“Bülbül prospektindəki “Əli və Nino” mağazasının bağlanmasının digər mağazalara təsiri olmayacaq. Əksinə, 2015-ci ilin sonuna kimi 2 mağaza da açacağıq”.
Bunu Modern.az saytına “Əli və Nino” mağazalar şəbəkəsinin sahibi Nigar Köçərli şəbəkənin gələcək taleyindən danışarkən bildirib. O, mağazalar şəbəkəsinin Bülbül prospektindəki filialının bağlanma səbəbinə də toxunub:
“Bülbül prospektində yerləşən mağaza bağlandı. Çünki mağaza çox az gəlir gətirirdi. O mağaza ilə bağlı başağrıları da çox idi. Sahibləri ilə heç bir problem yox idi. Çox yaxşı insanlar idi. Gənc Tamaşaçılar Teatrının və Opera və Balet Teatrının yanında da mağazalarımız var idi. O mağaza sanki sakit bir yerdə yerləşirdi. 5 il ərzində orada nəinki irəliləyiş oldu, əksinə get-gedə gerilədi. Ona görə də fikirləşdim ki, nəyə görə bu məsələni uzatmalıyıq? Bizim planımız budur ki, ilin sonuna kimi 2 mağaza açaq. Gələn il ərzində isə planımızda əlavə 5 mağaza açmaq var. Ümumiyyətlə, mənim arzum odur ki, Azərbaycanın hər bir şəhərində “Əli və Nino” kitab mağazası olsun. Bununla bağlı çox ciddi işlər görürük. Get-gedə mağazaların sayı artacaq”.
Ulduz İbrahimova