Modern.az

Deputat neft şirkətindəki nöqsanlardan DANIŞDI: "İşçilərə qarşı ayrı-seçkilik edir"

Deputat neft şirkətindəki nöqsanlardan DANIŞDI: "İşçilərə qarşı ayrı-seçkilik edir"

14 Aprel 2015, 14:12


Milli Məclisin bugünkü iclasında "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Modern.az bildirir ki, layihə barədə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov məlumat verib.

Deputat Sabir Rüstəmxanlının fikrincə, dənizdən neft çıxarmaq çətindir: “Məhz buna görə, xarici mütəxəssislərin köməyindən istifadə olunur. Ancaq biz sahilə yaxın hissələrdən özümüz neft çıxara bilərik. Sahilə yaxın yerlərdən axı niyə şərikinə neft çıxarırıq? Buna nə ehtiyac var?”.

Onun sözlərinə görə, bu müddətdə neft istehsalı ilə bağlı təcrübəmizi artıra bilərdik: “Əgər bu addım siyasi proseslərlə əlaqəlidirsə, o zaman bunu təhlil etmək lazımdır. Bilirsiniz, bizim çörəyimiz dizimizin üstündədir. Bizim xeyir verdiklərimiz sonradan gedib Ermənistanın yanında durur. Azərbaycan mədənlərinin ağzını açıb sərvətlərini Avropa ölkələri ilə bölüşürük”.

Deputat bildirib ki, ölkənin təbii ehtiyatları tükənməz deyil və bu fakt diqqətdə saxlanılmalıdır: “Axı, bu xalq 20 il yaşamayacaq. Xahiş edirəm, mənim bu narahatlığımı nəzərə alasınız”.

Millət vəkili Azay Quliyev deyib ki, sözügedən qanun layihəsi dəstəklənməlidir. Bununla yanaşı, o, bəzi təkliflər də verib: “Kontrakta uyğun olaraq təbii ki, kəşfiyyat xarakterli işlər aparılacaq. Bütövlükdə bundan sonrakı istismar müddətində uğurlu nəticələr əldə olunarsa, sosial məsuliyyətlə bağlı hər hansı müddəa olub-olmamsı gündəmə gələcək. Heç kimə sirr deyil ki, transmilli şirkətlər dünya praktikasında sosial məsuliyyətə önəm verirlər.

Hətta Azərbaycan neftini və qazını istismar edən bp Azərbaycana sosial yatırımlar qoyur. Bu da təbii ki, ictimaiyyəti narahat edir. Sualım belədir: “Bu cür müddəalar belə müqavilələrdə necə tənzimlənir?”.

Şirvan şəhərində fəaliyyət göstərən bir sıra şirkətlər, məsələn, “Şirvan Oil” işçi və işəgötürən münasibətlərində çox böyük nöqsanlara yol verir. Onlar ayrı-seçkilik edir, qeyri-şəffaf prosedurlarla işçiləri işdən çıxarırlar. Bu barədə çoxlu sayda müraciətlər daxil olmaqdadır”.

Valeh Ələsgərov deputatın qaldırdığı məsələyə münasibətini açıqlayıb:

“Əmin ola bilərsiniz ki, köhnə yataqlarda işləyən podratçı “Qarasu” şirkəti Rövnəq Abdullayevin əlindən canını qurtara bilsəydi elə qaçardı ki, şalvarı da burda qalardı”.

Onun sözlərinə görə, köhnə yataqlarda podratçıların boyunlarına elə öhdəliklər qoyulub ki, onlar qaça bilmirlər:

“Sovet dövründən bəri kim işləyirdisə, həmin adamlar bu gün də orda qalıblar. Azərbaycan tərəfi həmin layihələrdən mənfəət də götürür. Ölmüş sahələri xarici podratçılara vermişik və onlar özləri üçün para qazanırlar, hələ bizə də vəsait ödəyirlər”.

Komitə sədri əlavə edib ki, həmin ölmüş yataqlarda minlərlə insan çalışır: “Neftçalada, Kürdəmirdə, Şirvandan olan vətəndaşlarımız alın təri ilə ailəsini dolandırır”.

Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama