Azərbaycan iqtisadiyyatının birbaşa asılı olduğu neft sektorundakı qiymətlər heç də ürəkaçan deyil. Proqnozlara inansaq, yaxın vaxtlarda neftin qiymətinin artımında köklü dəyişiklik olmayacaq. Lakin bəzi ekspertlər bunun əksini iddia edir. Neftin qiymətinin qalxacağını, manatın ikinci dəfə devalvasiyaya uğramayacağını bildirirlər.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Modern.az-a bununla bağlı şərh verib:
“Son iki gündə neftin qiyməti artmaqdadır. Ancaq bu artım Səudiyyə Ərəbistanı faktoru ilə bağlıdır. Çünki Səudiyyə Ərəbistanı həm Amerikaya, həm də əsas alıcıları olan Cənub-Şərqi Asiya ölkələrinə - Cənubi Koreya, Yaponiya, Çin, o cümlədən Hindistana nefti müəyyən güzəştlərlə satırdı.
Amerika üç gün bundan öncə 30 sent olan güzəştləri ləğv etdiyini açıqladı. Nəticədə bu, birbaşa birjalara təsir etdi və qiymətlər bahalaşdı”.
Neftin bu il üçün qiymətlərinə gəlincə, ekspert bildirib ki, hələ ki proqnozlardan kənara çıxmaq yoxdur: “Nəzərə alsaq ki, birinci rübdə neftin 1 barelinin qiyməti 55 dollar olub və cari il üçün ən optimist orta qiymət 57 dollardı. İstənilən halda, hətta neftin qiyməti 60 dollardan baha olsa belə, orta qiymətin 60 dolları keçəcəyi ağlabatan deyil.
İlin ikinci yarısında İran neftinin bazara daxil olacağını da nəzərə alsaq, bu, bazarda qiymətin artmasına imkan verməyəcək. Faktiki olaraq ötən il ölkəmizdə Brent markalı neftin orta ixrac qiyməti 101 dollar olub, bu il üçün hətta 60 dollar olsa belə, azalma 40 faiz olacaq. Nəzərə alaq ki, 2015-ci ilin yanvar ayı üçün neftin 1 barelinin qiyməti heç 49 dollara çatmadı. Azərbaycan iqtisadiyyatı isə iki faktordan asılıdır: hasil edilən neftin həcmindən və London birjasındakı qiymətlərdən. Büdcənin neftdən birbaşa asılı olması manatın ikinci devalvasiyasını daha da yaxın edir”.
İlham Şabanın sözlərinə görə, Mərkəzi Bankın psixoloji həddi keçən devalvasiyanı həyata keçirməsi vətəndaşların hökumətə, bu sahəylə məşğul olan ekspertlərə olan inamının azalmasına gətirib çıxarıb:
“Azərbaycanda manata tələbat var. Ölkəmizi Qazaxıstan və Rusiya ilə müqayisə edə bilərik. Türkmənistan qapalı bir ölkə olduğundan müqayisəyə ehtiyac yoxdur. Eyni zamanda, nəzərə alaq ki, Qazaxıstan və Türkmənistanda bizdəki prosesin əksi baş verməkdədir. Yəni onlarda mili valyuta dollara nisbətdə möhkəmlənir.
Böhran vəziyyəti yaşayan Rusiya isə vəziyyətdən çıxış yolları axtarır. İqtisadçılar bildirir ki, Rusiya idxala xərclədiyi vəsaiti azaldıb. Beləcə, ölkədə dollara tələbat azalıb. İnsanların gəlirlərinin səviyyəsi də azaldığı üçün ayaqlarını da yorğanlarına görə uzadırlar”.
Ekspert qeyd edib ki, Mərkəzi Bank manatın kursunun stabil saxlanması üçün yanvar ayında 1, 3 milyard dollar, fevral ayında 1 milyard dollar, mart ayında isə 600 milyon dollar vəsait xərcləyib: “Nəzərə alınmalıdır ki, mart ayının yarıdan çoxu istirahət günlərinə düşüb. Əgər istirahət günlərinin sayı çox olmasaydı, mart ayında da təxminən 1 milyard vəsait sərf olunacaqdı. Manatın əlavə təsirlərdən qoruna bilməməsinin səbəbləri sırasında əhalinin hökumətə, məsələ ilə bağlı şərh verən dövlət rəsmilərinə inamsızlığı da var. Məsələ burasındadır ki, vətəndaşlarda əmək haqqını alan kimi onu dollara dəyişmək meyli yaranıb.
Həmçinin əsas səbəb kimi ölkənin idxaldan asılılığının azaldılması istiqamətində hər hansı işlərin görülməməsini göstərmək olar. Qonşu Rusiya hökuməti 1 ildir idxalın azaldılması istiqamətində “baş sındırır”, yeni-yeni proqramlar irəli sürür. Azərbaycanda isə hökumətin bu sahə ilə bağlı proqramını görmədik.
Bircə Mərkəzi Bankın sədri Elman Rüstəmov Mili Məclisin aprel ayının əvvəlində keçirilən iclasındakı çıxışında qeyd etdi ki, manatın arxasında neft dayanır. Ona görə də qeyri-neft sektorunda inkişafa nail olmaq lazımdır. Bu sahədə elə bir məhsul istehsal etmək lazımdır ki, o dəyərə malik olsun.
Bu isə fikir olaraq qalıb, səsləndirilməsinə baxmayaraq görünən odur ki, hökumət bunları həyata keçirə bilmir və ya keçirmək iqtidarında deyil”.
Gülşən RAUFQIZI