SSRİ dövründə kommunizmi şərtləndirən aparıcı amillərdən biri də elmi ateizmin təbliğ edilməsi və onun cəmiyyətdə özünə müəyyən status qazanması idi. Düzdür, sovet zamanı ali təhsil müəssisələrində elmi ateizmin tədris edilməsində partiya ideoloji təzahürləri daha çox nəzərə çarpırdı.
SSRİ rəhbərliyi hər şeydə olduğu kimi elmi ateizm məsələsini də sırf kommunist ideoloji platformasına uyğunlaşdırmışdı. Yəni ateizmin təbliğində də müəyyən məhdudiyyətlər var idi.
Ancaq etiraf etmək lazımdır ki, nəticə etibarilə elmi ateizm heç də pis vərdişləri, kor-koranə düşüncə tərzini cəmiyyətə çatdırmırdı. Bu ideologiyanın təməlində insanları maarifləndirmək, əməyə çağırış elementləri çoxluq təşkil edirdi.
Bu gün dünyanın siyasi konyukturasının dəyişməsi səbəbindən ictimai mühitdə fərqlilik əmələ gəlib. Artıq cəmiyyət ateizm təbliğatı ilə deyil, daha çox din söhbətlərlə maariflənməyi qarşısına məqsəd qoyub.
Buna baxmayaraq SSRİ siyasi və iqtisadi ideologiyasının qaynaqları olan Karl Marks, Fridrix Engels, Leninin ideyalarının daşıyıcıları mövcuddur. Bu, Azərbaycandan da yan keçmir. Azərbaycanda özlərini Marksizm-Leninizm ideoloji axının davamçıları adlandıran siyasi çəkili kommunistlər mövcuddur. Bəs həmin kommunistlər hazırkı şərtlərin diktə etdiyi proseslər fonunda ateizmi necə qiymətləndirirlər?
Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov Modern.az-a açıqlamasında bildirib ki, məsələyə dövrün tələbləri kontekstində yanaşmaq lazımdır.
“Karl Marks özü qeyd edirdi ki, kommunizm ideologiyası doqma deyil. Yəni, bu, dövrün tələbindən asılı olaraq dəyişir və inkişaf edir. İnsanlarda Tanrıya, fövqəltəbii qüvvələrə inam hissi kommunistlər tərəfindən pis qarşılanmır. Ateizm müəyyən dövr üçün lazım olan anlayış idi”.
Rauf Qurbanov qeyd edib ki, hər bir insanda hansısa fövqəltəbii bir qüvvəyə inam mövcuddur. AKP sədrinin fikrincə, insanın inancının olması onun məxsus olduğu ideologiya ilə ziddiyyət təşkil etmir. Rauf Qurbanovun sözlərinə görə, kommunistlərin apardığı mübarizə sosial mənada din xadimlərinin təbliğ etdiyi ideyalardan o qədər də fərqlənmir.
“Biz də ədalətli cəmiyyət istəyirik, dindarlar da. Hər bir insanın öz zəhməti, bacarığına, əməyinə görə qiymətləndirilməsini kommunistlər də tələb edir, dindarlar da. Amma fərq odur ki, kommunistlər yalnız gördüyü şeyə inanır və bu prizmadan yanaşaraq mübarizə aparır. Kommunistlər cəmiyyət üçün xeyirli ola biləcək bir şeyin Allah tərəfindən veriləcəyini gözləmir. Dindarlarla yanaşmada fərqimiz də budur”.
Özünün fövqəltəbii qüvvələrə inanmadığını deyən Rauf Qurbanov nə qədər təzadlı olsa da, etiraf edib ki, rəhbərlik etdiyi partiyada dinə inanan çoxlu şəxs var.
“Bizim partiyada hətta Həcc ziyarətində olmuş insanlar da var. Bu insanlar həm kommunist ideologiyasına, həm də Allaha inanır. Hesab edirəm ki, burada heç bir ziddiyyət yoxdur. Bizim partiyanın qapısı inancından asılı olmayaraq hər bir azərbaycanlının üzünə açıqdır. Onların partiya üzvü olması üçün sadəcə olaraq nizamnamə və proqramı qəbul etməsi lazımdır.
Mən özüm isə yalnız həyatda gördüyüm şeylərə inanıram. Şəxsən mən Allaha inanmıram. Amma milyonlarla insanın dini etiqadına hörmətlə yanaşıram. Düşünürəm ki, insanın ədalətli olması onun özündən asılıdır”.
Azərbaycan Vahid Kommunist Partiyasının baş katibi Musa Tükənov isə Modern.az-a deyib ki, nəyəsə inam hər bir insanın öz işidir.
“Ateizm o demək deyil ki, inanclı insanlara nəsə qadağan edilməlidir. Ya da heç kim məcbur edə bilməz ki, kimsə dindar olsun”.
Müsa Tükənovun özünə gəlincə, o, ateist olub-olması barədə danışmaq istəmədiyini söyləyib. “Bu barədə nəsə deyə bilmərəm. Onu bilirəm ki, hər bir insanda müəyyən inam olmalıdır. Dinin isə əleyhinə deyiləm. Çünki din mənə heç bir pislik etməyib”,-deyə o vurğulayıb.
Aqşin Kərimov