1875-ci il iyulun 22-də ilk nömrəsi Həsən bəy Zərdabinin naşirliyi ilə nəşrə başlayan “Əkinçi”qəzeti Azərbaycanın milli mətbuatının təməlini qoydu. 140 il öncə dünya mətbuatı müstəvisinə can atan Azərbaycan mətbuatı günümüzə qədər müəyyən mərhələlərdən keçib. Bu da bəzən müasir mətbuatımızın keçmiş və çağdaş durumuna müqayisəli yanaşmanı zəruri edir. Görəsən, sovet dövründə çalışan Azərbaycan jurnalistləri müasir dövrün mətbuatı ilə uzlaşa bilirmi? Müasir mətbuatla sovet mətbuatının prinsiplərini necə müqayisə olar? Modern.az saytı bu məqamlarla bağlı "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev və tanınmış jurnalist Mehman Cavadoğlunun fikirlərini soruşub.
Mehman Əliyev bildirib ki, mətbuatı müasir və sovet dövründə çalışan jurnalistlərə bölməzdi: “İş ondadır ki, sovet dövründə çalışanların da arasında fərqli yanaşmalar var idi. Azad jurnalistika var, bir də var muzdlu jurnalistika. Hazırda Azərbaycanda əksəriyyət muzdlu jurnalistikanın nümayəndələridir. İndi muzdlu jurnalistika bərqərar olunub. Onun sıralarında həm keçmiş sovet vaxtında işləyənlər var, həm də yeni gələnlər. Hətta deyərdim ki, bu məqamla yeni nəsil jurnalistlər daha çox uzlaşırlar. Çünki onlar müəyyən mühitdə böyüyüblər. Oğurlamaq, yalan danışmaq, qeybət etmək kimi məqamları normal hal sayırlar. Hesab edirlər ki, işə gəlirlər, maaş verirlər, sadəcə olaraq işini görür, vəssalam, bununla da iş bitir. Böyük problem yeni nəsildədir. Heç olmasa köhnə nəsildə müəyyən prinsiplər, yanaşmalar qalıb.
Sovet dövründə ancaq sovet ideologiyasına qarşı danışa bilməzdiniz. Amma raykom katibini tənqid edə bilərdiniz. Əgər siz sovet dövründə hansısa korrupsiya halını açıb yazsaydınız, bununla bağlı dərhal ölçü götürülürdü, hamı da bundan qorxurdu. İndi isə jurnalistlər bu barədə yaza bilmirlər. Yazsalar belə, heç bir tədbir görülmür. Mətbuatın sözünün dəyəri xeyli düşüb. Onun ictimai-siyasi dövlətçiliyə olan dəstək və rolu xeyli azalıb. Mətbuatın əsas funksiyalarından biri ictimai nəzarətdir. İctimai-siyasi sahədə çalışan jurnalistin birbaşa işi nöqsanları açmaq, təkliflər vermək və sairdir. Dövlət orqanlarının göstərilən pozuntulara reaksiya verməsi, aradan qaldırılması cəmiyyətin inkişafına xidmət edən məsələdir. Təəssüflər olsun ki, Azərbaycanda bu yoxdur”.
Mehman Cavadoğlu bildirib ki, sovet dövründə fəaliyyət göstərən müəyyən jurnalistlər mətbuatın bəzi vəzifələri ilə barışmırdı: “Onlar tezliklə adaptasiya oldular və yeni jurnalistikanın prinsipləri ilə işləyə bildilər. Bir qrup sovet jurnalistika məktəbinin tam yetirməsi idi. Onların adaptasiyası, yeni şəraitə uyğunlaşması çətin keçdi. Sovet dövründə və sonrakı müstəqil jurnalistikanın qarşısında duran vəzifələr fərqli idi. O dövrdə jurnalistika daha çox təbliğat, təşviqat vasitəsi idi. Amma xaraktercə bütün dünyada jurnalistika informasiya vasitəsidir. Onun əsas vəzifəsi cəmiyyətə qərəzsiz məlumat çatdırmaqdır. Təbliğat və informasiya funksiyası zahirən oxşar görünsə də, mahiyyətcə bir-birindən xeyli fərqlənir. Əsas da xəbər və ideoloji jurnalistika. Xəbər jurnalistikası Azərbaycan cəmiyyətində tam formalaşmayıb. Bu da ölkədəki demokratiyanın inkişafına uyğun məsələdir. Cəmiyyətdə demokratiya səviyyəsi aşağı olanda proses ağır gedir. Onu həyata keçirmək çətin olur”.
Yeganə OQTAYQIZI