Modern.az

Kamil Əliyevin şilləsi

Kamil Əliyevin şilləsi

11 Aprel 2015, 18:09

Atam Qabilin belə bir sözü vardı. Mənim müəllimlərimlə rastlaşanda “Mən Mahirin müəllimlərinin qarşısında baş əyirəm” deyirdi. İndi başa düşürəm ki, bu elə-belə söz deyilmiş.

Müəllim - hərçənd ki, indiki dövrdə bu sözün qabağına “ƏSL” sözü də artırırlar – müqəddəs bir anlamdır. Əslində övladımıza - pul-para dalıyca özümüzü oda-közə vuran - bizlər deyil, məhz müəllimlər tərbiyə verirlər. Evdə aldığın ailə tərbiyəsinin əyər-əskiyini də düzəltmək məhz onların üzərinə düşür. Mən bu baxımdan çox xoşbəxt insanam. Və belə bir xoşbəxtliyi bütün yeniyetmə və gənclərə arzulayardım.

Mənimçün orta məktəb bir, Ali məktəb – Bakı Dövlət Universiteti - ayrı bir təlim-tərbiyə ocağı olub. Ali məktəbdə bilirsinizmi nə qədər “oddan kül törəyər” misalını eşitmişəm?! Müəllimlərimin hamısına minnətdaram. O cümlədən professor Kamil Əliyevə. Mən onu ilk dəfə müəllimim kimi tanımamışam. Bunun qısa bir tarixçəsi var:

Yardımlıda yaşayan qohumlarımızdan biri sənədlərini ovaxtki Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə verir. Xatirinizdədirsə, sovet dövründə ali məktəblərdə ilk imtahan Azərbaycan dili yazılı, ikinci imtahan isə Ədəbiyyat şifahi olardı. İnşanı da tam səhvsiz yazmaq hər adamın işi deyildi. Rayondan şəhərə ilk dəfə gələn bu qohumumuz da inşanı elə qüsursuz yazır ki, müəllimlər ondan şübhələnirlər. Ki, yəqin köçürüb. Rektora xəbər verirlər. Komissiya düzəldirlər. Ayrıca partada otuzdurub təkrar imtahan götürürlər. Yenə də “5”ə yazır. Rektor abituriyenti tərifləməyib. Bircə sual verib:

- Bala, müəllimin kim olub?

- Yardımlı orta məktəbinin müəllimi Kamil Əliyev.                                        

Qohumumuz düz üç il dalbadal sənədlərini universitetə verdi. Üç il dalbadal da dörd qəbul imtahanının üçündən “5”, birindən isə “2” alıb kəsildi. Axı, kənd məktəblərində xarici dilin tədrisi sıfır səviyyəsindəydi. Kamil müəllimi ilk olaraq belə, qiyabi tanıdım. Evdə də atam, anam, dayılarım, xalalarım onun haqqında, müəllimliyi barədə çox yüksək fikirlər söyləyirdilər. Amma onu üzdən tanımırdım.

Zaman keçdi. Mən də Universitetə qəbul oldum. “Nitq mədəniyyəti” üzrə ilk dərsimiz idi. Dəhlizdə yığışıb zəngin içəri çalınmasını gözləyirdik. Fənn müəllimini üzdən tanımırdıq. Birdən 50-55 yaşlı bir kişi bizə yaxınlaşdı. Tələbə dostlarıma heç nə demədi. Üzümə bir yumşaq, amma “şapp” eləyən şillə vurdu:

“Ədə, bax avaralıq eləsən, dərsini oxumasan “2” verəcəyəm. Baxmaram ki, Qabilin oğlusan” dedi. Sonra da qucaqlayıb, şillə vurduğu yerdən öpdü. Belə etməyini başa düşmədiyimdən pərt olmuşdum. Axı niyə? Taqsırım nə idi? Heç bismillah eləyib kitabın üzünü də açmamışdıq. Müəllim nə bilir ki, mən oxuyanam, yoxsa avara? Axı, niyə məhz məni vurdu? Axı patokda məndən savayı 74 tələbə var. Dərs başlayandan sonra bildim ki, mən başqa, 74 tələbə yoldaşım başqa. Bu, Kamil Əliyevdir. Yardımlılı Kamil Əliyev. Qulaqburmamı da əvvəlcədən verib.


O vaxt bunu çox anlamasam da, sonralar eşitdiyim bir misal Kamil müəllimin bu hərəkətinə ürəyimdə bəraət qazandırdı. Pərtliyim silindi getdi:

Deməli günlərin bir günü bir ata qızına deyir ki, səhəngi götür get bulağa, su gətir. Qız elə qapıdan çıxmaq istəyəndə atası onu geri haylayır. Səhəngi yerə qoyub atasına yaxınlaşır. Elə bu dəm atası nə etsə yaxşıdır? Qızına bir dənə şillə ilişdirir. Səbəbini soruşanda atası:

- Ay qızım, əvvəlcədən vurdum ki, səhənglə ehtiyatlı olasan. Sındırmayasan. Sındırandan sonra səni danlamağımın, vurmağımın nə faydası var ki?

İndi də televiziyada işləmək istəyən gənclərə dərs keçəndə Kamil müəllimi tez-tez xatırlayıram. Çünki onun bizə əyani başa saldığı bir qüsurla AzTV-nin “Xəbərlər” proqramında tez-tez qarşılaşırdım. Prezident sərəncamlarında, rəsmi sənədlər oxunanda bu halla siz də rastlaşmısınız. Deməli prezident sərəncamı və ya fərmanı oxunur. Sənəddə giriş hissə olur. Yəni ki, əsaslandırma hissəsi. Sonra isə belə bir standart cümlə gəlir: “Yuxarıdakıları nəzərə alaraq........ qərara alıram....”. Bunu deyib Kamil müəllim başını qaldırıb bir dəqiqə tavana baxardı. Ya da “Aşağıdakı tərkibdə komissiya təşkil olunsun...” deyib, başını aşağı salıb gözünü döşəməyə zilləyərdi. “Ay tələbələr, yazanda yazmaq olar, bu sözləri bu cür oxumaq isə savadsızlıqdır. Bunları yadda saxlayın. “Yuxarıdakıları” yox, deməlisiniz ki, “əvvəl sadaladıqlarımı nəzərə alaraq”, yaxud da “aşağıdakıları” yox, “bu tərkibdə komissiya yaradılsın”. Başa düşdünüz?”.

Bu qədər. Kamil müəllim belə müəllim idi. Kamil müəllim belə alim idi. Professor Kamil Əliyev mənim yaddaşıma belə həkk olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI