalist Fəxrəddin Vəlizadə.
Birinci Şıxlının bir yetirməsinin adını xüsusi qeyd etmək lazımdır. Bu II Dünya Müharibəsində partizanların ən cəsur silahdaşlarından biri olan, əfsanəvi “Serafino” ləqəbli Tahir İsrafil oğlu İsayevdir. O, həm də İtaliyanın Milli Qəhrəmanı adına layiq görülüb.
İkinci Şıxlı
Şıxlınskilər öz soyadlarını Şıxı ağadan alıblar. Bu soy iki qola ayrılırdı. Şıxlinskilər və Alqazaxlar. Alqazax Şıхliniskilər nəslinin qədim soyadıdır. Bu barədə Əliağa Şıхlinski “Хatirələrim” kitabında geniş məlumat verir. O yazır: “Atam İsmayıl ağa Alqazaх oğlu Şıхlinski əsli 1537-ci ildən başlayan igid bir nəslə mənsub idi. Bizim ulu babamız Ağdolaq Məmməd ağa Qazaх qəzasına Şəmkirdən köçüb. Onun iki övladı vardı; boyuk oğlu Şıхı - çoх ağıllı və sakit, kiçiyi Alqazaх - çoх igid, amma dəlisov bir adam idi. Mən Alqazaхın nəslindənəm... Böyük oğlundan olan övladlar Şıхızadə familiyasını aldılar, kiçik oğuldan olan bizim nəsil isə Alqazaх oğlu familiyasını qəbul etdi. Azərbaycan Rusiya tərkibinə daхil olduqdan sonra bütün yerlilər özləri üçün rus familiyalasına bənzəyən familiyalar qəbul etdilər. Bizim nəslin hər iki qolu Şıхlinski familiyasına keçdi”.
İkinci Şıxlı kəndi düzənlikdə - Gürcüstanla sərhəddə, Qazax rayonu mərkəzindən 34 kilometr aralıqda yerləşir.
İkinci Şıxlının tanınmış adamlarından danışarkən onları iki qrupa ayırmaq olar: qılınc və qələm adamlarına. Bu kənd Azərbaycana bir xalq şairi, iki xalq yazıçısı bəxş edib. Muğanlı kəndinin də Şıxlının tərkib hissəsi olduğunu nəzərə alsaq böyük yazıçı İsa Muğannanın da Şıxlının ədəbiyyat üçün yetişdirdirdiyi xalq yazıçısı hesab etmək olar.
İsa Muğannanın yaxın qohumu xalq yazıçısı Mehdi Hüseyn də İkinci Şıxlının ilk ədəbi fəxrlərindəndir. O, xalq yazıçısı olmaqla bərabər dövlət mükafatına layiq görülüb, Yazıçılar İttifaqına da sədrlik edib.
Amma Mehdi Hüseyndən də əvvəl İkinci Şıxlının ədəbi təmsilçiləri olub. Bu şairlər Kazım ağa Salik və Mustafa ağa Arifdir. Kazım Salik XIX əsr Azərbaycan poeziyasının ən məşhur imzalarından biri olub. Firudin bəy Köçərli onu qazaxın Vaqifdən sonra ikinci böyük şairi adlandırırdı.
Mustafa ağa Arifi isə ən yaxşı Firudin bəy Köçərli təqdim edir: “Mәrhum Mustafa ağa fars, türk vә hәtta rus lisanlarını yaxşı bilirmiş, özü dә ziyadә dindar, qeyrәtkeş vә hәqiqәtdә arif vә dahi bir şәxs imiş”.
İkinci Şıxlının ən nəhəng ədəbi simalarından biri də təbii ki, İsmayıl Şıxlıdır. Həm Şıxlının, həm də İsmayıl Şıxlının adını bu gün öz imzasında yaşadan jurnalist Elçin Şıxlı Modern.az-a açıqlamasında qeyd edir ki, onlar kəndin yox, kənd onların soyadını götürüb: “Şıxı babamız kəndin əsasını qoyub. Atam həm Şıxlı, həm də başqa kəndin məktəblərində oxuyub. Çünki babam müəllim idi. Hansı məktəbə işləməyə gedirdisə, atamı da özü ilə aparardı. Şıxlı kənd orta məktəbinin yetirmələrinin səsi sonradan çox uzağa getdi”.
Qeyd edək ki, İsmayıl Şıxlı məşhur “Dəli kür” romanında elə öz doğma kəndlərini və onun real tarixi qəhrəmanlarını təsvir edib. İsmayıl Şıxlının başqa bir həmkəndlisi isə xalq şairimiz Osman Sarıvəllidir. Qeyd edək ki, Sarıvəlli də böyük Şıxlı kəndinin bir parçasıdır. Şıxlı kəndi haqqında araşdırmalar aparan jurnalist-araşdırmaçı Mehdi Şıxlinski ətrafdakı beş kəndin əslində Şıxlıya aid olduğunu bildirir ki, onlardan da ikisi Sarıvəlli və Muğanlıdır. Haşiyəyə çıxıb onu da qeyd edək ki, Mehdi Şıxlı da bu kəndin yetirməsidir. Hazırda fəaliyyət göstərməyən “Ayna” qəzetində baş redaktor müavini kimi çalışıb. Yuxarıda adını çəkdiyimiz Osman Sarıvəlli həm Ədəbiyyat İnstitutunda məsul vəzifədə, həm dəYazıçılar İttifaqında məsləhətçi və “Ədəbiyyat qəzeti”nin baş redaktoru vəzifələrində çalışıb. Onun oğlu Babək Qurbanov da İkinci Şıxlını layiqincə təmsil edənlərdəndir. O, fəlsəfə elmlər doktoru, professordur.
Akademik Teymur Bünyadov da II Şıxlının elm sahəsində yetirməsidir. Akademik tarix üzrə elmlər doktoru olmaqla yanaşı, həm də bir müddət Milli Məclisin deputatı olub.
Sarıvəllilərin daha bir nümayəndəsi Qafar Sarıvəlli isə kəndi mədəniyyət sahəsində təmsil edir. Rəssamlar İttifaqının üzvü olan Q. Sarıvəlli böyük sərgilərin müəllifi olub. Başqa bir rəssam da Sabir Şıxlıdır. O, bir neçə filmin quruluşçu rəssamı olub. Sabir Şıxlı həm də böyük İsmayıl Şıxlınını qaynı, kəndi indi ən yaxşı təmsil edənlərdən biri Elçin Şıxlının dayısıdır. Kinorejissor, ssenarist, Azərbaycanın “Əməkdar incənət xadimi” Ziya Şıxlinski də Birinci Şıxlının mədəniyyət sahəsindəki yetirmələridir.
Aktrisalar, xalq artistləri Leyla Şıxlinskaya və Həmidə Ömərova Bakıda anadan olub böyüsələr də, onların ataları əsilli-kökənli şıxlılıdır. Leyla xanımın soyadından da bunu hiss etmək olar.
Yenidən ədəbiyyat aləminə qayıtsaq “Payıza qədər” əsəri ilə Azərbaycan ədəbiyyatına yenilik gətirən Allahverdi Eminovu da o kəndin nümayəndəsi kimi göstərə bilərik. Şıxlı kəndinin məşhur nəsillərindən biri də Eminlilərdir. İsa Muğanna “Cəhənnəm” adlı əsərində bu nəsildən də bəhs edib. Eldar Nəsibli və filologiya elmləri doktoru, ədəbiyyatşünas alim Rüstəm Kamal, şairə Afaq Şıxlı da da İkinci Şıxlının ədəbiyyat sahəsindəki yetirmələridir.
Vaxtilə BDU-nun prorektoru olan Nadir Şıxlı, hazırda Xarici Dillər Universitetinin professor Bilal İsmayılov isə elm sahəsinə aid olan Şıxlılardır. İqtisad elmləri doktoru olan İslam Qarayev də bu siyahıdandır.
Nəhayət, İkinci Şıxlı kəndinin pasportu olan və bu kəndi Azərbaycana ən çox hərbçi kadrlar verən kəndlərdən biri kimi ilk pilləyə qaldıran Şıxlinskilər nəslindən bəhs edək. Bu nəslin onlarla nümayəndəsi öz dövrünün və indinin məşhur ziyalıları olublar. Bu soyada görə həmin nəslin bəzi nümayəndələri sonradan çox təqib edildi və incidildi. Amma yenə də Şıxlinskilər Azərbaycan tarixində qalmağı bacardı. Bu nəslin ilk ən böyük nümayəndəsi, təbii ki, çar ordusunun artilleriya generalı, Azərbaycan Demokratik Cümhuriyyətinin hərbi nazirinin müavini Əliağa Şıxlinskidir. Bu nəsildən general rütbəsinə layiq görülən daha bir nümayəndə general-mayor Cavad bəy Şıxlinskidir. Rus ordusunda artilleriya sahəsində xidmət edən Cavad bəy sonradan Türkiyəyə mühacirətə getməyə məcbur olur. Elə orada da vəfat edir.
Şıxlinskilərin digər hərbçi nümayəndələri isə Rüstəm və İsrafil Şıxlinskilərdir. Doğrudur, onlar general rütbəsinə çatmasalar da, çar ordusunun zabiti olublar. Sonradan repressiya qurbanı olan Şərif bəy Şıxlinski də bu nəslin hərbçi kadrlarındandır.
Şıxlinskilərin başqa nümayəndələri: Ənvər Şıxlinski. coğrafiya elmləri doktoru, professor. Azərbaycan dövlət mükafatı laureatı.
Kərim Şıxlinski - 1930-cu illərin əvvəllərində Gürcüstanın Adıgün rayonunun Partiya Komitəsinin birinci katibi, 1933-cü ildə Gürcüstanın Başkeçid rayon icraiyyə komitəsinin sədri olub. Repressiya qurbanıdır.
Rəhim Şıxlinski – maarifçi pedaqoq, Tiflisdəki Azərbaycan məktəbinin direktoru olub.
Qəhrəman ağa Şıxlinski, Alay Şıxlisnki də Rəhim bəy kimi maarifçiliklə məşğul olublar. Cahandar ağanın nəvəsi Çingiz Alqazax isə türk ordusnun polkovniki olub.
Elmin NURİ