Mərkəzi Seçki Komissiyası müvafiq seçki təqvimini açıqladıqdan sonra deputatlığa iddialılar sürətlə öz namizədliklərini irəli sürməkdədirlər. Bu sırada 34 saylı Xətai II seçki dairəsində də ciddi iş getməkdədir.
“Seçkilər” İnformasiya Mərkəzinin məlumatına görə, bu gün üçün DSK-dan Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət də daxil olmaqla 5 nəfər iddialı şəxs imza vərəqləri götürüb. Ancaq bildiriş təqdim edən namizədlərin sayı bundan daha artıqdır.
Azər Həsrətin seçki qərargahından verilən bilgiyə görə, hazırda 34 saylı Xətai II seçki dairəsindən deputatlığa iddia edənlərin sayı ən azı 14 nəfərdir. Bunların arasında müstəqil şəxslər çoxluq təşkil etsə də, siyasi partiyalar və blokların namizədi kimi yarışmaya qatılanlar da az deyil. Görəsən, bu durum Azər Həsrəti rahatsız etmir ki?
Namizədlərin çoxluğu məsələsinə münasibət bildirən Azər Həsrət onların hər birinə hörmətlə yanaşdığını bildirib. O, həmçinin qeyd edib ki, əgər bu qədər insan öz gücünü sınamaq fikrindədirsə, deməli seçkinin normal keçiriləcəyinə inam var. Bundan başqa o, namizədlərin çoxluğu şəraitində mübarizə aparmağın maraqlı və faydalı olacağı inancındadır: “Namizədlər nə qədər çox olarsa seçkiyə maraq da bir o qədər artıq olar. Digər tərəfdən də seçicilərin seçim imkanları geniş olacaq. Yəni belə bir şəraitdə seçicilər namizədləri müqayisə edib özlərinə gərəkli sandıqlarına səs vermə imkanı qazanacaqlar ki, bu da ümumi işin xeyrinədir”.
Modern.az