Aktyor, rejissor Əbdül Mahmudov Modern.az-a müsahibəsində bir çoxlarının ona laqeyd münasibətindən gileylənib. Bəzi televiziya kanallarının onun efirdə görünməsinə mane olması isə aktyora həqiqi mənada təsir edib:
“Bir vaxtlar mənim Ayaz Mütəllimovla yaxşı münasibətlərim olub, onu müdafiə etmişəm və demişəm ki, ona eks-prezident statusu verilsin. Bildirmişdim ki, gəlib vətənində yaşasın. Hadisələr neçə illər bundan əvvəl baş verib. Cənab prezident Ayaz Mütəllimova status verib, o da Bakıda firavan yaşayır. Əgər mənə Mütəllimovu müdafiə etdiyimə görə laqeyd münasibət bəsləyir, qadağa qoyurlarsa, münasibətləri öz aralarında həll etsinlər”.
Əbdül Mahmudovun iddiasına görə, hazırda onu nə AzTV-də, nə də İctimai Televiziyada efirə buraxırlar: “Əvvəllər mənə qadağa qoyan təkcə AzTV idi, Cəmil Quliyev İTV-yə sədr təyin olunandan sonra ora da buraxmadılar. Çünki tapşırığı Arif Alışanov verib. Sonuncu dəfə İTV-də İsmayıl Ömərovun vaxtında efirdə yayımlanan “Eskulap” verilişində qonaq olmuşam.
Onların minnəti olsun ki, mənim kimi sənətkar onların efirinə çıxır. Cəmil Quliyevin ögey münasibətini heç cür anlaya bilmirəm.
Cənab prezident mənə “Əməkdar incəsənət xadimi” adını verəndə də bəziləri ağız-burun əyirdi. Sağ olsun, ölkə başçısı ki, qiymət verir”.
Məsələyə adı çəkilən telekanllardan da münasibət öyrəndik.
Azərbaycan Televiziya və Radio Verilişləri Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova Modern.az-a bildirib ki, Əbdül Mahmudovun ifasında televiziya tamaşaları, filmlər hər zaman nümayiş olunur. Qurum rəsmisi məsələyə əlavə şərh verməkdən imtina edib:
“Biz Əbdül Mahmudovun dediklərinə şərh verməyəcəyik”.
İctimai Televiyanın mətbuat xidmətindən saytımıza verilən açıqlamada isə deyilir ki, Cəmil Quliyevin hər hansı qadağa qoyması ilə bağlı aktyorun dedikləri həqiqətə uyğun deyil: “Aktyor mart ayında İTV-nin efirində yayımlanan “Eskulap” verilişinin qonağı olub və çıxış da edib. Hər hansı qadağadan söhbət gedə bilməz”.
Gülşən RAUFQIZI