”Qeyri-neft sektoru prioritet olaraq qalır, bütün lazımi tədbirlər görülür. Hesab edirəm ki, bu il qeyri-neft sektorumuz daha da arta bilər. Birinci aylarda yeddi faiz artım əlbəttə ki, gözəl göstəricidir. Çalışmalıyıq ki, ümumiyyətlə, qeyri-neft sektorumuz ümumi daxili məhsulun çox böyük hissəsini təşkil etsin. Ancaq o da həqiqətdir ki, bir neçə ildən sonra “Cənub” qaz dəhlizi işə düşəndən sonra bizim qaz ixracımız kəskin şəkildə artacaq. Beləliklə, neft-qaz sektorumuz daha da böyüyəcək. Belə olan halda qeyri-neft sektorunun daim neft sektorunu üstələməsi üçün biz əlavə tədbirlər görməliyik. Bu tədbirləri görürük. Onların içərisində, əlbəttə ki, infrastruktur layihələri bölgələrdə iqtisadi inkişafa şərait yaradır. Eyni zamanda, dövlətin sahibkarlara olan münasibəti, diqqəti və dəstəyidir”.
Modern.az-ın məlumatına görə, bu sözləri Prezident İlham Əliyev aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqində deyib.
İlham Əliyevin sözlərinə görə, Azərbaycanda sahibkarlara göstərilən siyasi dəstək kifayət qədər yüksəkdir. Eyni zamanda, dövlət sahibkarlığın inkişafı üçün digər tədbirlər də görür. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli şərtlərlə kreditlər verilir.
”Azərbaycanda, deyə bilərəm ki, hazırda çox böyük sahibkarlıq sinfi yaradılmışdır. Ölkəmizin ümumi inkişafı bundan sonra daha çox sahibkarlığın inkişafından asılı olacaq. Əlbəttə, dövlət inhisarında olan strateji sahələr dövlətin əlində qalmalıdır. Bu, strateji nəqliyyat infrastrukturu, neft-qaz sektoru, strateji enerji infrastrukturudur. Çünki bu sahələr dövlət tərəfindən idarə edilməlidir ki, işlər məqsədyönlü şəkildə aparılsın. Əlbəttə ki, əsas infrastruktur qurumları dövlət monopoliyasında olanda tariflərə də dövlət nəzarət edir və imkan vermir ki, tariflər artsın yaxud da insanların yaşayış səviyyəsinə mənfi təsir göstərsin.
Digər sahələr isə artıq sahibkarlıq hesabına formalaşır. Ümumi daxili məhsulumuzun haradasa 80 faizdən yuxarı hissəsi özəl sektorda formalaşır”.
Prezidentin sözlərinə görə, regionlarda da sənaye inkişafı sürətlə gedir. “Artıq biz bir neçə sənaye mərkəzi müəyyən etmişik. İndi növbə gəlib ki, hər bir rayonda sənaye zonası yaradılsın. Birinci zona Neftçalada yaradılır. Mənə verilən məlumata görə, yerli sahibkarlar tərəfindən çox böyük həvəslə, böyük maraqla qarşılanır”.
Ölkə başçısı bildirib ki, kənd təsərrüfatının inkişafı üçün çox ciddi tədbirlər görülür, islahatlar aparılır.
”Torpaqların elektron uçotu, qeydiyyatı indiki mərhələ üçün çox önəmli məsələdir. Biz buna nail ola bilsək, onda həm şəffaflıq olar, həm də biz dəqiq biləcəyik ki, nəyimiz var. Çünki bəzi hallarda tərtib olunan xəritələr həqiqətlə uzlaşmır. İndi bu məsələ aydınlaşdırılır, təftiş edilir. Verilən pay torpaqları, ayrılan sahələr bunlar həqiqəti əks etdirmir. Peykdən əldə edilən görüntülər xəritədə göstərilən görüntülərlə üst-üstə düşmür. Bu, çox ciddi məsələdir. Vaxtilə bu sahədə böyük səhvlər buraxılmışdır. Ona görə biz indi hər şeyi yenidən tənzimləməliyik. Elektron uçot ona görə lazımdır ki, sahibkarlar hansı torpağın sahibi olduqlarını bilsinlər. Eyni zamanda, dövlət də bilməlidir ki, kimin hansı torpağı var, o torpaqlarda nə yetişdirilir və ya yetişdirilmir. Bəzi hallarda torpaqlar götürülür, ondan sonra təyinatı dəyişdirilir. Yaxud da ki, hasarlanır, sadəcə olaraq mülkiyyət kimi saxlanılır. Buna yol vermək olmaz. Burada vəziyyəti tam şəffaflaşdırmaq üçün torpaqların elektron uçotu məsələsi öz həllini tapmalıdır. Bu, sadəcə olaraq statistika deyil. Bu, məhsuldarlıqdır, bu, aqrar siyasətimizdir. Həmçinin biz tövsiyə də edə bilərik, əlavə güzəştlər də verə bilərik ki, sən bu torpaqda bu məhsulu yetişdirirsən, gəl bu məhsulu yetişdir. Dövlət sənə daha da çox subsidiya verəcək, kömək edəcək. Çünki dövlətə, ölkəyə bu lazımdır. Ona görə bu, çox ciddi məsələdir. Mən bilirəm, indi Kənd Təsərrüfatı Nazirliyi bu işlərlə çox ciddi məşğuldur. Gərək bütün aidiyyəti qurumlar da buna qoşulsunlar ki, biz torpaqların elektron uçotunu tərtib edək. Burada uyğunsuzluq aradan götürülməlidir”.
Prezidentin sözlərinə görə, makroiqtisadi sabitlik daim diqqət mərkəzindədir.
”İnflyasiya çox aşağı səviyyədədir. Mən keçən il demişdim ki, bu il də inflyasiya birrəqəmli olacaq və birinci rübdə cəmi 2,8 faiz artıb. Bu, çox gözəl göstəricidir. Baxmayaraq ki, fevral ayında manatın məzənnəsində dəyişiklik edilmişdir və bu da istər-istəməz idxal olunan malların qiymətinə təsir edə bilərdi. Ancaq görülən tədbirlər nəticəsində istehlak bazarında vəziyyət tam sabitdir. Biz qiymətlərin qalxmasına imkan vermədik. Qiymətlər sabitdir, sabit də qalmalıdır.
Ümumiyyətlə, manatın məzənnəsinin dəyişdirilməsi, - mən bu barədə artıq bir dəfə öz fikirlərimi bildirmişəm, bir daha demək istəyirəm, - bu, qaçılmaz bir hal idi. Çünki biz 2005-ci ildə pul islahatını apararkən bir manatı bir dollara bərabərləşdirdik. O vaxta qədər bir dollar beş min manat idi. Bu balans saxlanılmalı idi. Əslində biz imkan verməməli idik ki, manat çox bahalaşsın. Çünki iqtisadçılar yaxşı bilir, bu, yerli istehsalçılara da mənfi təsir göstərir, bizim ixrac imkanlarımıza da əngəllər törədir. Ancaq ölkə iqtisadiyyatının çox sürətli inkişafı və neft gəlirlərinin kütləvi şəkildə xəzinəyə daxil olması əlbəttə ki, manatı çox gücləndirdi. 2005-ci ildə biz pul islahatını apardıq, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşdü və böyük gəlirlər gəlməyə başladı. Nəticə etibarilə biz gördük ki, bir manat artıq 1,3 dollar səviyyəsində idi. Ondan sonra gördük ki, hətta bir manat bir avrodan da qiymətli və bahalıdır. Yəni, bu, tamamilə qeyri-təbii bir məzənnə idi. Buna son qoyulmalı idi və bu gün bütün mötəbər beynəlxalq maliyyə qurumları bizim addımımızı dəstəkləyir, alqışlayır, eyni zamanda, əhali də görür ki, məzənnənin dəyişdirilməsinin gündəlik həyata təsiri olmamışdır. Ona görə ki, ilk növbədə, vaxtilə görülən işlər nəticəsində gündəlik tələbat məhsullarının böyük hissəsini özümüz istehsal edirik. Digər tərəfdən, istehlak bazarına nəzarət gücləndirilmişdir və möhtəkirlərə qarşı çox ciddi mübarizə aparılmışdır.
Bilirsiniz ki, biz istəyirdik məzənnəni tədricən, yavaş-yavaş dəyişdirək. Amma ondan sonra ajiotaj yarandı. Hər gün 500 milyon dollar vəsait bazarlardan yığışdırılırdı, alınırdı və belə getsə idi, bizim Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə aşağı düşə bilərdi.
Ona görə görülən tədbirlər, iqtisadiyyatımızın şaxələndirilməsi, sosial siyasətimiz nəticəsində və biz imkan vermədik ki, natəmiz insanlar bu vəziyyətdən istifadə etsin. Bax, bütün bu məsələlər vəziyyətin sabit saxlanmasına xidmət göstərmişdir.
Mənim narahatçılığım, eyni zamanda, dərman preparatlarının qiymətləri ilə bağlı idi. Mən xüsusi göstəriş vermişdim ki, bütün apteklərdə ciddi nəzarət təşkil edilsin və qiymətlərin qalxmasına imkan verilməsin. Eyni zamanda, onu da qeyd etməliyəm ki, dərman preparatlarının bazarı əfsuslar olsun ki, Azərbaycanda müəyyən dərəcədə nəzarətdən kənarda qalmışdır. Bu, əslində dözülməz bir hal idi. Bu hadisə deyə bilərəm ki, bizim diqqətimizi bu sahəyə daha da ciddi şəkildə yönəltdi və gördük ki, bu sahədə çox böyük pozuntular, uyğunsuzluqlar var. Bəzi hallarda dərmanların qiyməti bir neçə dəfə, bəzi hallarda on dəfə şişirdilir. Yəni, burada tamamilə özbaşınalıq və anarxiya hökm sürürdü. Kim dərmanı hansı qiymətə istəyirdi, o qiymətə də satırdı. İnsanlar da məcbur olub o dərmanları alırdılar, böyük vəsait xərcləyirdilər, xüsusilə pensiyaçılar ki, onlara daha çox dərman lazımdır.
Eyni zamanda, bəzi hallarda ölkəyə o qədər də böyük keyfiyyətə malik olmayan dərmanlar da gətirilir. Ona görə mən Səhiyyə Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə göstəriş vermişəm ki, bu sahədə vəziyyət tamamilə nəzarətə götürülsün. Eyni zamanda, hökumətə tapşırmışam ki, ciddi nəzarət olmalıdır və indi yeni mexanizm işlənilir. Ümid edirəm ki, bir neçə aydan sonra biz bu mexanizmi tətbiq etməyə başlayacağıq və insanlar bunu gündəlik həyatda görməlidirlər. Qiymətlər qalxmamalıdır. Mən hesab edirəm ki, bəzi dərmanların qiymətlərində kəskin azalma da olacaqdır.
Bu mövzu ilə bağlı bir məsələni də qeyd etmək istəyirəm. Bu vəziyyət onu bir də göstərdi ki, yerli istehsalın ölkə iqtisadiyyatı üçün nə qədər böyük əhəmiyyəti var. Ona görə İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırıram ki, yerli istehsalın stimullaşdırılması üçün əlavə tədbirlər hazırlasın, təklif versin və biz lazımi qərarlar, sərəncamlar verəcəyik.
Onu da qeyd etməliyəm ki, Azərbaycan yeganə ölkə deyildi ki, milli valyuta devalvasiyaya uğramışdır. Mənə verilən arayışda bəzi rəqəmlər var. İstəyirəm, sadəcə olaraq Azərbaycan ictimaiyyəti son vaxtlar bizim qonşuluğumuzda hansı hadisələrin baş verdiyini bilsin. Yəni, son vaxtlar bölgədə vəziyyət bundan ibarətdir: Qazaxıstanda milli valyuta 20 faizdən çox aşağı düşdü, Türkmənistanda 20 faizdən çox devalvasiyaya uğradı. Gürcüstanda milli valyuta 30 faizdən çox qiymətdən düşdü. Türkiyədə 2013-2015-ci illərdə türk lirəsi qiymətini 40 faiz itirdi. İranda milli valyuta 2013-2015-ci illərdə 113 faiz aşağı düşdü. Rusiyada son vaxtlar Rusiya rublu 80 faiz aşağı düşdü. Dünyanın aparıcı valyutalarından biri, yəni iki, ya üç aparıcı valyutasından biri avro qiymətini 25 faiz itirdi. Norveç milli valyutası qiymətini 34 faiz itirdi. Yəni, sadəcə olaraq mən bu rəqəmləri müqayisə üçün səsləndirirəm.
Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanda bu məzənnənin dəyişdirilməsi əslində məzənnənin bərpası deməkdir. Biz 2005-ci ildə müəyyən etdiyimiz məzənnəni bərpa etdik. O vaxt bir manat bir dollar idisə, bu gün də bir manat bir dollardır. Hesab edirəm ki, bundan sonra belə də olmalıdır.
Eyni zamanda, biz inhisarçılığa qarşı mübarizəni daha da gücləndirməliyik, əlavə tədbirlər görülməlidir. Yerli istehsalın stimullaşdırılması ilə bərabər, bu sahəyə də diqqət yetirilməlidir, əgər ya qanunvericilikdə, ya hansısa tənzimləyici qərarlarda hansı əlavə tədbirlər lazımdırsa, biz bunu edəcəyik. Biz azad, ədalətli rəqabəti təmin etməliyik”.
Azərbaycanın bölgələrində tez-tez olduğunu deyən Prezident rayonlarda görüləsi işlərin hələ çox olduğunu vurğulayıb.
”Elə rayonlar, şəhərlər var ki, orada 10 dəfədən çox olmuşam. Hər halda Azərbaycanda elə bir yer yoxdur ki, mən orada ən azı iki dəfə olmayım. Hər dəfə olanda həm maraqlanıram, həm başqa məlumat mənbələrim var ki, qaz, içməli su, elektrik enerjisi ilə təchizatla bağlı vəziyyət necədir. Bəzi hallarda mənə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri çox müsbət mənzərə təqdim etməyə çalışırlar. Ancaq reallıq ondan ibarətdir ki, bölgələrdə elektrik enerjisi ilə bağlı vəziyyət istədiyimiz səviyyədə deyil. Düzdür, biz indi böyük enerji gücləri, elektrik stansiyaları yaratdıq. Son illər ərzində yaratdığımız enerji potensialı bütün sovet dövründə yaradılan potensialdan böyükdür, ondan çoxdur. Nə qədər elektrik stansiyaları yaradıldı. Onlar olmasaydı, indi bizim iqtisadi, sənaye inkişafımız mümkün olmazdı. Yəni, biz diqqəti bu sahəyə yönəltdik ki, generasiya güclərini yaradaq. Azərbaycanda həm alternativ su elektrik stansiyaları və əsas qaz elektrik stansiyaları tikilmişdir. Amma ötürücü xətlərdə hələ ki, vəziyyət o qədər də yaxşı deyil. Xüsusilə, rayonlarda, kənd yerlərində bir balaca külək əsən kimi dirəklər aşır, işıq verilməsi dayandırılır. Buna dözmək olmaz. Mən dəfələrlə məsələ qaldırmışdım, demişdim, göstəriş vermişdim ki, gedin bu sahəni düzəldin. Bölgələrdə insanlarla görüşlər əsnasında mən onların xahişlərini, problemlərini eşidirdim. Deyirdilər ki, tez-tez işıqlar sönür, tez-tez işıqsız qalırıq. Azərbaycan kimi ölkədə belə vəziyyət dözülməzdir. Ona görə görəndə ki, bu inzibati tədbirlər səmərə vermir, biz struktur islahatlarına keçdik. Əminəm ki, “Azərişıq” yaxın zamanlarda bütün şəhər və rayonlarımızda elektrik enerjisi ilə təminatı Bakının səviyyəsinə qaldıracaqdır. Bu, çox ağır, çətin işdir. İndi böyük səylər göstərilməlidir. Ancaq qarşıya vəzifə qoyulub və mən birinci rübdə bu struktur islahatını xüsusilə vurğulamaq istəyirəm”.
Prezident çıxışı zamanı I Avropa Oyunlarına hazırlıq işlərindən də danışıb.