Ekspertlərin fikrincə, sanksiyaların ləğv edilməsindən sonra İranın Azərbaycan və Türkiyə üçün əhəmiyyətli olan TANAP enerji layihəsində iştirak edəcəyi aktuallaşır.
Belə məsələlərin gündəmdə olduğu bir zamanda isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfər etməsi diqqət çəkməyə bilməzdi. Mövzu ilə bağlı Modern.az-a danışan keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, İran TANAP layihəsindən pay götürməkdə maraqlıdır.
Qabil Hüseynlinin sözlərinə görə Ərdoğanın Tehrana səfəri çərçivəsində apardığı danışıqlarda İranın TANAP-a qoşulması ilə bağlı hər hansı prinsipial razılaşma olmayıb.
“Ümumiyyətlə İranın TANAP layihəsində iştirakı ilə bağlı mürəkkəb əngəllər hələ də mövcuddur. Birincisi ona görə ki, İrana qarşı sanksiyalar hələ aradan qaldırılmayıb. İkincisi isə İran Türkiyəyə satdığı qazın qiymətinin aşağı salınmasında maraqlı deyil”,-deyə o bildirib.
Keçmiş dövlət müşaviri deyib ki, Türkmənistanın TANAP layihəsində iştirakı prioritetdir. Onun fikrincə, türkmən qazının TANAP-a qoşulması prosesinə Rusiya əngəllər yaratmaq istəyir. “Amma buna baxmayaraq gündəlikdə duran əsas məsələ türkmən qazının TANAP-a cəlb edilməsidir. Türkmənistan qazının TANAP-a qoşulması baş tutmasa, İran qazının bu layihəyə cəlb edilməsi aktual olacaq”.
Avropanın Rusiya qazından asılılığı azaltması üçün apardığı siyasəti xatırladan Qabil Hüseynli qeyd edib ki, bu zaman yaranan boşluğu Azərbaycan təkbaşına doldura bilməz.
Politoloqun bildirdiyinə görə böyük olan Avropa bazarlarını doldurmaq üçün Azərbaycana başqa ölkədən qaz almaq lazımdır.
“Türkmən qazı daha münasibdir. Bu olmasa, İran qazı gündəmdə olacaq. İran qazı Türkiyəni də təmin etmək baxımından önəmlidir. Çünki Türkiyənin qaz məsələsində İrandan onsuz da asılılığı var. İranın TANAP- qoşulmasından Türkiyə qazanc əldə edər. Çünki belə olarsa, İrandan Türkiyəyə satılan qazın qiyməti avtomatik olaraq aşağı düşəcək”.
Aqşin Kərimov