Modern.az

Zorlanmış MƏŞHURLAR- Maddona, Lady Gaga və digərləri...

Zorlanmış MƏŞHURLAR- Maddona, Lady Gaga və digərləri...

7 Aprel 2015, 12:34


Zorlama dünyada ən geniş yayılan seksual cinayət hesab olunur. İldən-ilə zorlama hallarının artması bu problemi ciddi sosial bəlaya çevirib. Zorlamaya yalnız sadə vətəndaşlar deyil, həm də böyük populyarlıq qazanan ulduzlar da məruz qalıblar. Amma bu acı gerçəyi etiraf etmək onlardan illərlə vaxt alır. Modern.az saytı zorlanmaya məruz qalmış dünya ulduzlarını təqdim edir. 

Madonna

2013-cü ilin oktyabrında dünya pop musiqisinin ən populyar ifaçılarından olan Madonna “Harper`s Bazar” jurnalında dərc etdiyi avtobioqrafik essedə gənc yaşlarında zorlandığını yazmışdı və bununla fanatlarını şok vəziyyətinə salmışdı. 2014-cü il martında radio aparıcı Hovard Sternin verilişinə qonaq olan müğənni həmin hadisəni daha detallı danışmışdı.

19 yaşında səsi ilə Amerikanı fəth etmək üçün doğma Miçiqan ştatından Nyu-Yorka gələn Madonna şəhərdə heç kəsi tanımadığını, kirayə qaldığı evinin 3 dəfə soyulduğunu xatırlayıb. Onu zorlayan şəxsi isə yalınız bir dəfə, rəqs dərnəyində gördüyünü deyib: 


“Mən rəqs məşqlərinə gəldim, lakin studiyanın qapıları bağlı idi. Mən telefon avtomatından zəng etməli idim, tərslikdən pulum yox idi. Onda həmin adam mənə öz ev telefonundan zəng etməyimi təklif etdi. Çox mehriban adam təsiri bağışladı və yaxınlıqda yaşadığını söylədi. Lakin binanın dəhlizinə daxil olan kimi boğazıma bıçaq dirədi və məni zorladı. Çox qorxduğumdan müqavimət belə, göstərmədim”.

Madonna polisə müraciət edəcəyi halda tibbi yoxlamadan keçəcəyini və məhkəmədə intim suallara cavab verəcəyini bildiyi üçün hüquq-mühafizə orqanlarına müraciət etməmək qərarını verdiyin deyib. “Bütün bu prosedurlar mənə alçaldıcı gəlirdi”, - deyə milyonların sevimlisi radio efirində etiraf edib. 

Lady Gaga

Oxuduğu mahnılarla deyil, daha çox öz geyimləri və üslubu ilə məşhurlaşan Lady Gaga zorlanmaya məruz qalmış digər müğənnidir. 2014-cü ilin dekabrında Hovard Sternin radiosuna qonaq olan 28 yaşlı müğənni 19 yaşı olarkən özündən 20 yaş böyük prodüser tərəfindən cinsi təcavüzə məruz qaldığını xatırlamışdı.

“Mən katolik məktəbinə getmişdim. Ona görə də mənə qarşı bu vəhşilik olanda beynimdə “böyüklər doğurdan belə olurlar?” sualını verdim. Mən çox sadəlövh idim”.


Müğənni onu zorlayan şəxsin adını çəkməkdən imtina etmişdi. Amma yeni mahnısı “Swine” (Donuz) məhz həmin hadisə zamanı içində toplanmış qəzəbi çölə püskürmək üçün yazdığını demişdi.

Pamela Anderson

90-cı illərdə populyar “Malibunun xilasediciləri” serialındakı rolu ilə məşhurlaşan aktrisa Pamela Anderson isə uşaq yaşlarında cinsi zorakılığa məruz qalmasını uzun illər hər kəsdən gizlədib.

2014-cü ilin mayında Kann kinofestivalı çərçivəsində heyvan hüquqlarının müdafiəsi ilə bağlı təşkil olunmuş gecədə 46 yaşlı ulduz 200 qonaq qarşısında zorlandığını gözlənilmədən etiraflar etmişdi. Titrəyən əlləri ilə mikrofonu əlinə alan Anderson 6 yaşından öz dayəsi tərəfindən cinsi təzyiqlərə məruz qaldığını, 12 yaşında zorlandığını etiraf etmişdi:


“Mən dayəmin evinə getmişdim. Onun böyük qardaşı mənə nərd oynamağı öyrətmək istədiyini bildirdi. Sonra iş bel masajına çatdı. Axırda isə hər şey zorlama ilə nəticələndi. Mənim 12, onun 25 yaşı var idi”.

Lakin Pamela Andersonun faciələri bununla bitməyib. Onun 15 yaşı olanda sevdiyi oğlan dostları ilə birlikdə onu qrup şəklində zorlayıb:

“O fikirləşmişdi ki, 6 dostu ilə birlikdə məni zorlamaq maraqlı olar. Mən Yer üzündən yox olmaq istəyirdim”.

46 yaşlı aktrisa atasının içki düşkünü, anasının isə 2 yerdə işləməsinə görə dərdini heç kəslə bölüşə bilmədiyini deyib. O, depressiya və intihar fikirlərindən uzaqlaşmasında heyvanlara sevgisinin böyük rol oynadığını deyib.

 Teri Tetçer

Amerikalı aktrisa, “Həyəcanlı ev xanımları” serialının ulduzu Teri Teteçer isə 5 yaşında doğma dayısı Riçard tərəfindən zorlanıb. 25 ildən artıq bu sirri ürəyində saxlayan aktrisa dayısı daha bir neçə azyaşlı qızı zorlamaqda ittiham olunduqdan sonra hər şeyi etiraf etmişdi. 2002-ci ildə Riçard Tetçer seksual cinayətlərə görə 14 il azadlıqdan məhrum edilən zaman Teri Tetçer məhkəmədə əsas şahid kimi çıxış etmişdi:


“Uzun illər sonra mən həmin qorxunc hadisəni unutmuşdum. Lakin daha bir uşağın zərər çəkdiyi bildikdə, susa bilmədim. Riçardı dayandırmaq lazım idi”.

Riçard Tetçer 2008-ci ildə həbsxanada xərçəng xəstəliyindən vəfat edib.

Eşli Cad

Amerikalı kino ulduzu Eşli Cad gənclik çağlarında zorlanmasını oxucuları ilə bölüşdüyü essedə paylaşmışdı. Tanımadığı şəxs tərəfindən küçədə döyülən və zorlanan aktrisa uzun illər psixoloji travma yaşadığını söyləmişdi. Buna baxmayaraq özündə güc taparaq bu acı gerçəyi öz pərəstişkarlarına da nəql etmişdi:


”Mənim başıma gələnlər bu gün milyonlarla qadının üzləşdiyi sosial normadır. Bizi izləyirlər və şəxsiyyətimizə zərər vermək üçün kiçik bir fürsətdən belə istifadə edirlər. Mən seksual zorakılığa məruz qalmışam lakin belə hücumlara məruz qalan digər qurbanların dəstəyi sayəsində güclü olmuşam. Və indi mən zərərçəkmiş digər qadınlara dəstək ola bilərəm”.

Opra Uinfri

Amerikalı televiziya aparıcısı, prodüser, aktrisa və xeyriyyəçi Opra Uinfri isə uşaq yaşlarında qohumları tərəfindən zorakılığa məruz qalıb. 9 yaşı olarkən öz dayısı oğlu tərəfindən zorlanıb. Bundan başqa, dayısı və çoxsaylı dostları tərəfindən də dəfələrlə fiziki şiddətə məruz qalıb.


“Uzun illər mən başıma gələn hadisədən utanc hissi keçirirdim”, - deyə aparıcı müsahibələrində deyirdi. 

Bütün bunlara baxmayaraq, 61 yaşlı Uinfri uğurla karyera qurub. Hazırda onun 3 milyard dollar şəxsi sərvətinin olduğu bildirilir.

Vüqar İsmayılov      

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI