“Havaların kəskin soyuması və yağıntıların düşməsi bir çox meyvə və bitkilərin məhsuldarlığına mənfi təsir göstərəcək”.
Bu barədə Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin eksperti Zahid Abbasov məlumat verib.
Onun sözlərinə görə, artıq çiçək açan alça və ərik meyvələrinin məhsuldarlığının aşağı olması gözlənilir: “Hava həm soyuqdur, həm də yağıntılı. Bu isə tozlanmanın qarşısını alır. Ona görə məhsuldarlığın aşağı düşməsi və bu sahədə qıtlıq olması gözlənilir”.
Qıtlığın bahalaşmaya təsiri isə istisna edilmir. Ekspert onu da bildirib ki, havaların kəskin dəyişməsi ot biçinini gecikdirə bilər:
“Belə havalar əsasən taxılçılıq üçün əlverişlidir. Pambıq səpilən sahələrdə çıxış alınmayıbsa, (yəni səpin olub, amma bitki hələ cücərib çıxmayıb) çıxışın alınmasına təsir göstərəcək. Çünki uzunmüddətli yağıntılar torpağa düşən toxumların çürüməsinə səbəb olur. Əgər səpilən toxumlar artıq cücəribsə, onlara mənfi təsiri gözlənilmir”.
Aprelin 10-u gündüzdən başlayaraq aprelin 11-i, 12-si və 13-də ölkə ərazisində hava şəraiti kəskin dəyişib, qeyri-sabit keçib, yağış, bəzi dağlıq ərazilərinə qar yağıb. Qar örtüyü Quba, Daşkəsəndə, Gədəbəydə, Göygölün dağlıq ərazilərində, Lerikdə, Kərvəzdə, Sarıbaşda müşahidə edilib.
Gülşən RAUFQIZI