Modern.az

Sənsiz üşüdüm, Kəlbəcər...

Sənsiz üşüdüm, Kəlbəcər...

2 Aprel 2015, 09:49


Ələmdar CABBARLI

KÖNLÜM KƏLBƏCƏRƏ KÖÇÜB YUXUDA...

Vətən həsrətiylə, yurd həsrətiylə
Gözümdən tökülən yaşım göynəyir.
O eli, obanı xatırladıqca
Yaddaşım od tutur, huşum göynəyir.

Qalmışam dünyanın dar qəfəsində
Gedib yetişəydim son nəfəsimdə
Bahar həvəsində, yaz həvəsində
İçimdə köç salan qışım göynəyir.

Könlüm Kəlbəcərə köçüb yuxuda
Özünə yurd-yuva seçib yuxuda.
Dağların suyundan içib yuxuda
Səhər dururam ki...
dişim göynəyir...

SƏNSİZ ÜŞÜDÜM, KƏLBƏCƏR

Hara getdim, gözlərimdə
Səni daşıdım, Kəlbəcər.
Dərdindən tamam qocaldım,
Oldum yaşıdın, Kəlbəcər.

Gəlmədim –
məni dara çək,
Adımı üzüqara çək.
Orda elə bir nərə çək –
Burda eşidim, Kəlbəcər.

Nə bir dərdindən halıyam,
Nə dərdindən aralıyam...
Arsız aşıq misalıyam –
Elsiz yaşadım, Kəlbəcər...

Bəxtimiz dərd hörgüsündə,
Gözümüz vəd mürgüsündə...
Bakının bu bürküsündə
Sənsiz üşüdüm, Kəlbəcər.

DAĞLAR

Bircə gün də kövrəlməyə bilmirəm,
Ha deyirəm mətin olum, a dağlar.
Səndən ayrı mən bəxtəvər, bəxtiyar
Çətin olum, çətin olum, a dağlar.

Sən anamsan, dərdin alım, anacan
Elə dedik, heç qıymadıq sənə can.
Qıyma mənə sənsiz qalım sonacan-
Qıyma mənə yetim olum, a dağlar.

Ta ürəyim tab gətirmir ağrıma
Gəlim məni ömürlük bas bağrına.
İnsan olmaq ta çıxıbdı axırıma-
Gülün olum, otun olum, a dağlar. 

DƏRDİM GİRİR YUXUMA

Əvəlliylə, axırıyla bir yerdə,
Çalasıyla, çuxuruyla bir yerdə,
Sürüsüylə, naxırıyla bir yerdə -
Aman Allah...
kəndim girir yuxuma.

Gözəllik var – bir az da get irəli,
Qarlı dağlı, sərt yamaclı, dərəli.
Baldırğanlı, əvəlikli, zirəli –
Bərəm girir, bəndim girir yuxuma

Ələmdaram, haqq divanı qurulmur,
Bulanıbdı, çeşmələrim durulmur.
Gündüz mənlə dolaşmaqdan yorulmur.
Dərdə bax ki...
dərdim girir yuxuma…

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI