Bir neçə telelayihə müəllifi, film rejissoru Həsən Əliyev müsahibə verib. Müsahibəsində yeni çəkdiyi filmdə homoseksualları tənqid etdiyini deyir: “Seksual azlıqlarla bağlı məsələdə də sərtəm. Bu film seksual azlıqlara bağlı filmdir. Amma tamamilə fərqli prizmadan. Bu, dinə, Allaha zidd bir şeydir. Seksual azlıq məsələsi filmdə qırmızı xətt kimi keçir. Sadəcə mən onları təbliğ yox, tənqid edirəm”.
Yaradıcılıq azaddır. Heç kəs yaradıcılığı sərhədləyə bilməz. Amma qanuni və vicdani normalar da var. Yəni, sənin yaradıcılığının məhsulu qanuni və vicdani normaları çeynəyə bilməz. Əgər çeynəyirsə, sən cinayətkar və vicdansız olarsan. Ədəbiyyatda, filmdə, teatrda, televiziyada və bu kimi digər sahələrdə yaradıcı şəxs həmin normaları gözləməlidir.
Həsən Əliyev film çəkir. Özü də komediya. Burda homoseksuallıqdan bəhs etmək müəllifin hiyləsidir. Çünki Azərbaycan kinosunda bu mövzuya çox nadir hallarda toxunulub ki, hamısı da tənqidi olub. Təbii ki, bu Azərbaycan tamaşaçısı üçün gülüş yaradacaq. Axı bizim tamaşaçı radikaldır, mühafizəkardır, konservativdir. Belə çıxır ki, rejissor öz reytinqi üçün homoseksuallardan istifadə edir. O reytinqin yolunu məharətlə tapır, amma vicdanın yolunu itirir.
Mən yaradıcı insan üçün cəsarəti ən ilk şərt hesab edirəm. Nə qədər istedadlı olursa olsun, cəsarəti olmayan yazıçı, aktyor, rejissorun məhsulu lazımsızdır. Hamının etdiyini etmək, standart düşünmək, kütləyə görə davranmaq, mövcud siyasi rejimə uyğun rəftar etmək asandır. Belə etsən, həm pulun, həm reytinqin, bilavasitə şöhrətin, həm də vəzifən olacaq. Sən azad düşünə bilməyən, qınamağa obyekt axtaran, adətlərini, mentalitetini, dinini əlində bayraq edib öz bütün eybəcər xislətlərinə don geyindirən cəmiyyətin fərdisən. Əgər səni bu cəmiyyətdən bir fərd olaraq fərqləndirən heç nə yoxdursa, səndən lazımlı yaradıcı insan olmaz! Çünki cəmiyyət onsuz da sənin kimi düşünür. Sənin məhsulunun ona nə xeyri var ki?
İndi Həsən Əliyev də deyir ki, homoseksualları qınayır, onlara qarşı sərtdir, öz filmində də onları tənqid edib. Amma “tamamilə fərqli prizma” dedikdə nəyi nəzərdə tutur? Hansı Azərbaycan filmi görmüşük ki, homoseksualların hamı kimi bir insan olduğunu, onların da azad yaşamaq, sevmək, sevilmək, işləmək kimi hüquqlara sahib olduqlarını göstərsin? Filmdə qırmızı xətt kimi keçən homoseksuallıq mövzusu tənqidi yanaşmadırsa, onsuz da qəzəbi başından aşan, nifrət qusan bu insanların qəzəbi daha da artmayacaqmı? Nifrət cinayətləri çoxalmayacaqmı? Onu izləyən homoseksuallar da həm bu cəmiyyətdən, həm bu ölkədən, həm də bu rejissordan iyrənəcək, nifrət edəcək.
Axı sizin nə ixtiyarınız var tanımadığınız, bilmədiyiniz, yaşamına, arzu və istəklərinə, əməllərinə, xasiyyətinə bələd olmadığınız bu qədər insanı tənqid edəsiz, onları gülüş obyektinə çevirəsiz, onlara qarşı nifrət və qəzəb yaradasız?! Axı insan xarakterini, vicdanını, ləyaqətini onun seksual maraqlarına görə müəyyən etmək ən böyük vicdansızlıqdır! Axı ağıl, düşüncə, bilik və bacarıq, vicdan, ləyaqət, mərhəmət və digər müsbət insani keyfiyyətlər penisdə, vaginada, anal dəlikdə yerləşmir, onlar beyində və ürəkdə qərar tutur. Məgər dünyadakı bütün qatillər, canilər, oğrular, əclaflar, alçaqlar, bir sözlə bütün vicdansızlar homoseksuallardan ibarətdir? Məgər homoseksaul biri sizin pulunuza, vəzifənizə, ailənizə təcavüz edir? Məgər onlar sizi zorlayırlar? Axı sizin onları tənqid etməyə heç bir əsasınız yoxdur.
Amma siz deyirsiz ki, bu bizim mentalitetimizə, dinimizə, adət-ənənələrimizə ziddir. Axı sizin bu normalarınız qanuni və ya ümumbəşəri deyil. Siz bu normaları öz şəxsi həyatınızda hökmə çevirib onunla yaşaya bilərsiz. Siz kimsiz ki, bunu ümumiləşdirə, hamının həyatında hökmə çevirəsiz? Axı hamı sizin bu normalarınızla yaşamağa məcbur deyil. Üstəlik, sizin qondarma mentalitetinizin, adət-ənənələrinizin, radikal dininizin heç kəsə bir xeyri dəyməyib! İndiyə qədər bunlar insanları sadəcə qatilliyə, intihara, təcavüzə sürükləyib. Siz də baxıb mənəvi orqazm keçirmisiz.
Tutaq ki, Həsən Əliyev belə bir film çəkdi. Homoseksualları tənqid etdi, qınadı. Elə bu əsnada bir ata oğlunun gey olduğunu öyrəndi. İzlədiyi filmdə məsxərəyə qoyulan, tənqid olunan, qınanılan, alçaldılan bir cinsi orientasiyaya sahib oğluna qarşı o qədər qəzəblənər ki, hətta öldürə də bilər. Həsən Əliyev bundan nə qazanacaq? Sizdən soruşuram, Həsən bəy, nə qazanacaqsız? Bu cəmiyyətin bütün konservativ adamları, yəni, sizin kimi düşünənlər sizi alqışlayacaq. Amma siz neçə homoseksualın həyatını məhv etdiyiniz, onları məhkuma çevirdiyiniz həqiqətinə varacaqsınızmı? Vicdan əzabı çəkəcəksinizmi? Üzür istəyirəm, vicdani normaları düşünən belə bir film çəkməz onsuz da. Yersiz sual oldu...
Yazının əvvəlində yaradıcı insanın cəsur olmasından danışdım. Bəli, yaradıcı insanın məhsulu onda lazımlı olur ki, yaradanı cəsur olsun və cəsarətlə yaratsın. Əgər siz filminizdə homoseksualları tənqid etməyib, onların da insan olduğu, öz arzularıyla homoseksual olmadığı mesajını versəydiniz, bu cəmiyyətdə böyük bir cəsur addım atmış olardınız. Bəlkə Azərbaycanın bugünkü məlum cəmiyyətində sizi qınayacaqdılar, amma daha azad, daha müstəqil bir gələcəkdə siz getdikcə seviləcəkdiniz. Unutmayın, indi etdiyiniz sizə müəyyən qədər alqış gətirsə də, gələcəkdə həm sizin üçün, həm də cəmiyyət üçün bu bir ayıb olacaq və ört-basdır ediləcəkdir.
Mən bundan əvvəlki yazılarımda da qeyd etmişəm, yenə qeyd edirəm: əgər bir insan nəyəsə qarşı xüsusi aqressiya, nifrət bəsləyirsə, bu onun özündə də var. Lakin bunu özündən rədd etmək istəyir deyə qəzəb nümayiş edir. Əslində homofobiya elə gizli homoseksuallarda olur. Onlar məlum mühitdə azad yaşaya bilmədikləri üçün, gizli homoseksual həyat yaşayırlar və daha da gizlətmək, bütün şübhələri rədd etmək üçün buna qarşı nifrətlərini göstərirlər. Bu psixologiya elminin mühüm müddəalarından biridir. Bir də ki, tibb elmi homoseksuallağın xəstəlik olmadığını, amma homofobiyanın böyük psixoloji xəstəlik olduğunu çoxdan qəbul edib!
Güman edirəm ki, Həsən Əliyevin də homoseksuallıq haqqında heç bir məlumatı yoxdur. Çünki məlumatı olsa, onları tənqid edən bir film çəkməz. Hər halda ağlı olan, düşünə bilən və bu barədə məlumatı olan insan bilir ki, homoseksual olmaqda heç bir homoseksual müqəssir deyil, axı o belə doğulub. Necə ki, bir zəncini qara dərili olduğuna görə qınaya bilməzsən, onu günahkar hesab edə bilməzsən, onu alçalda bilməzsən, eləcə də heç bir homoseksualı özü ilə eyni cinsin nümayəndəsini sevidiyinə görə, onunla seksual münasibətdən həzz aldığına görə qınamaq olmaz!
Yenə də bir neçəsi məni daşlayacaq, mənə “əxlaqsızlığı təbliğ edən” deyəcək. Yenə yazının altında rəylər mənim ünvanıma söyüşlərlə dolu olacaq. Yenə Həsən Əliyev kimi düşünənlər başlayacaqlar mənim üçün “ağsaqqallıq” etməyə, öz ata-babalarından, qəhrəmanlarından danışmağa. Lakin bütün bunlara artıq alışdığım üçün təəccüblənmirəm, hirslənmirəm, onsuz da heç birinə cavab da yazmıram. Oxusam da, iki dəqiqə keçməmiş unduram. Odur ki, özünüzə əziyyət verib mənə “dastan” danışmayın. Sağlıqla qalın!