Modern.az

İldırım tanrısı ZEVS kim olmuşdu? - II HİSSƏ

İldırım tanrısı ZEVS kim olmuşdu? - II HİSSƏ

12 Aprel 2015, 22:39


əvvəli burada

Allah-Təala Həzrəti İbrahimə və ondan törəyəcək nəsillərə Misirdən Fərat çayı arasına qədər olan geniş, bərəkətli torpaqları  vəd etmişdi, amma onun övladı yox  idi. Buna görə də Sara xanımın təkidi ilə Həzrət İbrahim kənizi Həcərlə evlənir və ondan İsmayıl adlı bir uşağı dünyaya gəlir. Bu zaman Həzrət İbrahimin 86 yaşı vardı.

Həmin  bu  zamanlarda  Elam  padşahı  Kedor  Laomer  itaət  altına  aldığı  bir  neçə  hökmdarla  Dəclə-Fərat  çayları  arasından  qərbə, İordan  çöllüklərinə  hücum  edərək  Lutun  yaşadığı  Sodom  şəhərinə  qədər gəlir, şəhəri  alır, çox  sayda  əsir, var-dövlət  yığaraq  geri  qayıdır. Həzrəti  İbrahim  bu  xəbəri alan  kimi  öz  318  nökər-qulluqçusunu  toplayıb  onların  ardınca  gedir  və  savaşaraq  Lut  ailəsini  və  var-dövlətini  geri  qaytarır. Həzrəti  İbrahim  bu  savaşla  da  şöhrətlənir. Şalem (indiki Yerusəlim)  şəhərinin  hakimi  ona  xeyir-dua  verir.

Elam  dövləti  İndiki  İranın  cənub-qərbində, Fars  körfəzinin  şimalında, şumer  torpaqlarının  qonşuluğunda   qüdrətli  dövlət  idi. Əhalisi  Orta  Asiyadan  gəlmə  Yafətoğulları  idi, yəni  şumer  türkləri  ilə  bir  kökdən idilər, elə  şumer  əlifbasıyla  şumer  dilində  də  yazırlarmış. Elamın  ərazisinin  üçdə  iki  hissəsi  yüksək  dağlıq  yerlərdən  ibarət  idi  deyə,  minilliklər  boyunca  alınmaz  qala  kimi  varlığını  sürdürə  bilmişdi. Elamlılar  şumerlərlə  davamlı  müharibələr  edirdilər, müxtəlif  zamanlarda    şumerlərin  bir  çox  şəhərlərini dağıtmış, ərazilərinin  xeyli  hissələrini ələ  keçirmişdilər.Yalnız  eradan  əvvəl  640-cı  ildə  Assuriya  padşahı  Elamın  varlığına  son  qoymuşdu. Belə  qüdrətli  dövlətin  ordusunu  cəmisi  318  nökər-qulluqçudan  ibarət  dəstə  ilə  məğlub  etmək  biraz  qəribə  görünür  təbii  ki, amma  ola  bilsin  bu  dəstə  qoşunun  geridə  qalmış  bir  bölüyünə  hücum  etmişdi, Lut  da  ailəsi  ilə  o  bölüyün  nəzarətində  əsir  kimi  aparılırmış.

Lut  ailəsinin  yaşadığı  Sodom  şəhərinin  ətrafında  daha  4  şəhər  vardı:  Homorra, Siqor, Adam  və  Sevoim. Bir  müddət  əvvəl  Elam  padşahı  Kedor Laomer  o  şəhərləri  itaət  altına  almışdı, amma  Lut  ailəsi  ilə  Sodomda  yaşadığı  ərəfələrdə  o  şəhərlərdə  Elam hakimiyyətinə  qarşı  üsyan  qalxmışdı. Elam  padşahı  da  o  şəhərlərə  cəza  vermək  üçün  yürüşə   çıxmışdı.

İndi  isə  tam  diqqətlə  oxuyun.

Bu  hadisənin  üstündən  13  il  keçir. Həcər  xanımdan  olan  oğulun  artıq  13  yaşı   var. Həzrəti İbrahim   99  yaşındadı, Sara  xanım  89 yaşında. Bir  gün  Allah-Təala  Həzrəti  İbrahimə  deyir ki, vəd  etdiyim  torpaqları  İsmayıldan  törəyəcək  nəsillər  üçün  nəzərdə  tutmamışam, mən  sənə  bir  oğul  verəcəyəm, məhz  ondan törəyəcək insanlar bütün Yer  üzünü bürüyəcəklər, Misirdən  Fərat  çayına  qədər  olan  torpaqlar məhz  onların əbədi torpaqları olacaq, göydəki  ulduzların  sayı  qədər  çox  olacaq  ondan törəyəcək insanlar. O  insanların nişanəsi  sünnət  olmalıdır. Hər  bir  oğlan  uşağı  doğulduqdan  sonra  səkkizinci  gündə  sünnət edilməlidir. Həzrəti İbrahim  Ona  yalvarır  ki, bu  qoca  yaşlarında  oğula  sahiblənmələri  üçün  mümkünsə  bir  əlamət  göstərsin. Onda  Allah-Təala  əmr  edir  üçillik  keçi, üçillik qoç, bir  də  göyərçin   gətirib  kəssin, ətləri iki  hissəyə  ayırsın: Həzrəti İbrahim  onları  gətirib  kəsir, iki hissəyə  ayırır və  çadırın  qabağına  qoyur, özü  isə  çöl  heyvanları  qurbanlıq  ətləri  dağıtmasınlar  deyə  bütün  gecə onların  yanında  keşik çəkir. Səhərə  yaxın  birdən  hər  tərəfi  qatı  duman  və  zülmət bürüyür, ardınca  da  iki  hissəyə  ayrılmış  ətlərin  arasında  sobanın  alovu  kimi  gur  bir  alov  və  tüstü  peyda  olur.

Əlbəttə, heç  bir  yerdəncə  alov  və  tüstünün  peyda  olması  ilahi  əlamətdir, amma burada  nə  məna  vardır?  İki  hissəyə  ayrılıb  qoyulmuş  ətlərin  arasından  alov  və  tüstü keçdi, vəssalam? Nə  olsun? Məna  bəlli  deyil. Tövratda  bu  haqda  heç  nə  yoxdur. Əgər  məsələ  heçdən  alov  və  tüstünün  peyda  olmasındadırsa  üçillik  keçinin, üçillik qoçun, göyərçinin  məsələyə  nə  dəxli  var? Bunlar  olmadan  da  alov  və  tüstü  heç  bir  yerdəncə  peyda  ola  bilməzdimi?

Nə  qədər  qəribə  olsa  da  deməliyəm  ki, yalnız  Prometey  əfsanəsində  bu  hadisənin  mənasını  tapmaq  olar. Fikir verin: Prometey  Zevsi  aldatmaq  üçün  qurbanlıq  heyvanın  ətini  bir  kisəyə, yağını  və  sür-sümüyünü  isə  digər  kisəyə  qoyur, Zevsin  payına  sür-sümük  olan  kisə  düşür. Həəə, artıq  məsələ  aydındır. Demək, Allah-Təala  Həzrəti İnrahimə əmr  edibmiş  ki, üçillik  keçinin, qoçun və göyərçinin ətlərini  bir  kisəyə, yeyilməyən  hissələrini  də  başqa  kisəyə  qoy. Dan  yeri  sökülənə  yaxın  ilahi  alov  qurbanlıqların  yeyilməyən  hissələri  qoyulmuş  kisəni  yandırır. Yəni Allah-Təala  Özü  qurbanlığın  o  hissəsini  qəbul  edir  ki, o  zamandan  etibarən  insanlara  qurbanlığın  əti  qalsın, ətin  hamısını  yandırıb  boşuna  tələf  etməsinlər, yetim-yesirə, kasıb-kusuba  paylasınlar.
Bu   hadisədən  minilliklər sonra  Balkanlara  doluşan  yəhidilərin cahillərinin  yaddaşlarında  hadisənin özü qalmışsa da,   qurbanlığın  iki  hissəyə  ayrılmasında  öz  xislətlərindəki  kimi  hiyləgərlik  görmüşlər:  guya  kainatı  idarə  edən  hesab  etdikləri  Zevs  ikicə  kisə  ilə  axmaqcasına  aldadılıbmış.

Amma  qəribədir, heç  bir  əsasları  olmasa  belə  şey  düşünərdilərmi? Görəsən  bunda  hiyləgərlik  görməyə  onları  nə  vadar  etmişdi?  Məlumdur  ki, Zevs  buna  görə  Prometeyə  çox  qəzəblənibmiş, məhz  buna  görə  onu  Qafqaz  dağlarında  zəncirlədibmiş.                      

İbrahim  peyğəmbər  dağda  zəncirlənibmi? Xeyr. Şumerlərin  Ur  şəhərində  yaşadığı zamanlarda  insanları  təkallahlılığa  dəvət  etdiyinə  görə  əl-qolu  bağlanıb  tonqala atılmışdı. Vəssalam. Bir  də axı  onun  şumerləri  tərk  etməsindən  artıq  25  il  keçirdi.

Zevs  qəzəblənmiş  olsaydı  mütləq  ildırımlar, şimşəklər  göndərməliydi, göylərdən od-alov  yağdırmalıydı. İki  hissəyə  ayrılmış  qurbanlıq  hadisəsindən  sonra  belə  bir  fəlakət gəldimi  göylərdən?

Qəribədir. Əlbəttə  ki  gəldi. Həm  də  göylərdən  elə  dəhşətli, elə  acımasız  bir fəlakət  gəldi  ki, o  zərbənin  sarsıntısı  uzun  zaman  yalnız  o  civarda  yaşayanları  deyil, bütün bəşəriyyəti  qorxu  içində  saxladı. İndiki  İordaniyadakı  dünyanın  ən  duzlu  dənizi  olan  Ölü Dəniz  o  zaman  hələ  mövcud  deyildi, onun  yerində  birisində  Lutun  öz  ailəsi  ilə  yaşadığı  bayaq  qeyd  etdiyim  5  böyük  şəhər  vardı. Göylərdən yağan od  və  kükürd  yağışı, bişmiş  gil parçaları  Siqoradan  başqa  dörd  şəhəri  bir  gecənin  içindəcə  yerlə-yeksan  etmişdi. O  dörd şəhərin  yerində  səhərə  yaxın  böyük  duzlu  bir  göl  yaranmışdı. Adına  Ölü  Dəniz  deyilmiş, tarixdə  də  bu  adla  qalmışdı. Əlbəttə, çox  duzlu  suda  həyat  olmaz, ”ölü”  sözü  buradandır deyə  bilərlər. Amma  o  gölün  yarandığı  zamanların  insanları  o  suların  altında  dörd  böyük  şəhərin  qocalı-cavanlı, qadınlı-kişili  əhalisinin  bircə  gecənin  içində  diri-diri  gömüldüyünü gözəl  bilirdilər, ona  görə  də  ”Ölü dəniz”  yerinə  “Ölülər  dənizi”  daha  uyğun  gəlir  adına.

O  zaman adamlar, təbii ki, bu  dəhşətli hadisənin  səbəbini araşdırmaq istəmişlər. Çox  sonralar  Balkanlarda  “Prometey”  əfsanəsinin  yaranması  bunu  sübut  edir  ki, fəlakət dövrünün  adamları  o  dəhşəti  heç də təbii hadisə saymamışdılar. Əlbəttə, əfsanədə  çoxallahlıq təbliğ  edildiyinə  görə  bu şübhəsizdir ki, əfsanəni  cahillər  yaratmış  və  minilliklər  boyunca ağızdan-ağıza   ötürərək  Balkan  yarımadasına  aparmışlar; məhz cahil  olduqlarına  görə  də  o böyük fəlakətdən  bir neçə gün əvvəl Həzrəti İbrahimin qurbanlıq əti iki hissəyə ayırmasında  böyük hiyləgərlik görmüşlər. Bir halda  ki  Prometey  Zevsi  aldatmışdır, demək, Zevs qəzəblənməlidir. Zevs  isə  qəzəbləndiyi  zaman, təbii ki, şimşəklər çaxdırar, göylərdən od yağdırar.

Əslində  isə  əhvalat belə olub. ”İki hissəyə bölünmüş ət” hadisəsindən  bir  neçə  gün sonraymış. Çox  isti  bir  gün  imiş,  Həzrəti İbrahim  çadırının  qabağında  bir ağacın kölgəsində oturub  dincəlirmiş. Bir də  görür  üç  kişi  ona  tərəf  gəlir. Geyimlərindən  heç  çöl  adamlarına, ümumiyyətlə, o yerlərin və  o  zamanın  adamlarına  bənzəmirlərmiş. Həzrəti İbrahim çox qonaq-qaralı  insan  olubmuş, qonaqsız  süfrəyə  oturduğu  günü  ömründən  saymazmış. Üst-başlarından  onları  qəribə  varlıqlara  oxşatsa  da,  salamlaşıb  süfrəsinə  dəvət  edir, yemək-içmək  gətirir. Qonaqlar  yeməyə  əl  uzatmadıqlarında  Həzrəti  İbrahim təlaş  keçirir. Onda qonaqlar  Allah-Təalanın  mələkləri  olduqlarını  bildirirlər. Bir  ildən  sonra  Sara  xanımın  oğul doğacağı  müjdəsini  verirlər. Sara  xanımın  o  zaman  89  yaşı  varmış, deyilənlərə  inanmayaraq  gülür ki, "bu  qoca  yaşımda  uşaqmı  doğacağam?" Mələklər  deyirlər bu, Allah-Təala  üçün  çox-çox  asan  bir  işdir. Sonra  mələklər  gəlişlərinin  əsl  məqsədini bildirirlər, deyirlər ki, Sodom  və  Homorra  şəhərlərinin  adamları  lap  hədlərini  aşıblar, orada əxlaqsızlıq, zalımlıq  baş  alıb  gedir, kişilər  qadınları  buraxıb  kişilərlə  yatıb  qalxırlar, biz  ora getməliyik, çünki  oradakıların  əcəli  çatıb  artıq, şəhərin  altını  üstünə  çevirəcəyik. Həzrəti İbrahim  nə  qədər yalvarırsa  ki, belə  iş  etməsinlər, ara  yerdə  günahsızlar  da  qırılacaq, mələklər  deyirlər  bu  bizlik deyil, Allah-Təalanın  əmridir. Hansı  adamın  başına  hansı  bişmiş gil  parçasının  düşəcəyinə  qədər  bu  məsələ  artıq  göylərdə  həll olunmuşdur.

Və  mələklər  onun  yanından  ayrılıb  Sodom  şəhərinə  gəlirlər. Həzrəti İbrahim  bu şəhərdə  qardaşı  oğlunun  yaşadığını  onlara  demişdi, onlar  da  bildirmişdilər  ki, Allah-Təala sənin  xatirinə  ona  toxunmayacaq. Lut  şəhər  qapısının  qabağında  oturduğundan  üç  yadelli  kişini  ilk  görənlərdən  olur, onları  evinə  qonaq  dəvət  edir. Elə  yenicə  Lut  və  qonaqlar  evdə  süfrə  başında  əyləşirlər ki, şəhərin  az  qala  bütün  kişiləri  Lutun  evinin  qarşısına  yığılırlar. Lut  bayıra  çıxır  görsün  nə  xəbərdi, camaat  deyir  səninlə  gələn  üç  yaraşıqlı  kişini  bizə  ver, onlarla  əylənək. Lut  nə  qədər  yalvar-yaxar  edirsə  ki, onlar  mənim  qonaqlarımdı, belə  şey  etməyin, Allaha  xoş  getməz, camaat  daha  da  qızışır ki, xoşluqla  onları  bizə  verməsən  qapını  sındırıb  zorla  içəri  girəcəyik. Onda  Lut  içəri  girir. Qonaqlar  yalnız  bu  zaman  mələk olduqlarını, bu şəhərə  cəza  verməyə  gəldiklərini  söyləyirlər və  deyirlər ki, heç  narahat  olma, onlar  nə  bizə nə  də  sənin  ailənə  heç  bir  zərər  verə  bilməzlər. Sonra  elə  edirlər  ki, camaatın  gözü  tutulur  və  sakitcə  onların  aralarından  keçib  şəhərdən  kənara  çıxırlar. Mələklər  Luta  deyirlər  ailəni  də  götür  təcili  uzaqlaş  bu  şəhərdən, o  yaxındakı  dağa  qalx, birazdan  dağıdacağıq  bu  şəhərlərii, izi-tozu  da  qalmayacaq. Lut  deyir  Allahı sevərsiniz, mən  ailəmlə  o  dağa  necə  dırmana  bilərəm, izin  veriniz  o  aralıdakı  Siqor şəhərinə  gedib  yerləşim  müvəqqəti. Mələklər  deyirlər  get, amma  bil  ki  biz  5  şəhəri  dağıtmaq  əmri  almışıq, nə  qədər  ki, sən  oradasan  o  şəhərə  sənin  xatirinə  toxunmayacağıq, amma  gedərkən  heç  biriniz  dönüb  arxanıza  baxmayınız,  yoxsa  məhv  olacaqsınız.

Bəli, gecənin  qaranlığında  Lut arvadı  və  iki  qızı  ilə  Siqor  şəhərinə  tərəf  qaçırlar. Şəhərə  yaxınlaşaşanda   Sodom, Homorra, Adam  və  Sevoim  şəhərlərinin  faciəsi  başlayır. Göy  üzündə  ildırımlar  şaqqıldayır, buludlardan  alov və  kükürd  seli  axır, bişmiş irili-xırdalı  gil  parçaları  havada  oynaşır. O dörd  şəhərdə  daş  daş  üstdə  qalmır, bütün  əhali torpağın  altına  gömülür. Lutun  arvadı  marağına  güc  gələ  bilmir, mələklərin  qadağanına  baxmayaraq  dönüb  arxalarındakı  nərilti-gurultuya  baxır, amma  həmin  andaca  yerindəcə quruyub  məhv  olur.

Göründüyü  kimi, bu  böyük faciənin  səbəbkarı   qətiyyən  “ikiyə  bölünmüş  ət”  məsələsi  deyildi, o şəhərlərin  əhalisinin  əxlaqsızlığı idi. Ümumiyyətlə, ”ət”  məsələsində  heç bir  hiyləgərlik  olmamışdı, Allah-Təala  nə  əmr  etmişdisə  İbrahim  peyğəmbər  onu yerinə yetirmişdi. Amma  cahillər  Həzrəti  İbrahimin  təkallahlılıq  təlimindən  uzaq  idilər  deyə  bu  faciəni  Elam  padşahı  Kider Laomarın  törətdiyini  güman  etmişdilər. Çünki  yuxarıda  qeyd  etmişdim  ki, bu  şəhərlər  onun  nəzarəti  altında  idi  və  bundan  13  il  əvvəl  onun hakimiyyətinə  qarşı  çıxmaq  istədiklərinə  görə  cəzalandırılmışdılar. Gələcəkdə  Zevs  haqqındakı  əfsanələrin  xəmirinin  mayası  bax  bu  hadisələr  olmuşdu:  sonrakı  nəsillər  fantaziyalarını  bir  xeyli  işə  salaraq  belə  qət  etmişdilər  ki, əgər  o  böyük  faciəni  həqiqətən də  Elam  padşahı  törətmişdisə, demək  göylər  də  onun  ixtiyarındadır  ki, göylərdən yerə, qəzəbləndiyi  insanların  üstünə  ildırımlar  yağdırır.

Atəşpərəstlər, oda  sitayiş  edənlər  diyarının  hökmdarı  Kedor  Laomer... Od hökmdarı... Böyük Od  padşahı... Minillər  sonra  Prometeyə  Prometeus, Atlanta  Atlantus, Urana  Uranus  deyən  yunanlar  “Böyük Od”a  da   “Odus  Pater” demişlər. Zamanca  “Odus”  sözü  Duus, Duaus, Diy, Dive, Deus  və  nəhayət  “D”  hərfi  “Z”  hərfi  ilə  əvəzlənərək  Zeus, Zevs  şəklinə  düşmüşdür. Və  qədim  yunan  mütəfəkkirləri  öz  əsərlərində  bu  əfsanələri  qibtə  ediləcək  bacarıqla  elə  bəzəyib  süsləmişlər  ki,  sonunda   yunanlar arasında  “ ildırım  tanrısı Zevs “  kultu  yaranmışdır. O  padşahın  hökmranlıq  etdiyi  Elam  isə  “Olimp”ə çevrilmişdir. Guya  Zevsin  məskəni  Olimp  dağlarının  başı  imiş, oradan  dünyanı  idarə  edirmiş. Niyə dağların başında  imiş?  Çünki  yuxarıda  qeyd  etmişdim  ki, Elamın  ərazisinin  üçdə  ikisi  yüksək  dağlıq  yerlər  idi. Yunanıstandakı  hazırkı  Olimp  zirvələri  isə  eradan  əvvəl  birinci  minillikdə , yəni  o  faciələrdən  2500  ildən  də  çox  vaxt  keçəndən  sonra  yunanların, sadəcə olaraq, Zevsin  şərəfinə  adlandırdıqları  zirvələrdir  və  nəinki  Zevs  haqqındakı  əfsanələrin. Ümumiyyətlə, heç  bir  qədim  yunan  əfsanəsinin  Yunanıstanla, onun  dağları ilə, dənizləri  ilə hər hansı əlaqəsi yoxdur.

Beləliklə, ildırım  tanrısı  Zevsin  “doğum  tarixi”  Sodom – Homorra  şəhərlərinin  faciə  gecəsidir. Bundan  öncə  Zevs  əfsanələri  mövcud  olmamışdır. Bütün  qədim  yunan  əfsanələri  o  faciə  gecəsindən  başlamışdır, çünki  Zevs  ildırıma  məhz  o  gecə  “sahiblənmişdir”. Qədim  yunanların  sonrakı  məşhur  əfsanəsi  olan  “Arqonavtlar”ın mayası  da  o  faciə  dövrünün  hadisələrindəndir. Daha  doğrusu, faciədən  bir  neçə  il  sonranın  hadisələrindən. Tövrata  görə  Sodom – Homorra  faciəsindən  bir il  sonra  Həzrəti  İbrahimin  Sara  xanımdan  bir  oğlu  dünyaya  gəlir, adını  İshaq  qoyurlar. Həcər  xanımdan  olan  İsmayıl  o zaman  13  yaşında  imiş. Yeni doğulan körpəni  incidirmiş. Bu,  Sara  xanımın  xoşuna  gəlmir  və  o,  Həzrəti  İbrahimdən  tələb  edir  ki, İsmayılı  anası  ilə  evdən  qovsun. Həzrəti  İbrahim  də  Sara  xanımın  dediyi  kimi  edir  və  Həcər  xanımla  İsmayıl  gələcəkdə  Məkkə  adlanacaq  yerdə  məskən  salıb  yaşamağa  başlayırlar. Bundan  bir  neçə  il  sonra  Həzrəti  İbrahimə  röyasında  Allah-Təala  əmr  edir  ki, İshaqı  qurban  kəssin. O  da  bu  əmri  yerinə  yetirmək üçün  körpənin  boğazını  üzmək  istəyəndə  mələk  onun  əlini  saxlayır  və  bu  zaman  ilahinin  qüdrətindən  yaxınlıqda  bir  qoç  peyda  olur. Həzrət  İbrahimə  əmr  gəlir  ki, körpəni  yox, o qoçu  qurban  kəssin. Minilliklər  sonra  yunanların  hesab  edilən  “Arqonavtlar”  əfsanəsinin birinci  bölümü  bu  hadisə  ilə  başlayır;  sonrakı  bölümlər  də  həmin  o  heçdən  peyda  olmuş  qoçun  qızılı  yunlu  dərisini  arqonavtların  Qafqazdan  oğurlamaları  barədə  fantaziyalar  yığınından  ibarətdir. Cürbəcür  tanrılarla,  tanrıçalarla, ilahlarla,  ilahələrlə  və  təbii  ki,  onların  başında  duran  ildırım  tanrısı  Zevslə  bəzənib-düzənmiş  fantaziyalar  yığınından. (Bir  qisim  adamlar  deyəcək ki,  Qurani-Kərimə  görə  Allah-Təalaya  qurban  kəsilmək  istənən  uşaq  İshaq  yox, İsmayıl  olmuşdur. Təbii ki  belədir, heç  kim  bunu  inkar  etmir. Amma  nəzərə  almaq  lazımdır  ki, əvvəla  o  əfsanələri  müsəlmanlar  düzüb  qoşmamışdılar, Qurani-Kərim  Yer üzünə  endiriləndə  artıq  yunanlar  bir  neçə  yüz  il  idi  ki, çoxallahlılığın  daşını  atıb  xristianlığı  qəbul  etmişdilər, o  əfsanələrə  daha   həqiqət  kimi  yox, şirin  nağıllar  kimi  qulaq  asırdılar. İkincisi  isə,  məqsədim  “uşaq  qurban  kəsilmək  istənilərkən  heçdən  qoç  peyda  olması”  hadisəsinin  bir  yunan  əfsanəsində  yer  aldığını  göstərməkdir, hansı  uşağın  qurban  kəsilmək  istənilməsinin  nə  əhəmiyyəti  var?)

Prometeyin  Zevsin  əmrilə  dağlarda  zəncirlənməyinə  gəlincə... Təsəvvür edin, insan  dağda  zəncirlənir, bir  qartal  gəlib  onun  ciyərini  yeyir, sonra  ciyər  yenidən  əmələ  gəlir, qartal  yenə  gəlib  onun  ciyərini  yeyir, bu  proses  nə  az-nə  çox,  otuz  il  davam  edir və sonunda  guya  Herakl  oxla  vurub  qartalı  öldürərək  o  insanı  zəncirlərdən  xilas  edir. Yəni ciyər  yeyilməsi  bir  tərəfə, guya  insan  yemədən  içmədən  otuz  il  yaşayır. Bu  əlbəttə  ki  sırf fantaziyadır.

Amma  bu  əfsanənin  də  mayasında   mütləq  həqiqət  zərrəsi  olmalıdır. Baxaq görək o hansı həqiqət zərrəsi  imiş ?

Qulaq  asın. Lut  qızları  ilə  Siqor  şəhərinə  gəlirsə  də  orada  çox  qala  bilmir. Faciənin  dəhşətindən  sarsılmışdı. Həm  də  mələklər  hələ  Sodomda  ona  ailəsi  ilə  yaxınlıqdakı  dağa  qalxmasnı  əmr  etmişdilər, yalnız  onun  yalvarışı  üzərinə  bir  müddət  Siqorda  qalmasına  izin vermişdilər. Odur  ki  digər  şəhərlərin  yerlə-yeksan  olmasından  az  sonra  qızlarını  da  götürüb  şəhərdən  çıxır  və  mələklərin  dedikləri  dağa  qalxır. Dağda  bir mağarada  məskən  salırlar  və  qorxularından  heç  vaxt  oranı  tərk  etmirlər. Prometeyin  dağda  zəncirlənib  otuz  il  qalması  əfsanəsi  bax  bu  tarixi  hadisədən  yaranmışdır. Əlbəttə  ki,  heç  kim  Lutu  sözün  birbaşa  mənasında  dağa  zəncirləməmişdi və  heç  bir  qartal  da  onun  qara  ciyərini  dimdikləməmişdi. Lutu  dağa  “zəncirləyən”  onun  böyük  faciədən  sarsılması  olmuşdu :  adam  artıq  şəhərlərdə  kütlə  içində  yaşamaqdan  qorxmuşdu.  “Qara  ciyərini qartalın  dimdikləməsi”  də  məcazi  mənadadır.  Dəhşətdən  sarsılan, böyük  stress  keçirən   insanın  qara  ciyərinin   sıradan çıxmasında, sarılıq  xəstəliyinə  tutlmasında  təəcüblü bir şey olmamalıdır.

Bu  yerdə  deyə  bilərlər  Prometey  İbrahim  peyğəmbərin  obrazıdırsa,  dağda zəncirlənmək  əfsanəsində  niyə  onun  yox, Lutun  izi  axtarılır?

Maraqlı  sualdır. Amma  nəzərə  almaq  lazımdır ki, o hadisələrlə  əfsanələrin  yazıya  alınması  arasında  2500  ildən  də  çox  zaman  məsafəsi  var. Ona  görə, əzizlərim, ona görə.

Son

Mirzə Hacıyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI