Modern.az

Rövnəq Abdullayev: "Neft 80-90 dollara qalxacaq"

Rövnəq Abdullayev: "Neft 80-90 dollara qalxacaq"

4 Aprel 2015, 13:25

İranın nüvə proqramı ilə bağlı aparılan danışıqların müsbət nəticə verməsi dünya birjalarında neftin qiymətinə təsir etməyəcək.

APA-nın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib. "Neft elə bir amildir ki, onun qiyməti siyasi amillərdən çox asılıdır. Ona görə ki, onun satışını bazarda bazar və siyasi amillər dəyərləndirir. İqtisadi dəyərləndirilməsi yoxdur. Mən inanmıram ki, İranla “altılıq” arasındakı razılaşma neftin qiymətinə təsir etsin. İran neft istehsalını dayandırmamışdı. Sadəcə onun neftini çətinliklə, dəyər-dəyməzə, ucuz qiymətə alırdılar. İndi isə İran nefti açıq satışa girəcək və inanıram ki, bu, bazardakı qiymətlərə o qədər də təsir etməyəcək. Bu mənim subyektiv fikrimdir", - deyə R. Abdullayev bildirib.

SOCAR prezidenti 2016-cı ilin dövlət büdcəsində neftin baza qiymətinin 50 dollardan götürülməsini də normal hal saydığını bildirib: "50 dollar götürməklə ehtiyatla yanaşmaq lazımdır. 2016-cı ildə gərək ehtiyatla davranaq. Tendensiyaya nəzər salanda görmək olar ki, neft bir neçə il bahalaşır, bir neçə il ucuzlaşır. Məsələn, son 20 illik diaqramda eyni vəziyyət təkrar olunur". SOCAR prezidentinin proqnozlarına görə, neftin qiyməti "2017-ci ilədək 80-90 dollara qalxacaq".

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi