Modern.az

BDU-da prezidentin kitabının təqdimat mərasimi olub

BDU-da prezidentin kitabının təqdimat mərasimi olub

17 Sentyabr 2010, 15:56


Bu gün Bakı Dövlət Universitetində Özbəkistan Respublikasının prezidenti İslam Kərimovun Azərbaycan dilində çapdan çıxan «Yüksək mənəviyyat - yenilməz güc» adlı kitabının təqdimat mərasimi keçirilib.
Modern.az-ın məlumatına görə, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov deyib ki, kitabın Azərbaycanın geniş oxucu kütləsinə çatdırılması heç də təsadüfi deyil. Çünki Azərbaycan və özbək xalqları arasında qarşılıqlı münasibətlərin tarixi var. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir.
Rektor deyib ki, Azərbaycanda özbək mədəniyyəti və ədəbiyyatına, Özbəkistanda isə Azərbaycan mədəniyyəti və ədəbiyyatına həmişə böyük maraq olub. Özbəkistanda Nizami, Füzuli kimi dahi şairlərin, Azərbaycanda isə özbək xalqının dahi oğlu Əlişir Nəvainin əsərləri hamının dönə-dönə müraciət etdiyi, sevə-sevə oxuduğu, bəhrələndiyi əsərlərdəndir.

Abel Məhərrəmov qeyd edib ki, «Yüksək mənəviyyat-yenilməz güc» adlı kitab bəşəri dəyər olan milli mənəviyyatdan, onun məna və məzmunundan bəhs edir. Əsərdə müəllif bu anlayışın məna və məzmununu, onu formalaşdıran əsas meyarları, maddi və mənəvi həyatın uyğunluğunu, mənəviyyatın insanların və cəmiyyətin həyatında tutduğu yeri və əhəmiyyəti açıqlayıb, qloballaşan dünyada milli mənəviyyatın qorunub saxlanması, inkişaf etdirilməsi məsələsinə toxunub, bunun yollarını göstərib. Burada son dərəcə mürəkkəb və çoxmənalı olan mənəviyyat anlayışının nəzəri və praktik cəhətləri hərtərəfli tədqiq olunub, mənəviyyat sahəsində mövcud problemlər, mənəviyyatın cəmiyyətin yenilənməsindəki rolu, milli mənəviyyat üçün mövcud təhlükələr kimi məsələlər işıqlandırılıb.

Özbəkistanın ölkəmizdəki səfiri İsmətulla İlqaşov kitabın təqdimatının yüksək səviyyədə təşkil olunmasına görə Abel Məhərrəmova təşəkkür edib.
 
Qafqaz Müsləmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə İslam Kərimovla 20 illik dostluq tellərindən danışıb. A.Paşazadə həmçinin Şeyxülislam kimi formalaşmağında özbək xalqının böyük rolundan danışıb, bu ölkəni ikinci vətəni hesab etdiyini deyib.

Parlamentin Aqrar Siyasət Daimi Komitəsinin sədri Eldar İbrahimov isə əsəri bütün xalqlar üçün əhəmiyyətli hesab edib. O, xüsusən Özbəkistanın Ermənistanla heç bir diplomatik əlaqə qurmadığıın önə çəkib.

Deputat Nizami Cəfərov kitabın 4 əsas cəhəti haqqında danışıb. Deyib ki, əsər mənəviyyatın fəlsəfi şərhi, mənəviyyatda müstəqillik, mənəviyyatın təhdidi və dövlətin, cəmiyyətin yüksəlişinin sütunu olan mənəviyyat məsələləri ilə xarakterikdir.

Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin üzvü, kitabın tərtibçi və buraxılışa məsulu Eldar Məmmədov, əsərn Azərbaycan dilinə tərcümə edəni Yaşar Qasımbəyli də kitab haqqında fikir və mülahizələrini bildiriblər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama