Modern.az

“Doğma sahillər”in KADRARXASI: Çəkiliş zamanı hərbçilər aktyorları düşmən bilib, vertolyotu vurmaq istəyiblər

“Doğma sahillər”in KADRARXASI: Çəkiliş zamanı hərbçilər aktyorları düşmən bilib, vertolyotu vurmaq istəyiblər

4 Aprel 2015, 14:12


Modern.az saytı
nın “Kadrarxası” layihəsini davam etdiririk. Bu həftə kadraxası məqamlarından bəhs edəcəyimiz film “Doğma sahillər”dir. Müsahibimiz isə filmin quruluşçu rejissoru Əbdül Mahmudovdur.

Arayış: 15 may 1944-cü ildə Hacıqabul rayonunun Atbulaq kəndində anadan olmuş Əbdül Mahmudov əslən Şamaxıdandır. Ata tərəfi Ərdəbildən gəlib. 1961-ci ildə orta məktəbi bitirən Ə.Mahmudovun kinoya gəlişi uşaqlıq illərində çəkildiyi “Bir məhəllədən iki nəfər” və “Leyli və Məcnun” filmlərilə baş verib. 
Aktyor 1962-1966-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda Adil İsgəndərovun kursunda aktyorluq ixtisasına yiyələnib. “Axırıncı aşırım” filmi çəkilən müddətdə isə Moskvada Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsinə daxil olub. 1971-1973-cü illərdə Moskvada Andrey Tarkovski, Leonid Trauberq, Vasili Şukşin və G.Daneliya kimi məşhur sənətkarlardan dərs alıb. 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında aktyor işləyib. Bir ara kinostudiyanın nəzdindəki kino-aktyor teatrının bədii rəhbəri olub. Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimidir. Ailəlidir, iki övladı, iki nəvəsi var.

“Doğma sahillər” filmi sərhədçi general Mustafa Nəsirova həsr olunub. Əhmədağa Muğanlının “Tiknalı məftillər” povesti əsasında çəkilib. Ekran əsəri bötüvlükdə sərhədçilər, onların çətin və şərəfli əməyi haqqındadır.
Sistemləri, ideologiyaları müxtəlif olan iki qonşu dövlət sərhəddə birgə iri su-elektrik stansiyası inşa etməyə hazırlaşır. Lakin bu əməkdaşlıq Qərb dairələrində müsbət qarşılanmır. Müxtəlif yollarla tikintini dayandırmağa çalışırlar. Sərhədçilərin təxribat törətməyə can atan düşmənlərlə mübarizəsi filmin əsas süjetini təşkil edir.
Filmdə xalqımızın Cənubi Azərbaycanla bağlı dərdlərinə də toxunulub. Bu xətt Araz və Aşıq Həsrət obrazları vasitəsilə göstərilib. Açıq şəkildə olmasa da, ikiyə bölünən Azərbaycan probleminin detalları tamaşaçıların diqqətinə çatdırılıb.
Filmin ssenari müəllifi Əhmədağa Muğanlı, quruluşçu rejissoru Əbdül Mahmudov, quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamı Kamil Nəcəfzadə, bəstəkarı Arif Məlikov, səs operatoruu Nataliya Nuriyeva, direktorları Akif Musayev, Aydın Hüseynov olub.
Rollarda Rasim Balayev, Tariyel Qasımov, Həmidə Ömərova, Həsən Məmmədov, Nüsrət Kəsəmənli, Gündüz Abbasov, Gümrah Rəhimov, Ömür Nağıyev, Lev Prıqunov, Algimantas Masyulis, Nəcibə Hüseynova və başqaları çəkilib.

Tikanlı məftillərlə hasarlanan  doğma sahillər



Əbdül Mahmudov
: “Sovet hökumətinin dövründə kinonun “dəmir qanun”ları vardı ki, onu heç kim poza bilməzdi. Vətənpərvər ruhlu gənclər mümkün dairədə, detalllarla, eyhamlarla, replikalarla, epizodlarla da olsa, xalqın adət-ənənələrini, ona xas xüsusiyyətləri, birliyimizi, vahid Azərbaycan haqqında fikirləri diqqətə çatdırırdı. Biz bütün riskləri gözə alaraq, lazım olanları çətinliklə icra edirdik. Məsələ burasındadır ki, o dönəmdə də, indi də milli vətənpərvərlik məsələsinin əzbabını çəkirəm.

“Qaçaq Nəbi” filmini yenicə bitirmişdim. SSRİ kinosunun bir nömrəli şəxsi Medvedev soyadlı erməniyə qarşı başda Süleyman Rüstəm, Süleyman Rəhimov, Mirzə İbrahim olmaqla müabrizəmiz müsbət nəticə verdi. Hələ o vaxt biz “Qaçaq Nəbi” filminin ümumi kontekstini qoruyub saxlaya bildik.

Artıq 1988-ci ilin hadisələrinin ərəfəsində idik. Film çəkmək növbəm yaxınlaşırdı. Rəhmətlik Əhmədağa Muğanlı çox sakit, milli ruhlu, heç bir maraq güdmədən, xəlvəti olsa da xalqa, vətənə, ədəbiyyata xidmət edən biri idi.

Uzun müddət kinostudiyanın redaksiya heyətində, sənədli filmlərin baş redkatoru vəzifələrində çalışıb. Fəaliyyəti dövründə qələmini kino sənətinə həsr etmişdi. Bu gün Azərbaycanda sayılıb-seçilən filmlərin əksəriyyətinin redaktoru Əhmədağa müəllim olub. Azərbaycan dilini, ədəbiyyatını çox yüksək səviyyədə bilirdi. Həm də kinostudiyada kollegiyanın üzvü idi.
Günlərin bir günü mənə dedi ki, “iclasda sənin də film növbənin yaxınlaşdığı müzakirə olundu. Bıyan edildi ki, film çəkmək növbəsi Əbdülündür”.
Əhmədağa müəllim mənə dedi ki, “kinostudiyanın direktoru Cəmil Əlibəyov səni çağıracaq. Mənim də bir povestim var “Tikanlı məftillər” əsl sənlikdir”. O bilirdi ki, mənim köküm, babalarım Ərdəbildən gəlmədir, həm də torpağa çox bağlıyam”.

Sərhəddə birləşən Azərbaycan-o taylı bu taylı film...



Ə.Muğanlı povesti Ə.Mahmudova vermək istəsə də, əvvəlcə onu tapa bilmir.
Əbdül Mahmudov: “Əhmədağa müəllimdən povesti istəsəm də, əvvəlcə tapa bilmədi. Axşam isə oğlu povesti gətirib mənə verdi, mən də əsəri birnəfəsə oxuyub bitirdim. Hansi ki, həmin povest əsasında “Doğma sahillər”i yazdıq.

Səhər saat 11.00 idi. Mənə zəng vurdular ki, direktor səni gözıəyir, gəl. Görüşdük, salamlaşdıq, Cəmil müəllimlə dərdləşdik. Olduqca yaxşı insan idi, mənə də simpatiyası vardı. Dedim Cəmil müəllim mən mövzuyla gəlmişəm. Gülümsəyərək dedi “nə mövzu?”. Sən demə Cəmil müəllimin də mövzudan xəbəri varmış, çünki, Əhmədağa ilə yaxın olublar, institututda bir yerdə oxuyublar.
Dedim, Cəmil müəllim mən arifi Şirvanam, bu mövzunu çox istəyirəm. Dedi “fikrini dəyişməyəcəksən ki?”. Dedim yox, mən artıq filmin eksplikasiyanı yazıram. Soruşdu ki, “neçə müddətə təhvil verərsən?”. Dedim sabah.
İndiyə qədər yadımdadır, söhbətimiz ikinci günü oldu. Cəmil müəllim bildirdi ki, “onda hazırlığını gör, bazar günü Moskvaya uçacaqsan”. 
Sən demə Əhmədağa müəllim gəncliyində sərhədçi olub və o vaxt Azərbaycanın Sərhəd Qoşunları komandanı general Nəsirova böyük hörməti olub. Çox gözəl bir insan idi, Əhmədağa müəllim əsərdə onun obrazını canlandırıb, povesti ona həsr edib.

Əhmıdağa Muğanlı dedi ki, “general Nəsirov bizi gözləyir, gedək yanına, filmin bütün problemlərini o həll edəcək. Yəni filmin qəbul olunması, çəkilişi və s. onluqdur”. Bildiyiniz kimi filmdə ağır çəkilişlər vardı. Hansı ki, sərhəd rayonlarında vertolyotlarla həyata keçirlməsi nəzərdə tutulmuşdu.

Filmin bütün çəkilişləri İran –Azərbaycan sərhəddində çəkilib. Orda Bəzi kadrlar var ki, arxa planda İranın ərazisi görünür. Xudafərin çayı, tikinti səhnələri, alma davasının hamısı məhz orda lentə alınıb. Bütövlükdə natura çəkilişlərin hamısı Naxçıvan, Ordubad, Culfa ərazisində, pavilyon çəkilişləri isə Bakıda həyata keçirilib.

Bildiyiniz kimi o vaxt əsas komandirlər ruslar idi. Mərkəzi Komitənin ideoloji katibi də rus olmalı idi. Qanun belə idi, müzakirəsiz. “KQB”də də həmçinin. Rəhmətlik Heydər Əliyev yeganə insan idi ki, azərbaycanlı olaraq onu “KQB”nin sədri seçmişdilər. Demək ki, şəxsiyyət olaraq çox yüksəlmişdi ki, onu bu vəzifəyə layiq görmüşdülər.

Nə isə Nəsirovla görüşdük. Mənə bildirdi ki, “narahat olma, Moskvaya getmək üçün səni aeroportda qarşılayıb yola salacaqlar”. Mən də rahatlıq olması üçün bazar günü gedəcəyimi bildirdim.

Moskvaya yola düşdüm, “zayavka”nı aparıb verdim. Az-çox tanıyırdılar deyə, hər hansı narahatlıq olmadı. O vaxt ruslarla işləmək çox asan idi. İşimi yoluna qoyurdular, mən də onlara qonaqlıq verirdim, onların ən çox istədikləri də yeyib-içmək idi”.

“Obraz hansı millətdəndirsə, elə də çək!”



Əbdül Mahmudov:
“Bütün işlər yekunlaşanda baş redaktor məni qəbul etdi. Dedi ““Qaçaq Nəbi”dən tanıyıram səni. Ona görə də bir xahişim olacaq. Birmənalı şəkildə nazirin və cənab generalın tapşırıq, göstərişidir ki, hansı obraz hansı millətdəndirsə elə də çəkin. Ssenaridə  sonradan hər hansı dəyişiklik etməyin”.

Bildirdim ki, buna qətiyyən şübhəniz olmasın.

Bu minvalla filmə çox böyük aktyorlar dəvət etdim. Latviya kinosunun nəhəng bir ulduzu vardı - Masyulis, hansı ki, amerikan kəşfiyyatçısını oynayırdı. Lev Prıqnovu, Aleksandr Belovu dəvət etdim. Mən hər zaman bu fikirdə olmuşam ki, kənardan aktyor çağırılırsa, elə aktyor olmalıdır ki, dünya şöhrəti, oturuşmuş sənəti olsun. Bizim aktyorlar da onlarla təcrübə mübadiləsində işləsinlər, nəsə görüb götürsünlər. Axı nəyə lazımdır dünən çıxan aktyoru gətirim, onlar da ağzını açıb bizimkilərə tamaşa eləsin...

Artıq rejissor ssenarisini yazanda aktyorların rollarını nəzərimdə tutmuşdum. Həsən Məmmədov, Gündüz Abbasov, Həmidə Ömərova, Muxtar Manıyev, Gümrah Rəhimov kimi aktyorlar nəzərimdə idi.

Moskvada olduğum günün səhərisi təsdiq ərizəmi yazdırmaq üçün aktyorların da siyahısını təqdim etdim. Bu da onların çox xoşuna gəldi.

Bircə problem rus aktyorla oldu. O, bizim bəzi talesiz aktyorlarımız kimi idi. Çox içki düşkünü idi. Mənə dedilər ki, “yaxşı aktyordur, amma həddən artıq içir. Siz tərəflərdə də belə şeylərə yaxşı baxmırlar? Gedər Azərbaycanda biabır olar”. Bircə onu dəyişdik. İkinci dərəcəli bir rol idi. Mən də onun əvəzinə başqasını çağırmadım. Həqiqətən də sərhədçi olan rus oğlan vardı, onu çəkdim.

Şimali Qafqazda - Nalçikdə, Elbrus dağlarında çəkilişlər aparırıdıq. Orconikidze və Nalçikdə yerli aktyorlar götürmüşdük ki, onlar da özlərini oynayırdılar”.

“Tariyel Qasımov üçün tacik rejissor xahiş etdi, mən çox utandım”

Əbdül Mahmudov: “Mən Tariyel Qasımovla tələbə yoldaşı olmuşam. Onun ekrana uyğunlaşan üzü var, bu hər adamda olmur. Ekran elədir ki, hər adamın üzü uyğun gəlmir. Mən də Tariyel Qasımovun daxili imkanlarına bələd olduğumdan, həm də tacik studiyasında oynadığı rolu görmüşdüm deyə, çox bəyənmişdim.

Rejissor Tadjivayev onu filmə çəkmişdi və Tariyelə bələd idi. Mənə dedi ki, “bu ki, istedadlı, məharətli aktyordur, niyə filmlərə çəkmirsiz?”. Məndən xahiş etdi ki, Tariyeli filmə çəkim. Düzü onun bu sözü mənə utanc verdi.

Yəni o vaxta qədər Tariyel bütün ölkələrin studiyalarında filmlərə çəkilmişdi, bir Azərbaycandan başqa.

Rasim mənim əlimdə böyüyən aktyordur. Onun bütün imkanları hamıya bəllidir, əlavə tərifə ehtiyac görmürəm. Sözüsüz ki, mən əsas rolu Rasim Balayev üçün yazmışdım. Çünki, mənim bütün filmlərimdə o çəkilib. Bu zaman ona qarşı durası tərəf müqabil tapmaq lazım idi.

Baş rollarda Rasim Balayev əjdaha kimi oturuşmuş aktyor  və heç vaxt baş rol oynamayan Tarıyel Qasımov.

Mən böyük ustadım Həsən Seyidbəylidən rejissor sənəti üçün böyük bir şey öyrənmişdim. Həsən müəllim ssenarini çəkilişə kimi aktyorlarla məşq edirdi.

Kinoda lazım olacaq bütün elementlər masa arxasındaca aktyorlardan alınırdı. Film çəkilməyə başlayanda hər şey tam hazır olurdu. Daha kiməsə onu et, bunu et deyilmirdi. Hamı tam hazırlıqlı şəkildə, nə edəcəyini planlı şəkildə bilirdi.

Həsən müəllim çəkiliş meydanına gələndə ancaq texniki işlərlə məşğul olurdu. Mən də onun bizlər üçün qoyub getdiyi məktəbdən bəhrələnərək, bunu davam etdirirəm. Beləcə məşqlərimiz başladı”.

“Nüsrət Kəsəmənli iranlı general roluyla ağzımızı açıq qoydu”

Əbdül Mahmudov: “ Filmdə daha bir nəhəng rol iranlı generalı idi. Çox fikirləşdim ki, bu rol üçün yeni sima olsun. Çünki, ilk dəfə idi ki, biz İran generalını ekrana gətirirdik.

Gözəl şairimiz Nüsrət Kəsəmənli o dövrlər bizimlə birlikdə kinostudiyada çalışırdı. Yaxşı münasibətlərimiz vardı, həmişə mənə deyirdi ki, “məni bir kinoya çək”.

Çox cəlbedici bir insan idi. Bir gün nəsə mənim də ağlıma batdı ki, Nüsrəti filmə çəkim. Daim filmə aid işləri davam etdirirdik. Bu Nüsrət gözümün qabağından getmirdi, fikrim onda qalmışdı. İkinci rejissora dedim ki, rəssam Kamil Nəcəfzadəni də, qrim ustası Firuzə xanımı da çağırsın. Operator Kənana da dedim ki, kameranı hazırlasın görək Nüsrət rolunun öhdəsindən necə gələcək. Ona ekranda baxmaq istəyirdim .

Bunlar getdi, biz də dekorasiyalarla bağlı bəzi şeyləri müzakirə edir, yerləri seçirdik, natura dekorasiyalarını qururduq. Bir çox şeyləri təbii olsun deyə, naturada çəkmək qərarına gəlmişdik. Həm də kinostudiyanın ab-havasından çıxmaq istəyirdik. Təxminən 1 saat vaxt keçmişdi. Bir də gördük qapı açıldı, icazəsiz, filan bir general içəri daxil oldu. Başladı İran ləhcəsində danışmağa. Hamımız məəttəl qalmışdıq. Elə bil birdən ayıldım, İlahi sənə şükür dedim, Nüsrət Kəsəmənli imiş. Hamımız çox bəyəndik onu. Həmin an heç vaxt yadımdan çıxmır. xoş bir xatirə olaraq beynimdə canlanır.

Tariyel Qasımovun məsələsi isə uzun məşqlərdən sonra müəyyən olundu. Onun tərəf müqabili bir tərəfdən Rasim Balayev, digər tərəfdən Həmidə Ömərova idi. Beləcə komanda tamamlandı, çəkilişlər başladı.

Mən hesab edirəm ki, bizim filmlər sırf aktyor işi üzərində qurulduğu üçün ömrü uzun olur. Bu səbəbdəndir ki, ən köhnə olan Məşədi İbaddan tutmuş ta indiyə qədər çəkilən filmlərimiz sevilir və baxılır”.

Rejissor çəkiliş vaxtı baş verən maraqlı anı bizimlə bölüşdü: “İkinci planda görünən bütün dağlar İrana məxsusdur. Zaqafqaziya hərbi qoşunlarının baş komandanı Pskov soyadlı hərbçi idi. Vertolyotla çəkilişimiz olmalı idi. Təsadüfən marşrutu müəyyən etməmişdik. Nə isə çəkilişə başladıq, bir də baxdıq aləm dəydi bir-birinə. Sən demə bizim çəkiliş üçün istifadə etdiyimiz vertolyotu sərhəddi icazəsiz keçdiyi üçün vurmaq istəyiblər. Pskovun xəbərdarlığından sonra vertolyotu 5 dəqiqə gec endirməsəydik, bizi sərhəddə vuracaqdılar. Onlar görüb ki, qeydiyyatı olmayan vertolyot sərhəddə uçur, vurmağa hazırlaşırmışlar. Onun da əmri Tiflisdən verilirdi”.

Rejissorun adət-ənənə sevgisi bu filmdə də əks olunub

Novruz bayramı ilə bağlı olan səhnənin yaradılması Ə.Mahmudovun vətənə, xalqın adət-ənənələrinə bağlılığından irəli gəlir. O əlinə fürsət düşdükcə, bütün filmlərində Novruzla bağlı elementləri göstərməyə çalışışdığını deyir. Məhz bu elementlərin göstərilməsi üçün Həmidə xanımın rolunda dəyişiklik edir. Guya xanım folklorla məşğuldur. Rayonları, kəndləri gəzərək folklor nümunələrini toplayır. Onu bəhanə edərək Novruz bayramını da ssenariyə daxil edir.

Əbdül Mahmudov: “Filmdə bir epizod vardı. Biz tərəfdə tonqal qalananda o tayda da qalanır. Bununla o taylı, bu taylı Azərbaycanın bir olduğunu göstərməyə çalışmışdım. Amma təəssüf ki, buna icazə vermədilər. Mənə dedilər ki, o epizodu yığışdır. Adil İsgəndərov mənə həmişə deyirdi ki, “filmdəki əsas ideyanı qoruyub saxlamaq üçün ona paralel olaraq bir neçə ideya ortaya qoy. Sənə lazım olanda onları qabağa ver. Həmin epizodlar çıxarılsa da, əsas ideya qalacaq”. Filmdə belə bicliklər edirdik.

Mənim filmlərimin əksəriyyətində Novruz bayramı tərənnüm olunub. “Dəli Kür”, “Qaçaq Nəbi”, “Yeddi oğul”da da bunu etmişdim.

Novruz bayrmanın tərənnüm olunması üçün lazım olan elementlər Bakıdan aparılmamışdı, hamısını rayonda təşkil etmişdik. Sərhəddi-Araz çayını Nehrəm kəndinin yaxınlığında qurmuşdum. Bildiyiniz kimi Nehrəmin bir tərəfi İranla sərhəddir. Orda körpü yox idi, onu biz qurmuşduq. İki generalın qarşı-qarşıya gəlməsi üçün körpünü məxsusi olaraq film üçün tikdirmişdim. İran generalı bir tərəfdən gəlir, bizim polkovnik də digər tərəfdən. Yəni söhbət Rasimlə Tariyelin qarşılaşmasından gedir. Həmin epizodda da Alim Qasımovun zümzüməsi gedir. İnanın, həmin epizoda baxanda həmişə ağlayırdım. Mənim film boyu istifadə etdiyim zərb-məsəllər əslində filmin leytmotivinə çevrildi”.

Filmdə bir səhnə də var: generalın arvadı Zivərə təcavüz etmək planının baş tutmaması, Nuru və Yekəpərin aparıldığı səhnə. Rejissor aktyorların dilindən yazılı razılıq alıb:

“Filmdəki son epizodlardan olan qayalıqlardakı çəkiliş üçün aktyorların- Həmidə Ömərova, Həsən Məmmədov və Gümrah Rəhimovun dilindən izahat aldım. Çünki çox təhlükləi çəkilişlər idi. Onu düz Arazın qırağında ekranlaşdırdıq. Arazın o tayı Qaradağ, bu tayı isə Qarabağ adlanırdı. Qara böyük mənasını verirdi.

Həmin səhnədə heç bir dublyor, kömək olmadan aktyorlar özləri öz rollarının öhdəsindən gəldilər. Folklor sənətilə məşğul olan Zİvər xanım həm də sərhəd komandirinin arvadıdır. Qanlı-qadalı yerlədə yaşayan qadın olduğundan məhz yeri də ona uyğunlaşdırdıq. Çünki, adətən hərbçi xanımları hazırlıqlı olurlar, daim həyat yoldaşları lə birlikdə ezamiyyətlərdə olduqlarından onlar üçün belə yerlər problem yaratmırdı. Baxmayaraq ki, orda əbədi və əzəli təhlükələr vardı”.

Taleyi qara yazılan film...

Ə.Mahmudov hesab edir ki, “Doğma sahillər” iki talesiz filmindən biridir. Digər film isə “Gecə qatarında qətl”dir. O iddia edir ki, əgər filmin müəllifi başqa biri olsaydı, həmin filmlər ən sayılıb-seçilən ekran əsərlərindən olardı.

“Bir dəfə Nikita Mixalkov Rüstəm İbrahimbəyovdan soruşdu ki, “bu filmi kim çəkib?”. Rüstəm  müəllim məni göstərdi ki, “bu oğlan”. Nikita Mixalkov məni Moskvaya dəvət etdi ki, gəl film çək. O mənim işimi yüksək qiymətləndirdi.

Bəli, sizi əmin edirəm ki, həmin filmləri başqaları çəksəydi, indi onlara SSRİ xalq artisti adı vermişdilər. Təəssüf ki, mənim əməyim layiqincə qiymətləndirilməyib. Bəziləri heç milli ruh, vətənpərvərlik nədir bilmirlər.

SSRİ Kinematoqrafiya İttifaqı və sərhəd qoşunları mənə baş mükafat verdilər. Amma Azərbaycanda heç nə vermədilər. Mənim əsas xidmətin sözümə sahib olmağımdır. 60-cı ildən sovet hökuməti dağılana qədər çəkilən Azərbaycan filmlərində mənim aktyor, reissor kimi adım var. Allah Heydər Əliyevə rəhmət eləsin, o mənə “Şah İsmayıl” filmini çəkməyə kömək edəcəkdi. Amma o gedəndən sonra imkan vermədilər...”.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI