Modern.az

Seymur Verdizadə: “Bircə məmur bunu sübut etsə, qələmimdən imtina edərəm” - MÜSAHİBƏ

Seymur Verdizadə: “Bircə məmur bunu sübut etsə, qələmimdən imtina edərəm” - MÜSAHİBƏ

Media

9 Aprel 2015, 13:01

Tanınmış jurnalist Seymur Verdizadə 9 aprel tarixində ad gününü qeyd edir. Uzun müddətdir  jurnalsitikada öz dəsti-xətti ilə seçilən S.Verdizadə köşə yazarı kimi oxucuların daim izlədiyi qələm sahiblərindən biridir. O, həm də Jurnalist Araşdırmaları Mərkəzinin sədri kimi QHT sektorunda aktiv fəaliyyətdədir.

Modern.az saytı tanınmış jurnalistlə müsahibəni təqdim edir.


- Seymur müəllim, həyata artıq 40 yaşın “eynəyindən” baxanda nələrin dəyişdiyini görürsüz?

- Bu gün dostların 40 yaşla bağlı suallar verməsi məni kövrəldir. 1998-ci ildə jurnalistikaya gəlmişəm. O zaman mətbuatda işləyənlər arasında yaşı 40 olan jurnalistlər çox az idi. Yaşı 40-ı ötənlərin hamısı dövrlə ayaqlaşa bilmədikləri üçün jurnalistikanı tərk etmişdilər. Bizim nəslin jurnalistləri də inanmazdılar ki, onlar 40 yaşına kimi bu sahədə çalışa bilərlər. Amma zaman keçdi və bunun əksi baş verdi.
Bu gün artıq 17 il arxada qalıb. Şəxsi həyatımda isə elə bir ciddi hadisə baş verməyib. Övladlarım var və bu da o dövrə nisbətən mənim məsuliyyətimi, qayğılarımı daha da artırıb. Mənim yaşım  artdıqca, övladlarımın yaşı, övladlarımın yaşı artdıqca isə qayğılar artır. Elə bu kimi  səbəblərdən də həmkarlarımdan çoxu jurnalistikanı tərk ediblər. Çünki jurnalist maaşı ilə övlad böyütmək, onları universitetə hazırlaşdırmaq demək olar ki, mümkün deyil. Amma məndə bunun əksi baş verdi. İndi mən daha çox işləyirəm. Həm jurnalist kimi cəmiyyətin qarşısında, həm də bir ata kimi övladlarımın, ailəmin qarşısında öz vəzifəmi yerinə yetirməyə çalışıram.

Bu gün də çörəyim  jurnalistikadan, sözdən çıxır. QHT sahəsindəki fəaliyyətimi də jurnalistika ilə uzlaşdırıram. Onu da qeyd edim ki, jurnalist həmkarlarımdan bəziləri mənim QHT sektrorundakı fəaliyyətimə birmənalı yanaşmırlar. Amma təcrübəli jurnalist mütləq vətəndaş cəmiyyəti sektorunda da çalışmalıdır və onu jurnalistika ilə uzlaşdırmalıdır


- Dediniz ki, 1998-ci ildə jurnalistikaya gəlmisiniz. O zamanın Azərbaycan insanı ilə bu gün azərbaycanlısının dünyaya, həyata baxışında nələr dəyişib?


- O zaman Azərbaycan cəmiyyəti kapitalizmi qəbul edə bilmirdi. Onlar sanki sosializmin yenidən bərpa olunacağına inanırdılar. Kapitalizmin ancaq Avropa və Amerikaya məxsus olduğunu düşünürdülər. O zaman elə adamlar var idi ki, onlar sözün həqiqi mənasında pulu əl çirki hesab edirdilər. Yəni, mən jurnalistikaya gəldiyim ilk illərdə insanlar daha çox mənəvi dəyərlərlə yaşayırdılar. Amma indi pula görə hər bir vasitəyə əl atan insanlar yetişir. Mənəvi dəyərlər arxa plana keçir. Bizim bəxtimiz onda gətirdi ki, sovet dövründən bizə çox yaxşı oxucu kütləsi qaldı. Mən o zaman “Bu gün” qəzetində işləyirdim. Bir hərf səhvinə görə ucqar dağ kəndindən redaksiyaya zəng vurulurdu, məktub yazılırdı - etirazlarını birldirirdilər. Bu kimi hallar bizi sözə daha məsuliyyətli yanaşmağa məcbur edirdi. Amma indi internet mediasında bu hallar yaşanmır. Ancaq operativlik arxasıyca qaçan internet mediası sözə o qədər də məsuliyyətli yanaşmır. İnternet mətbuatında məsuliyyət hissi azdır. Bu media öz romantik oxucusunu yetişdirə bilmədi. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, mən qəzetdə olan oxucularımı öz arxamca internet aləminə gətirə bildim. Bu gün də onlar istər sosial şəbəkələrdə, istərsə də saytlarda məni izləyirlər. Məhz onlar məni bir jurnalist kimi formadan düşməyə qoymurlar. Bu gün mən bilirəm ki, onlar hansısa yazı səhvinə etiraz edəcəklər. Ona görə də özümə dolaşıq olan fikirlərə bir neçə dəfə qayıdıram. Hələ də orfoqrafiya lüğətlərindən istifadə edirəm. Amma çox təəssüf ki, yeni nəslin jurnalistləri elə düşünür ki, artıq vergül, nöqtə, hərf səhvləri keçmişdə qaldı. Bu səbəbdən səhvlərə çox hallarda rast gəlinir və bu səbəbdən də mətbuata inam, sayğı get-gedə azalır.  Biz gecə  saat birə kimi işləyirdik və qəzeti təhvil verirdik. Səhət metroya minəndə görürdük ki, insanlar gecə bizim min əziyyətlə buraxdığımız qəzetləri oxuyurlar. Bu, bizi ruhlandırırdı. Amma indi bu hallara rast gəlmirik. İctimai nəqliyyatda əllərində qəzet tutan insanları demək olar ki, çox az görmək olar.


- Amma zamanın tələbləri də dəyişib. Qəzet oxumasalar da, ola bilsin əllərindəki planşet, telefonla hansısa saytı izləyirlər...


- Mən çap mətbautının yetirməsi olsam da, düşünürəm ki, artıq o yerini tam olaraq internet mətbuatına verməlidir. Çünki dünyada bu proses başlayıb. Azərbaycanda isə daha sürətlə inkişaf edir. Azərbaycanda süni nəfəs aparatına qoşulan çap mətbuatını bir gün mütləq o aparatdan ayıracaqlar. Bu gün Azərbaycanda çap mətbuatı həqiqətən də süni nəfəs aparatına birləşdirilən xəstəni xatırladır. Bir gün haçansa həmin xəstə o aparatdla vidalaşacaq. Mən çox sevirinəm ki, oxucular bir sıra aparıcı saytlarda informasiyaları mütəmadi olaraq izləyirlər. Bu çox gözəldir, amma əgər o saytın yazdığı xəbərdə bir məmurun, yaxud bir müğənninin adı səhv yazılıbsa, bunu mütləq redaksiyaya bildirsinlər. Mən bu gün oxucudan yazıya qarşı məsuliyyət tələb istəyirəm. Onlar məsuliyyətli olduqda, jurnalistdən məsuliyyət tələb etdikdə, həqiqətən də bu, sözün çəkisini artırar. İstərdim ki, oxucunun gözü daim jurnalistin üstündə olsun.


- Keçmişə bir nəzər salaq. Harada işlədiyinizi yox, işlədiyiniz yerlərdə hansı çətinliklərlə qarşılaşdığınızı bilmək maraqlı olardı. Maddi məhrumiyyətlər sizi çox yormayıb ki?


- Sizə bəlkə də qəribə gələcək, amma mən jurnalistikada, mətbuatda o qədər də məhrumiyyətlərə rast gəlməmişəm. Hər zaman pullu qəzetlərdə işləmişəm. 1998-ci ildə ilk maaşım köhnə məzənnə ilə 700 min manat idi (indinin 140 manatı-red.), amma atam Bakının ən aparıcı məktəblərinin birində müəllim işləməsinə baxmayaraq 140 min manat idi (indiki məzənnə ilə 28 manat-red.) məvacib alırdı. Aradakı fərqə baxın! Mən pullu qəzetlərdə işləməyə məcbur idim. Çünki 1993-cü ildə məcburi köçkün kimi Bakıya gəlib yataqxanada məskunlaşdıq. Özümdən kiçik qardaşımın təhsili, ailə vəziyyətim məni məcbur edirdi ki, ancaq çox gəliri olan yerlərdə çalışım. Hətta öz yaxın dostlarımın maliyyəsi aşağı olan qəzetlərində də işləməmişəm. Çünki qarşımda iki yol var idi: mən ya reketlik etməli idim, kimdənsə rüşvət almalı idim, ya da yaxşı gəliri olan yerdə çalışıb ailəmə kömək etməli idim. Təbii ki, ikinci yolu seçdim. Bu günə qədər də kimdənsə bir manat belə, almamışam. Əgər bir məmur bunu sübut eləsə, mən qələmi yerə qoyaram!


- Ola bilməz ki, jurnalist kimi məhrumiyyət görməyəsən...


- Təbii ki, olub. Biz məcburi köçkün kimi bir dəst paltarla evdən çıxmışdıq. Sonradan nə qədər yaxşı maaş alsaq da, qayğılar-sıxıntılar hər zaman bizi izləyib. “Cumhuriyyət”, “Vətəndaş həmrəyliyi”, “Bu gün”, “Xəzər” qəzetlərində yaxşı maaş alırdım. 2005-ci ildə aylıq əmək haqqım 700 dollar idi ki, bu gün də əksər jurnalistlər o maaşı ala bilmir. Amma ailə sıxıntılarım, qardaşımın təhsili və başqa problemlər imkan vermirdi ki, aldığım maaşla yaxşı yaşayım. Daha sonra da övladlar oldu. Onların qayğısı, məsuliyyəti də onlarla dünyaya gəldi. Amma bir epizod var ki, o heç zaman mənim yadımdan çıxmır. Onda biz “Bu gün” qəzetində işləyirdik. Yaşımızdan asılı olmayaraq hər gün birimiz növbə ilə gedib uşaqların atışdığı pulla nahara kolbasa, pendir, çörək, su alırdıq. 1998-ci ilin may aydı idi. Bu hadisə heç cür yadımdan çıxmır. İş yoldaşımızdan birinin növbəsi idi. O, getdi. Amma yarım saatdan sonra çox dilxor gəldi. Soruşduq ki, nə olub? O, bizə əhvalatı danışdı. Sən demə, o, hər gün bizim yediyimiz kolbasadan almaq üçün növbədə durduğu zaman  bir harınlamış yekəpər adam satıcıya deyib ki, “həmin kolbasadan bir kilo mənim pişiyim üçün çək”. Bu, bizim yoldaşa pis təsir edib. Heç nə almayıb redaksiyaya qayıtmışdı. Həmin gün biz ac qaldıq. Bu, onun göstəricisi idi ki, biz jurnalistlər hansısa harınlamış adamın pişiyinə verdiyi kolbasdan yeyirmişik...


- Anadan olduğunuz Cəbrayılın Soltanlı kəndini də bir xatırlayaq. Oradakı planlarınız nə idi? Nələr baş tutdu, nələr yox?


- Mənim bütün uşaqlıq və gəncliyim Soltanlı kəndi ilə bağlıdır. Orada ən əsas halal zəhmət var idi. İndi anlayırıq ki, ata-anamız o halal zəhmətin hesabına hansı çətinliklərlə bizi böyüdüblər. Cəbrayıl işğal olunan zaman mən Türkiyədə təhsil alırdım. Hər dəfə də məni rəhmətlik  atam qarşılayırdı. Hər dəfə də görüşəndə onun əllərinin qabarı mənim əllərimi dalayırdı. 1996-cı ildə məni qarşılayanda gördüm ki, o qabarlar yenə də qalıb. Mənim atam kolxozçu deyildi, ziyalı müəllim idi. Amma yenə də sadə zəhmətlə məşğul olurdu. O kəndin, o yerin bütün insanları belə idi. Mən bu gün də kəndimizi tez-tez yuxuda görürəm. Ən böyük arzum budur ki, heç olmasa bir dəfə evimizdən məktəbə gedən cığıra düşüb məktəbə gedim və yoldakı kəhrizdən bir udum su içim. Bircə dəfə Cəbrayılı görmək, bu arzunun bircə dəfə yerinə yetməsi üçün ömrümün 10 ilini verməyə hazıram.


- Madam ki uşaqlıq illərinizə qayıtdıq, elə övladlarınızdan da bir-iki kəlmə danışaq...


- Məşhur bir deyim var: uşaqlar daha çox öz zəmanələrinə oxşayırlar. Özüm halallıqla böyümüşəm, indiyə qədər də qapımdan bir qram da olsun haram tikə keçməyib. Hiss edirəm ki, müsbət tərəflərimin bir neçəsi övladlarıma keçib. Bir oğlum, bir qızım var. Oğlum 15 yaşındadır. Amma onda jurnalistikaya, yaradıcılığa xüsusi maraq hiss etməmişəm. İkinci qrupa hazırlaşır, iqtisadiyyatçı olmaq fikrindədir. Təbii ki, mən onun bütün fikirlərinə hörmətlə yanaşıram.
Qızım hələ ki, çox kiçikdir - üçüncü sinifdə oxuyur. Onun  nəyə maraq edəcəyini zaman göstərər. Amma istəməzdim ki, övladlarım jurnalist olub, mənim yaşadığım sıxıntıları  yaşasınlar...


Tiflis... Kürün sahilində...


Türkiyənin Zəfər bayramını Türkiyə səfirliyində türk zabitlərlə birlikdə qeyd edirik...



Bərdədə müvəqqəti məskunlaşmış ağdamlı məktəblilərlə bir arada. Torpaq həsrəti, yurd niskili ilə yaşayan bu yeniyetmələrlə söhbət çox maraqlı idi. Allah hamısını xətadan-bəladan hifz eləsin!


İran televiziyasına müsahibə verirəm. Söhbətimizin mövzusu Azərbaycan ədəbi dilinin mövcud vəziyyətidir.


Tanınmış jurnalist, dostum Etibar Cəbrayıloğlu ilə "Xəzər Lənkəran"ın stadionundayıq...


Qış tətilinidə Oğuza getmişdim... Xalxal cənnətin özü sayılır...


Gəncədə ictimai tədbirdə...


Jurnalist dostlarlarla bir məclisdə...


Tibb elmləri namizədi Rəşid Mahmudov gözəl alim olmaqla yanaşı, həm də gözəl insandır. 100 yaşa, ağsaqqal!


Jurnalist həmkarım Niyaz Niftiyevlə Cəlilabad səfərində...


"Səni axtarıram" verilişində bir-birindən maraqlı talelər müzakirə edirik.


Amerikada... Atlantik okeanında gəzintiyə hazırlaşırıq...


Oğlum Şahin, qızım Xədicə...


Qəbələdə kənd uşaqları ilə xeyli söhbət etdik. Öz kəndimiz yadıma düşdü...


Elmin NURİ

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!